Namizədlərin SON SÖZÜ

13:04 06-02-2024 | icon 398 | Siyasət
Namizədlərin SON SÖZÜ

Üzləşilən çətinliklər, vətəndaşların tələbləri və...

 

Fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkisi ilə bağlı təşviqat kampaniyası başa çatdı. Bu gün bütün ölkə üzrə vətəndaşların son qərarını verməsi üçün “Sükut” günüdür. Seçkiöncəsi kampaniya yekunlaşdığına görə namizədlər də son bir aylıq dövrü dəyərləndirə bilərlər.

 

Versus.az “Yeni Müsavat-a istinadən prezidentliyə namizədlərin təşviqat kampaniyası dövründə qarşılaşdığı məqamlarla bağlı verdiyi açıqlamaları təqdim edir.

 

Fazil Mustafa 

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa açıqlamasında qeyd etdi ki, təşviqat kampaniyası qısa müddət davam etdiyi üçün həm televiziya debatları, həm də bölgələrdə fəaliyyyətdən maksimum istifadə etməyə çalışdı:

 

“Mən əsas ağırlığı sosial şəbəkələrə yönəltdim. Hesab edirəm ki, KİV vasitəsilə çıxışlarımız uğurlu alındı. Rayonlarda 15 görüşümüz oldu. Onlardan 4-də mənim vəkilim, 11-də isə özüm iştirak etdim. Kifayət qədər ciddi auditoriya ilə qarşılaşdıq, sualları cavablandırdıq. Ayrı-ayrı şəxslərlə təmaslarımız oldu. Məncə, bu kampaniyada bəzi dəyişikliklər etmək olar. Fikrimcə, televiziyada debatın forması dəyişməlidir. Jurnalistlərin namizədləri ”sual yağmuru"na tutmasına şərait yaradılsa idi, daha yaxşı olardı. Ödənişli efir vaxtının biri də sual-cavaba həsr olunardı. Seçki kampaniyası dövründə sosial mediadan ağılla istifadə edib məsələləri daha çox gündəmə gətirmək ümumi işin faydasınadır". 

 

Zahid Oruc

 

Namizədlər arasında seçki təcrübəsi daha çox olanlardan biri də Zahid Orucdur. O, seçki kampaniyası dövrünü əvvəlkilərdən daha fərqli və daha üstün dəyərləndirib:

 

“3 dəfə prezident, 7 dəfə parlament, 1 dəfə isə bələdiyyə seçkiləri, 3 dəfə referendumdan keçmiş biri kimi deyə bilərəm ki, hər dövrün özünəməxsusluqları olub. Mənim üçün indiki dövr bütün başqa parametrlər üzrə o zamanlardan üstündür. Yalnız ona görə ki, seçki çox aktiv, hətta siyasi didişməli, bəzən qanlı çevrilişlər, silahlı yollarla müşayiət olunduğu şəraitdə biz onu "demokratik" kimi qiymətləndirdiyimiz halda, digər tərəfdən, biz əraziləri itirirdik. Nəticədə entuziazmdan uduzurduq. İndi isə daha rasional, daha soyuqqanlı mühitdə biz bu prosesi apara bildik. Sonuncu dəfə Abşeronda 400-dən çox istiqanlı, mehriban vətəndaşla görüşdə qarşılıqlı anlaşma mühiti çox yüksək oldu. Heç kimin direktivi, tapşırığı olmadan insanların fikirlərini bölüşmək, arzularını, tələblərini çatdırmaq, iradlarını qeyd etmək və s. üzərində yanaşmasını yüksək qiymətləndirdim. Hər bir seçki prosesi ölkənin gündəliyinin dəyişməsi və yenisinin qəbul edilməsi deməkdir. Politoloji-siyasi nəzəriyyələrdə əsas fikir budur. Bu təkcə namizədlərin rəqabəti deyil, həm də ideyaların, platformaların savaşıdır. Bu platformalar hər bir sahəni ehtiva edir. Bizim üçün son 2 aylıq dövr 8 fevraldan başlayaraq ölkəmizin həyatında hansı dəyişikliklərin özünü göstərəcəyinin tam mənzərəsini hasil etdi. Mənim buna əminliyim daha da artdı. Biz 30 il ərzində proqramımızda seçkilərə ancaq məcburi köçkünlərlə getmişik. İndi isə bu sıfırlanıb. Bu o deməkdir ki, dövlət cəmiyyətdən gələn çağırışları qəbul edir. Qarabağ zirehi ilə vətəndaşların qarşısında dayanmaq mümkün olmayacaq. İnsanlar deyir ki, mənim tələblərim də həll olunmalıdır. İstənilən halda qanunvericilikdə bir sıra dəyişikliklərin olmasını istəyəcəyik. Ümumiyyətlə, seçki mübarizəsi hər zaman öyrənməni tələb edir".

 

Z.Oruc seçki qərargahının işindən də danışdı:

 

“Sosial Tədqiqatlar Mərkəzinin 10-a yaxın istedadlı təmsilçisi seçki qərargahımızda çalışdı. Bir sıra hallarda bölgələrdə görüşlərdə oldular. Onların bir qismi 2020-ci ildə seçkilərdə namizədliyini irəli sürmüşdü. Yekun rəy ondan ibarətdir ki, onlar daha sistemli, rasional, düzgün hədəflərə yönəlmişdilər. Onlar şüarların tapılması, proqramın işlənməsi, görüşlərdə insanlarla ünsiyyət daxil, böyük bir məktəb keçdiklərini bildirirlər. Bu mənim üçün çox böyük nəticədir. O insanlar bir müddət sonra cəmiyyətin elitasına çevriləcəklər, parlamentdə, dövlət institutlarında yer alacaqlar. Tahirə Allahyarova, Əziz Əlibəyli, İlyas Hüseynov, Aytən Babayeva, Şəhla Cəlilzadə, Seymur Əliyev, Tural İsmayılov, Əfqan Vəliyev  və başqaları başa düşdülər ki, cəmiyyətlə işləmək, onların ağrılarına qatlaşmaq, tələblərini qeyd edib, təqib etmək, insanlara geridönüş etmək klaviatura arxasında canlı yayım açan qüvvələrin işindən çox fərqlidir. Vətəndaşlar problemlərini dilə gətirərək özlərini haqlı sayırlar. Biz platformamızı açıq şəkildə dərc etmişik. Millətimiz üçün çox faydalı ideyalar var. Bu seçkilərdə hüquqi olaraq bir, mənəvi-siyasi olaraq isə 10 milyondan artıq qalib olacaq. Yalnız ölkənin və millətin düşmənləri məğlub olacaq. Onlar 8 noyabrda məğlub olmuşdular”. 

 

 

Qüdrət Həsənquliyev

 

Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi, BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Elçin Mirzəbəyli də şərhində mövcud imkanlar daxilində və qanunvericiliyin imkan verdiyi çərçivədə təbliğat kampaniyasının aparıldığını ifadə etdi:

 

“Demək olar ki, bütün iqtisadi rayonlarda görüşlər keçirildi. Təbliğat kampaniyası dövründə prosesə maneə yaradacaq faktorla qarşılaşmadıq. O ki qaldı bizim yanaşmamıza, seçki prosesinin dinamik olması çoxpartiyalı sistemin inkişafına töhfə verəcək addımlardan birbaşa asılıdır. Bəlli olduğu kimi, biz Azərbaycanın parlament respublikası modelinə keçidinin vacibliyini vurğulayırıq. Eyni zamanda proporsional seçki sisteminin önəmini önə çəkirik. Düşünürük ki, bu, cəmiyyətdə partiyaların mövqeyini gücləndirə bilər. Məhz bu dəyişikliklər baş verərsə, seçki prosesində də fərqli dinamikanın şahidi ola bilərik. Sosial şəbəkələrdə, ödənişsiz efir vaxtı vasitəsilə, media resurslarında, bizim platformamız yayımlanıb. Əgər söhbət Azərbaycan ictimaiyyətini əhatə etməkdən gedirsə, biz bunu bacarmışıq. Seçim isə əlbəttə ki, seçicinindir”. 

 

Razi Nurullayev

 

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev təşviqat dövrünü belə dəyərləndirdi:

 

“Bizim üçün ən çətin proses imzatoplama prosesi oldu. Seçki kampaniyasının ən ağır hissəsi imzaları toplamaq və qeydiyyatdan keçirmək oldu. Sonrakı mərhələdə məni ən çox qane edən məsələ namizədlərə ictimai məkanlarda yaradılan şərait idi. Əvvəllər namizədlərlə vətəndaşların görüşünə maneə yaradılırdı. 12 rayonda görüşlər keçirdim. Heç birində əngəl yaradan olmadı. Əksinə, zalı ələ almağı bacardıq, çıxışlarım alqışlarla müşayiət olundu. Görüşlərdən çəkilən foto və videolar sosial mediada paylaşıldı. Milyonlarla seçici toplaya bildik. 10-12 səyyar görüş oldu, bazarlarda, marketlərdə, bir sözlə, insanların sıx toplaşdığı yerlərdə görüşlərdə olduq. Hətta qapı-qapı kampaniyası da keçirdik. Biz qələbə üçün mübarizə apardıq, aparmağa da davam edirik. Nəticə necə olacaq, o birisi gün bilinəcək. Biz cəmiyyətdə inam formalaşdıra bildik. Siyasətçilərə inam yarada bildik. İndiki proseslərə baxdıqda görürük ki, insanların reaksiyası artıb. Hesab edirəm ki, siyasi arena üçün ciddi dəyişikliyə nail ola bildik. Bundan sonra hər şey seçicilərdən, cəmiyyətdən asılıdır. Əlimizdən gələni etdik, lazımi mesajları çatdırdıq. Mən seçilməsəm belə, partiyamız planını cəmiyyətə çatdırdı. Sosial demokrat olduğumu, sosial ədalət üçün mübarizə apardığımın izahını verə bildim”.

 

Elşad Musayev

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev açıqlamasında zamanın çox az olmasını vurğuladı, lakin buna baxmayaraq namizədlərə hər cür şərait yaradıldığına diqqət çəkdi:

 

“Biz yaradılan şəraitdən maksimum yararlanmağa çalışdıq. 12 iqtisadi rayonun hər birində görüşlər keçirdik. Qış ayları olduğu üçün görüşlər qapalı məkanlarda keçirildi. Soyuq olduğu üçün açıq havada görüş keçirə bilmədik. KİV vasitəsilə yayımlardan istifadə etdik. Bu seçkidə əvvəlki seçkilərdən fərqli olaraq heç bir maneə ilə qarşılaşmadıq. Nəhayət, demokratik qaydada seçki keçirmək şansı əldə etmişik. Qanunvericilikdə müəyyən dəyişikliklər etmək, ölkədə fundamental islahatlar aparmaq imkanı yaranıb. Hər kəs-iqtidar da, müxalifət də, cəmiyyət də bundan istifadə etməlidir. Parlament və bələdiyyə seçkilərində demokratik seçki ənənəsini tətbiq etməliyik ki, demokratiya ilə bağlı təzyiq olmasın. Hakimiyyətin əlində resurslar, şanslar var. Aydın görünür ki, hakimiyyətin namizədi favoritdir. Buna görə də seçkiyə kölgə salmamaq üçün əlimizdən gələni etməliyik”.

 

 

Fuad Əliyev

 

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev “şərhində bunları bildirdi:

 

“Seçki kampaniyamız çox uğurla keçdi. Təbliğat-təşviqat dövründə həm Bakının bir neçə rayonunda, həm də müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçirdik. İnsanlarımız görüşlərdə yüksək fəallıq nümayiş etdirdilər. Bu görüşlərdə insident, problem, əngəl olmadı. Bütün görüşlərdə normal şərait yaradıldı. Vətəndaşlar problemlərini, təkliflərini çatdırdılar. Mən də namizəd kimi bu problemləri müvafiq orqanlar qarşısında qaldırmışam. Sabah Azərbaycan xalqı Zəfər seçkisinə gedir. Bu seçkidə iştirak etmək qürurvericidir. Mən çox fəxr edirəm ki, bu Zəfər seçkisində namizəd olaraq iştirak etdim. İlk dəfə Xankəndi, Şuşada seçki keçirəcəyik. Xalqımızı sabah səhərdən etibarən seçki məntəqələrinə axışmağa dəvət edirəm. Hər kəs istədiyi namizədə səs versin”. 

 

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR