Versus.az xəbər verir ki, bu barədə  müsahibə verən Milli Məclisin deputatı Aydın Mirzəzadə  bir sıra maraqlı məqamlara diqqət çəkib.

 

- Qarabağda erməni silahlılarının hərbi təxribatı, Ermənistanın müharibə ritorikası, İranın Azərbaycana qarşı intensivləşən aqressiyası regionda proseslərin hansı istiqamətdə inkişaf etdiyini göstərir?

 

- Ermənistan bir layihə dövlətidir və xaricdən maliyyələşdirilib, istiqamətləndirilir. Ermənistan heç bir zaman torpaqları işğal edib 30 il öz gücünə işğalda saxlaya bilməzdi. Hadisələr göstərir ki, Azərbaycann müstəqil siyasəti xaricdə müəyyən dairələri qıcıqlandırır. Onlar Azərbaycanı müəyyən bir çərçivəyə salmaqdan ötrü bütün cəhdlərdən istifadə edirlər. Azərbaycan öz gücünü göstərdi, torpaqları işğaldan azad etdi. Azərbaycan işğalçı Ermənistanla sərhəddə yerləşir və özünün suverenliyini qoruyur. Fransa isə həmişə Ermənistanın işğalçılıq siyasətini müdafiə edən dövlət olub və bunu heç zaman gizlətmir.  Nəinki siyasilər, parlament üzvləri, hətta prezidentə qədər Azərbaycanın haqq işinə göz yummağa, bizə qarşı hansısa kampaniya aparmağa çalışırlar. Bütün bunların sonu yoxdur. İstər Fransa, Ermənistan, istərsə də İran hansı təhrikedici siyasət yeritsələr də, Azərbaycanın öz suverenliyini, müstəqilliyini qorumaq bacarığı var.

 

- İran parlamenti martın 5-də Azərbaycana qarşı yaydığı bəyanatda İsraildə səfirliyin açılması ilə ölkəmizin “İslam dünyası üçün təhlükəli vəziyyət yaratdığını” iddia edib. İran təhdid ritorikasından niyə əl çəkmir?

 

- İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv, qərəzli mövqeyinə iki istiqamətdə yanaşmaq olar. Birincisi, İranın müəyyən dairələri hələ də Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. İstənilən cəhdlərlə Azərbaycanı öz təsiri altına almağa çalışırlar. İkinci faktor ondan ibarətdir ki, İran daxilində ciddi xalq etirazları gedir və onlar cəmiyyətin diqqətini daxili məsələlərdən xarici məsələlərə yönəldib süni düşmən obrazı yaratmağa çalışırlar. İran başa düşməlidir ki, başqa dövlətlərin daxili işinə qarışa bilməz. Azərbaycan həmişə İranla yaxşı münasibətlərdə olub. Azərbaycanın kiminləsə dostluq əlaqələri heç vaxt üçüncü dövlətin əleyhinə yönəlməyib. Bizdən düşmən obrazı yaratmaq İranın maraqlarına cavab vermir. Bu davranışı İranı nüfuzdan salır, problemləri həll etmək əvəzinə daha da dərinləşdirir. Azərbaycan bu cür təzyiqlərə davam gətirmək gücündədir. Hər hansı çirkin niyyət Azərbaycanda keçməyəcək.

 

- Regionda gərginliyi yaradan əsas faktor 2 ildən çox vaxt keçməsinə baxmayaraq, üçtərəfli sazişin öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. Nəhayət, Rusiya sülhməramlılarının öhdəliklərini yerinə yetirməsi üçün Ermənistana təzyiq göstərilməsi nə vaxt baş verəcək?

 

- Müharibə bitsə də sonrakı dövr heç də asan olmayacaq.  Ermənistan  Azərbaycana qarşı olan iddialarından əl çəkməyəcək. Ermənistanı müdafiə edən qüvvələr sakitləşməyəcəklər. 10 noyabr bəyanatı bağlanan dövrdə sülhməramlıların Qarabağa yeridilməsi bir kompromis idi.  Həmin saziş daxilində  sülhməramlıların öz vəzifələrinə məsuliyyətlə yanaşdıqlarını görmədik. Ermənistanın Azərbaycan ərazisinə qeyri-qanuni hərbi qüvvə yerləşdirməsinə təkan verdiyini görürük. Bununla belə unudurlar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil,  öz hüquqlarını qorumağı bilir.  Laçın-Xankəndi yolunda ekofəallaralın aksiyası Azərbaycan cəmiyyətinin gücüdür. Bizim hərbçilərin həmin yolun üzərində yüksəklikləri nəzarətə götürməsi ermənilərin Azərbaycan daxilində təxribatının qarşısını almağa imkan verir. Eyni zamanda, biz sülhməramlılara onların vəzifələrinin nədən ibarət olduğunu anlatdıq.

Azərbaycan  qarşı tərəflərin üçtərəfli bəyanatın yerinə yetirmələri üçün bütün vasitələrdən istifadə edir və hüququnu bütün gücü ilə qoruyur. İstəsələr də, istəməsələr də üçtərəfli bəyanatın tələblərini yerinə yetirməyə məcburdurlar.

 

- Ermənistan müharibə ritorikası ilə çıxışlarını davam etdirir. Nəyə güvənirlər?

 

- Ermənistan müharibəyə hansı qüvvə ilə, hansı əsgəri ilə başlayacaq? Onlar hələ də “böyük Ermənistan” yuxusundan ayılmayıblar. 44 günlük müharibədə 11 min əsgər, hətta generallar belə  fərarilik edib. Onlar hansı ruhla, hansı potensialla Azərbaycanla müharibəyə başlamağa hazırlaşır?
 Əgər bizim generalımız səngərdə şəhid olursa, əsgərimiz gözü görə-görə ölümün üstünə gedirsə, bunun qarşısında heç bir erməni separatçısı, əsgəri dura bilməz. Azərbaycanda xalq-iqtidar birliyi, xalq-ordu birliyi var. Orduya böyük sevgi var. Ermənilərin sərsəm iddiaları və dedikləri “küçə ritorikası”ndan başqa  bir şey deyil.  Heç bir halda Azərbaycanı 90-cı illərə qaytarmaq mümkün olmayacaq.

 

– Ermənistan ərazilərimizdə davamlı sülh üçün təhlükə, gərginlik yaradır...

 

Qarabağda gərginliyin çox olduğunu deməzdim. Qarabağda həll olunmamış məsələlər var. Azərbaycan həmin məsələləri addım-addım həll edir. Bir neçə gün əvvəl Azərbaycanın “təcili tibbi yardımı” maşınının Xankəndinə daxil olması göstərdi ki, Azərbaycan Xankəndi və digər ərazilərimizdə yaşayan ermənilərin reinteqrasiyasında maraqlıdır və bunu edir.

Xankəndiyə gələn “təcili tibbi yardım” maşını və içərisində olan avadanlıqlarla özlərində olan avadanlıqları müqayisə etsinər. İnkişafda olan fərqi görsünlər. Biz nə edirik, onlar nə edə bilirlər. Ermənilərin özləri sosal şəbəkələrdə belə fikilər yazır: “Azərbaycan qısa müddətdə iki aeroport tikdi, üçünü də tikir, Azərbaycan qısa müddətdə müasir kəndlər salır, biz bunu 30 ildə niyə edə bilmədik?”. Əlbəttə, edə bilməzdilər, çünki başqasının torpağında heç zaman xoşbəxtlik qurmaq olmaz. (Həftə içi)

 

Tahirə Qafarlı