Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ
Mahir Abbaszadə: “Dialoq mühiti göstərir ki, ölkəmizdə demokratik ənənələr lazımi istiqamətdə inkişaf edir”
“Azərbaycan hakimiyyəti ölkədə siyasi sabitliyin, partiyalar arasında siyasi münasibətlərin normal olması üçün hər zaman lazımi addımlar atır. Məhz 44 günlük Vətən Müharibəsi dövründə milli maraqları siyasi mənafedən üstün tutan bütün siyasi qüvvələr eyni mövqedə oldular. Azərbaycan xalqı hər zaman milli maraqları öndə tutan siyasi qüvvələrin yanındadır”.
Bunu Versus.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə mayın 17-də Prezident Admnistrasiyasının siyasi partiyalarla keçirilən görüşü, əhəmiyyəti və gözləntilərlə bağlı açıqlamasında bildirib.
M.Abbaszadə bu gün qlobal güclərin maraqları müstəvisində yaranan geosiyasi gərginliklər fonunda kimlərinsə birliyimizi pozmağa, guya ölkədə siyasi sabitliyin olmadığı barədə fikir formalaşdırmağa çalışdığını qeyd edib. Eyni zamanda bu cür cəhdlərin uğursuzluğunu önə çəkib:
“Onsuz da siyasi qüvvələr arasında sabitliyinin, sağlam dialoqun olmasını istəməyən xarici qüvvələr müxtəlif yollarla burda özlərinə hansısa antimilli tərəfdaşlar tapırlar. Ancaq Azərbaycan xalqı həmin qüvvələrin kim olduğunu yaxşı bilir. Ətrafında 3-5 nəfərdən başqa heç bir sosial bazaya malik olmayan bu siyasi qruplar sözsüz ki, gələcəkdə fəaliyyətlərini davam etdirə bilməyəcəklər”.
M.Abbaszadə hakimiyyət nümayəndələri ilə siyasi partiyaların keçirdiyi məlum görüşlə bağlı müəyyən nüanslara diqqət çəkib. Qeyd edib ki, bu gün Prezident Admnistrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqədar şöbənin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən bütün siyasi partiyalar özlərinin qarşılaşdıqları, eləcə də cəmiyyətimizi narahat edən problemlərlə bağlı öz fikir və təkliflərini açıq formada ifadə edə bilirlər:
“Siyasi partiyalarla birlikdə keçirilən müzakirələr ölkəmizin siyasi həyatında və siyasi dialoqun genişlənməsi, daha da inkişaf etməsi baxımından vacib və əhəmiyyətlidir. Ortada siyasi iradə var. Azərbaycanın milli və dövlət maraqlarına uyğun olan bütün siyasi qüvvələrlə əməkdaşlıq edilir. Mövcud sağlam dialoq mühiti göstərir ki, ölkəmizdə demokratik ənənələr lazımi istiqamətdə inkişaf edir. Demokratiyanın inkişafı nöqteyi-nəzərindən vacib olan addımlar bundan sonra da atılacaq”.
M.Abbaszadə dövlət orqanları ilə siyasi partiyalar arasında keçirilən görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ciddi siyasi sabitliyin, dialoq mühitinin olmasını ifadə edən mühüm hadisə olaraq dəyərləndirib:
“Bu sabitlik cəmiyyətin ayrılmaz hissəsi olan siyasi partiyaların özlərinin də təkmilləşməsi, siyasi fəaliyyətlərinin normal, demokratik mühitdə inkişaf etdirilməsi baxımından zəruri və vacib amillərdən biridir”.
Tahirə Qafarlı
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...