Avropa “oturduğu budağı kəsmək” durumunda

14:02 07-03-2024 | icon 530 | Siyasət
Avropa “oturduğu budağı kəsmək” durumunda

Elman Nəsirov: “Azərbaycana qarşı aparılan bu siyasət yanlışdır”

 

Regionun geosiyasi mənzərəsi Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən qovulması ilə yeniləndi. Amma yeni reallıqla barışmaq istəməyən xarici qüvvələr var gücləri ilə vəziyyəti öz maraqlarına uyğun dəyişmək üçün çabalayır. Ermənistan adlı maşasını əlinə alan Fransa və onun diqtəsi ilə hərəkət edən Avropa təsisatları vəziyyəti yenidən alovlandırmaq üçün gərginliyi qızışdırmağa çalışırlar. Ermənistandan çox ermənilik edən Avropa Parlamenti üzv dövlətlərini Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır, ölkəmizə qarşı yanlış hesabatlar təqdim edir, digər tərəfdən işğalçı dövləti yenidn silahlandıraraq müharibəyə hazırlaşdırır.

 

Regionda gərginlik yaratmaq istəyən xarici təsisatlar Ermənistanı Azərbaycanın üzərinə qaldırmaqla nəyə nail olmağa çalışırlar?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Elman Nəsirov mühüm məqamlara diqət çəkib.

 

- Elman müəllim, Ermənistanın Azərbaycanla yaratdığı münaqişə, post-münaqişə problemlərinin bu gün daha çox beynəlxalq müstəvidə müzakirəyə çıxarılması müşahidə olunur. Bu fakt regiondakı hansı mövcud vəziyyətdən xəbər verir?

 

- Artıq Qarabağ problemi həllini tapıb. İndi bizim üçün əhəmiyyətli olan məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, iki dövlət, xalq arasında etimad mühitinin yaradılması və bunun məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanmasıdır. Bununla bağlı Azərbaycan dövləti müvafiq, əhəmiyyətli addımlar atıb. Biz ilk növbədə sülh müqaviləsinin imzalanması üçün hazırlanacaq sənədin 5 baza prinsipini müəyyən etmişik. Eyni zamanda həmin sülh müqaviləsinin mətnini Ermənistana təqdim etmişik. Bu prosesin təşəbbüskarı bizik və regionda uzunmüddətli, dayanıqlı sülhün formalaşmasında maraqlıyıq.

Eyni zamanda fevral ayının 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyev parlamentdə andiçmə mərasimində qeyd elədi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı yerindən dəbərən dövlət özünün vasitəçilik missiyasını təklif edir. Cənab Prezident onlara xitabən söylədi ki, “gedin işinizlə məşğul olun, özünüzün xeyli problemləriniz var, imkan verin biz ikitərəfli formatda həllini gözləyən məsələləri tənzimləyək. Cənab Prezidentin bu mesajı həm Ermənistana, həm də vasitəçilik iddiasında olan dövlətlərə ünvanlanmışdı. Və bu mesaj qəbul edildi. Bilirsiz ki, Münhen Təhlükəsizlik Şurası Konfransı çərçivəsində Azərbaycan-Ermənistan liderlərinin görüşü Almaniya kansleri Şoltsun vasitçiliyi ilə deyil, təşkilatçılığı ilə keçirildi. İkitərəfli şəkildə razılaşma əldə edildi ki, xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin, eyni zamanda sərhədlərin müəyyən edilməsi ilə bağlı müvafiq komissiyaların təmasları yenidən bərpa edilsin. Bu kimi razılaşmalar əldə edilib. Amma təəssüflə qeyd edirik ki, Ermənistan baş naziri beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. O bir yandan sülhdən danışır, bir yandan Münhendə, Berlində həm Azərbaycan Prezidenti, eyni zamanda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşün lehinə danışır, bir yandan da dərhal Parisə gedir Emmanuel Makronla görüşəndən sonra Azərbaycan əleyhinə iddialar səsləndirir. Bunun ardınca xarici işlər nazirlərinin görüşündən bir gün əvvəl Yunanıstana yola düşür, orada həmkarı ilə görüşür və bu kontekstdə də Münhen danışıqlarının ruhuna uyğun gəlməyən mövqe ortaya qoyur, Azərbaycana qarşı müəyyən ittihamlar səsləndirir.  Belə vəziyyətdə biz hadisələrin 3 mövcud ssenarisini nəzərdən keçirdə bilirik. Birincisi optimal variantdır; yəni Paşinyan fərqində olur ki, konfrantasiya mühiti Ermənistan üçün fəlakətdir, fərqində olur ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan düşdüyü blokadadan çıxması mümkün deyil. Belə olan halda yaxın müdətdə gözlənilən sülh müqaviləsi imzalanır. Bu nikbin proqnozdur. İkincisi, xarici himayədarlarına arxalanaraq vaxtı udmaq siyasəti yürüdür və müddətsiz danışıqlar taktikasını seçir, necə ki, sələfləri Sarkisyan, Köçəryan da eyni yolu seçmişdilər. Bu isə o zaman olduğu kimi növbəti hərbi insidentləri labüdləşdirə bilər. Nəhayət üçüncüsü; Ermənistan necə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurduğunu bəyan edibsə, Azərbaycanla da danışıları dondurur və heç bir təmasın olmadığı reallığında hərbi təxribat və insidentlər intensivləşməyə başlayır. Bu isə özlüyündə üçüncü Qarabağ müharibəsini labüd edə bilər. Hadisələrin mövcud ssenarisi belə görünür. Amma hesab edirik ki, Ermənistanın hərbi, siyasi rəhbərliyi fərqində olmalıdır ki, II-III ssenarilər Ermənistan üçün sözün həqiqi mənasında fəlakət, çox ciddi siyasi kataklizmlər deməkdir.

 

- Avropa, Qərb təsisatlarının ölkəmizə qarşı müxtəlif səpkili qərəzli çıxışları, erməni iddiaları gündəmi zəbt edir. Bu gün Azərbaycanı Avropanın hədəfinə çevirən məsələ nədir və region hansı təhlükə ilə üz-üzədir?

 

- Azərbaycana qarşı qərəzli olan Avropa ölkələri deyəndə, söhbət ilk növbədə Fransa və ABŞ-dan gedir. Bu gün kollektiv Qərb Rusiya ilə Ukrayna cəbhəsində müharibə vəziyyətindədir. Heç kəsə sirr deyil ki, kollektiv Qərb Rusiyaya bir neçə istiqamətdə zərbə endirmək istəyir. Bu təkcə Ukrayna ilə məhdudlaşmır, eyni zamanda onlar Cənubi Qafqazdan da Rusiyaya zərbə endirmək, onu bölgədən sıxışdırıb çıxarmaq üçün istifadə etmək istəyirlər. Bu siyasətin həyata keçməsi üçün Ermənistan onlar üçün xüsusi önəm kəsb eləyir. Bu mənada Qərbin Ermənistanla sıx əlaqələri, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq xətti fonunda Cənubi Qafqaza gəlib möhkəmlənmək istəyi var. Ona görə də Azərbaycana qarşı təzyiqlər göstərilir. Çünki Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir, Ermənistan baş naziri kimi dövlətinin və xalqının mənafeyini kənara qoyub onların qarşıında “yes-yes” ifadələri işlətmir.  Azərbaycan xalqının milli mənafeyi cənab İlham Əliyev üçün hər şeydən üstündür. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin yürütdüyü siyasət bir sıra Qərb dövlətlərini, eyni zamanda Fransanı narahat edir. Cənab Prezidentin müstəqil siyasəti onların regionumuzla bağlı qərəzli planlarının reallaşmasına maneə olur. Bu səbəbdən də bizə qarşı cürbəcür təzyiq metodlarını işə salırlar. Hətta Avropa Şurası Parlament Assambleyasının tribunasından istifadə edib Azərbaycana təzyiqlər edir, bizim orda olan nümayəndə heyətinin mandatını təsdiq etmirlər. Məlumdur ki, bu istiqamətdə bizə 1 il müddətinə sanksiya tətbiq ediblər. Eyni zamanada Avropa Parlamenti bu gün antiAzərbaycan dairələrinin əlində bir alətə çevrilib.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı yekcins deyil. Onun Parlamenti antiAzəbaycan qətnamələri istehsal etsə də, Avropa Komissiyasında Azərbaycan mövqeli qüvvələr mövcuddur. Avropa İttifaqı hökuməti fərqindədir ki, Azərbaycan onun enerji təminatında xüsusi çəkiyə malikdir. Yəni Avropa Parlamenti nə qədər antiAzərbaycan qətnamələr istehsal etsə də, Avropa İttifaqı hökumətinin Azərbaycana münasibəti heç də Avropa Parlamentindəki kimi deyil. Bizim işimiz haqq işidir. Əsas odur ki, Azərbaycan xalqı dövlətimizin, siyasi rəhbərliyinin kursunu birmənalı şəkildə dəstəkləyir.

 

- Avropa İttifaqı, Fransa özünün Ermənistandakı mülki missiyasının, jandarmasının sayını çoxaldır, Ermənistanı silahlandırır. Hansı oyunlar gedir?

 

- Fransa dövlətinin hazırki siyasəti regionda sülh və təhlükəsizlik deyil, konfrantasiya mühiti formalaşdırmaqdır. Bununla əlaqədar olaraq revanşistləri həvəsləndirirlər. Ötən il oktyabr ayının 23-də Ermənistanın müdafiə naziri ilə Fransanın müdafiə naziri arasında Parisdə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Fransa 50 bastion zirehli texnikasını Ermənistana göndərib. Ermənistanın əvvəl yaxın, indi isə uzaq mənzilli raketlərlə təmin edilməsi məsələsi var. Bütün bunlar regionu müharibəyə sürükləmək anlamındadır. Həmin silahlar vitrinə qoyulmaq üçün Ermənistana verilmir. İstəyirlər ki, Cənubi Qafqaz regionunu 2-ci Ukraynaya çevirsinlər. Bu tendensiya diqqətdən yayınmır. Fransanın Ermənistanı militaristləşdirmə siyasəti fonunda, eyni zamanda Avropa parlamentinin diplomatik müstəvidə antiAzərbaycan davranışlarını görürük. Burda Azərbaycana qarşı əlaqələndirilmiş siyasət diqqətdən yayınmır. Bütün bu reallıqları nəzarə alaraq Azərbaycan Prezidenti bildirdi ki, iki dövlət - Birləşmiş Ştatlar və Fransa yenə də səhv addımlar atır, sərt qərarlar qəbul edirlər. Prezident onları Cənubi Qafqazda lider olan Azərbaycana qarşı yanlış siyasətdən imtina etməyə dəvət etdi. Prezident qeyd elədi ki, Rusiya da analoji siyasət həyata keçirirdi, amma yeni reallığı qəbul edib. Yəni bizə qarşı təzyiqlərin kökündə o dayanır ki, torpaqlarımıza sahib olmuşuq, ərazi bütövlüyümüzü bərpa etmişik.

 

- Avropa Parlamentinin Azərbaycana qarşı sanksiya tətbiqi nəyə hesablanr?

 

- Avropa Parlamenti Azərbaycanı dəfələrlə sanksiyalarla hədələyib. Bizə qarşı iqtisadi, eyni zamanda fiziki və hüquqi şəxslərə yönəlik sanksiya hədələrini dilə gətirirlər. Amma unutmaq lazım deyil ki, biz Avropa İttifaqının üzvü deyilik, bunu yaddan çıxarmasınlar. Avropa İttifaqının 27 dövləti var və bizim 28-ci olmaq hədəfimiz də yoxdur. Biz Qoşulmama Hərəkatının üzvüyük və Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsi imzalamaq istəyirik. Azərbaycanı sanksiyalarla hədələyən Avropa İttifaqı unutmasın ki, 27 dövlətin 9-u ilə bizim strateji tərəfdaşlıq münasibətimiz var. Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu siyasət yanlışdır, Avropanın “oturduğu budağı kəsməsidir”.

 

- Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı feyklər tirajlayırlar, niyə?

 

- Bəli, son zamanlar biz bu tendensiyanı görürük. Fransa, Hindistan kimi dövlətlər Ermənistanı hücum silahları ilə silahlandırır. Belə olan vəziyyətdə müharibəni biz yox, Ermənistan başlaya bilər. Azərbaycana qarşı səslənən bu iddialar isə boş xülyalardır, yuxudur. Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, Azərbaycan dövlətinin kiməsə hücum etmək niyyəti olmayıb, bu gün də yoxdur. Biz öz ərazilərimiz üzərində suverenliyimizi tam və qəti şəkildə bərpa etmişik. Baxmayaraq k, Ermənistanın bugünkü ərazilərinin böyük bir hissəsi Azərbaycan torpaqları olub, yenə də başqa heç bir ərazilərə iddiamız yoxdur. Biz Zəngəzura, İrəvana qayıdacağıq. Amma tanklarla, toplarla deyil, sülhpərvər, mülki missiya ilə qayıtmaq istəyirik. Bizim niyyətimiz budur.

 

- Xankəndidən gedən mülki ermənilərin guya geriyə qaytarılması tələbi, separatçıların işğal zamanı tiktiyi “parlament” binasının sökülməsinə etirazlar “erməni izlərinin silinməsi”, iddiası bu yöndə beynəlxalq məhkəmələrə müraciətlər nəyə hesablanır, hansı effekti verə bilər?

 

- Dəfələrlə bizim müvafiq dövlət qurumlarımız Qarabağı tərk etmək istəyən ermənilərə səsləniblər ki, siz Azərbaycan vətəndaşlarısız. Azərbaycan pasportu daşıyın, qanunlarımıza tabe olun digər xalqlar kimi yaşayın. Amma onlar çirkin oyunlar oynayıb, ərazilərimizi könüllü tərk edib gediblər.

Azərbaycan dövləti bu gün Xankəndidə separatizmin simvollarını ləğv edir. Separatizmlə bağlı olan heç nə bizə lazım deyil. Eyni zamanda şəhərin arxitekturasına xələl gətirən binaların da sökülməsi bizim qanuni haqqımızdır və sökülməli idi. Bu məsələdə beynəlxalq təşkilatların bizə olan təzyiqlərinin də heç bir əhəmiyyəti yoxdur. Bizim mövqeyimiz bəllidir. Qarabağdakı erməniləri heç kim qovmayıb, onlar özləri gedib. Onların burdakı əmlakına da heç kəs toxunmayıb. Amma bu məsələdə iki proses parallel getməlidir. Qarabağdan könüllü köçən ermənilərin geri qayıdışı ilə Ermənistandan zorən qovulan, etnik təmizləməyə, deportasiyaya məruz qalan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı parallel getməlidir. Bu bizim dövlət siyasətimizdir və biz onu müdafiə edirik.

 

- Azərbaycanda ermənilərin törətdiyi cinayətlər, vandallıq, soyqırım, azərbaycanlıların etnik təmizləməyə məruz qalmasının beynəlxalq etinasızlıqla üz-üzə qaldığı faktlar qarşısında dayanan cəmiyyətimiz, bizə qarşı yönələn informasiya müharibəsinə qarşı hansı gücü ilə dayanmalıdır?

 

- Ermənistanın Azərbaycana qarşı apardığı müharibə bizim tarixi zəfərimizlə nəticələnsə də, mina müharibəsi və informasiya müharibəsi davam edir. İnformasiya müharibəsi dünən də olub, bu gün də var, sabah da olacağı istisna edilmir. İnformasiya müharibəsi ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq, aldatmaq istəyirlər. Ona görə də bu gün əsas vəzifəmiz diplomatik cəbhədə mövqelərimizi daha da möhkəmləndirməkdir. Artıq informasiya cəbhəsində hücum taktikasını tətbiq edirik və bu gün dünyanın əksər ölkələrində olan səfirliklərimiz bu istiqamətdə fəaliyyət göstərir. Biz bu cəbhədə çox ciddi koordinasiya olunmuş fəaliyyət ortaya qoymalıyıq. İnformasiya cəbhəsinin də öz tankları, puaları, yaxına-uzağa hədəflənən silahları var. Biz bu istiqamətdə fəaliyyət göstəririk və büdcəmiz də buna imkan verir. 2024-cü ildə büdcə xərclərimiz 36 milyard 800 milyondur və diplomatik xidmət, informasiya cəbhəsində mübarizəmiz üçün də xeyli vəsait ayrılıb. Hesab edirəm ki, Azərbaycan dövləti bu istiqamətdə strateji hədəfləri düzgün müəyyən edib onlara çatmaq əzmindədir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ