"Qalmaz yada, qalmaz Laçın!"

12:00 10-01-2024 | icon 466 | Cəmiyyət
"Qalmaz yada, qalmaz Laçın!"

Laçınsız dünyasını dəyişən dostlarımın əziz xatirəsinə...

 

“Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”.

 

Ümummilli Lider Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycanın dağlar gözəli olan Laçın və laçınlıları daha yüksək səviyyədə səciyyələndirir. Doğrudan da ölkəmizin ən dəyərli guşələrindən biri olan Laçın gözəl təbiətli, mərd, etibarlı, məğrur və qonaqpərvər insanlar diyarı idi.

 

Bu məqalədə Laçının yetişdirməsi, nurlu ziyalı və gözəl bir insan olan Rəfael Sətdar oğlu Məhərrəmov haqqında söhbət açacağıq.

 

Öz uşaqlıq aləminə baş vurmaq, xatirələri yada salmaq qəlbən təmizlənmək və xöşbəxtlikdir. 1964-65 illərdə Laçın şəhər orta məktəbinin son siniflərində oxuyarkən həyat məktəbində bizi hansı çətin və mürəkkəb dərslərin gözləyəcəyinin fərqinə varmadan orta məktəbi tezliklə bitirib, dərslərdən qurtulmağı düşünürdük. Bizim dövrümüzdə gənclər üçün başqa meyarlar, mənəvi dəyərlər var idi. Əfsanəvi partizan Mehdi Hüseynzadə, general Həzi Aslanov, xalq qəhrəmanı Babək, ilk kosmonavt Yuri Qaqarin, kəşfiyatçı-çekist Abel və başqa qəhrəmanlar bizim üçün örnək idilər. Hətda bizdən yuxarı sinifdə oxuyan uşaqlardan elələri var idi ki, onlar da bizim gözümüzdə qəhrəman kimi görünürdülər. Bizdən iki sinif irəlidə oxuyan uşaqlar məktəbimizin tarixində xüsusi bir iz qoymuşdular. Onlar yaxşı oxumaqla, ictimai işlərdə fəal iştirak etməklə bərabər çox yüksək səviyyədə təşkilatlanmışdılar. Bununla yanaşı olduqca nadinc, davakar idilər. Məktəbdə yaramaz hərəkət edən uşaqlara qarşı, hətda həddi aşan müəllimlərə qarşı da cəza verməkdən çəkinmirdilər. Ancaq haqsız yerə heç kəsi cəzalandırmırdılar. Qızlara sataşan, özlərindən kiçik, zəif uşaqları döyüb, incidən, ədəb-ərkan qaydalarını gözləməyənlər haqqında təsirli tədbirlər görürdülər. Bir dəfə məktəbimizin cavan idman müəllimini gözünün altı qaralmış gördük, onu hansısa günahına görə cəzalandırmışdılar. Onlar sinifdə yarıgizli təşkilat yaratmış, təşkilata özlərindən sədr, prokuror, məhkəmə sədri və icraçı yasovullar seçmişdilər. Həmin təşkilat “RCD” adlanırdı, mənası - “Rütbəli Cənablar Dövləti” idi. Təşkilat bir məsələ haqqında qərar qəbul edir, sənəd tərtib olunaraq kartofdan düzəldilmiş möhürlə təsdiqlənir və yasovullar tərəfindən icra edilirdi.


“RCD”-nin yaradılmasının təşəbbüskarı və sədri Rəfael Məhərrəmov, fəal üzvləri Yusif Vəliyev, Akif Məhərrəmov, Elbrus Xıdırov, Eldar Məhərrəmov, Ərşad İbrahimov, Nadir Səfərəliyev, Ərəstun Kərimov, Yaşar Şamilov, Saday BayramovKamal Qasımov idilər. ALLAH Yusifə, Akifə və Eldara rəhmət etsin!

 

Dəfələrlə onların nizam-intizam məsələləri müzakirə üçün qaldırılsa da, əla və yaxşı qiymətlərlə oxuduqlarına və bəlkə də rayonda olduqca nüfuzlu ailələrin övladları olduqlarına görə cəzalandırılmırdılar.

 

“RCD”-nin dəstəyi ilə rayonda müxtəlif idman oyunları, teatr tamaşaları oynanılırdı, onlar rayon və respublika olimpiadalarında məktəbimizi fəal təmsil edirdilər.

 

 

Dəfələrlə rayon mədəniyyət evində klassiklərin dram əsərlərinin tamaşalarını qoyurdular. Yadımdadır ki, tamaşalar o qədər baxımlı keçirdi ki, yer olmadığı üçün insanların çoxu həyətdə dayanıb pəncərələrdən tamaşanı seyr edirdilər. Tamaşaların hazırlanması və qoyulmasında onlara həmyerlimiz, heç bir ixtisas təhsili olmayan, o vaxtlar adicə ayaqqabı təmiri ustası işləyən, olduqca qeyri-adi istedadlı Fazil Abışov yaxından kömək edirdi. O, peşəkar bir rejissor kimi teatr tamaşalarına yüksək səviyyədə quruluş verirdi.

 

“RCD” üzvləri hamısı bir nəfər kimi orta məktəbi bitirən il ali məktəblərə qəbul oldular.


Rəfael 1968 ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək rayona qayıtdı. Bəlkə də “RCD” yaratmaqdan qaynaqlanan təşkilatçılıq qabiliyyəti qısa müddətdə rayonun ictimai həyatında fəal iştirak etməyə və mühüm mövqe tutmağa ona kömək etmiş oldu. İlk əvvəl Rəfael rayonda yenicə açılan peşə texniki məktəbində direktor müavini kimi işə başladı. Məktəbin direktoru olduqca nüfuzlu, mərd, cəsur, həm də yüksək səviyyədə savadlı bir el ağsaqqalı – Əliş Tanrıverdiyev idi. Onunla birlikdə çalışmaq Rəfaelin gələcək karyerasında böyük, həm də həlledici rol oynadı. Onlar qısa müddətdə Bərdə peşə texniki məktəbinin filialını maddi-texniki imkanları daha böyük müstəqil bir məktəbə çevirdilər. Laçında mühasib, mexanizator, sürücü və s. ixtisaslı mütəxəsislər hazırlandı, onlarla müəllim bu məktəbdə özlərinə iş yerləri tapdılar.

 

 

1970 ci ildə Rəfael müəllim rayon avtobazasına istismar rəisi vəzifəsinə keçdi. Onun işgüzarlığı, xüsusən də avtobaza kimi çətin bir təsərrüfatın kollektivi arasında qazandığı böyük nüfuz rayon və respublika nəqliyyat nazirliyi rəhbərlərinin diqqətindən yayınmadı. 1972 ci ildə rayon avtonəqliyyat müəssisəsinin, yəni avtobazanın direktoru kimi çətin və məsul bir vəzifə ona həvalə edildi. Bacarıqlı, işgüzar, təşəbbüskar olmasına baxmayaraq bir çoxları 27 yaşlı gənc birisinin bu vəzifənin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşırdılar. Çünki, o vaxtlar avtobaza müdirləri adətən yaşlı adamlardan təyin edilirdi. O, isə respublikada ən gənc avtobaza direktoru olmasına baxmayaraq bu şübhələrin əsassız olduğunu tezliklə öz işi ilə sübut etdi. Rəfael iri yük tutumlu avtomobillər, taksilər, avtobuslar hesabina avtomobil parkının kəmiyyət və keyfiyət tərkibinin kökündən dəyişdirilməsinə nail oldu. O, işə başlayanda avtobaza üzrə cəmi 5 taksi, 9 avtobus və 21 yük avtomobili var idi. Olduqca az vaxt ərzində taksilərin sayı 30-a, avtobusların sayı 46-ya, yük avtomobillərinin sayı isə 90-a çatdırıldı.

 

Laçının 120-dən çox kəndi olmasına baxmayaraq rayon üzrə cəmi 5 avtobus marşurutu var idi. Rəfael müəllimin təşkilatçılıq səyi nəticəsində bu marşurutların sayı 26-ya çatdırıldı. Kollektivdə tələbkarlıqla yanaşı səmimiyyət, inam, etibar hökm sürürdü. O, sözünün sahibi olan əsl centlmen, gözü-könlü tox bir rəhbər idi, kollektivdə hamı qayğı və diqqət ilə əhatə olunmuşdu. Onun təşəbbüsü ilə avtobaza işçiləri üçün çox mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdi.

 

Yerli və respublika əhəmiyyətli yollarda avtobazanın sürücüləri tərəfindən törədilən qəzaların nəticələri Rəfael müəllimin həmişə diqqətində olurdu, sürücülərin cinayət məsuliyyətinə alınmasının qarşısı hər vasitə ilə alınırdı.

 

Rayonun bütün sənaye, tikinti, ticarət, kolxoz-sovxoz və s. təsərrüfatlarının yüklərinin Yevlax, Xankəndi və Həkəri dəmir yolu stansiyalarından daşınması Laçın avtobazası vasitəsi ilə həyata keçirilirdi. Daxili yükdaşıma, adamların şəxsi tələblərinin ödənilməsi, xüsusən də sərt qışda idarə, müəssisə və məktəblərin qızdırılması üçün odun daşınması problemlərinin həllini də nəzərə alsaq Rəfael müəllimin üzərinə nə qədər ağır məsuliyyət düşdüyünü təsəvvür etmək o qədər də çətin olmaz. Ancaq o, yüksək bacarığı, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti ilə bütün problemləri aradan qaldırmağa nail olurdu.

 

1989 cu ildə rayon rəhbərliyi Rəfael müəllimi geri qalmış bir sahəyə - yerli istehsalat kombinatına direktor vəzifəsinə tövsiyyə etdi. Yeni yaradılmış kombinatın maddi-texniki bazası olduqca zəif idi, cəmi 5-6 tikiş makinası, 18 nəfər də işçisi var idi. Həmişəki kimi qətiyyətlə işə başlayan Rəfael müəllim az vaxt ərzində kombinatın istehsalat sahələrini genişləndirdi, yerli xammal hesabına yuyucu tozlar, mərmər, xüsusi geyimlər istehsal edən sexlər təşkil edildi.

 

Bir az keçmiş ona daha çətin və məsuliyyətli bir sahə - rayon texniki təminat birliyinə rəhbərlik etmək həvalə olundu. O, yuxarı respublika təşkilatları ilə əlaqə qurmağı olduqca yaxşı bacardığından kənd təsərrüfatı kimi çətin və mürəkkəb bir sahənin texniki təchizatını qısa müddətdə yüksək səviyyədə qura bildi.

 

Rəfael müəllim rayon, şəhər partiya, komsomol və sovet orqanlarının üzvü olarkən rayonun ictimai-siyasi həyatında fəal iştarak edirdi. İstərdim ki, öz vəzifəsindən kənar rayon əhəmiyətli problemlərin öhdəsindən gəlmək üçün onun bəzi xidmətlərinə nəzər salaq.

 

1986 cı ildə rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün məsələ qaldırılanda Rəfael müəllim şəxsi əlaqələri nəzərə alınaraq rayona toxumliq cins mal-qara gətirilməsi üçün Rusiyanın Stavropol və Krasnodar vilayətlərinə ezam edildi. Onun sayəsində rayona yüzlərlə toxumluq mal qara gətirildi ki, bu da təsərrüfatlarda mövcud mal qaranın cins tərkibinin yaxşılaşdırılmasına səbəb oldu. Bundan başqa Laçına gələn hörmətli və nüfuzlu qonaqların qarşılanması, rayonun baxımlı yerləri ilə tanış edilməsi və laçınlılara məxsus qonaqpərvərliklə yola salınmasının öhdəsindən Rəfael olduqca yüksək səviyyədə gəlirdi.

 

... Vətənimizin üzərini təhlükə alanda, erməni qəsbkarları öz havadarlarının köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonların dinc əhalisinə qarşı istilaçılıq müharibəsinə başlayanda Rəfael müəllim özü üçün yeni bir yol seçdi.. O, əyninə hərbi mundir geyinərək özünümüdafiə alayı komandirinin texnika üzrə müavini kimi rayonun müdafiəsinə qalxdı. Onun vətənpərvərliklə yoğrulmuş təşkilatçılıq qabiliyyəti burada da özünü göstərdi. Köhnə tanklar və digər zirehli texnikalar təmir edilib döyüş hazırlığı vəziyyətinə gətirildi, Gəncə şəhərindən qrad qurğuları alınıb gətirilməsi təşkil edildi. Yəqin ki, laçınlılar hərbi geyimli, podpolkovnik Rəfael müəllimi bu gün də yaxşı xatırlayırlar.

 

1992-ci il may ayının 19-da yağı düşmən ölkədaxili siyasi çəkişmədən istifadə edərək mühasirədə tək qalmış Laçın özünümüdafiə qüvvələrinin müqavimətini qıraraq yurdumuzu işğal etdi. Erməni qəsbkarları Laçını Qarabağın qara qapısı adlandırırdılar. Onlar arzularına çataraq, Ermənistandan Dağlıq Qarabağa bir başa yol açdılar, müqəddəs torpaqlarımız qoca tarixin nə vaxtsa cəzasını verəcək xəyanət nəticəsində yağı tapdağına məruz qaldı.

 

1993 cü ildə xalqın tələbi ilə yenidən resbublikamıza rəhbərliyə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev torpaqlarımızın azad edilməsinin güclü dövlət yaradılmasından asılı olduğunu isbat etdi və qətiyyətlə iqtisadiyyat güclü, dövlət güclü, ordu güclü prinsipini həyata keçirməyə başladı.

 

Məcburi köçkün edilmiş laçınlılar respublikamızın rayonlarına səpələndilər. Laçınlıları yaşadan ən böyük arzu – doğma torpağa qayıtmaq arzusu Vətənin sabahı naminə Rəfaelin qurub-yaratmaq ruhunu gücləndirdi, onu xalqa, müstəqil dövlətimizə daha əzm və iradə ilə xidmət etməyə səfərbər etdi. O, qısa müddətdə Bərdə şəhərində istehsal yönümlü böyük bir özəl müəssisə təsis edərək 500 nəfərədək həmyerlilərini işlə təmin etdi. O, xeyriyəçilik işlərindən geri qalmır, aztəminatlı və şəhid ailələrinə maddi yardım göstərir, evsizlərin yaşayış yeri ilə təmin olunmasına hər vasitə ilə kömək edirdi. Rəfael müəllim respublika və yerli mətbuatda laçınlıları Milli Orduya səfərbərlikdə daha yaxından iştirak etməyə çağıran və laçınlılardan ibarət alay yaradılması təşəbbüsü ilə müraciət etdi. O, yaradılacaq alayın təşkili üçün pul vəsaiti köçürməyi və döyüşçülərin ailə üzvlərinə maddi yardım göstərməyi öz öhdəsinə götürdü.

 

Rəfael müəllim 1999 cu ildə Azərbaycan Dövlət Avtonəqliyyat Şirkətinin Qarabağ regional müfəttişliyinin rəisi, sonralar isə Bakı şəhəri ticarətin təşkili regional idarəsinin rəisi işləmişdir. 2003 cü ildən isə “Azneft” Dövlət Şirkəti “Qum adası” neft və qaz çıxarma idarəsi avtomobil təsərrüfatı direktorunun müavini vəzifəsində çalışmaqdadır.

 

Rəfael müəllim yüksək qabiliyyətli bir təşkilatçı olmaqla bərabər, həm də həssas qəlbli bir insandır. Onun Vətənə, məcburi köçkünlərin dağıdılmış doğma ocaqlarına həsr edilmiş şerləri vətəndaş bir övladın laçınlı dünyasının, laçınlı günlərinin gövrək və kədərli mənzərələrini əks etdirir. Laçınsoy təxəllüsü ilə yazan şairin rüspublika mətbuatında çap olunmuş “Qalmaz yada, qalmaz Laçın”, “Mənə qaçqın deməyin”, “Turşuyum mənim” və s. şerləri sabaha tam və qətiyyətli çağrışdır.

 

“Qalmaz yada, qalmaz Laçın” şeri düşmənə qalmayacaq, nəyin bahasına olur-olsun azad ediləcək Vətən yurduna həsr edilmiş marş-nəğmədir, ibrətli və faydalı həyata səsləyişdir, bu gün sabah alova çevriləcək qığılcımdır:

 

Sarı Aşıq saralıbdı
Güləbirdi qar alıbdı
Şamkənd sönüb qaralıbdı
Qalmaz yada, qalmaz Laçın!

 

Qara göl qanlı göz yaşım
İşıqlıdağ məğrur başım
Qəm çəkmə bacım-qardaşım
Qalmaz yada, qalmaz Laçın!

 

O, iki bənddən göründüyü kimi bu şerində sərt inamı bayraq edərək yetim qalmış Həkərini, vüqarlı Çalbayırı, min bir dərdin dərmanı olan Turşsuyu, Sarı Aşığın doğma yurdu, saralıb solmuş Güləbirdi, yanıb qaralmış Şamkəndi, qanlı göz yaşına çevrilən Qara gölü düşmən tapdağından azad etməyə çağırır.

 

Rəfael Vətənini, millətini sevən qürurlu, mərd bir azərbaycanlı olmaqla bərabər, sözün əsl mənasında həm də böyük bir DOSTDUR. O, gəncliyindən dost dediyi şəxslərlə bu gün də əlaqəni kəsmir. Kin-küdurət, həsəd, paxıllıq ona yad olan xüsusiyyətlərdir. O, Laçından kənarda və rayonda imkanlı, nüfuzlu adamların olmasına ürəkdən sevinən, imkan daxilində dostlara şərait yaratmağa hər cür kömək göstərən bir insandır.
Yüksək səviyyədə təşkilatçılıq Rəfael müəllimə irsən keçən bir qabiliyyətdir. O, Laçında nüfuzlu bir nəslin – “Məhərrəmuşağı” nəslinin layiqli övladıdır. Bu nəsl alimlər, hərbiçilər, yazıçı-şairlər, dövlət xadimləri yetişdirmişdir. Keçən əsrin əvvəlində Qarabağın ali üləması – axundu, Nəcəfül əşrəfdə ali islam dini təhsili almış Hacı Molla Şükür “Məhərrəmuşağı” tayfasının yetirməsi olmuşdur.

 

Rəfael müəllimin zəngin həyat və əmək fəaliyyəti bir qəzet məqaləsinə sığmaz. Yüksək bacarıqlı təşkilatçı, Vətənini, yurdunu, el-obasını ürəkdən sevən vətənpərvər bir ziyalı, həssas və kovrək qəlbdən sızılıb gələn şerlər müəllifi olan Rəfael müəllim haqqında sanballı bir kitab yazmağı qələm əhli olan dostların öhdəsinə buraxaraq, onun haqqında mənim və Rəfaelin dostları – RCDçilərin fikirlərini mən yazdım –

Qəzənfər Hüseynov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR