“Yurqorden” ən yaxşı seçim deyildi?

15:44 07-07-2023 | icon 272 | İdman
“Yurqorden” ən yaxşı seçim deyildi?

Musa Qurbanlının Skandinaviya perspektivi

 

Adı “Torino” (İtaliya), “Zaltsburq” (Avstriya), “Xetafe” və “Rayo Valyekano” (hər ikisi İspaniya) ilə hallanan Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna keçidi gözlənilməz oldu.

 

22 yaşlı forvard Skandinaviya təmsilçisi ilə üç illik müqavilə imzalayıb. Onlar gənc forvard üçün “Qarabağ”a 500 min avro ödəyiblər. Bu, azərbaycanlı futbolçunun transferinə xərclənən ən yüksək məbləğlərdəndir.

 

Rekord Narvik Sirxayevin adı ilə bağlıdır. Yığmanın sabiq üzvü 2001-ci ildə Rusiyada “Anji”ni Moskva “Lokomotiv”inə bir milyon avroya dəyişib.

 

Vəli Qasımov bu baxımdan ikinci pillədədir. O, 1992-ci ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan İspaniya təmsilçisi “Betis”ə 600 min avroya keçib.

 

Rəqəmlər Qurbanlının “Yurqorden”ə transferinin miqyasını daha yaxşı anlamaq üçün idi.

 

Bəs, gənc oyunçunun seçimi nə qədər effektidir?

 

Öncə onu qeyd edək ki, qərarı birmənalı qarşılayanmayanlar var. Bəzi azarkeş və mütəxəssislər hesab edirlər ki, Musa Qurbanlı daha yaxşı çempionata və daha güclü kluba keçməli idi, onun ötən mövsümkü performansı (Azərbaycan Premyer Liqasında 21 qolla ən yaxşı ikinci məhsuldar futbolçu olmuşdu - red.) buna imkan verirdi.

 

Lakin ölkə çempionatının bombardiri Ramil Şeydayevin Tailand “Buriram Yunayted”inə keçidi liqamıza xarici klubların marağının hansı səviyyədə olduğunu göstərir.

 

Qurbanlı “Yurqorden”ə keçibsə, deməli, daha yaxşı variant olmayıb. Daha yaxşı variant olmayıbsa, “Yurqorden”ə keçid düzgün qərardır. Hətta sözügedən komandann “Qarabağ”dan daha güclü olmaması da vəziyyəti dəyişmir. Məsələ ondadır ki, futbolçu daha güclü futbol ölkəsinə, liqaya gedib.

 

Transferə kompleks yanaşmaq lazımdır. Əsas məsələ gələcək perspektivdir. Azərbaycan çempionatının cəlbedici olmadığını qeyd etdik. İsveçlə bağlı vəziyyət fərqlidir. Bu ölkənin yüksək liqası skautların diqqət mərkəzindədir. Tez-tez oradan daha böyük çempionatlara transferlər baş tutur. Qurbanlı özünü təsdiqləyə bilsə, yaxın gələcəkdə onun üçün də yeni qapılar açılacaq. Məsələn, “Yurqorden” son transfer pəncərələrində İtaliya A Seriyası və İngiltərə ikinci liqası klublarına futbolçular satıb.

 

İsveç seçimi həm də risk daşıyır. Bu, “azərbaycanlı futbolçu genetikası” ilə bağlı məsələdir. Skandinaviyada fiziki futbol daha ön plandadır. Bu isə azərbaycanlı oyunçulara o qədər də münasib deyil. Bizimkilər daha çox texniki tərəfləri ilə seçilirlər.

 

Lakin Musa Qurbanlı bu şablondan müəyyən qədər kənara çıxmağı bacarıb. O, son illər bütün dünya futbolunda problem kimi qabaran klassik “9 nömrə” anlayışına uyğun hücumçudur. Ayağında top saxlamağı bacaran forvard son zərbələrdə effektivdir, başla oynamağı yaxşı bacarır. Eyni zamanda o, dərin müdafiənin yarılmasında effektivdir. Qurbanlı geri düşür və firminovari (“Liverpul”un keçmiş hücumçusu Roberto Firmino Məhəmməd Salah və Sadio Maneyə yaratdığı qol imkanları ilə diqqət çəkirdi - red.) tək toxunuşlarla cinah oyunçularına ötürmələr edərək hücuma sürət qatır, rəqib müdafiədə boşluqlar yaranmasına şərait yaradır.

 

Beləliklə, Musa həm bitirici forvard çatışmazlığına çarədir, həm də müasir futbolda mövcud olan digər trendlərə uyğun gəlir. Ən azı baza və potensial var, bunun inkişafı üçün daha güclü və bir qədər də fərqli liqa işə yarayar. İsveç çempionatı bu baxımdan olduqca münasibdir.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov vaxtilə Mahir Emrelinin xaricə yollanması prosesində çox götür-qoy etmişdi. Ona təkliflər olsa da, mütəxəssis ehtiyatlanır və tam yetişməsini gözləyirdi. Nəticədə Emreli yalnız 24 yaşı olarkən legioner həyatı yaşamaq fürsəti qazandı.

 

Mütəxəssis öz oğlu ilə bağlı daha loyal yanaşdı. Görünür, artıq hazır olduğuna əmindir.

 

Musa hələ gəncdir və birdən-birə tamamilə fərqli mədəniyyətdə, soyuq Skandinaviya ölkəsinə necə uyğunlaşacağı futbolsevərlərdə sual doğurur.

 

Emreli məsələsi ilə paralellər aparsaq, indinin özündə də bir çox azarkeş Mahirin xarakter baxımından problemli olduğunu düşünür. O, az qala “Legiya”ya getdiyi ilk gündən Varşava klubunu tramplin kimi gördüyünü demişdi. Əlbəttə, bu, doğru addım deyildi və qıcıqlandırıcı effekt vermişdi. Emreli daha sonra oyunu ilə azarkeşlərin rəğbətini qazansa da, elə məhz onlarla problem yaşadığına görə də komandadan ayrıldı.

 

Musa ilə bağlı situasiya fərqlidir. O, özünü daha yetkin aparır. “Yurqorden”ə keçdikdən sonra ilk açıqlamalarında Qurban Qurbanova xas tövr sərgiləyib.

 

Musanın İsveçə uyğunlaşma problemi də olmamalıdır. “Qarabağ”ın düşərgəsində yaşananlardan xəbərdar olanlar onun komandadakı hər kəs, xüsusən legionerlərlə əla münasibətlərinin olmasından məlumatlıdırlar. Musa çox ünsiyyətcildir və “Yurqorden”in mətbuat xidmətinə səlis ingilis dilində verdiyi açıqlamalar bu baxımdan da çətinlik çəkməyəcəyini göstərir.

 

Seçimdə Qurbanlının daha çox oynamaq istəyi özünü göstərir. Dəqiq məlumata görə, onun başqa, daha nüfuzlu klublardan real təklifləri olub. Lakin əsas heyət sözünü “Yurqorden” verib.

 

Daha populyar kluba keçməsini hər kəs arzulayardı. Ancaq indiki halda Musa Qurbanlının legioner həyatı yaşamasının özü müsbət amildir. Ən əhəmiyyətlisi daim oynaya bilməsidir.

 

Getdiyi komandanın səviyyəsi ilə məsələn, gürcüstanlı və ya digər yaxın ölkələrin transfer olunduğu komandaların müqayisəsinin aprılması yanlışdır. Hər şeydən əvvəl Azərbaycan futbol təsərrüfatını nəzərə almaq lazımdır. İndiki məqamda bizim üçün maksimum elə İsveç, Polşa kimi ölkələrdir. Hansı ki, onlardan daha yaxşı yerlərə çıxış rahatdır.

 

Soyuq insanlar, soyuq təbiət, depressiv mühit, futbol riskləri - Musanı gözləyən əsas çətinliklər bunlardır. Lakin qafqazlılar da skandinavlar kimi döyüşkəndirlər. Qurbanlının məhz bu xarakteri ona kömək olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq