Yurd üçün, el üçün yaşayan ELMİN

19:28 02-08-2023 | icon 1500 | Şəhidlər və şahidlər
Yurd üçün, el üçün yaşayan ELMİN

Onların canları da vətən torpağına qarışaraq elə vətənin özünə dönür

 

Şəhid çavuş Elmin Əvəz oğlu Mirzəyevin (20 fevral 1995-ci il Xocavənd rayonunun Əmirallar kəndi – 2 oktyabr 2020-ci il Füzuli rayonu) əziz xatirəsinə həsr olunur.

 

Qəhrəmanlar vətən üçün doğulub sonda elə sevdikləri vətənə də qurban gedirlər. Onların neçə il davam etməsindən asılı olmayaraq yaşadıqları ömür payının məna və mahiyyəti yalnız budur, bundan ibarətdir. Bu yol üçün yaşayıb bu yolda canlarını fəda edirlər qəhrəmanlar. Sinələrini hər dərdə, hər əzaba, hər çətinliyə sipər edirlər. Qəhrəman olmaq asan iş deyil. Bunun üçün hər şeydən əvvəl özünü, taleyini, gələcək üçün qurduğun planlarını və gələcək həyatını bir kənara qoymalısan. Fikirləşməlisən ki, elə bil heç bunlar olmayıb. Özünü, ailəni, sevdiklərini yox, yalnız Vətənini, torpağını, bu torpağa ayağını basan saysız-hesabsız yurddaşlarını, soydaşlarını, onların gələcəklərini düşünməlisən və ancaq bu yolda həyatını davam etdirməlisən. Qəhrəmanlar üçün həyatın mənası yalnız budur. Onlar son dərəcə vətənpərvər olurlar, o dərəcədə vətəni sevirlər ki, Allah tərəfindən seçildiklərindən və sonunda şəhadət olan çox çətin bir sınağa düşdüklərindən belə xəbərsiz olurlar. Onsuz da bundan xəbərləri olsa belə yenə də yollarından dönməzdilər. Qəhrəmanlar, fədakarlar, xilaskarlar öz-özlüyündə vətən həyatı yaşayırlar. Vətən üçün yaşadıqları həyat sonda elə vətən həyatına çevrilir. Qəhrəmanlar bir nəslin tarixinə, taleyinə, fəxr, iftixar rəmzinə və vətəninə çevrilirlər. Ona görə ki, vətən üçün yaşayır, vətənə qurban gedir və əbədi istirahətlərini vətən torpağının altında edirlər. Onların canları da vətən torpağına qarışaraq elə vətənin özünə dönür, çevrilir, vətənləşirlər.

 

Azərbaycan torpağı saysız-hesabsız Vətən qəhrəmanları, yurd, torpaq sevdalıları yetişdirib. Xalqımızın övladları, fədailəri, vətən təşnələri hələ eramızdan əvvələ qədər gedib çıxan dövrlərdən üzü bəri öz torpaqlarını canları bahasına qorumuş və son nəfəslərində də övladlarına bunu vəsiyyət etmişdilər. Bu torpaqlarda yaşamış bizlər qəhrəman xalq olaraq tarix boyu igid oğullar, kişi qeyrətli qızlar yetişdirmiş, bu ənənəyə həmişə sadiq qalmış və onu heç zaman pozmamışıq. Elə buna görə də zaman-zaman vətən oğullarının, qızlarının qəhrəmanlığı dastan kimi dillərdə dolaşıb, ozanlar, aşıqlar, şairlər bu igidlərin şücaətini nəzmə, nəsrə, saza-sözə çəkməyi özlərinə borc biliblər. Buna görə yaranıb neçə-neçə qəhrəmanlıq dastanlarımız. Bəzi tanınmış ölkələrdən və millətlərdən fərqli olaraq, biz özümüzdən nağıl, hekayə düzəltməmiş, super-qəhrəmanlara ehtiyac duymamışıq. Axı hansı xalq Cavanşiri, Babəyi, Tomrisi, Koroğlunu, Qaçaq Nəbini, Həcəri bir kənara qoyub super-qəhrəmanlardan danışar? Bizim tarixən heç bir zaman buna ehtiyacımız olmayıb. Çünki bizim özümüzə görə super-qəhrəmanlarımız və onların xatirəsinə yazılan, gələcəyə miras qoyulan qəhrəmanlıq dastanlarımız, şeirlərimiz, nəğmələrimiz olub. Əgər həmin qəhrəmanlarımız olmasaydı, bu gün gələcək nəslə miras qoyacağımız bir vətənimiz də olmazdı. Və əgər qəhrəmanlıq dastanlarımız olmasaydı, nəsillər bu qəhrəmanlıqlardan xəbərsiz qalacaq, tarixindən xəbərsiz və onu öyrənməkdən məhrum olacaqdı. Ona görə də biz ənənəmizə sadiq qalaraq həmişə qəhrəmanlarımızdan, igidlərimizdən, ərənlərimizdən, şəhidlərimizdən yazmalı və onları var gücümüzlə bütün elə-obaya, türk-islam dünyasına, hətta bütün dünyaya tanıtmalıyıq. Şəhidlərin Allah qatında vəzifəsi vətən torpağını xilas etməkdirsə, bizim də Allah qatında borcumuz onları sona qədər tanıtmaq və bu dünyadakı həyat yollarına işıq tutmaq, bu işığı daim şölələndirməkdir. Bu dəfə haqqında söhbət açacağım qəhrəmanımız barəsində vikipediya səhifəsi hazırladığım və qəhrəmanlığına şeir həsr etdiyim, doğulduğu vətən torpağı Xocavəndinin işğal olunduğu gün şəhadətə qovuşan şəhid çavuş Elmin Əvəz oğlu Mirzəyevdir.

 

 

Elmin Əvəz oğlu Mirzəyev 20 fevral 1995-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya göz açsa da, əslən Xocavənd rayonunun Əmirallar kəndindəndir. Belə ki, 1992-ci ildə Xocavənd rayonunun Əmrallar kəndi erməni vandalları tərəfindən işğal olunduğundan digər məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrinə pərən-pərən düşdükləri üçün Mirzəyevlər ailəsi də Ağcabədi rayonunun Avşar kəndində öz simsarlarının, yaxınlarının əhatəsində məskunlaşmış, elə o səbəbdən də Elmin qədim elatlardan olan Avşar elində dünyaya göz açmışdı. Atası Əvəz kişi Birinci Qarabağ müharibəsi iştirakçısı idi. Əvəz kişi o vaxt hələ təzəcə yaranan və bəzi maneələrə baxmayaraq inkişafa son dərəcə sürətlə can atan Xocavənd Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışır, həm ictimai təhlükəsizliyin, asayişin keşiyində dayanır, həm də Vətən torpağını – Qarabağını müdafiə edirdi. Əvəz kişi boya-başa çatdığı Xocavənd rayonunun Əmirallar kəndinin müdafiəsində də iştirak edərək döyüş zamanı yaralanmışdı. Əmirallar kəndi 2 oktyabr 1992-ci ildə qaniçən erməni qəsbkarları tərəfindən vəhşicəsinə işğala və yağmalanmağa məruz qaldığı zaman Elmin hələ dünyaya belə gəlməmişdi. Elminin qismətinə, bəxtinə nə bir an olsun öz dədə-baba torpağını, kəndini görə bilmək, nə də orada yaşaya və boy ata bilmək yazılmışdı. Lakin onun yerinə ömür boyu qaçqınlıq həyatı yaşamağa məhkum olmaq, öz doğma torpağına uzaqdan həsrətlə baxmaq yazılmışdı. Ailənin Əmirallar kəndini işğal edən erməni qəsbkarlarından qaçaraq sığındığı ilk yerdə - Ağcabədi rayonunun Avşar kəndində dünyaya göz açan körpə Elmin ilk gündən ailənin sevimlisi, istəklisi, ümidi, pənahı olmuşdu. Qaçqınlıq dövrünün ilk və ən ağır zamanlarında dünyaya gələn qayğısız körpə necə ağır, necə qayğılı və necə çətin bir dövranda dünyaya gəldiyindən xəbərsiz idi. Soyuq və şaxtalı bir qış günündə, belə deyək ki, qışın oğlan çağında dünyaya göz açmasına baxmayaraq körpə Elmin hər kəsin çırağının şaxta-sazağa təslim olduğu bir vaxtda öz ailəsinin ocağında ümid çırağını yandıra bilmişdi, qaçqın otağının isinməsinə səbəb olmuşdu. Bu ümid, pənah payı bütün ailəyə bəs idi və Elmin yaşayacağı 25 ili o ümidlə - Qarabağın azadlığı ümidi, istəyi, arzusu ilə yaşayacaqdı...

 

Elmin ağlı kəsdiyi ilk vaxtlardan ailəsini, valideynlərini, evini, üstündə ayaq açıb yeridiyi torpağını sevməyə və ona olan bağlılığını hiss etdirməyə, bildirməyə başladı. Vətənpərvər bir ailənin övladı olduğunun əlamətləri ağlı kəsəndən onda əks olunurdu. Valideynləri Elminin vətənini gələcəkdə necə böyük bir məhəbbətlə sevəcəyindən zərrə qədər şübhə etməməklə bərabər həm də öz valideynlik vəzifələrini yerinə yetirmək üçün Elminə ilk olaraq vətən sevgisini, torpaq sevgisini aşılayırdılar. Elmin bu sevgini canında, qanında hiss edərək böyüyürdü. Onun üçün sevgi kitabının ilk fəsli, ilk vərəqi, elə ilk sözü də Vətən olacaqdı. Qarabağ müharibəsinin qanlı-qadalı günlərinə şahidlik etmiş və o odun-alovun düz ortasında olmuş Əvəz kişi öz oğluna Qarabağdan, Xocavənddən, Əmirallar kəndindən tez-tez söz açırdı. O, Qarabağ torpağının səfasından, təmizliyindən, insanı özünə vurğun edən gözəl təbiətindən danışırdı. Lakin bunlarla bərabər Azərbaycan xalqının tarixən yaşadığı əzablı günlərdən, dövrlərdən, zaman-zaman torpaqlarımızın mənfurlar tərəfindən ələ keçirilməsindən, yaxın tarixdə illərlə qaniçən “qırmızı terror” rejiminin bizi ermənilərlə necə “qardaş” etdiyindən, sonda o “qardaşlar”ın bizi kürəyimizdən necə bıçaqladığından, bizi yurd-yuvamızdan necə qovduğundan və hansı qəddarlıqla qətliamlar etdiyindən də söhbət açırdı. Ona görə də Elmin uşaqlıq illərini nağıllar aləmində yaşamamışdı. Çünki yaşasaydı, onda bu vəziyyətlə barışmış bir çoxları kimi olardı. Onu gələcəyin fədakarı kimi, gələcəyin xilaskar əsgəri, şəhidi kimi fərqləndirəcək ilk əlamətlər də elə bu idi. Elmin gecə nağıllarla yatıb gündüzlər nağıllarla oyanmırdı. O hətta ana laylası əvəzinə xalqımızın qəhrəmanlıq dastanlarını dinləyib yuxuya gedir, hər gün keçdikcə, hər gün böyüdükcə doğma torpağına, vətəninə daha çox valeh olurdu. Ona görə də onda elə uşaq yaşlarından vətən sevgisi, doğma torpağa, ocağa sonsuz məhəbbət hissləri baş qaldırmış və bu hisslər Elminin 25 illik qısa, ancaq mənalı, şərəfli ömründə onu heç bir zaman tərk etməmiş, tədricən daha da yüksəlib özünün ən böyük zirvəsinə qalxmışdı.

 

 

Elmin ilk təhsilini Ağcabədi rayon Avşar kənd 3 saylı tam orta məktəbdə aldı. Sonra isə müəyyən səbəblərdən onun ailə üzvləri Beyləqan rayonunun Türklər kəndində məskunlaşdı. 2009-cu ildə dövlətimizin sonsuz qayğısı və diqqəti nəticəsində yurd-yuvasından didərgin olan Xocavənd sakinləri üçün Xocavənd şəhərciyi tikilənə qədər onun ailəsi həmin ünvanda yaşadı. Həmin il Elmin ailəsi ilə Xocavənd şəhərciyinə köçür və burada təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində davam etdirir, ömrünün sonuna qədər burada, dost-tanışlarının arasında, Xocavənd sakinləri ilə bir yerdə yaşayır. Əslində yaşadıqları yer onların öz kəndləri Əmirallar olmasa belə Elmin Xocavənd şəhərciyində sanki elə öz kəndlərində imiş kimi yaşayır və bir an öncə doğma torpağına qayıtmağın arzusunu, xəyalını qururdu. O dövrün çarəsiz və əlacsız, torpaqdan yetim olan uşaqlarına ümid vermək üçün valideynlər tərəfindən deyilən “Sən böyüyəndə Qarabağı azad edəcəyik” cümləsi ilə Elmin barışa bilmirdi. O, vətənini, işğal edilmiş torpaqlarımızı, doğma Xocavəndini o qədər böyük bir sevgi və məhəbbətlə sevirdi ki, həmişə ondan söhbət düşəndə Qarabağı öz əlləri ilə, canı və qanı bahasına qaytarmaq istədiyini deyir, bu yolda ölümü belə gözə aldığını çəkinmədən, düşünmədən söyləyirdi. Elmin vətəndən ayrı yaşamağın ölümə bərabər olduğunu bildiyi üçün bu sözləri söyləyirdi. O, işğalda olan doğma torpaqlarımızın azad edilməsindən ötrü hər an çəkinmədən ölümə belə hazır idi. Çünki belə həssas mövzularda yalan danışmaq mümkün deyildi. Vətən üçün ölümü belə gözə almaq ancaq Elmin kimi alovlu vətənpərvərlərin işi idi.

 

 

Elmin orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətinə başladı. Hərbi xidmətinə başladığı ilk günlərdə o qədər sevincli idi ki, sanki ona dünyaları vermişdilər. Elmin birinci sinfə qədəm qoyanda belə bu qədər sevinməmişdi. Çünki onu ən çox narahat edən mövzu vətənə olan borcu, vətən torpaqlarını işğaldan azad etmək idi. O, uşaq yaşlarında belə bunu fikirləşmiş və tez bir zamanda illərin keçməsini, özünün vətənə borcunu əsgər kimi layiqincə ödəməsini arzulamışdı. Onun üçün vətən borcu valideyn, ana, ata borcundan da önəmli, üstün idi. Bu, onun hərəkətlərindən aydın bir şəkildə hiss olunurdu. Lakin Elmin bu istəyini sözdə qoymayıb əməldə də yaşatmağın vacibliyini bilirdi. Ona görə də layiqincə əsgəri xidmətini etdiyi zamanda da Allahdan arzulayırdı ki, tez zamanda Ali Baş Komandan əmr versin və o, ən ön sıralarda Qarabağın xilaskarı kimi son damla qanına qədər düşmənlərlə döyüşsün. O, ən sadiq və müsəlləh bir əsgər kimi komandirlərin ən böyüyünün verəcəyi o tarixi əmri gözləyirdi. Nümunəvi bir əsgər kimi xidmət etdiyindən ona dəfələrlə diplomlar, fəxri fərmanlar, ailəsinə də dəfələrlə təşəkkür məktubları göndərilirdi.
2015-ci ildə Elmin hərbi xidmətini başa vurdu. Hərbi xidmət zamanı Qarabağ müharibəsinin başlamamasından və onun da ən ön cərgədə döyüşlərdə iştirak etməməsindən çox heyifsilənirdi. Ancaq inamını itirmirdi. Xoşbəxt sabahlara inandığı kimi Qarabağın da parlaq gələcəyinə, qazanacağımız o parlaq zəfərə özü kimi inanırdı Elmin. Lakin bir yerdə qərar tuta bilmir, alışdığı əsgərlik həyatından ayrı bir gün də keçirə bilmirdi. Elə buna görə də hərbi xidmətini bitirəndən az vaxt keçmiş yenə öz müqəddəratını, taleyini hərb sənəti ilə bağladı və müddətdən artıq həqiqi hərbi xidmət kurslarına yazıldı. Kursları əla bir şəkildə və böyük müvəffəqiyyətlə bitirdikdən sonra müddətdən artıq hərbi xidmətinə başladı. O, bu zaman ilk hərbi xidmətinə başladığı gündən də çox sevinirdi. Sanki öz-özlüyündə and içmişdi ki, Qarabağın azad olacağı günə qədər o, hərbi xidmətini davam etdirəcək, əgər Ali Baş Komandan əmr versə, bir addım belə dayanmayıb sona qədər Qarabağ uğrunda döyüşəcək və ancaq irəli gedəcək. Qarabağ sevgisi, həsrəti, ümidi onda günlər, aylar, illər keçdikcə daha da artırdı. Ömür yoluna vəfalı yoldaş seçdiyi Elnarə xanımla ailə həyatı qursa belə, Alina və Səma adında 2 nur parçası kimi qızı dünyaya gəlsə belə ondakı bu sevgi bir an da olsun azalmadı. Onun subay olduğu zaman vətənə bəslədiyi sevgisi, həsrəti ailəli olduğu, ailə, uşaq qayğısı, zəhməti və əziyyəti çəkdiyi zaman daha da çox artmışdı. Elmin belə bir qəhrəman idi və qəhrəman adını şəhadətindən çox-çox əvvəl qazanmışdı. Valideynlərinə layiq bir övlad, qızlarına layiq bir ata, həyat yoldaşına layiq bir ömür-gün yoldaşı olmuşdu. Birlikdə gözəl bir həyat yaşadığı və saysız-hesabsız acılı-şirinli xatirələr çoxaltdığı ailəsi hər şeydən xəbərsiz idi. Lakin Elmin bilirdi ki, bu ailə sevinci, bu şirin günlər, şirin çağlar heç bir zaman daimi deyil və olmayacaq. Bəlkə də ona görə bir çox fotoşəkillərində fikirli görünürdü. Onu belə fikirli edən, dərdli edən iki hal var idi: ilk olaraq işğalda olan vətən həsrəti, torpaq sevgisi, sonra isə ailə qayğısı.

 

 

2020-ci ildə erməni təxribatı nəticəsində Tovuz döyüşləri başlayıb bitən ərəfədə və general-mayorumuz Polad Həşimovla döyüşçülərini şəhid verdiyimiz o ağır günlərdə ən çox fikir edən, dərdlənən, qisas alovuyla yanan igidlərdən biri də Elmin idi. Belə vaxtlarda onun qisas alovunu nə ailə qayğısı, nə də başqa səbəblər geridə qoya bilərdi. Hər keçən gün sanki bir qığılcımla bütün könül evini yandıran bu qisas alovu daha da böyüyürdü. Gün keçdikcə şiddətlənən küləklər onun qisas alovunu bütünlüklə daxilinə yayırdı. Elmin belə günlərdə yalnız vətənini, onun sabahını fikirləşirdi. Elminin ailəsi və sevdikləri onun narahatlığından və bu qədər acı çəkməsindən çox kədərlənirdilər. Elmin isə bildirirdi ki, insan üçün özünün, ailəsinin və sevdiklərinin gələcəyindən də üstün olan vətəninə sevgisi, onun gələcəyidir. Çünki vətəninin gələcəyi olmadan, insanın özünün də, ailəsinin də, sevdiklərinin də gələcəyini düşünmək əbəsdir. Onda ortada bir gələcəkdən söhbət belə gedə bilməz! Elmin hər sözündə, söhbətində Qarabağı, Xocavəndi dilinin əzbəri etmişdi. Əli tətikdə, gözü irəlidə, qulağı səsdə və qəlbi Xocavəndində idi. O, son zamanlar müharibənin qaçılmaz olduğunu bilirdi və canıyla, qanıyla bu savaşa hazır olduğunu da bildirirdi.

 

 

Nəhayət, xalqımızın gözlədiyi o möhtəşəm, kədər və eyni zamanda qürurverici gün gəldi! 27 sentyabr 2020-ci il!.. Elminin o vaxt 25 illik yubileyini keçirməsindən 7 ay keçirdi. Onu sevən ailəsi, sevdikləri, qəhrəman atası, xanım-xatın anası, onunla həyatını bağlayan ömür-gün yoldaşı, onu canlarından artıq istəyən iki gül qızı var idi... Ancaq onun hər kəsdən və hər şeydən əvvəl gələn, həyatının mənasına çevrilən vətəni də var idi. O Vətən ona ulu babalarından miras idi. Hansı ki onların ruhları narahat idi və Əmirallar kəndində çox narahat şəkildə uyuyurdular. Elmin onların narahatlığına son verməli idi. Bu sərt və ağır gündə edilməli olan ən əsas iş döyüş meydanına atılmaq, qəhrəmanlar kimi döyüşmək, düşmənə qan uddurmaq idi. İllər boyu gözlədiyi, ürəyindən keçirdiyi gün, nəhayət ki, gəlmişdi. Ona görə də belə bir zamanda Elmin hər kəsdən və hər şeydən qabaq vətənini düşündü, onun harayına tələsdi, hər igid Azərbaycan əsgəri kimi ailəsinə ümid verərək evindən ayrılıb qəhrəman əsgər vüqarı ilə üzü Qarabağa, Xocavəndə, Əmirallara doğru getdi...

 

 

Elminlə birlikdə qardaşı Orxan da vətənin harayına yetmiş, dadına çatmışdı və ayrı-ayrı vəzifələrdə olsalar belə Qarabağdakı döyüşlərə qatılmışdılar. Orxan müharibədə minaaxtaran kimi iştirak edir, öz qardaşı da daxil olmaqla heç bir əsgər qardaşı minaya düşüb şəhid olmasın deyə hər gün ölümlə burun-buruna gəlirdi. Elminin Cəbrayıldan, Füzulidən başlayan döyüş yolunda o, dayanmadan sona qədər irəliləyir və ölümün gözünə dik baxaraq bütün maneələri dəf edirdi, düşmənini məhv edirdi. İlk günlər səddin yarılması uğrunda gedən mübarizələr nə qədər şiddətli olsa da, Elminin və onun döyüş yoldaşlarının, qəhrəman əsgərlərimizin inamı, inancı bir o qədər qüvvətli idi. Elmin tez bir zamanda Xocavəndə, eləcə də doğma kəndi Əmirallara çatmaq istəyi ilə özünü tələsdirirdi. Elə buna görə də bir-iki gün içərisində düşmənə qan uddurmuş, matəm yaşatmış və onun bir nömrəli düşməninə, gecəsinin, gündüzünün kabusuna çevrilmişdi. O, bu ağır döyüşlər, çətin şərait içində ailəsini də unutmur, vaxt tapanda ailəsi ilə telefonla əlaqə saxlayırdı. Əvəz dayı və Solmaz xala ilə birlikdə Mirzəyevlər ailəsi bir evdən çıxan iki qəhrəmanın gələcək taleyi üçün əsim-əsim əsir, onların müharibədən sağ, alnıaçıq və üzüağ çıxması üçün Allaha sonsuz dualar edirdilər. Elminin və Orxanın bir anlıq belə olsa səsini eşidən zaman Mirzəyevlər ailəsinə sanki dünyalar verilirdi. Elmin zənglərində tez-tez atası Əvəz dayıdan müharibədə döyüşdüyü yerləri və eləcə də yaralandığı yeri təkrar soruşur və harada qazanılmasını deməmək şərti ilə yeni-yeni zəfərlərin müjdəsini verirdi. Şiddətli döyüşdə olduğu zaman tale elə gətirmişdi ki, Elmin qardaşı Orxanla üz-üzə gəlmiş, görüşmüşdü. Qardaşlar bir-birlərinə uğurlar arzulamış, zəfərlə qayıtmağı diləmiş və dönə-dönə ehtiyatlı olmağı tapşırmışdılar. Elmin isə bir gün son fədakarlığını edəcəyini və bir gün içində olacağı döyüşün son döyüş olacağını bilir və bunu yəqin edib son dəfə Orxanla görüşmüşdü...
Elmin döyüşə-döyüşə Cəbrayılı, Füzulini keçdikdən sonra Xocavənd ərazisinə də daxil olmuşdu. Vətənin hər bir qarışı, təbii ki, onun üçün əziz və doğma idi. Lakin doğma torpağı, ocağı olan Xocavəndə çatmaq, Xocavənd torpağının üstündə 25 il sonra yeriyə bilmək Elminə böyük sevinc, fəxr və qürur verirdi. Sanki onun bütün yorğunluğu daxilindən çıxıb gedirdi. Elmin şəhid olmağı çox istədiyi kimi bu yerlərə doya-doya baxa bilməyi də könlündə arzulamışdı.

 

Lakin həyatda bəzən hər şey bizim istədiyimiz kimi olmur. Həyatın özünə görə qaydası, qanunu var və tələb etdiyi şey gərək yerinə yetirilsin. Qismətə baxın ki, fələk öz hökmünü oktyabrın 2-də - Elminin doğma yurdu Xocavəndin işğal günündə verdi. O gün Elminin Füzuli rayonunda iştirak etdiyi döyüş onun son döyüşü kimi qismətinə yazıldı. Elmin 2 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsini fəth etdi! Xocavəndin işğal günündə şəhid olsa da, şəhadəti ilə bizə qəm-kədərlə birgə fəxr, qürur və heç zaman yad tapdağında qalmayacaq olan gözəl Qarabağımızı verdi, qaytardı. Elmin bizim alnımızdan qaçqınlıq ləkəsini, damğasını canı, qanı bahasına götürdü. Gənc yaşında öz həyatını, varlığını, şirin canını vətən uğrunda qurban versə də, bizə miras kimi 2 gül balasını, ailəsini, sevdiklərini, dildən-dilə gəzən, dillər əzbəri olan qəhrəmanlıq dastanını və ən əsası canından çox sevib canını sevə-sevə fəda etdiyi, qurban verdiyi Vətənini qoyub getdi...

 

 

Elmin şəhadətindən sonra cənab Ali Baş Komandanımız İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.

 


İndi isə qəhrəmanımızın şərəfli həyatından söz açdığım bu dastanda son olaraq bir haşiyə çıxmaq istəyirəm. Bu həm də dastanın yazılma prosesini də özündə ehtiva edir. 7 dekabr 2022-ci ildə Xocavənd rayon Mədəniyyət Evində şəhidlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabıma təqdimat keçirildiyi zaman tədbirdən qabaq Şəhidlər Xiyabanını ziyarət edəndə qəhrəmanımızın atası Əvəz dayı ilə tanış oldum. O, mənə və atama tanışlıq verərək bildirdi ki, Xocavənd Rayon Polis Şöbəsində çalışdığı illər ərzində həmin şöbədə atamla və dayılarımla birgə çalışmışdır. Mən Əvəz dayıya Elmin qardaşım haqqında məqalə yazmaqla bağlı söz verdim. Əvəz dayı xahiş etdi ki, məqalədə onun oğluna həsr etdiyi şeirlərini və bir neçə ürək sözlərini də əlavə edim. Əvəz dayı bildirdi ki, Elmin şəhid olduqdan sonra ona və ailəsinə şəhid ailəsi kimi dövlət və icra hakimiyyəti böyük hörmət və qayğı ilə yanaşmış, Mirzəyevlər ailəsinin dərdlərinə və problemlərinə işıq tutub tez bir zamanda həlli üçün çalışmışdır. Əvəz dayı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz Hüseynovdan da razılığını bildirdi. Kitabda Elmin qardaşım haqqında şeirimin və hazırladığım vikipediya səhifəsinin çap olunduğu üçün mənə təşəkkürünü bildirdi. Mən isə təşəkkürə ehtiyac olmadığını bildirərək Əvəz dayıya gözəl sözləri üçün minnətdarlığımı bildirdim.

 

Nə qədər ki Azərbaycan var, Azərbaycanın şəhidlərə hörmətlə, şəhid ailələrinə qayğıyla, diqqətlə yanaşan övladları var, nə qədər ki biz varıq, Elminlər ölməz, Şəhidlər ölməz, Vətən heç zaman bölünməz! Allahdan Şəhidimiz Elmin də daxil olmaqla bütün Şəhidlərimizə rəhmət diləyir, məqalənin sonunda Əvəz dayı və mənim tərəfimdən Elmin qardaşım haqqında yazılmış şeirləri diqqətinizə çatdırıram.

 

FƏXR EDİR YURDUM SƏNLƏ

 

44 günlük Vətən müharibəsində şücaət göstərən şəhid oğlum Mirzəyev Elminə həsr edirəm

 

İgid, qəhrəman oğlum,
Sən döyüşə atıldın.
Düşmənləri məhv edib,
Bağırlarını yardın.
Fəxr edir yurdum sənlə!


Qəhrəmanlıq göstərdin,
Başımızı ucaltdın.
Bu xalqı, bu milləti,
Dünyaya sən tanıtdın,
Fəxr edir yurdum sənlə!

İgidliyinlə, oğul,
Bizi də sən ucaltdın.
Bayrağımızı hər an,
Zirvələrə qaldırdın.
Fəxr edir yurdum sənlə!


Doğma Vətən, el üçün,
Düşmən ilə döyüşdün.
Ata, ananı, xalqı,
Bu milləti düşündün.
Fəxr edir yurdum sənlə!


Vətən nədir deyənə,
Vətən - Anadır dedin,
Qeyrət nədir deyənə,
Qeyrət - Atadır dedin.
Fəxr edir yurdum sənlə!


Demədin, atam harda,
Anam harada qaldı?
Şəhidlərin qisasın,
Şanlı Ordumuz aldı.
Fəxr edir yurdum sənlə!


Qırx dörd günlük döyüşdə,
Döyüşdü qardaşın da.
Hər ikiniz oldunuz,
Hər an haqq savaşında.
Fəxr edir yurdum sənlə!


Azad oldu Qarabağ,
Elminim şəhid oldu.
Orxanımsa qayıtdı,
Elminsiz dünyam soldu.
Fəxr edir yurdum sənlə!

Tanrı Baş Komandanı,
Ordumuzu qorusun.
Sənsiz dözmürəm Elmin,
Məkanın cənnət olsun.
Fəxr edir yurdum sənlə!
ƏVƏZ MİRZƏYEV
Şəhid atası, Qarabağ qazisi
Şəhid Elminin dilindən atası Əvəz Mirzəyevin şeiri

 

Elminin gəldi səsi,
Qələbənin təntənəsi.
Aldım sonuncu nəfəsi,
Onda bildim mən Şəhidəm,
Anladım ki mən Şəhidəm.

 

***

 

Qayıt oğul,
Bir gecəlik görüm get.
Sən gedəndən od tutmuşam,
Sönüm, get.
Neçə vaxtdır sarılıram daşına,
Son bir dəfə gəl başına dönüm sənin.

 

 

QİSAS CƏNGAVƏRİ

 

(Vətən müharibəsi şəhidi Elmin Əvəz oğlu Mirzəyevin nurlu xatirəsinə (20.02.1995-ci il Xocavənd rayonu Əmirallar kəndi - 02.10.2020-ci il Füzuli rayonu)

 

Qisas cəngavəri, sülhün əsgəri,
Fikri Vətən, Qarabağ olan Elmin.
Oldun sərkərdəsi, igidi, nəri,
Bu dövlətin, bu yurdun, bu millətin.

Qisas məskənin oldu Xocavəndin,
Güc verdi sənə ruhu ərənlərin,
Sonda Sən Qarabağı azad etdin,
Zəfərdir yurda verdiyin sərvətin.

Şəhid olub verdin Zəfər xəbərin,
Sən Xocavəndimin işğal günündə.
Baş əyirik biz, sənin əzizlərin,
Qəhrəmanlıq abidənin önündə.

Qanla yazıldı Qarabağ əsərin,
Nurlu Şəhadətin, parlaq Zəfərin.
Şəhidlər ölməz deyir Peyğəmbər, din,
Sən əbədiyaşarsan, şəhid Elmin.

 

 

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
31.07.2023/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq