İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

00:32 12-10-2019 | icon 217 | Şəhidlər və şahidlər
İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

RUS ZABİTİYLƏ DANİELYANIN QARABAĞLA BAĞLI AÇIQ MƏTNLİ MESAJI

 

I hissə

...Əslində mənim 713-ə gələn yolum 1987-ci ildən başlamışdı - hələ sovet ordusu sıralarında xidmət etdiyim andan. O zaman xidmət etdiyim Uzaq Şərq Dairəsində əsgəri olduğum motoatıcı polkda erməni Danielyanla dava ilə sonuclanan mübahisədən başlamışdı bu yol. Danielyan o zaman mənim "qara millət"dən olduğumu görüb "ara, hayes, turkes?" sualıyla mənə yaxınlaşanda rusca ona bir az da kobud sözlərlə "nə türk, nə hayes, mən azərbaycalıyam" demişdim. O da mənə ikrahla baxıb cavabında "ladna, ....s vami" söyləmişdi.
Bu da mənə çox pis təsir etdi.


Danielyan gənc çağırışçı idi. Həm də idmanın ağırlıqqaldırma növü ilə məşğul olmuşdu, mütənasib bədən quruluşu da var idi. Elə mən özüm də o zaman karatenin şotokan növüylə məşğul olurdum. Ona cavabım özünü çox gözlətmədi. "Yokogeri" deyilən fəndlə Danielyanın düz hulqumuna zərbə endirdim. Adam yerə yıxılıb pırtıldamağa başladı. Bunu özünə gətirəndə qalxan kimi rusca ".. mən səni ....Dayan, dayan, siz türklərdən biz ermənilər Qarabağı alanda mən səni ....Siz ....., siz işğalçısınız. Biz sizdən Qarabağı .....alacağıq" dedi....


Məni dəhşət bürümüşdü. Nə türk, nə Qarabağ!?..


Bunu dərhal götürüb ştaba apardılar...


Bizim ştabın rəisi də erməni idi. Komandir rota Belokonenko əmrləri icra etmədiyinə görə onsuz da mənimlə düz demirdi. Bundan sonra mənə bir az da yanıqlıq verib "daha mənə ehtiyac qalmadı, indi səni ermənilər...." dedi. Mən də çox pis söyüşlə cavab verdim. Axşam da həmişəki kimi "qaubvaxt"a xlorlu suyun içinə getdim....
Sonradan həmin ermənini başqa batalyona apardılar. Mənisə 4 ay 12 gün "sındırmaq" üçün o şəraitdə saxladılar....


Heç bir xeyri olmad. Artıq bütün komandir heyətilə dostlaşmışdım. Məni "strelba"ya da aparanda Belokonenko bizimlə getmirdi. Belokonenko guya mənə zülm kimi çəkisinə görə ağır silah vermişdi - qranatamyot. Mənə də qranatamyot öyrədən erməni millətindən olan Lalayan idi. Qranatamyotçular həm də AKS və pistoletdən də atəş açırdılar. Belokonenkoya bildirmişdim ki, fürsət düşən kimi tribunalı göz önünə alıb birinci atəşi sənə açacam...


1988-ci ilin soyuq yanvar ayı idi. Möhkəm qar yağmışdı. Bizdə qış təlimi başlamışdı. Mənə də bildirdilər ki, sən də təlimə gedəcəksən. Ayaqlarım xlorun içində dayanmaqdan dizə qədər şişmişdi. Eləcə təlimə getdim. Komandir heyəti mənim bu halımı görüb həm də bir az rəğbət bəslədilər mənə. Mən qranatamyotdan ümumu yarışlarda birinci yeri tutdum Sonda Uzaq Şərq Hərbi Dairəsində bizim rotadan olan xaxol Koval avtomatda birinci, mən də qranatamyotda ikinci yeri tutdum. Və beləcə Belokonenkoya ikinci dərəcəli Suvorov ordeni verdilər. Bax onda Belokonenko mənə dedi ki, "sən bu qranatamyotu çox yaxşı edib öyrəndin, "qrajdanski" həyatda bu, sənə çox lazım olacaq". Bir anlığa duruxdum ki, bu, nə gicləyir. Belokonenko özü də Bakıda doğulmuşdu, məni təpiklə vuranda anasını azərbaycanca söyəndə bunu bilmişdim. Bu mənə o sözü deyəndə aylar öncə Danilelyanın mənə dediyi sözlər yadıma düşdü. Artıq onda Danielyan yox idi. Spitakda rus ordusunun törətdiyi zəlzələdən sonra SSRİ-nin o zamankı müdafiə naziri əmr vermişdi ki, hansı erməni ailəsi zəlzələdən zərər çəkibsə, o ailədən olan əsgər evə buraxılsın. Ancaq bunu əsas götürərək bütün erməni əsgərlərin hamısı ordudan tərxis olundu....

 

ÖZÜM ÖZ GÖZÜMDƏN YIXILMIŞDIM....

 

Sözün düzü o zaman mən Xocalıdan öncə Daşaltıda baş verən uğursuzluqdan da tam məlumatlı deyildim. Fevral ayının 28-i idi. Mən Yardımlıdan İltifat kişinin idarə etdiyi "ikarusu"la Bakıya gəlirdim. Qabaq sıralarda oturmuşdum. Sürücü İltifat kişi də radioya qulaq asırdı. Mənim də döşümdə Cəbhənin nişanı var idi. Rəhmətlik dədəmi də yaxşı tanıyırdı. Birdən İltifat kişi mənə sarı dönüb "yenə də qırdırdılar camaatı, bə sizinkilər nöş dayanıb durublar" dedi.


O, "sizinkilər" deyəndə cəbhəçiləri nəzərdə tuturdu. Dedim nə olub ki? Dedi ki, Xocalıda böyük qırğın olub, radio deyir ki, "bizim tərəfdən 2 nəfər adam ölüb. Yalan deyir bu oğraşlar"...


Bir anlığa avtobusa sükut çökdü....Sonra söyüş, qarğış mərhələsi başladı. Ayaz Mütəllibovla Əbülfəz Elçibəy başda olmaqla həm də hərəkatın bütün aparıcı üzvlərinin ünvanına səslənən söyüşlə qarğışın biri bir qəpikdən göyə sovrulurdu.


Heç səsimi də çıxarmırdım. Xəyalım məni Uzaq Şərqə aparmışdı. Danielyanla Belokonenkonun o vaxtkı söhbətləri yadıma düşür, boyumun da tədricən balacalaşdığını hiss edirdim. Ətrafa baxmağa utanırdım. Mənə elə gəlirdi ki, hər kəs bu söhbətin şahidi olub və indi hər kəs mənə nifrətlə baxır. Gizlincə sinəmdəki Cəbhənin nişanını da çıxarıb cibimə qoymuşdum. Özüm öz gözündən yıxılmışdım...

 

TAPDALANAN QÜRURUMUZA OXUNAN AĞI

 

Beləcə avtobusla Bakıya gəlib çıxdıq. Mən Bakıya gələndən sonra o zaman telestudiyada işləyən tələbə yoldaşımdan baş verənlərlə bağlı soruşanda bunun rəsmi informasiya olduğunu, gerçəyinsə bam-başqa olduğunu vurğuladı. Onun da deməsinə görə ziddiyyətli xəbərlər gəlirdi...
Sonradan məlum oldu ki, o zamankı Ayaz Mütəllibov hakimiyyəti əsil gerçəyi gizlədib ki, hakimiyyət uğrunda gedən iç savaşda üstünlüyü əldən verməsin. Paralel olaraq o zamankı cəbhəçilər də bir çox hallarda əsil gerçəyi deyil, daha ziddiyyətli məlumatlar verirdilər...
Bu olaydan sonra mən birmənalı şəkildə kənddən gizli olaraq orduya getməyimə bağlı qərar qəbul etdim...
Məhz belə günlərin birində ""Günün ekranı" xəbərlər proqramından saçları pırtlaşıq halda olan bir qız üzünü Azərbaycan Kişisinə tutub tapdalanan heysiyyatımıza ağı deyir, hər kəsdən bu qisasın alınması üçün silaha sarılmanı istəyirdi.

 

XƏYALIMDA SON VƏSİYYƏTİMİ EDİRDİM...

 

Mən sonralar biləcəkdim ki, bu haray çəkən xanım o zamankı "Xocalının səsi" qəzetinin müxbiri Səriyyə Müslümqızı imiş...


Onda mən Yeni Günəşli qəsəbəsindəki "Q" massivində iki nəfərlə kirayədə qalırdım. Daha doğrusu, biz iki nəfər kirayədə qalırdım. O biri oğlansa belə demək mümkünsə, bizim qonağımız idi.


Səriiyyənin harayını eşidən kimi ani olaraq günü sabah cəbhəyə yollanacağıma tam qərar verdim....


Onda bizimkilər təzəcə nişan aparmışdılar ki, tezliklə məni evləndirmək istəyirdilər. Bir yandan bu, həyətimizdə ilk toy olacaqdısa, başqa bir yandan da ortalıqda qoca cicəmin (bizdə nənəyə cicə, anaya nənə, bacı da deyən var) arzusu idi ki, ölməyib mənim toy plovumu yesin. Cicəm ağır xəstə olduğu üçün bu işi tezləşdirib onun da öz əhdinə çatmasını istəyirdilər...


Qərəz mən fikrimi otaq yoldaşlarıma bildirəndə onlar elə bildilər ki, mən zarafat edirəm. Mənim "sabah tezdən durub gedək Müdafiə Nazirliyinə?" sualıma "yaxşı, yaxşı" deyib yatdılar. Demək olar ki, şəhərə kimi yatmadım. Bütün günümüz, bütün güzəranımız, bütün olmuşlar, bütün olacaqlar gözümün önündən bir qısametrajlı film kimi gəlib keçirdi. Xəyalımda nişanlıma öz vəsiyyətimi edib cəbhəyə yollanırdım....

 

MÜDAFİƏ NAZİRLİYİNDƏ MƏNƏ DEDİLƏR Kİ....

 

Şəhər açılar açılmaz çayı qaynadıb bu uşaqları səslədim ki, durun gedək, artıq gecdir. Uşaqlar yataqda fırlanır "məzələnmə də, get başımızdan" deyib yatdılar...


Beləcə mart ayının əvvəlləri olardı. Yollandım Müdafiə Nazirliyinə. Heç bu Nazirliyin giriş qapısını da tanımırdım. İndiki "Parlament" küçəsindəki qapıya yaxınlaşdım. Məni başa saldılar ki, arxa tərəfə keçim. Fırlanıb arxa tərəfə keçdim. Kimə müraciət edəcəyimi bilmirdim. Giriş qapısının sağ tərəfindəki otağa yaxınlaşdım, cəbhəyə getmək istədiyimi bildirdim. Bir mayor mənimlə söhbətləşəndən sonra " sən.......san, atan şikəst kişi, özün nişanlı, işin, gücün, başın xarab olub!?" dedi. Kor-peşiman geri qayıtdım. Axşam otaq yoldaşlarım da məni bir az ələ salıb güldülər. Amma buna baxmayaraq altdan-altdan yollar arayırdım...
Aprel ayının 29-u idi. Yenə də Müdafiə Nazirliyinə yollandım. Həmin mayoru orada görmədim. Fikrimi qapıda duran hərbçiyə bildirdim. Mənə dedi ki, könüllü batalyon formalaşdırılır, amma bilmirəm onlarda yer var, ya da yox. 2 saata qədər orada gəzişib müşahidələr aparır, gəlib gedənlərdən sorğular alırdım. Saat 12-nin yarışı olardı. Bir də gördüm ki, bir vzvod əsgər gəlir, amma bunlar heç də çağlrışçıya oxşamırdılar...

 

GÖZLƏNİLƏN AN VƏ AYRILIQ ANI

 

Bu uşaqlar əsgəri nizam intizamla addımlayıb gəlib Nazirliyin qarşısında durdular. Mən də bunlara həsrətlə baxır və xoşbəxt bir anı gözləyirdim. Və nəhayət o xoşbəxt an gəldi. Birdən gördüm ki, yaşlı bir kişi ağlaya-ağlaya özünü Nazirlikdən içəri salmaq istəyir. Danışığından bəlli oldu ki, onun Elnur adında oğlu bunlardan xəbərsiz elə bu hərbi birliyə könüllü olaraq yazılıb orduya getmək istəyir. Ailədə bir qardaş, bir bacıdılar. Bunu eşidəndə Allaha yalvarmağa başladım ki, ya Rəbbim Sən bu kişinin işini düzəlt, qoy yer boşalsın ki, mən bu vzvoda qoşula bilim. Kişinin işi düzəlsə də, mənim işim düzəlmədi. Mənə dedilər ki, bizdə bu qüvvələri komplektləşdirməyə əlavə qüvvələr var...


"Qara, Qara" deyirdilər, bunların içində bir oğlan var idi. Özü Sumqayıtdan idi, çəkməçi idi. Yaman söhbətcil oğlan idi. Mənə dedi ki, sən get Axundov parkının yanına, orada mən bilən könüllüləri toplayırlar. Bunu eşidər eşitməz dərhal qaçıb gəldim ora.


O zaman indiki Klinik xəstəxana yox idi oralar ağaclıq idi, daha doğrusu, park idi.oradan aşağı enib Axundov parkına gəldim. Parkda cavan oğlanlar oturmuşdular, soruşdum, yerini göstərdilər. Dərhal zirzəmiyə endim. Orada Maarif adında bir oğlana yaxınlaşdım. Və o məni otağa apardı, adımı siyahıya yazdılar. Alışı da ilk dəfə orada gördüm. Dedilər ki, sabah gəlib paltarı götürə bilərsən. Özümü dünyanın xoşbəxt sanır, Danielyanla görüşəcəyim, haqq-hesab çəkəcəyik anı gözümün qarşısına gətirirdim...


Ayın 30-u qərargah deyilən yerə gəlib paltarı geyinib Qaraçuxura getdim ki, xəbər edim. Məni ƏSGƏR paltarında görəndə təzə qohumlar çaş-baş qaldılar. "Hər şey yaxşı olacaq" deyə mən hər kəsə ümid verirdim...
Kazarma şəraitinə keçməzdən öncə bizi evə buraxdılar ki, gedin sağollaşın. Mən də Yardımlıya - kəndə yollandım, sağollaşmağa...

(ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Onu ömürlük həbs cəzası gözləyə bilər

Zərdaba yeni icra başçısı təyin edildi