"Üst məna daşıyan bu döyüşlərə geopolitik inqilab deyə bilərik"

08:51 09-11-2023 | icon 385 | Siyasət
"Üst məna daşıyan bu döyüşlərə geopolitik inqilab deyə bilərik"

Zahid Oruc: "Millətimizin imkanı ona çatacaq ki, Ermənistanın özünü də Zəngəzur dəhlizinə çevirsin"

 

İşğalçılara qarşı aparılan 44 günlük əks-hücum əməliyyatında qazanılan şanlı 8 Noyabr Zəfərindən 3 il ötür. Otuz il erməni işğalı altında qalan Azərbaycan torpaqları, nəhayət, son 3 il ərzində aparılan diplomatik mübarizə, eyni zamanda, erməni təxribatlarını susduran lokal hərbi tədbirlərdən sonra 2023-cü il oktyabr ayından tamamilə azaddır.

 

Versus.Az xəbər verir ki, deputat Zahid Oruc müsahibəsində Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qurduğu Zəfər yolu və oradan irəliyə doğru atılan addımlara diqqət çəkib.

 

- 2020-ci il 8 Noyabr Zəfərinin 3 ili tamam olur. Qarabağda qazandığımız hərbi zəfər bu 3 il ərzində bölgənin siyasi həyatında hansı reallıqları yaratdı?

 

– Qarabağ münaqişəsi 90-cı illərdə başlayanda yalnız lokal, etnik-milli xarakter daşımırdı, qlobal savaşın müəyyən bir tektonik hadisəsi idi. Sonrakı “silkələnmələr” digər coğrafiyalar üzərində yayıldı və bəlli oldu ki, o, mühüm düyün nöqtəsidir. Həmin vaxt proseslər parçalanma, dağılma üzərində getdi. İndi isə Azərbaycan müharibəni apararkən yalnız torpaqlarımızın azadlığı uğrunda deyil, həm də ötən illər ərzində regionda Sovetlərin dağılması və ondan sonra formalaşmış münasibətlər sisteminin yenilənməsi və Azərbaycanın arzu etdiyi geopolitik arxitekturanın qurulması uğrunda savaşdı. Ona görə də biz açıq deyə bilərik ki, Minsk qrupu formatı bölgədə hər hansı münaqişənin həllinə görə qurulmuş vasitəçilik missiyaları deyildi. Həmin qurum daha artıq dərəcədə daha böyük əraziləri üç dövlət arasında nüfuz zolağı üzrə bölmək demək idi. Azərbaycan Minsk qrupunu və onun timsalında bölgədə işğalın durdurulmasında maraqlı olan qüvvələri də yenməyi bacardı. Ona görə də Vətən Müharibəsi adlandırdığımız, əslində, ondan da üst məna daşıyan bu döyüşlərə geopolitik inqilab deyə bilərik. Bu, həqiqətən daha geniş arealda mühüm nəticələr doğurdu. Həmin savaşın hərbi texnoloji komponentindən tutmuş, həyata keçirilməsi müddəti, üsulu, vasitələri,  zaman seçimi, əhali ilə davranışlar, digər beynəlxalq güclərin neytrallaşdırılması fonunda Xankəndiyə qədər getmək və sonra dayanmağı bacarmaq, prosesləri 3 ildə mühüm bir dinamikada aparmaq və ondan əvvəl əldə olunmuş sənədi, demək olar ki, sona çatdırmağı bacarmaq qlobal güc sayılan hər hansı bir dövlətin edə biləcəyi bir işdir və bunu Azərbaycan həyata keçirdi. Belə olan şəraitdə ərazisi işğal altına düşən, doğrudan da ədalətsizliyə uğrayan hər hansı islam ölkəsi, yaxud xristian ölkəsi bundan faydalana bilər. Gürcüstan, Moldova, Yaxın Şərq və digər daim konfliktlər olan ərazilərdə hansı dövlət rəhbəri Prezident İlham Əliyev kimi davrana bilər? Bu məqamda suala 100 faizli cavab vermək mümkün deyil.

Azərbaycanın 200 illik tarixində nəinki itirdiyi torpaqların geri qaytarılması hadisəsi olmayıb, eləcə də imperiyalar arasında həmişə sıxılıb və əzilib. Həmişə formasiyalar dəyişəndə biz itirmişik. Əhalimiz, bütövlükdə milətimiz dəfələrlə küllü miqdarda soyğunçuluğa, iqtisadi və sosial imkanlarının itirilməsinə qədər hadisələr yaşayıb. 

Azərbaycanlılar regional miqyasda ermənilərdən varlıdır. Sabah kommunikasiyalar açılsa, iqtisadi, enerji, loqistik layihələri həyata keçirmək bacarığımız və Ermənistan bütün öhtəlikləri yerinə yetirəcəyi təqdirdə və neft-qaz xətlərinin Zəngəzurdan keçə biləcəyi ehtimalları da doğrulsa, millətimizin imkanı ona çatacaq ki, Ermənistanın özünü də Zəngəzur dəhlizinə çevirsin. Çünki lokal bir ərazidir, Zəngəzur yolu ilə Bakı-Tiflis-Qarsla müqayisədə 220 km. yollar qısalır və bu, böyük yük daşımalar, hətta Çindən başlayan “bir kəmər bir yol” çərçivəsində çox böyük zaman, məkan baxımından uduş deməkdir. Beləliklə, Azərbaycanın qazandığı qələbənin həm regional, həm beynəlxalq siyasi nəticələri var və bu gün biz görürük ki, ayrı-ayrı ərazilərdə bizim hərbi taktikanın modelini tətbiq edirlər. Amma məramları bizdən fərqlidir. Bu artıq eyni hadisə sayılmamalıdır.

 

– Qələbəmiz Azərbaycan dövlətinə geosiyasi müstəvidə nə verdi?

 

– Gücləndik. Şübhəsiz ki, bu gün sözümüz dünyada daha mötəbər səslənir. Azərbaycana hörmət və ehtiram artdı, eyni zamanda bizə qarşı müqavimət cəbhəsi daha güclü şəkildə meydana çıxdı. Uzun 10 illər ərzində işğalı qoruyub saxlayan, amma nisbətən arxa planda dayanan Ermənistanı alətə çevirən qüvvələr indi özləri səhnənin önündədirlər. Düşünürəm ki, 2020-ci ilə qədər Azərbaycan müxtəlif beynəlxalq baryerlər, təxribatlar, müqavimət yaşayıb. Amma ölkəmizə qarşı əsl təzyiqləri, diplomatik, siyasi piyar texnologiyaları, qara kompramat hücumları biz son 3 ildə görürük və bu, bir sıra dövlətlərin ifasında dərinləşəcək. Biz nəzərə almalıyıq ki, bu dönəmdə Azərbaycanın dövlət olaraq beynəlxalq mötəbərliliyi, sözünün gücünün artmasına rəğmən, əlavə əks təsirləri də qazanıb.

 

– Bu müharibə və zəfərimiz bizə dost və düsmənlərimizi də tanıtdı. Sizcə, bu gün Azərbaycanın dostları və düsmənləri kimlərdir, hansı dövlətlərdir?

 

– Düşünürəm, biz bununla bağlı hərbi doktrinamızı, təhlükəsizlik konsepsiyamızı gələcəkdə yeniləyəcəyik. Bir tərəfdən, yeni milli, siyasi kimlik qazanmışıq, o cümlədən ənənəvi Azərbaycana müttəfiqlik, dostluq edən dövlətlərin bəziləri neytral mövqeyə keçiblər və ya əksinə. Qələbədən sonra bölgə müəyyən bir sabitliyə daxil olub artıq inkişaf xəttinə transfer edə bilər. Buna görə də bizimlə daha yaxın olmağa çalışanlar var. Bölgəmiz həqiqətən də stratejidir. Üç əsr yalnız Osmanlı, Rusiya, Persiya və digər imperiyalar arasında da qovğalar olub və bölgə daim əzilib. O cümlədən Britaniya və digər qərb dairələrinin regiona fəal şəkildə intervensiyası baş verib. Ona görə də bizim hazırkı vəzifəmiz ondan ibarətdir ki, mühüm strateji sənədlərimizdə yenilənmə apararaq bir sıra əlavə təhlükələri, təhdidləri qeyd edək, ölkəmizə qarşı səlib yürüşü aparan dövlətləri orada vurğulayaq, həmçinin də özümüzün yeni qazandığımız müttəfiqlərin əsasında həyata keçirəcəyimiz əsas istiqamətləri bəyan eliyək. Yəni bizim barış xəttimiz bölgə, region, dünya üçün nəyi vəd eliyir, xarici siyasətimizi hansı xətt üzrə davam etdirəcəyimizi orada qeyd edə bilərik. Həmin dövlətlərin adını çəkmək bir qədər subyektiv görünə bilər. Bəlli dövlətlər var ki, öz parlamentlərini, o cümlədən Qərb platformalarını əleyhimizə çevirirlər. Onların kəşfiyyat, cəsus sistemi Göyçə dağlarına qədər gəlib çıxıb. Və Zəngilana qədər müxtəlif müşahidə məntəqləri adı altında regional prosesləri izləyirlər. Bizim onları daha sərt şəkildə hüquqi sənədlərdə qiymətləndirməyimizin prosesə necə təsir edəcəyinə dövlətin əsəs qüvvələrinin birgə rəyi ilə qərar verilə bilər. Məsələyə yalnız parlamentdən edilən baxış problemi çözməz.

 

– İndi diqqət sulh sazişinin imzalanmasına yönəlib. Cərəyan edən proseslərə nəzər salsaq, necə hesab edirsiniz, sülh üçün yeni müharibəyə ehtiyac varmi?

 

- Xeyr. Müharibə artıq başa çatıb. Qarşıdakı 20 ildə Hindistan, Fransa və digər dövlətlər Ermənistana nə qədər dəstək versələr də, 20 ildə özünə gəlməyəcək. Savaşan millətin özü, onun parçası olan ordudur. Ermənistana minimum 30 milyard dollar vəsait lazımdır ki, o öz ordusunu təzədən formalaşdıra bilsin. Onun əsas sütunlarına böyük zərbə dəyib. Bu üzdən Paşinyan dərk edir və hətta belə bir unikal fikir söyləyib ki, yalnız tanklar, toplar deyil, bizi münasibətlər xilas edə bilər və Türkiyə ilə Azərbaycanın adını çəkib. Bir sıra məsələlərdə ənənəvi müttəfiq saydığı Rusiyadan adını çəkdiyimiz ölkələrə sığınıb. Belə olan şəraitdə sülh savaşını qazanmaq üçün Prezident İlham Əliyev özünün yeni strategiyasını həyata keçirməkdədir. Bu da ondan ibarətdir ki, son 15 gündə Paşinyan sülh şərtləri, onların reallaşdırılması marağını 19 sentyabra qədər olan dövrdən daha çox qabardır. O, başa düşür ki, Avropa Birliyi artıq deyir ki, sən zamanı Azərbaycanın əleyhinə çevirməyə saxladın, amma İlham Əliyev çevik addımlarla bütün proseslərə nəzarət edir, ardınca da 20 sentyabrda prosesi uğurla başa çatırır. Bu proseslər təkcə hərbi deyil, hərbi siyasi, hərbi diplomatik, infrastruktur, hərbi iqtisadi, hərbi təhdid və digər məsələlər üzərində baş verdi. Bizim üçün qarşıdakı dövrdə ən mühüm məsələ bölgəni sülhə doğru açmaqdır ki, Ermənistanın 90 ildə yaşadığı tələyə düşməyək. Onlar Qarabağı əldə etdilər, amma bölgəni hətta öz qüvvələri üçün qapatdılar. Biz isə bölgəni, Qarabağı açmaq, Zəngəzur yolu və bütün komunikasiyaların işləməsinə şərait yaratmaqla bölgəni tamlığına qovuşduracağıq.

Hazırda Fransa, ABŞ, İran Rusiya və digər başqa dövlətlərin Zəngəzur yolu üzərində ciddi çalışmaları var. Onlar bu prosesə strateji mənada bölgədə yerləşməyin, digər dairələrə qarşı gücünü qorumağın əsası kimi baxırlar. Hərbi cəhətdən bölgəyə gələ bilərlərmi, artıq bir neçəsinin belə bir gücü yoxdur. Məsələn, Fransa Zəngəzura hərbi qüvvəsini gətirib çıxara bilməyəcək. Gürcüstanda dayaqları böyük olsa da Birləşmiş Ştatlar da həmçinin. Ona görə də burada İran, Rusiya, Azərbaycan, Türkiyə fəal iştirak edə bilər. “Atatürk 2023” birgə hərbi təlimləri, o cümlədən Naxçıvanda keçirlən təlimlər məhz o yolların açılması üçün hazırlıq tədbirləri kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycan dövlətinin yüksək rəsmiləri bəyan etdilər ki, ölkəmizin Zəngəzur yolunda hərbi məqsədləri yoxdur. Daha yüksək səviyyədə yenə də bildirildi ki, Zəngəzur dəhlizi əvvəlki kimi Ermənistanın buna qarşılıq vermədiyi səbəbindən Azərbaycan üçün əhəmiyyətini itirib və təbii olaraq onun alternativləri işə salınıb.

 

– Ermənistan siyasi hakimiyyəti öz etibarsızlığını dəfələrlə ortaya qoyub. Ermənistanla sülh sazişinin imzalanması ilə Cənubi Qafqazda sabit əməkdaşlığın, inteqrasiyanın əldə olunması nə dərəcədə realdır?

 

– Sülh müqaviləsinin imzalanması öz-özlüyündə üzərində müəyyən bir dinamika, fəaliyyətlər, yeni birgə çalışma istiqamətləri yaradacaq. Biz onu bölgə tarixində ilk hadisə sayacağıq. Baxmayaraq ki, moderatorluq uğrunda gedən savaş, az qala, sanki silahla aparılır. Orada Avropa Birliyi, ABŞ, Rusiya platforması və Türkiyə də var. Avropanın o siyasi qurumunun çətiri altında həmin görüşləri Praqada keçirməyə cəhd etdilər. Avropadan, Qərbdən Ermənisana 2.6 milyard vəd olundu. Azərbaycana da bonus kimi vəsaitlər elan etdilər, amma məsələ istədiyimiz kimi sona çatmadı. Hesab edirəm, sülh müqaviləsinin imzalanması mütləq gerçəkləşəcək, Ermənistan yaxşı başa düşür ki, Qarabağı itirb, bundan sonra da Ermənistanın özünü itirməsi kimi vəziyyət yarana bilər. Söhbət Azərbaycanın hansısa ərazini işğalından getmir. Belə olan şəraitdə bizim əsas xətt ondan ibarət olmalıdır ki, xalqları nifrət nitqindən, nifrət təfəkküründən, ona bağlı təhsil, mədəniyyətin təsirindən çıxaraq.

Sülh müqaviləsi imzalanacağı təqdirdə proseslər daha fərqli gedə bilər. Onun çətiri altında 5-6 istiqamətdə xalqların dialoqa hazırlanması baş verə bilər. Ölkə rəhbəri məhz bunları nəzərə alaraq Xankəndidə uca bayrağımızı qaldırarkən dediyi fikirlər birgə yaşayış dövrünə istinad demək idi. Hətta ölkə rəhbəri çağırış etdi ki, yaşlı nəsil bunu gənclərə çatdırsın, öz xatirələrini bölüşsün. Bu, əslində gələcək sülh quruculuğunun, birgə yaşayışın bərqərar edilməsi üçün olan ən yüksək səviyyəli baxışlarıdır. Azərbaycan lideri bu gün həm də regionun Yaxın Şərq üçün humanitar fəlakətə çevriləməməsi üçün addımlar atır.

 

– İranın, Fransanın, Avropanın, Rusiyanın və ABS-ın sülh müqaviləsi, regionda sülhlə bağlı movqelerini ayrı-arılıqda necə dəyərləndirərdiniz?

 

– Onların hər birinin sülhə münasibəti fərqlidir. Əslində, o geopolitik layihəni irəli sürən İlham Əliyevdir. Bu o deməkdir ki, əslində, Prezident çağırış etdi. O dedi ki, uzaq paytaxtlarda olan dövlətlər, əlinizi Qafqazdan çəkin. Baxın, 100 il bundan əvvəl Nərimanovun Ermənistan və Gürcüstanda müəyyən qədər hörmət, ehtiram qazanmasına rəğmən, ondan sonra heç kəs bu dərəcədə bölgə və dünya miqyasında, o cümlədən qitə səviyyəsində güclü nüfuz, xarizma, inamla bütün xalqların gələcəyini təmin edə bilər duyğusunu yaratmayıb. O, İlham Əliyevin timsalında birləşib. Bütün Qafqazın xilasedicisi kimi çıxış edir. Rusiya-Ukrayna savaşında da ən mötəbər və bütün tərəfləri özünə gətirmək istəyən real məram sahibi kimi İlham Əliyev çıxış edə bilər. Biz çalışmalıyıq ki, sülhün gücü olsun. Əmin-amanlığın, birgəyaşayışın, diltapmanın, anlaşmanın, ticarətin, mübadilənin yolu açılsın. Buna hədsiz ehtiyac var. Əbədi bir-birini qırmaq, bütün kitabları yalnız düşmənçilik üçün yazmaq olmaz. Həyatımızın 30 ilini, uşaqlığımızı, gəncliyimizi əlimizdən alıblar. Ermənilərin bizə vurduğu ən böyük zərbələr həm də bu istiqamətdə olub. İmkan versinlər, bundan sonrakı nəsil öz ömrünü yaşasın. İmkan versinlər, bu ölkə gerçəkdən çiçəklənsin. Siz bilin ki, Qafqazlara müharibə perspektivindən deyil, sülh perspektivindən baxdığımızda 100 milyardlarla dollar vəsait xarici investisiya kimi gələ bilər, o cümlədən region özünün resurslarını ayağa qaldırıb inkişaf etdirdiyində bu xalqların hamısı yaxşı yaşayar. Azərbaycan xalqı da savaş aparıb qalib gəlib, böyük bir yol keçib. Biz artıq zəfər əldə etmişik, zəfər ölkəsiyik, zəfər xalqıyıq, zəfər çörəyi yeməliyik, zəfər süfrəsi açmalıyıq.

Biz sizinlə Zəfər ayının birinci günündəyik. Bu böyük bayrama hazırlaşırkən biz regional və beynəlxalq məramımızı açıq ifadə edirik.

 

– Maraqlı dövlətlər, bəzi beynəlxalq təşkilatlar  Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyini “müharibə iddiası”  kimi təqdim etməyə çalışır. Az qala, hansısa dövlətlər məsələ ilə bağlı ehtiyat tədbirləri də görür. Bunun arxasında hansı planlar var? Bu müstəvidə müşahidə olan ideoloji təxribatlar nəyə yönəlikdir?

 

– Bu, Qələbəmizə qarşı olan hücumların tərkib hissəsidir. Düşünürəm, bunda da bir neçə istiqamətli savaş elementləri var. Bir tərəfdən, İkinci Qarabağ müharibəsinin əsas qalibi olan ölkə rəhbəri tərəfindən "mənim dövrümdəki nəsil" xitabına, bu və ya digər formada növbəti dövr varislik ənənələrinə zərbə vurmaq üçün işlənib hazırlanıb. İkinci tərəfdən, Azərbaycanın məhz ayrı-ayrı dairələrin tərəfindən ləkələmək, onu beynəlxalq tribunallara çəkməkdir. Üçüncüsü, onun resurslarına əl qoymaq, xarici məkanda onu diskriminasiya etməkdir. Dördüncüsü, bu və ya digər embarqo və sanksiyalara məruz qoymaq üşün niyyətlərdir. Beşinci, ATƏT və Avropa Parlamenti birliyində qərarlardan sonra onu BMT-yə daşımaq, orda yekun qətnamələrdən sonra NATO-nun süngüsü altında bölgəyə hansı hərbi qüvvələri yeritmək və sairdir. Bu, internosional savaşın tərkib hissəsidir. Görürük ki, 50-60 dövlətin Rusiya ilə savaşı gedir. Yaxın Şərqdə də hətta sivilizasiyalararası toqquşmalar var. Bir neçə dinin, bir neçə mədəniyyətin, bir neçə tarixin üzərində biz onu görürük. O cümlədən Azərbaycanın Zəngəzura hərbi vasitələrlə hücum etməsi və o yolu açması və başqa gördüklərinin də iştirakı bizim üç il əvvəl, elə həmin dövrdə həyta keçirdiyimiz müqəddəs sayılan və haqlı olduğumuz bütün hüquq tələbləri ilə uzlaşan, o cümlədən dünya üçün yeni müharibə modeli, həm də ləyaqətli humanitar miqyasda aparılmış və indiki Yaxın Şərqdəki şiddətin müqayisəsində daha geniş görünür.

 

Belə olan şəritdə bizim az sayda gənclərin şüuruna, psixilogiyasına hələ tam oturuşmamış siyasi baxışlarına təsir edib onları bu və ya digər formada dövlətdən küskün etmək niyyətləridir. Mütləq əksər gəncliyimiz Azərbaycan dövlətinin yanındadır, öz tarixi torpaqlarına ehtiramla yanaşırlar, onların genetik yaddaşı, qan yaddaşı oyanıqdır. Biz bunu bir Parlament üzvü kimi insanlarımızla görüşəndə hiss edirik. Qarşıdakı dövrdə də bizim Qərbi Azərbaycanda maddi-mənəvi irsimiz tarixi yaddaşımızın qorunmasına xidmət edir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq