Diqqət edilməyən leykoz əlamətləri

16:32 10-08-2023 | icon 312 | Sağlamlıq
Diqqət edilməyən leykoz əlamətləri

Damaq qanaması, yüksək hərarət, ağız yaraları...

 

Son dövrlər müxtəlif yaş qrupları arasında leykozdan əziyyət çəkənlərin sayı artıb. İllər ötdükcə daha da cavanlaşan bu xəstəliyin yaranma səbəbi və ilkin simptomlarını dəqiq söyləmək mümkün deyil. Tibb işçiləri bu xəstəliyin diaqnozunu qanın ümumi analizi və sümük iliyinin funksiyasının təhlilindən sonra deməyin mümkün olduğunu bildirirlər.

 

Amma elə insanlar var ki, bu analizləri versələr də onlara heç bir diaqnoz qoyulmayıb. İlkin simptomların səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, damaqda qanaxmalar və sair olduğu deyilir. Bəs insan bu simptomları hiss etmirsə, onda necə?

 

Bu xəstəlik orqanizmdə gizli irəliləyə və hamiləlik dövründə özünü büruzə verə bilərmi? Bu zaman ananı və körpəni hansı təhlükə gözləyir? Leykoz və leykemiyanın bir-birindən fərqi nədir? Bu iki xəstəlikdən hansını daha əvvəl müəyyən etmək mümkün olur? Leykoz xəstəliyinə meyllilik nədən yarana bilir? Ümumiyyətlə, leykozu daha erkən mərhələlərdə aşkarlaya bilən hər hansı alternativ müayinə metodu varmı?

 

Mövzu ilə bağlı həkim-hematoloq Mireldar Babayev açıqlamasında bildirib ki, leykoz və leykemiyanın heç bir fərqi yoxdur, onlar eyni xəstəlikdir. Həkimin sözlərinə görə, leykoz onkoloji xəstəlikdir və qan yaradıcı baş hüceyrələrdə qeydə alınan xromosom dəyişikliyi səbəbindən yaranır:

 

“Xromosom dəyişikliyi baş verdikdən sonra yaranan hüceyrələr normal olmur və bu xəstə hüceyrələr bütün bədənə yayılaraq sonda leykemiya (Leykoz) xəstəliyini üzə çıxarır. Bir çox ədəbiyyatlarda xəstəliyin bir anda yaranması qeyd edilsə də, əslində belə deyil. Bir 20-30 il əvvələ nəzər salsaq, həkimlər bildirirdi ki, hansı ailədə, nəsildə bu xəstəlik varsa, o nəsildəki gənc ailələrdə bu xəstəliyə meyllilik daha çox olur. Məsələn, öz təcrübəmdən çıxış edərək deyim ki, bir ailədə nənədə beyin şişi, atada mədə xərçəngi xəstəliyi varsa, övladda da leykemiya xəstəliyinə rast gəlmək mümkündür.

 

Ailə modellərində qan qohumluğu olan (əmiuşaqları, bibiuşaqları və s.) şəxslərdə də bu xəstəliyə rast gəlinir. Amma bu, genetik deyil və 100 faiz bir nəslin bütün fərdlərində sözügedən xəstəlik aşkarlanacaq deyə, qəti bir söz demək olmaz.

 

Sadəcə olaraq bu o deməkdir ki, bu fərdlərdə xromosom aparatının dayanıqlılığı zəifdir. İstər xarici, istərsə də daxili amilin təsir gücündən xromosomlar mutasiyaya uğrayaraq dəyişir və onkoloji xəstəliklərə münbit şərait yaranır. Xromosom aparatı güclü olan ailə fərdlərində bu cür xəstəliklərə rast gəlinmir”.

 

Həkim-hematoloq deyib ki, ötən əsrdə Yaponiyanın Xirosima şəhərinə atılan bombalar və Ukraynanın Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ətrafa yayılan radiasiya səbəbindən onkoloji xəstəliklər sürətlə çoxalıb:

 

“Hər iki hadisədən sonra yüz minlərlə insan bu radiasiyaya məruz qaldı, amma onların hər biri onkoloji xəstəliyə, qan xərçənginə tutulmadı. Bu infeksion xəstəlik deyil ki, yoluxuculuq gücü ilə yayılsın. İnsanların genetik xromosom aparatının dayanıqlı və zəif olmasından çox şey asılıdır. Bu, xarici amil kimi qiymətləndirilir.

 

Hər bir insanda onkogen var. Yəni, bütün insanların onkoloji xəstəliyə tutulma riski var. Ancaq bu onkogenə nəzarət edən başqa bir gen var. Həmin genin fəaliyyəti müxtəlif onkogenə bilavasitə nəzarət etməkdir. Daxili amillər səbəbindən bu genin fəaliyyəti pozulur və bu zaman aralığında onkogen inkişaf edərək xəstəliyi törədir. Burada stress faktoru ən güclü roldur”.

 

Bəs, bu xəstəlik orqanizmdə gizli irəliləyə və hamiləlik dövründə özünü büruzə verə bilərmi? Həkimin sözlərinə görə, leykoz gizli inkişaf edən xəstəlik deyil:

 

“Bu xəstəlik gizli gedə bilməz. Eləcə də hamiləlik dövründə leykoz aşkarlanırsa, o demək deyil ki, hamiləlik leykozun yaranmasına səbəb olur. Hamiləlik ilə leykoz arasında hər hansı əlaqə tapmaq tibbi cəhətdən mümkün deyil. Leykemiya (leykoz) xəstəliyi yarandıqdan bir müddət sonra simptomları özünü büruzə verməyə başlayır. Həmin o xromosom aparatının zəifliyi nəticəsində kənar amillər səbəbindən yaranan xəstə hüceyrələr ilk növbədə iliyi tutur. Sümük iliyi tutulandan sonra normal qan yaradan hüceyrələrin sayı kəskin formada azalmağa başlayacaq. Məsələn, analiz nəticələrində eritrositlərin sayı azalırsa, bu pasiyentdə tədricən anemiya (qan azlığı) yaranmasına səbəb olacaq. Bu halda hökmən trombositlərin də sayı azalacaq. Bu zaman qanın laxtalanma prosesi pozulur, dəridə göyərmələr, diş dibindən, burundan qanaxmalar, eləcə də sidik və bağırsaq yolları ilə qanaxmalar başlaya bilər.

 

Eyni zamanda orqanizmdə immuniteti qoruyan leykositlərin azalması səbəbindən bu, infeksion xəstəliklərin - ağız yaralarının, yüksək hərarətin, daxili orqanlarda iltihab xəstəliklərinin və sairin də yaranmasına gətirib çıxarır. Bu simptomların üzə çıxması ilə xəstəliyin yaranmasına səbəb olan qan hüceyrələrindəki mutasiya iki-üç ay və ya bir qədər artıq vaxt aparır. Gənc xanımlarda bu proses hamiləlik dövrü ilə üst-üstə düşə bilər. Bu, sadəcə bir təsadüfdür. Hamiləlik bu xəstəliyin nə yaranmasına təkan verir, nə də hər hansı rol oynayır. Təəssüf ki, leykozu daha əvvəl aşkarlayacaq heç bir tibbi metod yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq