Naxçıvanda çillə mərasimləri

18:50 20-12-2023 | icon 340 | Cəmiyyət
Naxçıvanda çillə mərasimləri

Adətlər və atributlar necədir?

 

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə qış fəsli xalqın təqviminə əsasən, dövrlərə - çillələrə bölünür. Çillə əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Qış fəsli xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölünüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. Çillə gecəsi ilin 365 gününün ən uzunu və qışın başlanğıc gecəsidir.

 

Mövzu ilə bağlı AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərov “Report”un yerli bürosuna danışıb.

 

O bildirib ki, böyük çillə dekabr ayının 20-də daxil olur. Hava əvvəldən düşünülən kimi elə də soyuq keçmir: "Çillənin daxil olması ayın 20-də axşama təsadüf edir. İnsanlar çilləni xoş qarşılamaq üçün müxtəlif ayin və rituallar həyata keçirirlər. Evlərdə qovurğa qovrulur, süfrələr müxtəlif nemətlərlə bəzədilir. Növbənöv şirniyyatlarla bəzənmiş süfrələrdə qarpızın olması artıq mütləq məqama çevrilib. Qeyd edək ki, bu şirniyyatları evlərdə qadınlar özləri hazırlayırlar. Çillə gecəsində hər evdə çillə qarpızının kəsilməsi Naxçıvan Muxtar Respublikanın ənənəvi mərasimlərindəndir. Çillə qarpızının sakral, yəni müqəddəs tərəflərindən biri də odur ki, bu qarpızı ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və ya oğlan evlərinə də çillə qarpızı xonçalarda aparılır. Çillə qarpızının aparıldığı nişanlı qız evində qarpızın yarısı kəsilərək yenidən oğlan evinə göndərilər. Yeni ailə quran gəlinlərin evinə valideynləri tərəfindən də çillə qarpızının olduğu xonça aparılır. Bu adət əsasən Naxçıvanda müşahidə olunur. Çillə qarpızının mövsümdən sözügedən günədək saxlanmasının da özünəməxsus texnologiyası var. Belə ki, onu samanın içərisində sərin yerdə saxlayarlar. Üstünün cızılmamasına, çatlamamasına nəzarət edərlər. Zamanında - 20 dekabr axşamında qarpızın süfrədə olması ev əhlini sevindirər. Çillə qarpızının yer aldığı xonçada onun ətrafına mövsümi meyvələrdən də düzülər. Bəzi regionlarda narın da süfrədə olması məqsədəuyğun hesab edilir.

 

Çillə qarpızının aparıldığı nişanlı qız evində şənlik, coşqu başlayar. Bir xalq bayatısında deyildiyi kimi:

 

Bu qarpız, çillə qarpız,
Düşübdür dilə qarpız.
Düzülüb xonçalara,
Gedir yargilə qarpız".

 

Filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova vurğulayıb ki, çillə gecəsinin məşhur atributu olaraq məhz qarpız kəsilməsinin də sakral tərəfləri mövcuddur. Bu sakrallıq qarpızın üstünün və içinin rənglərində təcəssüm edir. Qara qışdan, onun vuracağı ziyandan ehtiyat edən qədim insan önləyici tədbirlər məqsədilə keçirdiyi ayinlərdə müxtəlif atributlardan, simvolik əşya və meyvələrdən də istifadə edib. Qarpızın yaşıl və qırmızı rənglərin məcmusundan ibarət olması onun bu mərasim üçün uyğun olduğunu şərtləndirib və qədim insan da bu rənglərlə Tanrıdan canlı təbiət, istilik, od arzu edib. Məlum olduğu qədər, Günəşin Yerdəki simvolu olan od, ocağın da atributu qırmızı rəngdir. Qırmızı rəngin həm də şər qüvvələrdən, bəd ruhlardan qoruma funksiyası mövcuddur.

 

Aytən Cəfərova bildirib ki, çillə mərasimini lap qədimdən Qərbi Azərbaycanın mahal və ellərinin əhalisi də coşqu ilə qeyd edib. Bu gün də Azərbaycanın müxtəlif məkanlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında məskunlaşmış qərbi azərbaycanlılar çillənin gəlişini böyük şövqlə qeyd etməkdədirlər. Qovut, əyirdək, qaysava, xəşil kimi mətbəx örnəkləri Qərbi Azərbaycan əhalisinin çillə süfrəsinin bəzəyidir. Təbiidir ki, çillə qarpızının süfrənin şahı mövqeyində olması burada da müşahidə olunur. Günün özəlliyini ifadə edən ayin və rituallar içərisində qovutla bağlı icra olunan mərasim günümüzdə də icra olunur. Belə ki, gənc qız və oğlanlar evdə hazırlanmış qovutdan bir hissə götürüb evin damına qoyarlar. İnanılır ki, həmin qovutu qarğa götürüb aparacaq və hansısa evin damına salacaq. O zaman niyyət sahibinin qisməti həmin evdədir. Bu ayin məhz çillə gecəsində icra olunur. Belə mərasimlərin icrası Qərbi Azərbaycan əhalisinin qədim və köklü dünyagörüşə malik olduğunu bir daha təsdiq edir.

 

“Biz inanırıq ki, növbəti çillə mərasimlərimizi Qərbi Azərbaycanın mahal və ellərində qeyd edəcəyik. Çilləniz mübarək, əziz xalqımız!” - deyə filologiya üzrə fəlsəfə doktoru əlavə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR