713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

02:23 21-10-2019 | icon 211 | Şəhidlər və şahidlər
713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

YARDIMLIYA GEDƏN ƏSGƏRİN YAŞANTILARI

(əvvəli bu linkdə)

 

II hissə

..Bilmirəm bunun adı nə idi: özündənmüştəbehlik, yoxsa gerçəkdən ƏSGƏR qiyafəsiylə ƏTRAFA vətənpərvərlik hissinin aşılanmasına edilən cəhd!? Bildiyim o idi ki, artıq mən arzularımın qanadları üstündə göyün yeddinci qatındaydım. Yeriyəndə qamətlmi dik tutur, döşümü də qabağa verirdim. Oturanda da şax oturub təmkinli görünməyə çalışırdım. Azərbaycan Əsgərinin gerçək obrazını təqdim etməyə çalışırdım...


Yenə də İltifat kişinin ikarusundaydım. Yenə də qabaq sıralardan birində oturmuşdum. Bu dəfə radio deyil, radiodan fərqli olaraq gerçəkliyi mən danışırdım. Hərdənbir sürücü İltifat kişi də danışıqlarıma müdaxilə edib rəhmətlik dədəmlə bağlı zarafatlarıyla söhbətimizə sanki istiotla düz əlavə edirdi: "Bunun dədəsi Leninqradın Ermitaj muzeyində saxlanılan Yardımlı meteoritini tapıb göstərən kişidi. Bunun dədəsi o vaxtı soveti bəyənməyib qranisi pozub Irana keçmək istəyən kişidi. Bunun dədəsi Qaqarinə inanmayan kişidi"- deyib, dədəmin ünvanına şux zarafatlarla danışırdı....


Etika xatirinə mən də hərdənbir dodaqlarımı qaçırır və nəsə deyirdim. Amma fikrim məni lap uzaqlara aparırdı...


Xəyallarım minillərin o tayından çapıb gəlirdi. "İkarus" adlı şeytan arabasını özümə möhkəm at bilirdim. Minillərin o tayından türk övladı olaraq bu atı əhliləşdirməyimin qürurunu yaşayırdım. O yaşantılarımda zamanında 3 qitəyə hakim olan Xaqan babalarımın dünyanın o başından bu başına çapdıqları atın töyşüməsi yox idi, amma kişnərtiləri qulağımdaydı. Sanki sinəmdə döyünən də ürək deyil, o Atların ayaq səsləriydi. Bakıdan Yardımlıya doğru uzanan yolda keçdiyimiz rayonlar da mənə TARİX boyu yaradılan 32 İMPERİYADAN 21-nin sahibinin babalarımızın olduğu iftixarını yaşadırdı. Hərdən mənə elə gəlirdi ki, bu yolun bitməsi biz 2 milyon 400 min kvadrat kilometrlik bir ərazini dolanmalıuıq....


Fəqət bu günün gerçəkliyi başqa şeylərdən xəbər verirdi.


O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, türklər dövlət qurmaqda və öz dövlətlərini çıxmaqda dünyanın birincisidir.
O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, şah balamız Xəttinin qurduğu o 2 milyon 400 min kvadrat kilometrlik ərazidən bizə qalan 68 min kvadrat kilometrdir.


O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, dünyada elə bir xalq yoxdur ki, bütün tərəfdən öz tarixi torpaqlarıyla həmsərhəd olsun...


Beləcə ətrafda baş verənlərdən, söhbətlərdən də xəbərsiz idim. Hətta yanında əyləşdiyim xanımın yemək üçün mənə etdiyi təklifi belə eşitməmişdim. Hansı ki, belə məqamlara həssas olan birisiydim...


Xanım qızın "sizə nə olub?" deməsiylə qabaq oturacaqda əyləşən yaşlı bir kişinin "a köpəy uşağı, hey. Bayaxdan nə başimi xarab eleyibsüz, canuz da çıxsa, o müharibəyə siz gedəceysüz. Varrunun uşağı heç vaxtı oriyə getmiyəcey. Bax elə ara qarişib məssəb itən kimi varrunun uşağı oturub samalyota hara istəsə uçacey. Bə sən hansı pılnən gedəceysən xaricə? Deməy sənün iki yolun var: ya erməni səni küriyib tökəcey Xəzərə, ya da sən ermənini çıxduği yerəcən qoub aparmalusan. Ən yaxşisi də ikinci yoldu. Budu ə, məşalla, heç tanimiyəm də, kimdü, kimlərdəndü, hanki kətdəndü, Allah saxlasun, həmmüz bax bu kişi kimi geyinib müharibəyə getməlüsüz. Başa düşdüz, hə, day dinmöün...İltifat, sür e, sür, başüə dönüm, axşam oldi"...
Mən sanki yuxudan ayıldım. Artıq Masallının Şıxlar kəndini keçib meşəliyə girmişdik. Yanımdakı xanıma üzrxahlıq, yaşlı kişiyə təşəkkür edəndə həm də bir az utandım. Amma bu utancaqlığın da hardan gəldiyini heç bilmədim. Nədən utandım, bilmədim...


Bəlkə də belə xoş xəyalların qarşılığında indi boynu bükük hala düşmənimiz idi məni utandıran, yoxsa başqa səbəblər var idi....Bax bunu bilmədim.


Bütün meşə yaşıl örpəyə bürünmüşdü. Bir zamanlar Xəlil Rza Ulutürkün "Rüstəmxanlı şəlaləsi" dediyi Təkdam şəbəkəsinə çatmışdıq. Avtobus saxladı. Günahlarımı yuyurmuşçasına düşüb üzümə su vurdum. Sanki baş verənlərin səbəbkarı mən idim. O xanım da yanımda idi. Mənə olan sual dolu baxışlarında həm heyrət var idi, həm mərhəmət. Həm məsumluq var idi, həm də qəzəb...Və həm də nifrətlə sevgi çulğalaşmışdı o baxışlarda...amma nə O, nə də mən adam kimi öz içinizdən keçənləri bəyan edə bilmirdik. Sözün düzü, mən artıq xəyallarımda kənddə idim - mənə doğma ikən yad görünən kənddə...


Xəyalımda gah doğmalarımla söhbət edir, gah tələbə yoldaşlarım olan Ostayırlı Vasiflə Çayüzüdən olan Familin yanına gedib ƏSGƏR paltarıında şeşəllənirdim...


Hətta bu arada Daşkənd başına qalxıb minillərin tarixinə şahidlik edən qədim Avarağı da seyr edirdim. Ayaq izlərimi Yardımlının bütün daşına, kəsəyinə köçürmək istəyirdim....


Kimsə "İltifat, burda saxla, şeyidə nəzir verim" deyəndə ayıldım ki, artıq mən Sırıq kəndindəyəm. Məktəbin yanında avtobusdan düşəndə o xanım mənə "döyüşdən qayıdanda xəstəxana tərəfə də fırlan, mənə döyüş xatirələrindən danış" dedi. Mən də "döyüşdən qayıdandan sonra istəsən toyuma çağıraram səni" dedim. Avtobus gözdən itənə qədər o mənə, mən də ona baxmışdım...


Əsgəri xidmətə yollananda da baxışların beləcə sonsuzluğa zillənmişdi, indi də belə oldu. Demək ki, "hələ məni qarşıda gözləyən var" deyə düşünüb birnəfəsə piyada kəndə çıxmağa qərar verdim. Bu, həm də cəbhədən öncə özümü dağ yolunda sınamaq idi. Hələ bilmirdim ki, yaxın günlərdə komandirim olacaq kəlbəcərlı balası Rəhman İsgəndərov da bizi Murovun zirvəsinə qalxanda bax elə belə sınayacaqmış...

QARA ÇARŞABLI QIZCIĞAZIN GÖZ YAŞLARI VƏ ONDAN DUYULAN OĞUL ƏTRİ

Vaxt az olduğundan kəndə tez qalxıb yaxınlarımın yanında bir az çox qalmaq istəyirdim. Bizə 3 gün vaxt verilmişdi ki, gedin doğmalarınızla görüşün. Mənim işim lap Allaha qalmışdı - Bakı ilə Yardımlı arasında vurnuxurdum. Təzə nişanlanmışdım deyə mənim həm də Bakı Həsrətim var idi...


Kəndə piyada qalxa-qalxa Bakı Həsrətimlə bağlı içimdə çəkdiklərimi, düşüncələrimi evdəkilərə necə anladacağım barədə götür-qoy edirdim. Bütün deyəcəklərim beynimdə bir nizam halındaydı. Artıq çıxış yolunu da tapmışdım. Bütün istəklərimi, bütün duyğularımı özümdən iki yaş böyük olan bacıma anlatacaqdım. Gerisi onluq idi...


Yoxuşu qalxdıqca gözümün önünə erməni əlində olan yurddaşlarım, onlara verilən işgəncə, onların məruz qaldıqları təhqirlərin fonunda Səriyyə Müslümqızının HARAYI gəlir, xəyallarımda özümü qisası obrazında görür, gah Qalib Əsgər, gah da Şəhid kimi zənn edirdim.


DÜŞÜNÜRDÜM Kİ, Şəhid olsam qara çarşablı bir qız qəbrimi ziyarət edib göz yaşlarıyla sinə daşımı yuyacaq.
DÜŞÜNÜRDÜM Kİ, o qəbirin olduğu məkan həm də nənəmlə, başqa doğmalarımla mənim Bakı Həsrətimin -nişanlımın görüş yeri olacaq.


DÜŞÜNÜRDÜM Kİ, nənəm öz balasının ətrini GƏLİNLİK libası geyməyən, duvaq üzünə həsrət qalan, əvəzində bir ömürlük qara çarşaba bürünməyə məhkum olan o nakam gəlinindən alacaq...
Bizə verilən o bir gün ərzində evdəkilərə həm də bunu anlatmalıydım...

"ERMƏNİ GÜNAHI" VƏ NƏNƏMİN GÖZ YAŞLARI

Söhbət yolun qayçısıymış. Məni içimdəki "mən"imlə söhbətimdən ayıran kəndin girişində üstümə cuman itlərin hürməsi oldu...
Kəndimə qayıtdım və artıq kəndimizə qayıtmışdım...


Həyətə girəndə məni ilk qarşılayan həmişəki kimi zindanın üstündə nəsə döyəcləyən rəhmətlik dədəmin baxışları oldu. Çiyninin üstündən ani olaraq mənə baxıb yenə də işinə davam etdı. Əvvəlcə tanımamışdı, sonra təzədən mənə baxıb "sən də amonçu olmusan?" deyə sual etdi. Səsə nənəm gəldi. O da əvvəlcə duruxdu. Sonra boynumu qucaqlayıb o üzümdən, bu üzümdən doyunca öpüb "Tapdığın oğlu özin kəndün qızdarinə göstərməgə gəlib diyəsən. Bacım dərhal müdaxilə edib "ay nənə, qağamun gül kimi nişannusu var Bakidə, özün kimə göstərəcey e? "Deyib o da boynuma sarıldı. Bir az keçəndən sonra bütün qohum əqrəba axışdı bizə. Mən də olub olacaqları anlatdım hər kəsə, "gəldim ki, sizlərlə vidalaşım" dedim. Elə deyəndə " oğlan, səni Allah bəsdü e" deyən nənənin gözlərindən axan yaşı gördüm. Bacım ona " ay nənə, sən nöş ağleysən e?" Deyib özü də bir bucağa çəkildi. Nənəm həmişəki kimi yenə də nədəsə dədəmi günahlandırıb " Tapdığun gör heç vecinədü" deyəndə o da həmişəki cavabını verdi: "sizi and veriyəm Fatinün dədəsinün cəddinə, görün məndə günah var ki, bu Əsədün qızı genə düşdi mənim üstimə?". Onda Qəzənfər qağam zarafatyana dedi ki, əmi günah nə səndədü, nə də başqasında. Günah ermənidədü ki, İgidi bu paltarı geyməyə məcbur eleyib....
Ortaya bir sükut çökdü....


Artıq hər kəsə hər şey bəlli idi....
Hər kəsin gözü sonsuzluğa zillənmişdi...

ARİF PAŞANIN TİMSALINDA BÜTÜN CƏBHƏÇİLƏRƏ NİFRƏT ETDİM

Bakı həsrətimlə bağlı duyğularımı da bacıma bildirmişdim. Və onu da bildirmişdim ki, Bakıda bizim qərargah var, döyüşçü ailələri həmin qərargah vasitəsilə öz doğmalarıyla əlaqə saxlaya biləcəklər: "Nəsə lazım olarsa onlarla əlaqə saxlaya bilərsiniz, axı onların məkan baxımından həmin qərargahla əlaqə saxlamaq imkanları daha böyükdür" demişdim bacıma...


Beləcə bir günü başa vurub yenidən Bakıya yola düşdüm. Dədəmlə nənəm hələ də inanmırdılar, hətta yola düşəndə belə həmişəki gedişimdə olduğu kimi mənimlə görüşdülər...


Şirin xəyalların qoynunda Bakıya çatdım. "Azneft"də düşüb qərargaha baş çəkdim.. Qərargahın giriş tərəfində dayanmışdım ki, gördüm bir UAZ markalı maşın dayandı. Maşının içindən hərbi geyimdə, belində pistolet, idmançı görkəmli şüvərək bir oğlan düşdü. Ağacın yanında 3-4 nəfər dayanmışdı. Həmin UAZ-dan düşən oğlan bu 3 nəfərə yaxınlaşıb onlardan birinə möhkəm şillə vurub sonra içəriyə, qərargaha keçdi. Onun kimliyini soruşanda "Laçın batalyonunun komandiri Arif Paşadır" dedilər.


Mən xalq hərəkatının əsas simalarından biri kimi Arif Paşanın adını eşitmişdim, ancaq özünü görməmişdim. İndi gördüm bu Adamı. Amma nə o adamın kim olduğunu bildim, nə də Arif Paşanın o adamı nədən ötrü şillələdiyinin nədənini bildim. Və həm də mən belə bir dönəmdə bir batalyon komandirinin Bakıya gəlib meydan sulamasını heç bəyənmədim. "Ermənilər Laçını alıb, bu da gəlib Bakıda qoçuluq edir" deyə düşünüb Arif Paşanın timsalında bütün cəbhəçilər nifrət etdim.


Qərargahda Maarifə yaxınlaşdım, mənə dedilər ki, get, sabah qərargaha gəl. Mən də buradan çıxıb öncə Qaraçuxura, oradan da Günəşliyə getdim...

"ERMƏNİ" KOMANDİRLƏR, RÖVŞƏN CAVADOVUN SEÇİMİ VƏ...

Dəqiq tarix yadımda olmasa da, səhv etmirəmsə, mayın əvvəlləri idi. Bizi hər gün qərargaha toplayır, əsgəri sıraya düşür, oradan da nə üçünsə elə hey Müdafiə Nazirliyinin qarşısına aparırdılar.
Komandirlər də tez-tez dəyişirdi, heç uşaqlardan onları tanıyan da yox idi. Bir eynəkli adam var idi, bizə təqdim etdilər ki, bu, sizin komandiriniz olacaq. O adamın verdiyi əmrlərdən, davranış tərzindən də hiss olunurdu ki, bu, döyüş adamı deyil. Üstündən iki gün keçməmiş gördük ki, bu adam da yoxa çıxdı. Dedilər ki, həmin adam erməni çıxıb. Sonra birini də gətirdilər. Onun da "anası erməni" çıxdı...


Bu arada bizi hələ Üçtəpəyə aparmamışdan qərargaha Rövşən Cavadov gəlmişdi.


Rövşən Cavadov uşaqları cərgəyə düzdürüb boyu 1 metr 75 santimetrdən çox olanların sovet ordusunda hansı hərbi hissədə xidmət etdiklərini soruşurdu. Kim ki, aviasiyada, desant hərbi birləşmələrində, dəniz və piyada qoşun hissələrində xidmət etmişdisə onları seçirdi. Onun dediyinə görə Azərbaycandan 50 nəfəri seçib Türkiyəyə göndərmək planı var. Bu 50 nəfərlik dəstə də Türkiyədə zabit kurslarına yönləndirilmək üçün xüsusi baxışdan keçiriləcək. Adlar qeyd olundu. Mən də o qrupun içində idim....


Adlar qeyd olunandan bir neçə gün keçmişdi ki, bizə dedilər ki, hazırlaşıb, gedirsiniz. Bilirəm ki, mayın axırları olardı. Bünyad Sərdarovdakı evlərdən birində yaşayan ağbirçək xanım toplaşdığımız həyətdəcə bizi bir-bir Quranın altından keçirdi. Sonra Axundov parkının yanında dayanan avtobuslara doluşduq. Onda mən elə bilirdim ki, birbaşa cəbhəyə yollanırıq. Çoxunun doğmaları onda yolasalma mərasimində iştirak edirdi. Heç kimə xəbər etməmişdim deyə qohum əqrəbadan orada heç kim yox idi. Beləcə maşınlar yola düşdü. DAŞQININ oxuduğu "Bəlkə bu yerlərə bir də gəlmədim" mahnısı indi də qulaqlarımdadı.
Bakıdan çıxandan sonra mən bildim ki, bizi Üçtəpəyə aparırlar...

GÜLƏ-GÜLƏ EDİLƏN VƏSİYYƏT

Üçtəpədə bizi kazarmaya yerləşdirib əsgəri qaydalarla yaşamağı təlqin edirdilər. O zaman könüllülər müəyyən mənada bundan narazı olsalar da, ancaq barışmaq məcburiyyətində idik. Səhv etmirəmsə orada da bir dəfə bizim komandir dəyişdirildi. Gündəlik müntəzəm məşqlər gedirdi...


Günün birində qohumlardan səhv etmirəmsə, Rəhman Üçtəpəyə gəlib mənim üçün bir günlük icazə aldı. Müşfiqabada getdik. Evə çatanda gördüm ki, qohumlar oradadılar. Orada olduğum gün mənim üçün göydəndüşmə oldu. Gülə-gülə VƏSİYYƏTİMİ edirdim. Şəhər Üçtəpəyə qayıtdım. Yenə də eyni rejimlə günümüzü keçirirdik. İdman və güllə atıcılığı, təlimlərlə başımız qarışdırılırdı. Uşaqlarsa döyüş tələb edirdilər. Hətta bir dəfə birimizi tökmək üçün Sumqayıta dənizə də yollandıq. Qayıdanda yolda ziyalı görkəmdə, əlində papka olan Gəncəli də bizimlə qarşılaşdı. Qərargahdan mən onun adını eşitsəm də, mən Gəncəlini görməmişdim. Uşaqlar "Laçın batalyonunun formalaşmasına, yaranmasına pul buraxan budur, milyonerin biridi, özü də "Molla Nəsrəddin" jurnalı buraxır" deyib onu mənə tanıdırdılar. Mən də özlüyümdə jurnalla necə milyoner olmaq olar düşünürdüm...

ÇAYKƏNDDƏN MUROVA QALXAN YOLDA İLK SINAQ

Bu arada yenə də bizi evə buraxdılar ki, gedin sağollaşın. Bu dəfə mən kəndə gedə bilmədim, sadəcə qohumlarımla görüşə bildim...


Dəqiq tarixi unutmuşam. İyunun əvvəlləri olardı. Bizi yenə də avtobuslara doldurub Üçtəpədən döyüş bölgəsinə yola saldılar. Yol boyu yenə də "Bəlkə bu yerlərə bir də gəlmədim" mahnısı...kimiinin buna iradı...kimiinin buna təkidiylə yolu "qayçılayırdıq"....


Maşınlar Çaykənddə dayandı..." Sürücülər "buradan o tərəfə bizik deyil" dedilər. Orada bir az dincələndən sonra piyada yola düzəldik. Bunun niyə belə edildiyini anlamadım. Və həm də sevindim. Dağ uşağı olduğumdan bu yoxuşu qət etmək mənə su içimi kimi görünürdü. Həvəslə yuxarı qalxırdım. Yolboyu uşaqları ötüb keçdikcə hərə bir söz deyirdi. Hətta bəziləri "elə belə edirsiniz ki, bunların da ayağı yer alıb bizi piyada aparırlar da" deyə mənimkimilərə bir az da nifrətlə baxırdılar. Çox sonralardan biləcəkdim ki, bu, komandirimiz Rəhmanın ilk sınağı olub.


Murovun zirvəsinə uzanan yolda rastlaşdığımız mənzərələr bizə çox şeyləri deyirdi. Bir-birini əvəzləyən qoyun sürülərini qabağına qatıb gətirən mülki əhali Laçına doğru gedən əsgərləri salamlayır, bizi piyada apardıqlarına görə hərbi və siyasi rəhbərliyi söyüşə, qarğış "qonaq" edirdilər. Bir xeyli yuxarı qalxandan sonra bizə dedilər ki, kamaz və zil maşınlarına minin. Yuxarı qalxdıqca Murovun sərt üzünü, sıldırım dağları görən şəhər uşaqları maşının içinə otururdular. Yolun ətrafında elə yerlər var idi ki, 2-3 metr uzunluqda buzlar sallanırdı. Yarıya qədər qalxmışdıq ki, Murovun başını ağ örpəyə bürünən gördük.


Maşın zirvənin başından üzü aşağı enəndə uşaqların tam əksəriyyəti başıaşağı gələn maşında oturmaqdan vaz keçib piyada enməyə üstünlük verdilər...

BƏXTİYAR CAVADOVUN ZÜLFÜQARLI, BİZİM QILINCLI SƏFƏRİMİZDƏKİ MÜƏMMA

Kəlbəcərin füsunkar gözəlliyi adamı özünə valeh edirdi. O kəndlərin insanları bizi gördükdə sanki alınlarının qırışı açılırdı. O baxışlar adamda qürur hissi oyadırdı....
Bizi Zülfüqarlı kəndinə gətirib məktəb binasında yerləşdirdilər. Əgər buna da "yerləşdirmə" demək mümkünsə. Hərə bir yerdə özünə sığınacaq tapdı. Mən də döşəməsi çürüyüb gedən idman zalında nəmişkən bir idman döşəyinin üstündə özümə yer elədim. Bizi Zülfüqarlıda bir neçə gün saxladılar. Ancaq niyə saxlayırdılar, bizə bəlli deyildi. Əsgər üçün verilən quru yeməklərimizdən yeyirdik. ..


Mən günün birində Laçının ağsaqqallarından olan Bəxtiyar Cavadovu orada gördüm. 3-4 nəfər tanımadığım adam da var idi yanında. Rövşən Cavadovun atasıgil ora niyə gəlmişdilər və gəlib hansı məsələni çözdülər, heç indiyə kimi olsa da, bu, mənə bəlli deyil...


Arada yuyunmaq üçün bizi İstisuya da apardılar.


Zülfüqarlıda bir neçə gün qalsaq da bizə silah verilmirdi. Uşaqlar buna görə narazılıq etdilər ki, bəs biz döyüşməyə gəlmişik, nədən bizi burada saxlayıb silah vermirlər? Belə narazılıq yarananda qərara gəlindi ki, piyada da olsa 701 nömrəli briqadanın qərargahının yerləşdiyi Qılıncla kəndinə gedək. Və belə də oldu. Biz tunelə çatanda qarşımızı UAZ markalı maşın kəsdi. Onda mən sifətdən heç kimi tanımırdım. Maşından bir polkovnik düşdü, yanında əlavə maşın və başqa zabitlər də var idi. Dedilər ki, bu, briqadanın komandiri polkovnik ZADİR (o zaman biz onu Zaur kimi tanıyırdıq) Rzayevdir. Bu polkovnik əvvəlcə gah rusca, gah azəri türkcəsində əsib covurdu. Bir zabitin könüllülərlə bu tərzdə danışması uşaqlar tərəfindən də sərt qarşılandı. Danışıqlar tədricən yumşaq məcraya keçəndən sonra qərar verildi ki, hamı qərargaha getməli və orada silahlar paylanılmalıdır. Belə də oldu. Əsgəri xidmətdə qranatamyotçu olduğumu bilib mənə qranatamyot verdilər..
Təzədən səhv etmirəmsə, biz Zülfüqarlıya qayıtdıq. Və oradan da maşınlara minib Laçın rayonunun şimal istiqamətinə doğru yola düşdük. Yol boyu dağların yuxarı yamaclarında ot biçən kəbəcərlilər bizə əl edib uğurlu yol, qələbə arzulayırdılar....

VƏ BİZ QORÇU KƏNDİNƏ GƏLDİK

Və nəhayət biz Kəbəcəri adlayıb LAÇIN ərazisinə şimal istiqamətdən daxil olduq. Qorçu kəndinə gəldik.
Ilk olaraq rastlaşdığım səhnə heç zaman yadımdan çıxmayacaq....

(ardı var)

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qadının ən gizli orqanının sirri açıldı

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…