AzTv-də nələr baş verir? - REPORTAJ

13:29 24-05-2021 | icon 2655 | KİV
AzTv-də nələr baş verir? - REPORTAJ

“Sadəcə rüşvətsiz, korrupsiyasız, dilənçi obrazının olmadığı bir kanal yaratdıq...”

 

Hesablama Palatası "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlama aparır. Bu ərəfələrdə həm də sosial şəbəkələrin bəzi “xəbər ötürücüləri” az qala ictimaiyyətdə belə bir fikir yaradırlar ki, AzTv-də hərcmərçlik, rüşvət baş alıb gedir və daha nələr, nələr... Daha dəqiq söyləsək, televiziyanın sədri Rövşən Məmmədov və digər rəsmilər əsas ittihamların hədəfindədir... AzTv də baş qaldıran bu “təlatüm” nə ilə bağlıdır, dalğanı yaradan xəzridir, yoxsa gilavar?

 

Versus.Az olaraq AzTv daxilində gedən proseslərin mahiyyətini araşdırmaq istədik. Azərbaycan Dövlət Televiziyasının rəhbərliyinə etdiyimiz ilk müraciət adekvat qarşılandı. Uzun illər klassik ənənələri ilə özünə müəyyən qapalı imic formalaşdıran bu Televiziya ilə bağlı reportajımız baş tutdu. Onu da deyim ki, qapalı Cəmiyyətin kənar media mənsublarına qarşı bu açılımını xüsusilə diqqətdən qaçırmaq olmaz...

 

Beləliklə, saat 10:00-da giriş qapısında bizi qarşılayan nümayəndənin müşayiəti ilə AzTv-nin məkanına daxil olduq. İlk baxışdan deyildiyi kimi vəziyyət heç də təlatümlü görünmür, sakit bir iş günüdür, hər kəs öz işi ilə məşğuldur. Ən yaxşı  təsadüf isə AzTv-nin sədri Rövşən Məmmədovun Xəbərlər Departamentinin xəbərçiləri ilə keçirdiyi toplantını izləmək fürsətim oldu. Rəhbərliklə işçilər arasında səmimi bir ortam müşahidə olunur. Xəbərçi qızlar hətta onlara təklif olunan uniformanın dizayn və modelinin dəyişməsinə qədər fikirlərini bölüşürlər.

 

...Artıq planlaşma, görülən işlərin təhlili və ayrı-ayrı məsələlər ətrafında müzakirələr başlamışdı. Xəbərlər departamentinin produsseri Vüsal Qaraca verilişlər, xəbərlər, aparılan reportajlar, eləcə də xəbərçilərin uniformasına qədər görülən işlərlə bağlı məlumat verir və müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini bildirirdi.

 

 

Sonra bayaqdan hər kəsi dinləyən AzTv-nin sədri Rövşən Məmmədov müzakirələrə qoşuldu:

 

“AzTv Azərbaycan televiziya məkanında bütün xəbər kanallarından üstündür”

 

“İnsanın əməli fəaliyyəti onun kim olduğunu ortaya qoyur. Kimlərsə bizimlə uğraşır və bunu niyə edirlər, bilirik. Məqsədləri bizi ruhdan salmaq, fəaliyyətimizə ləkə gətirmək, ortaya qoyduğumuz inkişaf tempini dayandırmaqdır. Sual verirəm: ayrı-ayrı kanallarda işləyən xəbər müxbirlərindən az maaş alırsız, yox! Azərbaycan Televizyasının ortaya qoyduğu məhsul o biri kanallardan zəifdir, əsla! Mən bunu alın açıqlığı, tam səmimiyətimlə deyirəm - AzTv Azərbaycan televiziya məkanında bütün xəbər kanallarından üstündür. Xəbərimiz var ki, o biri kanallar mühüm xəbərlər məhz AzTv-də getdiyinə, bizdən geri qaldıqlarına görə əməkdaşlarını tənqid edirlər. Bu çox fərəhlidir ki, vaxtilə heç kmin baxmaq istəmədiyi, ancaq rəsmi xəbərlər verən AzTv bu gün Azərbaycanda birincidir. Biz bu gün rəqabətdə təkcə Azərbaycan məkanına deyil, regiona çıxmağı qarşımıza məqsəd qoymuşuq və buna da nail oluruq. TRT AVAZ-la bağlantı, ondan əvvəl “Xəbər Qlobal”nan bağlantı, həftə sonu TRT-nin özü ilə bağlantı, Türk Dünyası adlı layihə... İnşaallah bu yaxınlarda Xəbər Qlobalın ən tanınmış mütəxəssisləri 8-9 nəfərlik heyətlə təcrübə keçmək, təlimlərdə iştirak etmək üçün AzTv-yə gələcəklər. Altından xətt çəkərək deyirəm ki, filmlərimizlə, süjetlərimizlə, ortaya qoyduğumuz məhsullarla teleməkanın gözüyük. Şuşada Musiqi Festivalında hər kəs yaxınlaşıb məni təbrik edir, “sağ ol ki, belə bir kanal var”-deyirdilər. Bu təkcə Rövşən Məmmədovun işi deyil, bunu biz sizinlə birgə eləmişik. Sadəcə olaraq rüşvətsiz, korrupsiyasız, dilənçi obrazının olmadığı bir kanal yaratdıq, vəssalam. AzTv-nin əvvəllər necə işlədiyini köhnə işçilər daha yaxşı bilir. Bir süjet, bir qəpiksiz efirə getmirdi. Bütün süjetlərin dasqısı var idi. Xəbərlər ancaq verilən pula görə işləyirdi. Mən özüm də burda işləmişəm. O vaxt, adını çəkmk istəmirəm, qocaman işçilərdən biri mənə material verdi, baxıram, deyirəm müəllim, o materialın içi məlum deyil, siz nə yazmısız? Dedi, əşşi, ver getsin, tamaşaçılar onsuz da başa düşməyəcək. Biz bu cavabları alırdıq. Çünki pulunu alıb, material getməlidir, vəssalam.

Bu gün isə şükr ki, televiziyada normal insani münasibət, rüşvətsiz iş var. Siz televiziyamızın elə bir zamanına gəlmisiz ki, əliniz rüşvətə bulaşmayıb. Bunu qorumaq lazımdır və mənim sizdən yalnız bir istəyim var - peşəkarlıq, yüksək səviyyədə reportajlar, xəbərlər ortaya qoymaq. Geyim, düzgün oturmamaq və yaxud digər belə hallar həll olunacaq ikinci, üçüncü dərəcəli məsələlərdir. İş varsa, problem də var, bundan qaçmaq mümkün deyil. Sizin amalınız dedi-qodulara inanmamaq, keyfiyyətli iş ortaya qoymaqdır. Yenə deyirəm, eşitdiklərinizə yox, gördüklərinizə inanın. İlk gündən demişəm, bu gün də deyirəm ki, hər biriniz bizim dostumuz, əzizimizsiz. Mən efirə xələl gəlməsin deyə, kimsə getsin diksiyasını düzəltsin, kimsə getsin normal paltar geyinsin, kimsə yaxşı reportaj işləsin, kimsə yaxşı otursun deyə bilərəm, bu, normaldır. Bu mənim sizə şəxsi münasibətimi ortaya qoymur. İş prosesində tənqid də olar, töhmət də olar. Belə hallara görə ruhdan düşmək lazım deyil. Yazılan şaiyələrə inanmaq lazım deyil. Əgər burda sosial şəbəkələrdə yazılan kimi mühit olsaydı, belə bir səmimi münasibət olmazdı. Mən məmur deyiləm, mən jurnalistəm. Mənim sizə münasibətim ortada. Ona görə də arada gəzib ortalığı bulandıran hörümçəklərə inanmayın”.

 

Bəlli olur ki, Rövşən Məmmədov sədr postuna layiq görüləndən sonra daha peşəkar kadrların hazırlanması üçün Televiziya və Radio Akademiyasının fəaliyyəti bərpa edilib. Xəbərlər proqramının keyfiyyətini qaldırmaq, günün tələblərinə uyğun video-reportajların hazırlanmasına nail olmaq üçün bəzi gənc jurnalistləri bura cəlb edib. Bu gün Akademiyada təhsil alan gənclər üçün dünyanın müxtəlif peşəkar televiziya işçilərinin təcrübəsindən yararlanmağa imkan yaradılıb.

 

İclasdan dərhal sonra artıq 3-4 gündür AzTv xəbərlər departamentində təcrübə keçən ən gənc xəbərçi Nübar Rzayeva ilə söhbətləşdik:

 

“Burda hər şey yaxşıdır, ürəyimcədir. Ab-hava azad, sərbəst düşüncələrimi həyata keçirmək üçün imkanlar yaradır. İstənilən vaxt məni narahat edən suallara cavab ala bilirəm. Özümə qarşı qayğı və diqqət hiss edirəm. Amma hələ ki, narahatam. İşimin məsuliyyətini anlayıram, qorxuram ki, birdən bacarmaram. Amma görürəm ki, zamanla öyrənəcəm. Bu gün sədrimizin səmimi çıxışlarından sonra bir az da ruhlandım”.

 

Müsahibəyə ən gənc xəbərçidən başlamağımız təsadüfi deyil. Hələ həyat, iş təcrübəsi az olan ən gənc müsahibimin - jurnalistin təəssüratları saxta ola bilməzdi...

 

 

“Regionlarda nə baş verirsə, uğurla izləyirik”

 

Region xəbərləri baş redaksiyasının baş redaktorunun müavini Faiq Novruzov işləri regiondan gələn xəbərləri işləyib hazırlamaqdır:

 

“Bazar günündən başqa hər gün 25-30 dəqiqəlik verilişimiz var. Regionda gedən proseslər, tikinti, abadlıq işləri, kənd təsərrüfatı, aqrar sahənin inkişafı, əhalinin yaşayışı, dolanışığı ilə bağlı xəbərlər bütün səviyyələrdə işıqlandırılır. Bölgələrdəki müxbirlərimiz bizə süjetlər hazırlayıb göndərirlər. Qarabağ zonasına təhkim olunan və yaxud oradakı bölgə müxbirlərimizlə çox sıx şəkildə işləyirik”.

 

"Biz xəbəri seçmirik, sadəcə gündəmi tutmağa çalışrıq”

Region xəbərləri baş redaksiyasının baş redaktoru Elman Əliyev əlavə olaraq qeyd edib ki, regionlardan verilən xəbərlər həmin bölgələrin sosial-iqtisadi həyatını bütünlüklə əhatə edir.

 

“Regionlarda 11 postumuz var. Hamısı müasir səviyyədə təchiz olunmaqla, fəaliyyəti yüksək səviyyədə təşkil olunub. Bu, region müxbirlərimizin operativ şəkildə işləməsini təmin edir. İşçilərimizin peşəkarlığının artırılması ilə bağlı Televiziyanın rəhbərliyi tərəfindən şərait yaradılıb. Biz hər bir informasiyanı vaxtında tuta bilirik. Region müxbirlərimizin təlimlərə cəlb olunmasından tutmuş, fərdi qaydada hər hansı məsələlərin izahına qədər hər şey təmin olunur. Regionlarda nə baş verirsə, onu izləyirik. Biz xəbəri seçmirik, sadəcə gündəmi tutmağa çalışrıq”.

 

 

“Studiyamıza dörd redaksiya daxildir”

 

Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru Xalid Əliyev bildirib ki, studiyaya 4 redaksiya daxildir. Bu, xaricdəki müxbir postları, burda xarici xəbərlərin təhlil redaksiyası, ingilis dili xəbərləri baş redaksiyası və rus dili xəbərləri baş redaksiyasıdır:

 

“Azərbaycan Televiziyasında saat 6:00 da rus dili xəbərləri, axşam saat 24:00-da ingilis dili xəbərləri olur. Bütün efirləri gün ərzində xaricdə baş verən xəbərlərlə təmin edirik. Dünya gündəmində siyasi hadisə olarsa, yenilənməklə verilir. Xüsusən bizə yaxın olan Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya, Şəqri Asiya olaraq Çində, Avropada postlarımız var. Bu porstlarımız Azərbaycanla bağlı bütün məsələləri əhatə edə bilirlər”.

 

 

“Frans-Press Agentliyi Prezidentin çıxışlarını məhz Azərbaycan Televiziyasından alırdı”

 

Beynəlxalq Əlaqələr Departamentinin rəisi Elnar Məmmədov bildirib ki, Azərbaycan Televiziyası dünyanın bir sıra ölkələrinin TV kanalları ilə sıx münasibətlər qurub:

 

“AzTv dövlət televiziyası olaraq bu istiqmətdə məsuliyyətini başa düşür və Departament yaradılmasından keçən qısa müddət ərzində uğurlu işlər aparıb. AzTv-nin TRT daxil olmaqla Türkiyənin bir çox kanalları və Pakistan dövlət televiziyası ilə yaxşı əlaqələri qurulub. Ümumiyyətlə, Türk Şurasına daxil olan ölkələrin hamısı ilə əlaqələr çox gözəl qurulub. Eləcə də Rusiya və MDB üzvü olan digər ölkələrlərlə yaxşı münasibətlər var. Çalışırıq ki, həmin əlaqələri daha aktiv fazaya keçirək. Televiziyamızın ikitərəfli və çoxtərəfli münasibətlərinə gəlincə, burda da ciddi nailiyyətlərimiz var. Biz bir sıra ölkələrlə telekörpü formatında verilişlər təşkil edir, proqram mübadilələri həyata keçirdirik. Azərbaycan Televiziyasının istehsalı olan ayrı-ayrı sənədli filmləri onlara göndəririk. Xüsusən də həmin ölkələrdən alınan filmləri də efirimizdə mütəmadi olaraq nümayiş etdiririk.

O ki, qaldı 44 günlük vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılan hibrit müharibəsində həqiqətlərimizin dünyaya çatdırılması baxımından lazımı işləri görə bilməməyimiz kimi çıxışlara, beynəlxalq münasibətlər anlayışında problem həmişə olub və olacaq. Məsələ problemə necə yanaşmağımızdan asılıdır. Problem ikitərəfli, çoxtərəfli münasibərtlər fonunda dövlətlərin maraqları müstəvisindən yaranır. Strasburqda Avropa ölkələrinin mediası, siyasi xadimləri, parlamentin üzvləri ilə əlaqələrimiz genişdir. Şəxsi ikitərəfli münasibərtlərin əlaqələrimizə təsirinə gəlincə, bu sözsüz ki, öz rolunu oynayırdı. Biz müharibənin getdiyi günlərdə də çalışırdıq ki, Fransanın tanınmış ictimai-siyasi xadimlərini Azərbaycan Televiziyasının efirinə bağlayaq. Hədəfimiz o idi ki, vətən müharibəsinin getdiyi günlərdə davamlı surətdə həmin o kütləvi informasiya vasitələrini məlumatlandıraq. Biz Şuşa, Xankəndi, Dağlıq Qarabağ Muxtar Vilayətinin necə yaranması, tarixi kökləri barədə məlumatlar verirdik. Bu, birbaşa televiziyanın işi olmasa da, bunu özümüzə milli borc bilirdik. Təkcə televiziyalara deyil, Avropa Parlamentinin üzvlərinin e-mail adreslərinə də məlumatlar göndərirdik. Amma bu gün Fransa Prezidenti Makron Qarabağdan xəbərsiz kimi bəyanat verirsə, bu, onun məlumatsızlığından irəli gəlmir. Makronun bəyanatları ilə bağlı dəfələrlə onların jurnalistlərinə suallar ünvanlamışıq. Onlar bunu belə izah edirlər ki, guya orda erməni lobbisinin təsir imkanları böyükdür, hakimiyyətə, parlamentə, məhkəməyə, mediaya təsir edirlər”.

 

 

“Biz, bir-birimizi görür, eşidir, dinləyirik”

 

“Sosial media gündəmi” verilişinin aparıcısı, 1 ildir sosial media ilə işləyən Şaiq Ağayevin sosial mediada gündəmi əhatə edən məsələlərə diqqət çəkib. Şaiq deyir ki, sosial şəbəklərdə gedən məlumatların qısa, lokanikliyi, operativliyi, yayım sürəti ən cəlbedici tərəf olsa da, bəzən də qərəzli, qeyri-dəqiq məlumatları da olur:

 

“Yalan məlumatlar ciddi qəbul olunmasa da, heç bir hüququ əsası olmasa da, insanı bəzən ruhdan salır. Düzdür, çatışmayan bir şey varsa, yazılmalıdır. Tənqid gözəldir, qərəzə, təhqirə yol verməmək şərtilə.

Sosial mediada vəziyyət necədirsə, AzTv-də də elədir. Bu gün AzTv-nin əməkdaşları da sosial şəbəkədən istifadə edir. Sosial şəbəkələr dünyada da azad platformadır, hər kəs ürəyi istəyəni yazır. AzTv-nin sosial mühiti nizamlı şəkildə idarə olunur və biz, bir-birimizi görür, eşidir, dinləyirik. Problemləri şaiyələrlə deyil, müzakirələrlə çözürük”.

 

 

“Dəyişikliyi qəbul etməyənlər qaraguruh yolunu tutublar”

 

Azərbaycan Televiziyasında İctimai-siyasi Proqramlar studiyasının direktoru Sərvər Bayramov adının qalmaqalda çəkilməsinin səbəblərini məhz bu rakusda izah etdi:

 

“Bu gün Audit tərəfindən aparılan yoxlamalara çox normal yanaşılır. AzTv büdcədən maliyyələşən təşkilat olduğu üçün vaxtaşırı bütün qurumlarda olduğu kimi, burda da Hesablama Palatasının Auditi yoxlama aparmalıdır. Onun rəsmi nəticələri həmişə ictimaiyyətə elan olunur. Hər halda gözləmək lazımdır. Məni narahat edən bəzi həmkarlarımızın qaraguruha çevrilməsi faktıdır.

Bu gün Azərbaycan Televiziyasında 2500-dən çox əməkdaş çalışır. Burda gənc nəslin nümayəndələri də var, 30-40 il çalışan, özünə müəyyən mənada bir ənənə formalaşdıran insanlar da var. Biz efir məkanında televiziyalarla ayaqlaşmaq, rəqabətdə qalib gəlmək, özümüzü xarici telekanallarla müqayisə eliyiriksə, formaca müasir, zəngin layihələr, verilişlər təqdim etməliyik. Bu çeviklik tələb edir və heç də hamı tərəfindən razılıqla qarşılanmır. Tamaşaçılar verilişdə baş verən yeni dəyişiklikləri təqdir edirlər. Amma görək vaxtilə AzTv-nin özündə işləmiş əməkdaşları dəyişikliyə adekvatdırmı?

Bizim İctimai-Siyasi Proqramlar Studiyasının 35 nəfər əməkdaşı var. Daha dinamik, sürətli dəyişmək üçün bizə yaradıcılıq potensialı olan, müasir dünyagörüşlü, yüksək intellektli, müasir texnikaya bələd olan kadrlar lazımdır. Biz müəyyən mənada onları tapıb işə cəlb edə bilirik. Dediyim parametlərlə uyğun gəlməyən insanları da işdən çıxara bilmrik. Son 2 il pandemiya dövrünə düşüb və fərdi şəkildə yanaşanda görürsən ki, onun da problemləri, çətinliyi var. Mən deyərdim ki, 35 nəfərin 10-12 nəfəri müasir tələblərlə ayaqlaşmır. Məsələn, 30 il montajla məşğul olan bir şəxs öyrəşib ki, gün ərzində bir verilişi montaj edib, sonra çıxıb gedəcək evinə. Amma yeniliklər olduqca, layihələr artıqca, iş də çoxalır. İş çoxalanda isə köhnə, durğunluq dövrünə alışmış insanlar buna adekvat yanaşmır. Durğunluqdan çıxa bilməyənlər qaraguruhçuluqla məşğul olurlar. Hay-küy salırlar ki, kimlərsə burda yüksək qonarar alır, biz kənarda qaldıq, haqsızlığa məruz qaldıq və sair. Məsələ ondan ibarətdir ki, təkcə İctimai-siayasi Proqramlar Studiyası son 2 il yarımda 11 nəfər cavan kadr işə götürüb. 70-80 faizi AzTv-nin Akademiyasından müsabiqə yolu ilə gələn gənclərdir. Aralarında hansısa universiteti bitirmiş məzunlar və ya jurnalistika fəaliyyəti olanlar da olub. Akademiyada nəzəri bilikləri formalaşandan sonra 1-2 ayda praktik işə başlayırlar. Faktiki olaraq güvəndiyimiz kadrlar da onlardan ibarətdir. Bu gənclərə şərait yaradılır, onlar gecə-gündüz zəhmət çəkib, müqabilində yüksək qonarar alırlar. Onda hansı haqsızlıqdan, kiminsə sıxışdırılmasından söhbət gedə bilər? Cəmiyyətdə heç kəsdən gizlətmək olmaz ki, AzTv-də həmin durğunluq adlandırdığımız dövrdə istər xəbərlərdə, istər müəyyən mənada ictimai-siyasi proqramlar redaksiyasında və digər redaksiyalarda jurnalistika fəaliyyətində də ciddi nöqsanlar yaranmışdı. İnsanlara burda çox aşağı maaşlar verilirdi, 3 il bundan qabaq 250-300 manat əməkhaqqına razılaşıb qalanlar var idi. Həmişə ürəyimizdə bir arzu yaşadırdıq ki, inşaallah bizim bu efir məkanı, xüsusən də dövlət televiziyasında foramalaşmış bu mühit sona çatar. Yaradıcı, sərbəst gənclərə yer verilməsi məsələsi həmişə bizi düşündürürdü. Dəyişiklik bizim  düşündüyümüz bu mərhələni şərtləndirdi. Elə bir mühit yarandı ki, yaxşı mənada hər bir insana ayrı-ayrılıqda şans verilir. Ortalıqda qalıb iş görməyən, sadəcə bura sosial idarə, fond kimi baxan həmkarlarımıza vəzifə qoyduq ki, bir işin qulpundan yapışsınlar. Məsələn, rejissor ştatındadır, amma rejissorluq edə bilmirsə, keçib inzibatçılıqla məşğul ola bilər. Kimlər ki, yeniliyə uyğunlaşdı, onların qonararları, maaşları da uyğun şəkildə artırıldı. Kimlər ki, ayaqlaşmadı, başladılar ictimai rəyi çaşdıracaq açıqlamalar, bəyanatlar, yersiz hərəkətlərlə, qaraguruhçuluq etməyə. Müaşahidə edin baxın, AzTv-də hansı sosail şəbəkələrdə daha çox kimlər yazır. Və ya hansı internet mediasında, saytlarda görürsüz. O saytları açanlar çox təəssüf edirəm ki, vaxtilə bizdə işləyən köhnə əməkdaşlardır.

Adımın qalmaqallarda hallanmasına gəlincə, AzTv-də dəyişikliyə start veriləndə ön cəbhədə yer aldığıma görə hədəfdəyəm. Dəyişiklik zamanı rəhbərliyə dəstək verib, rüşvət jurnalistikası, təmənnaçılıqla hərəkət edən insanlara qarşı ən sərt mövqe tutanlardan biri oldum.

İctimai-siyasi proqramlar studiyasında 12 veriliş, ayrı-ayrı müxtəlif layihələr var. Kifayət qədər sağlam düşüncəli insanlar bizdə nəsə tapıb onu tənqid edə, iradını bildirə bilər. Desinlər ki, məsələn “Əsas məsələ” verilişində bizim ekspert problemimiz var, qonaqlar təkrarlanır. Qoy desinlər ki, dekorasiyalar uyğun deyil, dəyişmək lazımdır. Texniki problemimizdən yazsınlar. Yazsınlar ki, niyə 60-dan çox yaşı olan, böyük bir ənənəyə sahib olan Azərbaycan Televiziayası indiyə qədər HD yayına keçməyib. Axı əslində bizim özəl kanallarla müqayisədə texniki problemlərimiz olmamalıdır. İctimai qınaq, sağlam tənqid həmişə inkişafa zəmin yaradır. Amma bütün bu faktorlar kənarda qalır, mənim haqqımda yazırlar ki, Sərvər Bayramov AzTv-də yeməkxanaları işlədir. Reallıq da ondan ibarətdir ki, ümumiyyətlə AzTv-də yeməkxananı işlədən insanı tanımıram. Sonra bəziləri etiraf etdi ki, bizə sifriş budur ki, sizin adınız orda çəkilməlidir. Artıq bu, peşəkarlıqdan uzaqdır, həm də bu cür insanlar jurnalistika adına bir ləkədir. Sosial şəbəkədə monitorinq aparsanız görəcəksiz ki, bu barədə fikir formalaşdırıanlar 5-6 nəfərdir. Aydındır ki, bunlar işdən çıxarılan köhnə işçilərdir. İşdən çıxarılmaları ilə bağlı qanunsuzluq varsa, buyursunlar məhkəməyə müraciət etsinlər. Yoxsa bu cür böhtançı mübarizə üsulu seçmək cılızlıqdır.

TV-də qonararla bağlı şəxsən mənim də adım hallanıb. İctimai-siyasi proqramlar studiyasında elə əməkdaşlar var ki, onlar analitik təhlillə məşğuldurlar. Onlar 1500-2000 arası əmkhaqqı alırlar. 1200-1500 arası maaş alanlar da var. Bu baxır onun iş təcrübəsinə, imkanlarına, təhlil qabiliyyətinə. Qonarar maksimum belədir, bundan artıq deyil. Bizim köhnə həmkarlar kiminsə nə qədər maaş almasına göz dikib buna xor baxmaq əvəzinə, aşağı maaş alan həmkarlarımızla bağlı məsələni, onların sosial problemlərini qabartmalıdırlar. Həmkarlarımızın yüksək qonarar alması, ölkədə jurnalistikaya verilən qiymətdir, onun statusunun qalxmasıdır. Məsələn mənim haqqımda yazmışdılar ki, Sərvər Bayramovun illik əmək haqqı 40 min manatdır. Sosial səhifələrdə bunun ətrafında müzakirlər qurublar. Birincisi belə deyil, yalandır. İkincisi, demişdilər ki, filankəs illik əməkhaqqı 23 min manat alır. 12 aya böləndə, ordan da 32 faiz çıxanda görəcəksiz ki, söhbət 1000-1200 manat maaşdan gedir. Bu insanlar bu peşəni seçiblərsə, gəlib Azərbaycan televiziyasında İctimai-siyasi Proqramlar Studiyasında birbaşa təhlillə məşğul olurlar, analitik yazı verirlər. Bunun özü böyük məsuliyyət, gərgin zəhmət, yaradıcılıq, savad, təhlili qabiliyyət tələb edir. Biz bu cür kadrlara 1500 civarında əməkhaqqı vermiriksə, onda gəlib nə qədər maaşa işləməlidirlər, 500-600 manata?”

 

S.Bayramov AzTv-ni hədəfə alanları sağlam yanaşma tətbiq etməyə dəvət etdi. O, veriliş və layihələrlə bağlı hədəfərindən danışdı:

 

“İstərdik ki, Rusiya, Türkiyə televiziyalarının səfiyyəsinə çataq. Arzulayıram ki, filmlərimizin, layihələrimizin, tok-şoularımızın səviyyəsini artıraq. Tamaşaçı auditoriyasını cəlb etməyi bacaraq. Texniki problemləri aradan qaldıraq. Ayrı-ayrı universitetlərə, partiyalara, digər institutlara məktub göndərmişik. Onlardan xahiş edirik ki, özlərinin əməkdaşlarını, digər beyin mərkəzində çalışan insanların siyahısını hazırlayıb bizə göndərsinlər. Bu gün partiyalarla bağlı ölkədə ciddi işlər aparılır. Siyasi dialoqun yüksək səviyyəyə çatdırılması, dialoqun yaradılması ilə bağlı işlər aparılır. İstərdim ki, siyasi partiyalar özlərinin beyin mərkəzlərini yaratsınlar. Çünki partiya bir sədrdən ibarət olmalı deyil. Arzu edirəm ki, biz partiyalarda ekspert axtaranda hansısa uyğun məsələni müzakirə edəndə 5-3 nəfər ekspertə müraciət edə bilək. Bu bizim qonaqlarımızın rəngarəngliyini artırmağa xidmət edər. Arzulayıram ki, tez bir zamanda HD yayına keçə bilək. Bu bizim texniki imkanlarımızı genişləndirəcək, beynəlxalq əlaqələrimizi artıracaq. Telekörpüləri, layihələri artıra bilərk. Kadr potensialını inkişaf etdirərik. Elə inkanlar yaradılsın ki, əməkdaşlarımızı Rusiya, Türkiyə jurnalistika mühitində təcrübə keçmək üçün göndərə bilək. Torpaqlarımız işğaldan azad edilib, tarixi zəfər qazanmışıq, 44 günlük müharibənin hər anı, hər dəqiqəsi, hər saatı bir qəhrəmanlıq mövzusudur. Həmin ərazilərin hər bir metrindən maraqlı reportaj, maraqlı filmlər çəkib təqdim eləmək olar. Arzular çoxdur, onaları çəkib realışdıramaq üçün bizə kadr lazımdır. Rejissorluq məktəbi zəifdir. Operatorlar inkişaf eləməlidir, onlara kurs keçilməlidir. Bu imkanlar yaradılsın, biz üzərimizə düşən vəzifəmizi yerinə yetirmək üçün çalışaq. Qalan kimsə nəsə yazırsa, ona ancaq təəssüflənə bilərəm”.

 

 

“Beynində, əxlaqında olan qüsür onu qərəzli addım atmağa yönəldir”

 

Ədəbi-dram verlişləri baş redaksiyasının baş redaktoru Flora Xəlilzadə ilə söhbət zamanı AzTv ətrafında yaranan söhbətlərə bir daha aydınlıq gətirildi. 40 ilə yaxın Azərbaycan yazılı mətbuatında, İctimai Televiziyada, indi isə AzTv-də fəaliyyət göstərən Flora xanım dedi ki, AzTv-nin müxtəlif rəhbərləri və hər birinin AzTv-nin tarixində öz rolu olub:

 

“Tənqid olmasa inkişaf, yenilik, yaradıcılıq ola bilməz. Amma qərəz olmasın. Qərəz hər şeyi məhv edir. Mən bura Ədəbi-dram redaksiyasının baş redaktoru seçiləndə çox həyacan keçirdim. Burda çalışan gözəl insanları xatırladım. O vaxtların şöhrətini bərpa eləməyi düşünürəm. Mən işçilərlə iclas keçirəndə onlardan 3 əsəs şeyi xahiş edirəm: peşəkarlıq, məsuliyyət, əxlaq. Bunun biri olmayan adamla dünya dağılsa da işləyə bilmərəm. Bu üç məziyyət mütləq hər bir yaradıcı şəxsdə olmalıdır. Bunun peşəkarlığı var, amma əxlaqı yolverilməzdisə, necə işləyə bilərik? Bunun hər ikisi var, amma məsuliyyəti yoxdursa, necə işləyə bilərik? İşə kefi istəyəndə gəlir, kefi istəməyəndə gəlmirsə, necə yaradıcılıq uğurları qazana bilərik? Mən ad çəkmirəm, amma bir az təmizləmə işləri apardım, buna məcbur idim. Hətta cənab sədrə yazdığım təqdimatda belə bildirmişdim ki, işlədiyim 3 ay ərzində işini və üzünü görmədiyim insanlarla işləmək istəmirəm. Əgər bir insan yarıtmazdırsa, deməli onun dünyagörüşündə də yarıtmazlıq, çatışmazlıq, qüsurlar var. Əgər o iş görmürsə, o vəzifədə oturmamalıdır. Sonra onun beynində, əxlaqında olan qüsür onu qərəzli addım atmağa yönəldir. Bu gün AzTv-də mühit çox yaxşıdır. Müxtəlif xarakterli adamlar, müxtəlif rəhbərlərlə işləyən adamlar etiraf edirlər ki, bu gün təmiz bir rəhbərin başçılığı altında işləyirlər. Bu rəhbər öz işçilərinə insani tərəfdən yanaşır. Məndən xahiş edir ki, ona veriliş ver, ona  şərait yarat. Bəlkə tutulub, bəlkə açılacaq, iş görəcək. Deyir ki, dərhal təqdimat yazıb işdən azad eləmək yoxdur, çalışaq onu işə çəlb edək, gedər işsiz qalar, ailəsi var, uşağı var, görək onu işlədə bilirikmi. Əgər işlədə biliriksə, o qalıb işləyəcək, işləyə bilmirsə bəs nə edək?.. Harda bir yarıtmaz bir həkimi saxlayırlar. Elə qışqıran da onlardı.

 

Flora xanım kənardan AzTv haqqında səslənən xoşagəlməz çıxışların qaynağına toxundu:

 

“Yadımdadır, məni sevməyən biri, hansı ki, mən ona etiraz olaraq işdən çıxıb getmişdim. Bir dəfə onun qapısından keçəndə haqqımda dediyi bir kəlməni eşitdim. “Flora xanıma demək olar ki, saçını yaxşı daramamışdı, demək olar ki, paltarını yaxşı ütüləməmişdi, amma Flora xanımın əxlaqına, qələminə irad eliyə bilmərik”... Kimsə ona xəbər aparmışdı, bu da içindən bir mərdlik tapıb demişdi ki, bunu demək olmaz. Yəni əyri addım atanda yan-yörəndə bir kimsə görmürsə, sənə elə gəlməsin ki, bunu bilən yoxdur.

Mən insana dəyəri yaşa görə vermirəm. Meşədə ağacı ona görə kəsmirlər ki, o yaşlanıb. Ona görə kəsirlər ki, quruyub. Təcrübədən öyrənmək lazımdır. Mən bu gün də iş yoldaşlarıma demişəm ki, həyatımda iki nəfərə ömrüm boyu minnətdaram - biri məni dünyaya gətirən ana, biri də mənə analıq və müəllimlik etmiş xalq yazıçısı Əzizə Cəfərzadə. Vaxtilə anamın dediyi hikmətli sözlərə baş əymirdim, deyirdim köhnə fikirlidir. Amma indi deyirəm ana, Allah sənə rəhmət eləsin.

Həmişə birinci arzum o idi ki, Türk Ortaq Mətbuatı, türk ortaq televiziyası yaransın. Bu gün Azərbaycan Televiziyası Böyük Türk Dünyasının Televiziayasıdır. Biz tezliklə türk dünyası verilişinə baxacağıq və o türkdilli dövlətləri görəcəyik. Mən elə bilirəm dünyada ən böyük arzu bu idi. Biz ona çatmışıq, bundan artıq nə istəyirik.

Müharibədə bütün Azərbaycanın gözü AzTv-də idi. Mən hələ bu yaşımda görməmişdim ki, hamı AzTv-ni bu qədər gözləsin. Çünki dürüst və dəqiq məlumat AzTv-də səslənirdi. Yaradıcı kollektivlə çox səmimi münasibət, vəhdət yaranıb. Bütün qələbələrdə də, dostluq, birlik qələbə çalır. Bir-birimizi sevməliyik”.

 

Flora xanımın, eləcə də digər əməkdaşların söhbətləri AzTv-yə münasibətdə başqa bir mənzərəni yaratdı. Onların söhbətlərindən yaranan portretə baxanda, AzTv-nin müasir fəaliyyətinin hansı “yol xəritəsi” ilə hərəkət etdityini müəyyən etmək olur...

 

 

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ