Yeni geosiyasi reallıqda Azərbaycan və qonşu ölkələr

18:14 20-12-2022 | icon 999 | Geopolitika
Yeni geosiyasi reallıqda Azərbaycan və qonşu ölkələr

Rusiya və İran Qarabağ münaqişəsinin həllində Ermənistanı dəstəkləməkdə davam edir

 

 

AĞASƏLİM HƏSƏNOV
/AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aprıcı elmi işçisi,
Fəlsəfə doktoru, dosent/

 

II Qarabağ Savaşında Azərbaycanın qazandığı qələbədən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Belə bir şəraitdə Azərbaycan və ona qonşu olan ölkələr də daxil olmaqla bölgədə marağı olan bütün aktorların siyasətində bir canlanma və dəyişikliklər baş verdi. Cənubi Qafqaz qlobal və regional aktorlarının maraqlarının toqquşduğu ən mühüm regionlardan biridir. Böyük maraqların toqquşduğu bir coğrafiyada Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Ermənistan və onun havadarlarına, dünya güclərinə tutarlı bir mesaj oldu. Qardaş Türkiyə bu məsələdə Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Demək olar ki, Türkiyə artıq Cənubi Qafqaz regionuna daxil olmuşdur. Rusiya isə Türkiyənin bütövlükdə Qafqaza və mərkəzi Asiyaya daxil olaraq türk cümhuriyyətlərini öz təsir zonasında saxlamasından narahatdır. II Qarabağ Savaşında Rusiya öz müttəfiqi Ermənistana  hər cür dəstək versə də, Türkiyənin müttəfiqi olan Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğratdı. 10 noyabr Bəyannaməsi Ermənistan üçün faktiki olaraq kapitulyasiyaya aktı idi və rellığı ən sonda dərk edən Ermənista bu bəyannəməni imzalamağa məcbur oldu.

 

II Qarabağ Savaşından sonra Azərbaycanın yaratdığı yeni reallığa qonşu ölkələrin münasibəti, onların regiondakı toqquşan və uzlaşan maraqlarının araşdırılması böyük önəm daşıyır. Yeni geosiyasi reallıq Azərbaycanla həmsərhəd olan Türkiyə, Rusiya, İran və Gürcüstanı   öz ənənəvi siyasətlərinə yenidən baxmağa sövq edir. Lakin,  həm vətən müharibəsinin gedişində , həm də indiki reallıqda  qonşu ölkələrin  fərqli münasibətləri, yanaşmaları diqqət çəkir. Belə ki, region ölkəsi olan Gürcüstan bu məsələdə neytrallıq nümayiş etdirir, tərəflər arasında vasitəçilik missiyasını təklif edir. Rusiya və İran Qarabağ münaqişəsinin həlində Ermənistanı dəstəkləməkdə davam edirlər.

 

Rusiya Qarabağ münaqişəsinin tam şəkildə həll olunmasında maraqlı deyil. Digər tərəfdən Rusiya bölgədə sülhməramlılıq funksiyasını balanslı bir şəkildə yerinə yetirmir. Belə ki, sülhməramlılar öz  funksiyalarından kənar əməllərə yol verir, yalnız erməniləri qorumağı özünün vəzifəsi hesab edir. Həmçinin, Rusiya erməni silahlı dəstələrinin və hərbi texnikasının Azərbaycanın Qarabağ bölgəsinə daxil olmasına şərait yaradır. Bu isə 10 noyabr bəyanatının 4-cü bəndindəki müddəanı – “RF-nın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” müddəasına tamamı ilə ziddir. Qarabağda müddətli “Sülhməramlı “ funksiyasını yerinə yetirməli olan Rusiya hərbi kontingentinin öz misyalarına uyğun olmayan davranışlarına misal olaraq onların qondarma “Artsaxın” rəhbərləri ilə görüşlər keçirməsini, Ermənistandan Azərbaycan ərazisinə gələn silahlı erməni dəstələrini himayə etməsini, İrana məxsus yuk maşınlarının və təxribatçıların Qarabağa daxil olmasına, həmçinin, Qarabağdakı təbii resursların qanunsuz istismar edilməsinə  şərait yaradılmasını  göstərmək olar. Dəfələrlə rəsmi səviyyədə bu məsələlərə münasibət bildirilsədə heç bir real nəticə olmadı. Hazırda isə bütün bunlara etiraz olaraq , Xankəndi –Laçın yolunda bir qrup etirazçı haqlı tələblər irəli sürərək dinc aksiyası keçirir. Bu dinc etiraz aksiyası ilə  Rusiya “sülhməramlılarına“  ,  erməni seperatçılarına və onların havadarlarına verilən mesajlar:

 

1.Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və həmin ərazidə baş verən ekoloji, siyasi, etnik, dini və s. mahiyətli hər hansı bir hadisə dövlətin və cəmiyyətin diqqət mərkızindədir;

 

2. Nə indi, nə də gələcəkdə Qarabağda yaşayan erməni əhaliyə heç bir xüsusi status verilməyəcək;                                                                    

3.Qarabağda yaşayan ermənilər ( başqa ölkələrdən oraya köçürülənlər istisna olmaqla)AzərbaycanRespublikasının vətəndaşlarıdır;

 

4. Qarabağ erməniləri vahid polietnik Azərbaycan cəmiyyətinin üzvü kimi digər azsaylı etnik qrup və milli azlıqlar üçün nəzərdə tutulmuş və konstitusiyon əsası olan bərabər mədəni hüquqlara malikdirlər;

 

5. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli əhalinin bütün humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

 

Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan və bu istiqamətdə Azərbaycana qarşı  hər cür təhdidlər sərgiləyən İran isə, sonradan yeni geosiyasi reallığı dərk edərək öz ərazisindən bu dəhlizin açılmasına razılıq verdi. Qeyd edək ki, İran Qarabağ münaqişəsi yarndığı tarixdən bu günədək həmişə işğalçı Ermənistanı dəstəkləyib və II Qarabağ Savaşında da Azərbaycana qarşı öz məkirli siyasətini davam etdirdi.

 

II Qarabağ Savaşından sonra yaranmış yeni geosiyasi reallıq şəraitində  İran regionda baş verən proseslərə çox diqqətlə yanaşır. Belə ki, İran özünün Cənubi Qafqaz siyasətində Türkiyəni, Səudiyyə Ərəbistanı, Rusiyanı regional,  ABŞ və İsraili isə dünya arenasında rəqibi  (İsraili isə düşməni) hesab edir. İran Azərbaycanı, Ermənistan və Gürcüstan ərazilərinin bir hissəsini “özünün tarixi torpaqları” sayır. İran formal olaraq beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin pozulmazlığını qəbul etsə də , bəzən buna zidd davranışlar da sərgiləyir.

 

İran Türkiyənin Güney Qafqaz regiondakı təsirini məhdudlaşdırmaq məqsədi güdür. Qarabağda Türkiyənin iştirakının qarşısını almaq üçün İran türk-erməni düşmənçiliyindən sui-istifadə edir. Bu düşmənçilikdən və Rusiyanın bölgədə qeyri-ardıcıl siyasətindən sui-istifadə edən İran bölgədə yeganə vasitəçi rolu oynamağa və gah Azərbaycan tərəfi gah da Ermənistanı müdafiə edir.

 

   Lakin,  II Qarabağ müharibəsindən sonra İran Cənubi Qafqazda regional oyunçu kimi rol oynaya bilmədi. Regionda əsas rəqibi olan Türkiyənin isə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında rolu gücləndi. Azərbaycan və Türkiyəni birləşdirəcək planlaşdırılmış Zəngəzur tranzit dəhliz layihəsi bölgənin iqtisadi inkişafına təkan verəcək. İsrail Azərbaycanla hərbi əməkdaşlıq sahəsində regionda öz təsirini gücləndirdi. Bütün əksər ölkələr və beynəlxalq qurumlar İranın məkrli siyasət yürütdüyünü və bölgədə özünün strateji ambisiyaları olduğunu göstərirlər.

 

 İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, iqtisadi əlaqələri gücləndirsə də, Ermənistana və Qarabağda yaşayan ermənilərə müxtəlif təyinatlı yardımlar etməkdə davam edir. İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Azərbaycanın təklif etdiyi “Altı ölkənin regional əməkdaşlıq platforması”na da maneə yaratmağa çalışır. İran və Türkiyə arasında Suriyayadakı  strateji rəqabət Cənubi Qafqazda da özünü göstərir və regionda yeni əməkdaşlıq imkanlarına  mənfi təsir göstərir. Həmçinin, İran Azərbaycanın II Qarabağ savaşındakı uğurlu əməliyyatlarından qıcıqlanır, onu “milli təhlükəsizliyə təhdid” kimi təqdim edirdi. İranda dövlətə bağlı KİV-lər Suriyadan olan “takfirist” silahların (sünnü ekstremistlərinin) Azərbaycan tərəfində vuruşduqlarından bəhs edilirdi. Müharibə bitdikdən sonra da Azərbaycana münasibət də dəyişmədi və ard-arda Arazboyu ərazilərdə hərbi təlimlər keçirən İran xoşniyyətli olmadığını bir daha ortaya qoydu.

 

İran üçün 10 noyabr  üçtərəfli razılaşmasında  Qarabağda yalnız Rusiya sülhməramlıları iştirak etməsini və Türkiyənin bu prosesdən kənarda qalmasını məqbul hesab edirdi. Lakin,Türkiyənin bu prosesdə  iştirakı və Cənubi Qafqazda rolunun artırması  artıq reallıqdır və bu rəsmi Tehranı ciddi narahat edir.

 

Rusiyanın təsir dairəsindən xilas ola bilməyən Ermənistan 10 noyabr bəyanatının bəzi bəndlərinə riayət etməməklə bölgədə yenidən gərginlik yaratmağa cəhdlər edir. II Qarabağ savaşından məğlub ayrılan Ermənistan Azərbaycanla sərhəd zolağında və Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının nəzarəti altında olan ərazilərində qeyri-qanuni silahlı quldur dəstələrinin vasitəsi ilə tez-tez təxribatlar törətməklə dünya ictimayyətində “münaqişənin hələ həll olunmadığı” təsəvvürü yaratmağa çalışır. Həmçinin, 10 noyabr bəyanatında nəzərdə tutulmuş ermənilərin qeyri-qanuni silahlı dəstələrinin tərkisilah edilməsi, Ermənistandan gəlmiş silahlıların geri qaytarılması haqqında müddəalarnı pozmaqda davam edir. Əksinə bölgəyə Ermənistandan yeni-yeni silahlı dəstələr və hərbi texnika daşınır. Digər tərəfdən Rusiyanın, İran və bəzi Qərb ölkələrinin  təsirindən qurtula bilməyən Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də yubatmaqla böyük sülh sazişinə maneələr yaradır. Hansı ki, böyük sülh sazişinin imzalanması 30 il ərzində özünü blokadada yaşamağa məhkum etmiş Ermənistan üçün böyük imkanlar yaradacaq.

 

 II Qarabağ Savaşından sonra öz ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti böyük sülh müqaviləsinin bağlanmasına hazır olduğunu bildirir və region ölkələrini altılı platforma çərçivəsində əməkdaşlığa dəvət edir. Azərbaycan tərəfi sərhəd delimitasiyası və demarkasiyası problemini həll edilməsində Ermənistanla ikitərəfli danışıqlara üstünlük verir. Həmçinin, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlı  görünür və  Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu nümayiş etdirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da