Özəl pensiya fondlarının yaradılması hansı yeniliklərə səbəb olacaq?

11:43 12-01-2024 | icon 385 | İqtisadiyyat
Özəl pensiya fondlarının yaradılması hansı yeniliklərə səbəb olacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov yanvarın 10-da qurumun 2023-cü il üzrə hesabat tədbirində Azərbaycanda özəl pensiya fondlarının yaradılacağı barədə məlumat verib.

 

DSMF sədri bununla bağlı normativ sənədlərin tam hazırlandığını və bir ay ərzində layihələrin aidiyyəti qurumlara göndəriləcəyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, fondların yaradılması ilə bağlı ilk müzakirələr 2006-cı ildə başlayıb və hələ də davam edir. İstər MDB, istərsə də bir çox Avropa dövlətlərində belə fondlar yaradılıb və yüksək səviyyədə fəaliyyət göstərir.

 

Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Bu fond imkan verir ki, vətəndaş pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl fonddan pensiya ala bilsin.

 

Özəl pensiya fondu nədir?

 

Özəl fond sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirir. Dövlət pensiya fondlarından fərqli olaraq, əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

 

Özəl pensiya fondları vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olublar. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Xarici təcrübədə vətəndaş özəl pensiya fonduna istədiyi qədər sığorta haqqı ödəyə bilər. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə ona geri qayıdacaq. Bu imkan verir ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman o həm dövlət, həm də özəl pensiya fondundan ödənişlərə uyğun pensiya əldə etmək imkanı qazanır.

 

Azərbaycanda pensiya təminatı

 

Məlumdur ki, ölkəmizdə pensiya təminatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir və təqaüdə çıxan vətəndaşlar Azərbaycan Respublikasının qanunları çərçivəsində dövlət tərəfindən müəyyən olunmuş məbləğdə aylıq pensiya alırlar.

 

Qurum isə məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan qanunları, Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

 

Bəs vətəndaşlar bu vəsaitləri necə əldə edirlər?

 

Mövcud qanunvericiliyə əsasən, əmək qabiliyyətli bir vətəndaş leqal şəkildə və əmək qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərdiyi dövrdə hər ay məvacibindən müəyyən faizdə vəsait tutulur və sosial sığorta haqqı şəklində DSMF-dəki şəxsi hesabına köçürülür. Pensiya yaşına çıxdıqda isə bunu hər ay pensiya şəklində geri alır. DSMF sədrinin bu açıqlaması isə göstərir ki, artıq işlərə başlanılır və yaxın müddət ərzində fondların yaradılması prosesinə start veriləcək.

 

Bu fondlar vətəndaşların pensiya təminatına necə təsir edəcək?

 

Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli hələ 2016-cı ildə ölkədə pensiya islahatlarına start verilərkən bu fondların yaradılmasının nəzərdə tutulduğunu xatırladıb:

 

 

“Hazırda ölkəmizdə əməkqabiliyyətli vətəndaşların ödədikləri sosial sığortalar hesabına təqaüdçülərə pensiya ödənilir. Həmin islahatda isə bu sistemin ləğv edilməsi və şəxsi uçot sisteminə keçilməsi nəzərdə tutuImuşdu”.

 

Özəl pensiya fondlarının iş prinsipini şərh edən iqtisadçı vurğulayıb ki, hər bir əməkqabiliyyətli vətəndaş burada pensiya yaşına çatana qədər işləyərək özü üçün pensiya kapitalı toplayır:

 

“Təqaüdə çıxdıqda isə buna uyğun olaraq pensiya məbləği müəyyən edilir. Ancaq hazırda bu sistem deyil, klassik qaydalar tətbiq olunur. Əslində isə bu gün özəl fondların yaradılması vacibdir. Belə ki, vətəndaş işi müqabilində aldığı aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir. Ancaq sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada onun üçün şəxsi hesab açılır və məbləğ burada toplanılır. Vətəndaş pensiyaya çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir. Düzdür, dövlət büdcəsindən də buraya müəyyən məbləğdə vəsaitlər ödənilir, amma əsas baza hissəsi vətəndaşın sosial ödənişləri hesabına formalaşır”.

 

“İlk növbədə pensiya təminatı sistemi dəyişdirilməlidir”

 

A.Nəsirlinin fikrincə, DSMF ilə rəqabət apara bilən bir fondun tam formalaşması üçün ilk növbədə sosial islahatlar həyata keçirilməlidir:

 

“İlk növbədə pensiya təminatı sistemi dəyişdirilməlidir. Belə ki, hər kəsin öz gələcəyini təmin edəcəyi pensiya yığımı prosesinə keçilməlidir. Digər tərəfdən isə əmək bazarı yenidən formalaşmalı və qeyri-leqal iş yerləri leqallaşmalıdır. Bu gün 5,5 milyon əməkqabiliyyətli əhalinin cəmi iki milyon nəfərə yaxını əmək müqaviləsi ilə çalışır. Bu baxımdan da 5,5 milyon əhalinin hamısı rəsmi işlə təmin olunmalı, əməkhaqqı almalı, gələcək pensiyası üçün sosial ödənişlər etməli və özəl fondda öz hesabını formalaşdırmalıdır”.

 

Yeni Zelandiya təcrübəsindən istinadlar…

 

Bu sahədə Yeni Zelandiya təcrübəsinə istinad edən A.Nəsirli bildirib ki, belə fondlarda toplanan sığorta vəsaitləri ən yüksək gəlirli banklarda ilk növbədə depozit kimi saxlanılır:

“Yaxud da hansısa səhmlərə yatırılır. Bir sözlə, pul hesabda saxlanılmır, fond tərəfindən dövriyyəyə buraxılır və üzərinə əlavə vəsaitlər gəlir. Bəzi hallarda isə şəxsi hesablardakı bu vəsaitlər illik inflyasiyadan iki dəfə çox gəlirlərin əldə edilməsinə səbəb olur. Əgər illik inflyasiya 10 faizdirsə, illik gəlirlər 25-30 faiz təşkil edir. Vəsaitin müəyyən hissəsi fondun saxlanılması və mənfəəti üçün götürülür, qalan hissə isə yeni yatırılan vəsaitin dividendi olur və birbaşa şəxsi hesaba köçürülür. Buna görə də özəl fondlarda vətəndaşlar bir neçə dəfə yüksək məbləğdə pensiyalar ödəyir. Belə olan halda isə dövlətin yükü azalır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR