Azadlığa o xalq layiqdir ki…

11:54 27-09-2017 | icon 939 | Köşə
Azadlığa o xalq layiqdir ki…

PAKİZƏ BABAZADƏ

Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib; özümüzü də, övladlarımızı da külə döndərməyə hazırdır, biz isə əvvəlki kimi hürkək-hürkək qımışır, dodaqaltı mızıldanırıq: “ Necə mane ola bilərik? Bizdə o zor hanı?”

Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı,  ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk – təki köhnə nizamımız pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb… Biz cəsarətli vətəndaş addımı atmağa qorxuruq, təki sürüdən ayrılmayaq (sürüdən ayrılanı qurd yeyər – P.B.) təkbaşına bir addım atmayaq – birdən bir parça çörəyimizi itirərik… ( A. Soljenitsin).

Sürüdən ayrılmamaq… Yaşadığımız cəmiyyətin bu günki durumunun, toplumun böyük qisminin əsas düşüncəsinin göstəricisi budur… Siyasi təzyiqlərin “dəyirman atları”na çevirdiyi toplum bu gün, Soljenitsinin qeyd etdiyi kimi, müstəqil düşüncədən məhrum, tərəddüdlər içərisində azan, fərdiyyəti məhdudlaşdırılan bir kütləyə çevrilmişdir. İradəsi “qorxu” altında küllənmiş, mənlik şüurundan məhrum edilərək sürü psixalogiyasna yoluxmuş bir toplumun səbatsız üzvlərini idarə etmək təbii ki, çox asandır. Bu kütlələşmə isə məntiqi olaraq toplumun şüurunun kütləşməsinə, deformasiyasına gətirib çıxarır. Gertsen haqlı olaraq yazırdı ki, ictimai düyünlər nə qədər sıx və möhkəm dartılarsa, xalq o qədər köləliyə məhkum olar.

Fərdiyyəti məhdudlaşdırılan, mənlik şüuru zəiflədilən xalq hakimiyyətə “bəla” kimi baxsa da, problemin səbəb və həlli yollarını axtarmaq əvəzinə, öz dar, qaranlıq, ancaq “təhlükəsiz” daxilinə sığınır, bu “bəla”dan uzaq gəzməyə; onsuz da öz dərdim özümə bəsdir – fəlsəfəsi ilə yaşamağa üstünlük verir. Üstəlik də siyasi təbliğat maşını olan kütləvi informasiyaların köməyi ilə insanların şüuruna sistematik olaraq “yuxarıların” lazım bildiyi məlumatları yeridir, bu təbliğat maşınının bir hissəsinə çevrilmiş təhsil və tərbiyə sistemi də bütünlüklə bu təbliğatın ixtiyarında olub gənc nəslin “neytrallaşmasına” milli mənlik şüurunun “axtalanmasına” yardım edir. Nəticədə milli dəyərlərdən, ədalətsizliklə, haqsızlıqla mübarizə hissindən məhrum bir nəsil yetişir.

Doğrudur, hər bir keçıd dövründə xalqların kütləyə çevrilməsi prosesi olur. Ancaq, demokratik quruluşlu ölkədə bu proses uzun sürmür. Xalq tezliklə toparlanıb dövlətin ictimai-siyasi fəaliyyətində iştirak edir, yeri gələndə də öz iradəsini diqtə edir. Təssüf ki, bu hər millətə qismət olmur, xüsusilə keçid dövrünü ağrılı keçirən, bitib- tükənməyən “siyasi oyunlar”da sınağa çəkilən, iqtidar-müxalifət düşərgəsinin şəxsi ambisiyalarının oyuncağa çevirdiyi xalqımız üçün bu proses xüsusilə çox çətindir.

Q.Lebon iddia edirdi ki, xalq çoxəsrlik həyatında bir sıra dəyişikliyə məruz qalır, lakin əsas xarakterini qoruyub saxlaya bilir, çünki bu dəyişmələr 1-ci qatdır, onun altındakı dərin qatlarda isə tarixin toxuna bilmədiyi daha möhtəşəm bir qat yatır. Xalqın əzmkarlığı, ruhu, həsrəti və xarakterinin başqa cəhətləri uzun müddət özünə meydan tapa bilmirsə passivləşir, sürətlə itirilə bilir.

Bu gün Azərbaycan cəmiyyəti, toplum nə yazıq ki, bu fəlakətlə – xarakterinin əsas keyfiyyətlərinin itirilməsi qorxusu ilə üz-üzədir… Bir yandan hakim fiqurların cavabsız qalan özbaşınalıqları, qanunların işləməməsi, baş alıb gedən talançılığın, rüşvətxorluğun səngiməməsi və ən əsası da xalqı bu total fəlakətlərə qarşı mübarizəyə qaldırıb yönləndirəcək nüsxələrin olmaması xalqı təbii olaraq passiv kütləyə çevirən əsas amildir. Əksəriyyət narazı, canı boğazına yığılmış olsa da, onu yönəldən qüvvənin olmaması üzündən xalq vətəndaş mövqeyni ortaya qoyub, haqqını araya bilmir. Bütün bunların nəticəsi olaraq da passiv qüvvə formalaşır. Bu passivlik yoluxucu mikrob kimi havaya hoparaq nəfəs alan toplumu caynağına alır və toplum məntiqi olaraq “kütləvi xəstəyə” çevrilir. Bütün işləri bir-birini günahlandırmaq olan müxalifət… ciddi bir vətəndaş müqaviməti ilə üzləşməyən, qanunları istədikləri formada əzib-bükən, acgözlükləri, özbaşınalıqları bitib-tükənməyən “yuxarılar”… və “yiyəsiz” və köməksiz məzlum XALQ… Ümidsizlik içində çırpınan millət öz narazılığını ancaq məişət çərçıvəsində bildirə bilir. Bu narazılıqlar fəal qüvvəyə çevrilib, ümumi etiraza çevrilmədiyi üçün heç bir nəticə vermir. Hamı başqasından nə isə gözləyir…

O ölkədə demokratiya mümkündür ki, öz hüquqları uğrunda rasional və inadkar mübarizə aparan insanlar hakimiyyətə nəzarəti həyata keçirə bilsin. Bunun olmamasında günah yalnız təzyiq edən hakimiyyətdə, buna qarşı durmağa gücü yetməyən, bəlkə də durmaq istəməyən, adlarından başqa bir şeyləri olmayan müxalifət partiyalarında deyil, əslində günahın böyüyü BİZİM ÖZÜMÜZDƏ, –  siyasi mədəniyyətimizin azlığında, vətəndaş məsuliyyətsizliyimizi anlamamağımızdadır ki… ən son halda etirazımız “intihar”eləmləri ilə son bulur…

Vətəndaşın bir hissəsi kor-koranə iqtidara inanır, bir qismi şəxsi mənafeyindən dolayı başqalarının əzilməsinə göz yumur, təki onun “bir parça çörəyinə” toxunmasınlar, bir qismi də düşünür ki, “mənim nəyimə lazımdlr ki, o kresloda kim oturacaq, onsuz da gələn gedəndən yaxşı olmayacaq”… Nə var ki, vətəndaşın bu cür münasibəti, passivliyi hər kəsin işinə yarayır, özbaşınalığa, soyğunçuluğa rəvac verir və nəticədə AZAD olmayan cəmiyyətin kölə şüurunun ən böyük əlaməti problemlərə müdaxilədən çəkinmək, inamsızlıq, “başı bəlaya salmamaq”, nə isə itirmək qorxusu yaranır, son nəticədə kütlələşmiş toplum hakimiyyətə kölə kimi tabe olur… Hüdudsus hakimiyyət + hüdudsuz itaət = insan yığnağı..“…qorxaq, dövlətə insan kimi yox, maşın kimi, yalnız öz bədəni ilə xidmət edir… onların düşünmək, duymaq təlabatı öldürülüb”.

Montöskye göstərirdi ki: “…vətandaş üçün siyasi azadlıq onun öz təhlükəsizliyinə olan inama əsaslanan ruhi sakitliyi deməkdir. Belə bir azadlığa malik olmaq üçün elə bir idarəetmə zəruridir ki, onun dövründə bir vətəndaş o biri vətəndaşdan qorxmaya bilsin…” – yəni insanı iradə azadlığından məhrum etmək, onu hər cür əxlaqdan məhrum etmək deməkdir ki, bu gün cəmiyyətimizdə təəssüf ki, bu kimi hallara tez-tez rast gəlinir. Öz ləyaqətindən məhrum edilmiş “qul”ağasına xoş gəlmək üçün həmkarını, “dostunu” satmaqdan belə çəkinmir, bəlkə ağası onu “mükafatlandıra”, təki onun qarnı tox, işi yaxşı olsun. Hər kəs hər kəsə şübhə ilə baxır, etibarsızlıq o səviyyəyə çatıb ki, insanlar düşündüklərini açıq bildirməkdən çəkinirlər…

“Tüfəng lüləsindən çıxmış hakimiyyət” ümumiyyətlə insanımıza bir şəxsiyyət kimi, xüsusilə də azad bir şəxsiyyət kimi baxmır, onu öz məqsədinə nail olmaq üçün bir alətə çevirib… təbii ki, kütlənin sayı nə qədər çox olursa, onu idarə etmək də o qədər asan olur: “…cəmiyyət –  onlar “dəyirman atlarına” bənzərlər ki, hər gün müəyyən dairədə dolanırlar və öz vaxtında da arpa-saman yeyib, su içır və yatarlar… sonra da oyanıb həmən dünənki dolanışığı dünyanın sonuna qədər təkrar edərlər…” (C.Milton).

Tarixdə hər hansı bir millətin öz əqli keyfiyyətlərinin zəifləməsi  üzündən məhv olmasının mümkün olmadığını iddia edən Lebon göstərirdi ki, millətlərin passivləşməsi, kölələşməsi, ən ağır halda onun məhz xarakterinin zəifləməsi üzündən irəli gələn ruhi dəyişikliyidir ki, məhz bu xarakter dəyişikliyi  ruhun çöküşünə gətirib çıxarır… və bunun nəticəsində müstəbid hakimiyyətin “qanunları” altında “büzüşən” insan, hər cür təzyiqə baxmayaraq etiraz etmir… ən əsası isə insanlar “inamın əsaslandığı prinsiplərə inamı itirirlər” və bütün bunların nəticəsində kütlə tərəddüdlər içində çıxış yolu tapmayaraq azadlıq və boyunduruq arasında vurnuxmağa başlayır…

Russo haqlı olaraq göstərirdi ki, əgər bir nəfər insanları bir-birinin ardınca əsarətə alırsa, burada mən xalq və onun başçısını deyil, yalnız “Ağa və Quu”u görürəm… Nə yazıq ki, bu gün millətimiz, toplum məhz “ağalar və qullar” səltənətinin qaranlığında məhzun və acizdir… Hər bir xalqın tarixində günəş kimi “tutulma və açılma” prosesinin qaçınılmaz olduğu reallığının ümidi altında biz də bu qaranlıqı xalqımızın müvəqqəti “tutulması” sayaq və tarixdə silinməz iz qoymuş şərəf və cəsarətinin  “küllər altından” yenidən parlayacağını gözləyək… Gizonun qeyd etdiyi kimi, əgər xalqın arxasında uzaq və şərəfli tarixi varsa, onu öz kökü ilə bağlayan telləri qırıb kəsmək olmaz… xalq ən böyük dəyişikliyə məruz qalsa belə, onun taleyi bir zamanlar tarixin müəyyən etdiyi şəkildə qalacaqdır… Əminik ki, xalqımız azadlığı “röyada görən və zəncirlərinin səsinə oyanan dustaq” olmayacaq, zamanla passionar nüsxələr yetişdirmə gücünü özündə tapacaq, ya azadlıq, ya ölüm dilemmasını həll edəcək, şüurundakı qandallardan, içində qat bağlamış mütilikdən qurtulacaq, əcdadının qoyub getdiyi mənəvi dəyərlərə sahiblənəcək, bir günün azadlığını qirx ilin köləliyindən üstün tutacaqdir…

Bir millətin istiqlalı, gələcəyi, həyatı toplum arasındakı “Qanuni-ilahi” olan Vəhdətdən birbaşa asılıdır. Belə ki millət topla, tüfənglə, ordu ilə asanlıqla yıxılmaz,  aralarındakı Vəhdətin, Birliyin yoxluğu üzündən, hər kəsin öz başının dərdinə, öz mənfəətini təmin etmək sevdasına düşməsi üzündən yıxılar… Bu gün bizə bu Vəhdət, Birlik hava-su kimi lazımdır…

Böyük azadlıq mücahidi Xiyabani deyərdi ki, eşq olsun o millətə ki, azadıqğı üçün yaşamağı sevir… Məncə, eşq olsun o millətə ki, azadlığı üçün ölməyi bacarır… Yoxsa ki:

Azadlıq sürünün nəyinə gərək,
           Nəsildən-nəsilə onun qisməti
                             Noxtadır, qamçıdır, bir də dəyənək…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA