SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

01:58 16-01-2022 | icon 2366 | Köşə
SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

"Onların əksini əsərlərdə, bədii-tarixi filmlərdə yenidən canlandırmalıyıq"


Jurnalist TAHİRƏ QAFARLI yazır

 

Cəmiyyətin sağlam düşüncə və təfəkkürünün formalaşması prosesi fərdlərin hansı ideya ilə silahlanması və öz fəaliyyətini nə dərəcədə düzgün, düşünülmüş, ədalətli şəkildə qurmaları ilə sıx bağlıdır. Hər bir insan vətənə, torpağa, topluma sevgi, vicdan, ədalət, mübarizlik və humanizm ideyaları ilə xidmət edirsə, dövlətinə bağlı olub onun gələcəyini, azadlığını, rifahını öz şəxsi maraqlarından üstün tutursa və bu düşüncəni bütün insanlarla bölüşüb həyat yoluna işıq sala bilirsə, deməli gələcək üçün nəsə edir, özü tarix yazır, Vətən olur, yaşayır. Belə bir yanaşma hər bir insan üçün keçərlidir. Sadə əkinçidən, kəndlidən tutmuş, baş nazirinə, prezidentinə qədər... Uşaq bağçasından tutmuş, Milli Akademiyasına qədər... Və torpağın azadlığı, firavanlığı məhz ali məqsədlər naminə qurulan birlikdən, Dəmir Yumruqdan keçir. Varlığım kimi inandığım fəlsəfə budur ki, heç bir güc millətin, xalqın birliyi qarşısında tab gətirə bilməz...

 

....Əgər adi bir vətəndaş, ailə fərdi öz əməli ilə ətrafında olan insanlara yaxşı nümunələr ötürə bilmirsə, haqqını qorumursa, qonşuya öz haqqını müdafiə üçün dəstək olub örnək olmursa, o öz çevrəsində qorxaq, cəsarətsiz, laqeyd, zəif, savadsız, biganə, sürü şüursuzluğu aşılanmış, özünü vəzifəsini hər şeydən üstün tutan özündən müştəbeh məmur ordusu və müti kütlə yetişdirir... Həmin o məmur da öz hüququnu bilməyən, yaxud bilib biganə qalan vətəndaşın haqqını çox asanlıqla mənimsəyir. Elə bilir ki, onun daşıdığı vəzifə "atasından ona miras" qalıb və necə istəsə edə bilər. Anlamır ki, o vəzifəyə məhz o sadə insanlara xidmət üçün gəlib.
 
 
Rastlaşdığım faktlar və dünya tarixində insanların çox vaxt kütlə psixologiyası ilə problemlərə laqeyd mövqeyi mənə onu deməyə əsas verir ki, məhz haqqını müdafiə etməyən fərd özü yetişdirdiyi manqurt məmurun yemidir, köləsidir.
 
 
Jurnalistəm və artıq 24 ildir yazılar yazır, insanlardan müsahibələr alıram. Kiminsə probleminə laqeyd qalmadım. Elə bu günlərdə də Mingəçevir şəhərindən bir xanım-ana mənə müraciət etdi. Dediyinə görə oğlu "Tərtər işi"-ndə zərərçəkəndir. Oğlunun o hadisələrdə demək olar ki, həyatını itirdiyini deyir. Xəstədir, əlildir, işsizir...Hərbi biletinə "ləkə" vurulub. Amma haqqını bərpa etmək üçün heç nə edə bilmir. Deyir, hara müraciət etsə də heç nə alınmayıb. Heç olmasa oğlunun işlə təmin olunub  ailəsini, xəstə uşağını dolandırmasını arzu edir. Çox da böyük istək deyil axı, bu onun haqqıdır... Əl -qərəz, belə müraciətlə bizə üz tutan qadının səsini Mingəçevir şəhər Məşğulluq idarəsində çalışan Pərviz adlı "yoldaş"a çatdırdım. İcra başçısı telefon zənginə cavab vermədi. Məşğulluğun həmin məmuru zəngimizi normal qarşıladı və dedi adamlar gəlsinlər yanıma kömək edərik. Və qadından deyildiyi kimi o məmurun yanına getməsini xahiş etdim. O isə, nəinki onlara kömək edib, əksinə qadına hədə-qorxu gəlib və bəyan edib ki, jurnalist birdə zəng etsə ondan məhkəməyə şikayət edəcək. Bir sözlə, məni hədələyib və qadını susmağa məcbur edib. Qadın da mənə zəng edib yalvarır ki, daha ona heç nə deməyim... bu hadisə, fakt məni çox sarsıtdı... deyim ki, o ailənin sosial problemləri kifayət qədərdir, bu yazıda üzərindən "nağıl dili" sürəti ilə keçdim...Amma reallıqda mövzuya qayıdacam...
 
 
Əslində belə neqativ hallar, kəndlərdə, rayonlarda çoxdur. İnsanların haqqı pozulur susurlar, onlar susduqca da kiçik məmurlar "şişir", harınlaşır... İnsanlar öz haqqlarını istəməyə qorxurlar. Vətəndaş öz haqqını istəyəndə icra başçıları, nümayəndələri, bəzən seçdikləri deputatları onlara qulaq asmır... Bu minivalla hansı azad, sərbəst düşünən vətəndaşdan, Vətəndaş Cəmiyyətinin yaranmasından söz gedə bilər.
 
 
Bu gün torpaqlarımız şükür ki, Azaddır. Mən düşmənlərin təkcə son 30 il müddətində Azərbaycan torpağında, tarixində "qaraya boyadıqları" qara təqvimləri deyirəm. Şübhəsiz ki, hər bir azadlıq mücadiləsi qanla qazanılır. Bu bizi qorxuda bilməz və mübarizəmiz Mübarizlərin, Poladların ruhu ilə daha əzəmətli, inamlıdır...
 
 
Lakin yağı düşmən və havadarları daxilimizdə xain axtarışında...Təfəkkür zəifliyi və daha çox öz maraqlarını güdən manqurtların  ağzının suyundan öz dəyirmanı üçün istifadə etməyə çalışır. Vətən üçün canını verən Milli Qəhrəmanımıza, Şəhid ailələrinə, Şəhidlərə, qanını bu torpağa tökən Əsgər və Zabitlərimizə qarşı dil uzadır, murdar siyasət yürüdürlər. Onları şiddətlə qınayıram. Axı Sən kimsən, sənə bu haqqı kim verib ki, Azadlıq üçün ayağa qalxan millətdə şübhə toxumu səpirsən. Sus! Bu xalqın səbri ilə oynama!..
 
 
Özləri xalq, millət üçün heç nə edə bilməyən hansısa "bazlar" yersiz iddialarla millətin azadlıq şüurunu zəhərləməyə çalışırlar. Hansısa şəxsi maraq, "5-ci kolon"ların sifarişlərini yerinə yetirib xalqı əsas missiyasından yayındırmağa çalışırlar. Sən kimsən, sifarişlə işləyən boşboğaz siyasətbaz... İllərdir siyasətdə bir-birini söyən müxalifət, yaxud ona dəstək verən "5-ci kolon"un hökumətdə olan nümayəndəsi, məmur?! Sərhədlərimizdə hələ də təhlükə qaldığı bir vaxtda, rus gəlib Qarabağda meydan aldığı bir vaxtda, dünya ölkəmizə qarşı ikili, haqsız  yanaşdığı halda "4 qütbə parçalanıb" kimdən dəstək istəyirsən. Kimdi sənin vətənini səndən çox istəyə biləcək o yabançı?!. Belə bir zamanda hanı sənin birlik, güc nümayişin. Hanı sənin dediyin ağıllı söz. Daxildə çaxnaşma salmaqla nəyə nail olmağa çalışırsan?! Dövlətimi qorumağı, gücləndirməyi həvalə etdiyim Hökumətim, hanı sənin diasporanın, lobbinin, xaricdəki təşkilatlarının yumşaq gücü, erməni adlı düşmənə, onun havadarlarına göstərdiyi təsir, ona qarşı apardığı böyük ideoloji savaş... 44 günlük müharibə bizim əsgərin, Ali BAş Komandanla yazdığı bir qızıl tarixdir. Onu özünə qalxan etmə! Sənin gördüyün iş hanı?!
 
 
Mədəniyyətin keşiyində dayanan rəhbərlər, hanı bu millətin haqqını tanıdan çəkdiyin sənədli, bədii filmlər... AXI düşmənin işğal faktının zərərləri ortada, meydanda. Niyə işğalı, Azərbaycanın başına gətirilən zülmləri sənətimizlə, tarixi sənədli, bədii filmlərin dili ilə əvvəl özünə, sonra dünya xalqlarına çatdırmırsan. Niyə Sən bu torpağın qəhrəman xalq olduğunu təbliğ-təşviq etmirsən?!.. Sanki o böyük Zamanı ötürürük. Niyə hər kəs öz işi ilə məşğul olmağa qorxur? Niyə ziyalı susur?! Niyə siyasətçi boşboğazlıq edir. Niyə hamı düşünür ki, elə prezident ona göstəriş verməlidir, sonra işləməlidir. Məyər mövcud nazirliklər, komitələr öz işini düzgün görə bilməz? Çox suallar açıq qalır...
 
 
...Biz bu tarixi məqamda mütləq Azərbaycanın, anamız torpağın əzəmətini, tarixini ifadə edən, dünyanı heyrətləndirən, bizi haqsız saydıqlarına görə onlarda təəssüf hissi yaradan böyük sənət əsərlərini dünyaya təqdim etməliyik. Bu nə vaxt olacaq, bilmirəm. Yetər ki, gecikməyək...
 
 
Ölkəmizin milli kimliyini, cəsarətini, qorxmazlığını, qəhrəmanlığını, kiminsə köləsi olmaq üçün yaranmadığını, Şəhidlərin, qəhrəman anaların, qətiyyətli komandanlarımızı yenidən doğan tarix yazılmalıdır. Biz onların əksini əsərlərdə, Bədii-tarixi filmlərdə yenidən canlandırmalıyıq.
 
 
AZƏRBAYCANIN torpağı, suyu, hənirtisi, nəfəsi hiss olunmalıdır o əsərlərdə... Yandırılan torpaqlarımızın azadlıq harayı, musiqisi səslənməlidir onda... Bu, özünün möhtəşəmliyi ilə Azərbaycan mədəniyyətində inqilab yaratmalıdır...
 
 
Bax özünün yaratdığı bu Vətən Portretinə baxan cəmiyyət o zaman canlanacaq, yaşıyacaq, bir oyunçaq fiqur olmaqdan çox, canlı orqanizm kimi özünün gələcəyini qura biləcək...
 
 
Ona görə də Sən də millətinin, Vətən torpağının rəsmini, Portretini çəkən bir Rəssam ol ki, o tabloda özünü yaşada biləsən...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM