"Bu, separatçıların hiyləgər gedişdir"

17:49 13-04-2023 | icon 263 | Geopolitika
"Bu, separatçıların hiyləgər gedişdir"

Elxan Şahinoğlu: “Prosesləri kənardan izləməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də...”

 

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə ya Brüssel, ya da Vaşinqtonda görüşəcəyi ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda Ermənistan hərbi qüvvələrinin təxribatları, bölgədə gərginliyi artırmaqla beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmaq cəhdləri birmənalı qarşılanmır, Üstəlik, Azərbaycan ərazilərində separatçıların “əsiri” olan ermənilər də Bakı danışıqları ilə bağlı təklifi rədd edib, görüşün sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə keçirilməsini təklif ediblər. Ermənistan və separatçıları yenə ikibaşlı oyunlarını davam edir, nəyə nail olmağa çalışır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə yaranan sualları politoloq Elxan Şahinoğlu cavablandırıb.

 

- Təmas xəttindəki son toqquşmadan sonra Ermənistan Avropa İttifaqı missiyasından hansı hesabatı gözləyir və bu yöndə nəyə ümid edir?

 

- Hesab edirəm ki, təmas xəttindəki son toqquşma Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxardıb. Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Yəni İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar. Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi.Doğru qərardır.

İrəvan Avropa İtifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir. Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”

 

- Sərhəddə və Qarabağda gərginliyi saxlayan erməni separatçıları Bakıya “görüş”“təklifi” göndərib. Bundan əvvəl “Bakı” görüşünü qəbul etməyən erməni icması, Bakını sülhməramlıların missiyasına daxil olan ərazilərdə görüşə dəvət etməklə kimin qarşısında “quyruq bulayır”?

 

- Bu separatçıların  hiyləgər gedişdir. Azərbaycan Prezident Administrasiyası separatçılara Bakıda görüşməyi təklif emişdi, qəbul etmədilər, təklif təkrarlandı, yenə gəlmədilər. Rəsmi Bakının bu təşəbbüsləri beynəlxalq aləmdə müsbət qarşılandı, Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə dialoq tərəfdarı olduğu fikrini gücləndirdi. Dialoq müstəvisində üstünlüyün rəsmi Bakının tərəfinə keçdiyini anlayan və görüşlərdən imtina edən separatçılar bu vəziyyətdən çıxmaq üçün qarşılıqlı təkliflə çıxış ediblər: “Humanitar mövzuların müzakirəsi üçün Rusiya sülhməramlılarının dislokasiya oldunuğu Qarabağ ərazisində görüşək”. Separatçılar bu “təkliflə” həm özlərini dialoqa hazır olan tərəf kimi göstərməyə çalışır, həm də görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsini istəməklə Moskvanın dəstəyini qazanmağa ümid edirlər. Bakıda görüş təklifində Rusiya sülhməramlılarının iştirakı nəzərdə tutulmamışdı. Separatçılar isə yeni “təklifləriylə” Moskvaya mesaj göndərirlər ki, “Bakı rusiyalı sülhməramlıların vasitəçiliyini istəmədiyi halda, biz bu vasitəçilikdə israr edirik”.

 

- Bakı Erməni separatçılarının dialoq “təklifinə” necə reaksiya verilə bilər?

 

- Birinci reaksiya bundan ibarət ola bilər ki, Azərbaycan təmsilçiləri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ermənilərlə bir neçə dəfə Qarabağ ərazisində görüşüblər, növbəti görüşün Bakıda keçirilməsi təklifi qüvvədə qalır. Hər dəfə separatçıların dediyi olmayacaq, bizim təklifimizi qəbul etmirlərsə, biz niyə onların “təklifini” qəbul etməliyik? Digər tərəfdən separatçılar görüşdə “humanitar məsələlərin” müzakirəsini istəyirlərsə, biz onlarla reinteqrasiya mövzularını müzakirə etməkdə israrlıyıq. Onlar bu mövzunu müzakirə etmək istəmirlərsə, biz niyə onların istədiyi məsələləri müzakirə etməliyik?

İkinci reaksiya bundan ibarət ola bilər ki, rusiyalı sülhməramlıların dislokasiya yeri olan Xocalıda yenə ermənilərlə görüş mümkündür. Danışıqlarda nəticə olmasa belə, biz bununla beynəlxalq aləmə ermənilərlə dialoqdan imtina etmədiyimizi göstərərik. Qarabağın tamamı Azərbaycana aiddir, istənilən yerdə görüş mümkündür. Həmin görüşdə növbəti təmasın Bakıda keçirilməsi təklif olunmalı, bu dəfə də imtina edərlərsə, bunun dialoqun dayandırılacağı anlamına gəldiyi ermənilərə bildirilməlidir.

 

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI