“GÜLLÜ” KÖYNƏK- hekayə

09:53 19-10-2022 | icon 3626 | Ədəbiyyat
“GÜLLÜ” KÖYNƏK- hekayə
 
 
 
 
İqtisadçı alim 
AĞASƏF İMRAN 
 
Uşaqlıqda ən sevimli oynamaq yerim, evimizin arxasından axan çayın kənarındakı çəmənlik sahə idi. Çayın o biri sahilində bitmiş söyüd ağacları o qədər böyük idilər ki, onların kölgələri bu biri sahildəki çəmənliyi də tuturdu. Qonşu uşaqlarla və mənim daimi nəzarətçim olan bacımla bu sahədə oynamaq- qazayağının, tərənin (əməköməcinin), əvəliyin, qanqalın, turpun, istiotun özəklərini soyub yemək, bağayarpağının nazik, uzun özəklərini qoparıb müxtəlif oyuncaqlar, fiqurlar düzəltmək və s. bu kimi fantaziyalı oyunlar, mənim ən sevimli oyunlarım və oyuncaqlarım idilər.
 
Bir gün yenə çay kənarındakı həmin çəmənlikdə oynayırdıq. Əynimdəki köhnə nimdaş köynəyim o qədər ağarıb bozarmışdı ki, heç xoşuma gəlmirdi. Necə oldusa köynəyimi bəzəmək fikrinə düşdüm. Onu əynimdən çıxarıb dizlərimin üstünə sərdim və qonşu uşaqlarından öyrəndiyim “gülvurma” əməliyyatına başladım. Enli bağayarpağılarını köynəyimin yaxası boyunca düzüb üstdən onları dişlərimlə sıxıb yaşıl rənglərini müxtəlif bəzəklərlə koynəyimə keçirirdim. Əvvəlcə köynəyimin yaxalarını “bəzədim” və bu mənim xoşuma gəldiyi üçün köynəyin ətəklərini və daha sonra isə qollarını da beləcə bəzəklədim. Çox bəzəkli bir köynəyim oldu və mən sevinə-sevinə onu əynimə geyib oynayan uşaqlara qoşuldum. Xeyli oynayıb yorulandan sonra bacım əlimdən tutub məni evimizə gətirdi. Həyətimizə girib pilləkənlə evə qalxmaq istəyəndə anam bizi gördü və təəccüblə mənə baxaraq:
-Adə, köynəyi niyə o günə qoyubsan?- deyə soruşdu və mənə tərəf yaxınlaşıb,- çıxart köynəyi, ver, aparıb yuyum! - dedi.
-Yox, mən güllü köynək istəyirəm!- deyib qaçdım. Anam məni tutmaq istəsə də, tuta bilmədi və bir qədər qovandan sonra yorulub:
-Kürəyi yanmış, gör necə qaçır, çata da bilmirəm!- deyə gileyləndi və mən də anamın yorulduğunu başa düşüb qəflətən dayandım. Elə bu zaman, anamın mənə tərəf uzatdığı əli kürəyimə elə bərk dəydi ki, gözlərimdən qığılcım çıxdı. Nə isə demək istədim, amma səsim çıxmadı. Nitqim batdı. Nə qədər çalışsam da, danışa bilmədim və söz deyə bilmədiyim üçün ağlamağa başladım. Anam məni bağrına basdı, üzümə baxıb:- nə oldu sənə?- deyə soruşdu. Mən isə hıqqıldaya-hıqqıldaya qalmışdım və heç nə deyə bilmirdim. Anam yenə həmin sualı həyəcanla təkrar elədi:- nə oldu sənə?! Mat mat, çarəsiz kimi onun üzünə baxdım və anam məni bağrına basaraq: - əlim qurusun, balamı niyə vurdum?!- deyə, özünə qarğış elədi. Onun bir damla göz yaşı üzümə düşdü. Qəflətən dilim açıldı:
-Yox ana, elə demə, bəs çörəyimizi təndirə kim yapar?- deyə dilləndim.
Anam məni bir daha bağrına basıb göz yaşlarını sildi və - get oyna! - dedi.
Mən o “güllü” köynəyimi bir də görmədim və tezliklə onu unutdum. Amma, mən indi də, bu qoca çağımda da, anamın həmin ürək döyüntülərini və bir damla göz yaşını unutmamışam!
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu