Keçmiş ərin DƏHŞƏTLİ CİNAYƏTİ

09:12 28-11-2023 | icon 455 | Hadisə
Keçmiş ərin DƏHŞƏTLİ CİNAYƏTİ

Barışmağa getdi, 14 bıçaq vurub öldürdü

 

2022-ci il dekabrın 7-də Bakının Xətai rayonu M.Hadi küçəsindəki 73 nömrəli binanın qarşısında qətl hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Burada 1983-cü il təvəllüdlü Raminə Qəribovanın meyiti tapılıb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 

Hadisəni törədən İlqar Qəribov 1976-cı ildə Naxçıvan şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.

 

 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

 

İstintaqla müəyyən edilib ki, dekabrın 7-i saat 18-də İlqar Qəribov işdən çıxan keçmiş arvadı Raminə Qəribovanın hara getməsini bilmək üçün onu izləyib. Qadın rəfiqəsi Samirə Məmmədovanın yaşadığı mənzilə qalxıb və ondan götürdüyü paltarları qaytarıb. Avtobus dayanacağına gedərkən, İlqar Qəribov onu qolundan tutub saxlayıb və haradan gəldiyini soruşub. Raminə Qəribova dərzidən gəldiyini söyləsə də, onun başqa şəxslə münasibət qurub görüşməsindən şübhələnib. Qısqanclıq zəminində cib bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq, keçmiş arvadını xüsusi amansızlıqla öldürüb.


 
İş üzrə dindirilmiş İlqar Qəribov bildirib ki, 2022-ci il fevralın 23-də Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə arvadı Raminə Qəribova ilə boşanıb. İki uşağa görə 350 manat məbləğində alimentin ondan tutularaq, yoldaşına ödənilməsi haqda qərar qəbul edilib:

 

 

“Keçmiş həyat yoldaşım metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən gözəllik salonunda işləyirdi. Günlərin birində Raminə zəng edərək evə gec gələcəyini və qızımızın evdə tək olduğunu dedi. Mən də arvadıma uzun müddətdir ki, evə gec gəldiyini bildirdim və bundan əsəbiləşərək, evdən çıxdım. Səhərisi gün baldızım mənə zəng edərək “bir daha bacıma yaxınlaşsan, səndən şikayət edəcəm”, - dedi. Bir müddət Naxçvanda qaldıqdan sonra Bakıya qayıtdım. Dekabrın 7-də arvadımla barışmaq üçün onun iş yerinə getdim. Raminə salondan iş yoldaşları ilə birlikdə çıxdığından ona yaxınlaşa bilmədim. Bir az getdikdən sonra Raminənin yanında olan iki xanımdan biri ayrıldı. Onlar avtobus dayanacağına tərəf yox, əksinə “Ukrayna” dairəsi adlanan əraziyə doğru getdilər. Arvadımı və yanındakı xanımı izlədim. Bir az da irəli getdikdən sonra qadınlar yenitikiliyə daxil oldular. Həmin tikilinin həyətində gözlədim. Binanın həyətində təxminən 40 dəqiqə gözlədikdən sonra Raminəgil çölə çıxdılar. Yaxınlaşıb haradan gəldiyini soruşanda Raminə dərzi sexindən gəldiyini dedi. Raminəyə hər dəfə getdiyi dərzi sexini göstərərək, nə üçün başqa dərziyə getdiyini soruşdum və cibimdən çıxardığım bıçaqla ona xəsarətlər yetirdim. Özümdə olmadığımdan neçə dəfə zərbə endirdiyimi, eləcə də həmin zərbələrdən qadının ölüb-ölmədiyini bilmədim”.

 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Məmmədova ifadəsində göstərib ki, İlqar Qəribov bacısı Raminənin keçmiş əri olmaqla yanaşı, həmçinin onun bibisi oğludur:

 

“Bacım nişanlananda 15 yaşı vardı. Toylarından əvvəl artıq münasibətlərində problemlər yaranmışdı. Nişanı qaytarsaq da, İlqar israrla Raminə ilə barışmaq istədiyini bildirdi. Hadisə qısqanclıq zəminində baş verməyib. İlqar özünü haqlı çıxarmaq üçün cinayəti qısqanclıq zəminində törətdiyini bildirir. Boşanandan sonra Raminə övladları ilə birlikdə kirayə evdə qalırdı. Ayrı yaşamaqlarına baxmayaraq, İlqar keçmiş arvadını güdürdü. Mütəmadi hal-əhval tutmaq bəhanəsi ilə zəng etsə də, Raminə ona cavab vermirdi. İlqar kirayədə qaldığı evə gələrək, onunla barışmaq istədiyini bildirsə də, bacım razılaşmayıb. Raminə hərbi xidmətdə olan oğlu ilə telefonla danışarkən qətlə yetirilib”.


 
Şahid Samirə Məmmədova bildirib ki, noyabr ayında rəfiqəsi Raminə qohumlarının toyuna getmək üçün ondan paltar istəyib:

 

“Mən də Raminəyə 3-4 dəst paltar verdim. Ayın 7-i saat 18:15-də rəfiqəm iş yoldaşı ilə birlikdə yaşadığım ünvana gələrək, əşyalarımı qaytardı. Təxminən 10 dəqiqə dəhlizdə söhbət edəndən sonra Raminə ilə Əfsanə çıxıb getdilər. Daha 10 dəqiqədən sonra həyətdən qışqırıq səsləri eşitdim. Eyvana çıxanda Əfsanə qışqıraraq, mənə dedi ki, keçmiş əri Raminəni bıçaqladı. Dərhal mənzildən çıxaraq, hadisə yerinə getdim və rəfiqəmin öldüyünü gördüm”.

 

 

Şahid Əfsanə Osmanova bildirib ki, 2016-ci ildən M.Hadi küçəsi, 73 ünvanında yerləşən gözəllik salonunda dırnaq ustası işləyir:

 

“Saç-makiyaj ustası işləyən Raminə Qəribova ilə səmimi münasibətim yaranmışdı. Raminə ümumiyyətlə çox tərbiyəli və qabiliyyətli xanım idi. 2021-ci ilin ortalarından onun əri ilə ailədaxili problemləri başlayıb və nəticədə onlar boşanıblar. 2022-ci il dekabrın 7-də toya geyinmək üçün götürdüyü paltarları Samirə Məmmədovaya qaytarandan sonra mənzildən çıxdıq. Aşağı düşəndə Raminəyə hərbi xidmətdə olan oğlu zəng etdi. İş yoldaşım yol boyu övladı ilə danışırdı.

 

Təxminən 150 metr getdikdən sonra Raminənin keçmiş əri İlqar, arxadan yaxınlaşaraq, qolundan tutdu və haradan gəldiyini soruşdu. Raminə də ona paltarları dərziyə verdiyini söylədikdə, İlqar əsəbi şəkildə “dərzi buradadı, sən isə o tərəfdən gəlirsən”, - dedi. Bundan sonra İlqar sağ əlindəki bıçaqla Raminəyə zərbələr endirməyə başladı. Həmin vaxt ətrafda heç kim yox idi deyə, qışqırıq səsinə gələn olmadı. Zərbələrin təsirindən Raminə yerə yıxıldı. Dərhal gözəllik salonuna tərəf qaçaraq, iş yoldaşlarımı köməyə çağırdım. Keçirdiyim şokdan 15-20 dəqiqə salonda qaldım, sonra yenidən hadisə yerinə qayıtdım”.

 

 

Məhkəmə iclasında İlqar Qəribov əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza verilməsini istəyib. 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib. 

 

Məhkəmə bu nəticəyə gəlib ki, İlqar Qəribovun əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur. Qəribov cinayətin törədilməsində təqsirlidir.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Qəribov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq