Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ
Ermənistan Baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən yayınması, ardınca Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutması İrəvanın sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycana tarixi torpaqlarımızdan atəş açılması qəbuledilməzdir:
“Rəsmi Bakı sülh prosesinə sadiq qalır, əks halda atəş açan düşmən mövqeləri Azərbaycan Ordusunun cəmlənmiş artilleriya atəşi ilə darmadağın edilməli, həmin mövqelər hər hansı əhəmiyyət kəsb edirsə, orada bayrağımız qaldırılmalı və əsgərlərimiz yerləşdirilməlidir.
Ədalət Verdiyev
Əgər sözügedən mövqelər bizim üçün əhəmiyyət kəsb etmirsə, o zaman oraya erməni silahlı birləşmələrinin yenidən yerləşməsinə izin verilməməlidir. Ermənistan Baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsi fonunda belə bir atəşkəs pozuntusunun baş verməsi gözlənilən idi”.
Ə.Verdiyevin sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşü, telefon danışıqlarından sonra atəşkəs pozuntularının şahidi oluruq:
“Bu proseslərin gələcəkdə təkrarlanmaması üçün Ordumuz adekvat, təsirli və çox səmərəli addımlar ata bilər”.
Hərbi ekspert Səxavət Məmməd isə qeyd edir ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında siyasi gərginlik müşahidə edilir:
Səxavət Məmməd
“Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi, rəsmi Bakının bu addımı İrəvanın sülh danışıqlarından çəkinməsi kimi qəbul etməsindən sözügedən gərginliyi görə bilərik. Ermənistan və Azərbaycan arasında atəşkəs pozulması, gərginlik əvvəl də olub, bundan sonra da baş verməsi istisna edilmir. Atəşkəslə bağlı heç bir müqavilə, sənəd, razılaşma yoxdur. Ona görə də Ermənistanın belə addım atması təəccüblü deyil. Rəsmi Bakı da belə hallara qarşı cavab tədbiri görəcək. Bu məsələ hələ bir müddət davam edə bilər”.
Hərbi ekspertin fikrincə, tərəflər arasında siyasi danışıqlar yox, siyasi gərginlik varsa, bu, hərbi gərginliyə səbəb olacaq:
“Lakin vəziyyət lokal müharibəyə, böyük döyüşlərə gətirib çıxarmayacaq. Ümumi gərginlik qalacaq, zaman-zaman atəşkəs pozula bilər. Tərəflərdən biri itki vermədikcə, hərbi gərginlik pik həddə çatmayacaq. Lakin tərəflərdən biri itki verərsə, bu zaman hərbi gərginlik kəskin artacaq. Regionda gərginliyin olmasında maraqlı tərəflər var”.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ