“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

14:04 24-04-2024 | icon 338 | Siyasət
“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Ramil Hüseynov: “İğtişaş yaratmağa cəhdin özü qeyri-ciddilik, məsuliyyətsizlik, xəyanətdir”

 

Regionun hazırki vəziyyətini öz maraqları uğrunda dəyişməyə çalışan xarici güclər daxili maşaları ilə aranı qarışdırmağa səy göstərir. Bölgənin güc mərkəzinə çevrilən Azərbaycanda yaranmış sabitlikdən narahat olan qara güclər aranı qarışdırmaq üçün xarici onlayn TV kanalları üzərindən xalqı etirazlara səsləyirlər. Xariçi sifarişçilər radikal müxalifətin rəhbərlərini, rəhbərlər isə daxildə öz çevrəsində kütləni ayağa qaldırmağa cəhdər göstərir.

 


Regiondakı gərginlik, hər tərəfdən Azərbaycana qarşı təsir və təzyiqlərin baş aldığı bir vaxtda siyasi aksiyalar vasitəsi ilə sabitliyin pozulmasına yönələn addımlar necə təhlil olunur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov cərəyan edən proseslərdə Qərblə radikal müxalifətin əməkdaşlığı fonunda diqqət çəkib.

 

- Avropanın, Qərbin müxtəlif vasitələrlə regiona müdaxilə “proqramında” Azərbaycanın daxilindəki siyasi radikal qrupların xalqı etiraz aksiyasına cəlb etməsi də ola bilərmi və məqsəd nədir?

 

- Regiondan kənar qüvvələrin Azərbaycan, region maraqları işğalçı Ermənistanın məğlubiyyətindən sonra daha aqressiv şəkildə üzə çıxmağa başladı. Gərginlik yaradıb regiona soxulmaq istəyən Avropa Fransasının, Qərb ABŞ-ın “erməni maşası” Azərbaycanda sındırıldığı üçün əsas idarəçilər özləri meydana çıxdı. Çünki Azərbaycan Qarabağ problemini özünün siyasi strategiyası, hərbi gücü ilə həll edə bildi, regionda yeni reallıqlar yaratdı. Məlumdur ki, hüquqi, siyasi məsuliyyət daşıyan beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir addım atmadılar. Ölkə daxilində olan müəyyən qruplar isə bu prosesdən siyasi qazanc əldə etmək üçün cəmiyyətdə qarşıdurma, çaxnaşma yaratmağa çalışdılar. Problemin uzun müddət həll oluna bilməməsində məhz bu cür daxili amillərin rolu oldu. Amma dövlət siyasətini yaxşı bilən qətiyyətli siyasi liderin fəaliyyəti, iradəsi ilə məsələlər həllini tapdı. Məlum kənar qüvvələr elə bilirdilər ki, problemin rıçaqları onların əlində olduğu üçün bizə təsir, təzyiq edə biləcəklər. Amma bu gün həmin rıçaqlar tamamilə əllərindən çıxıb. Azərbaycan bir tərəfdən Ermənistan üzərində şanlı, haqlı qələbə qazandı, digər tərəfdən özünün strateji tərəfdaşlarını müəyyənləşdirdi. Bundan kollektiv Qərb həyasızcasına ölkəmizə qarşı təsir, təzyiqlərə başladı. Hesab edirəm ki, onların bu istəkləri də alınmadı.

 

- Necə hesab edirsiz, bu gün görünməyən təxribatçı qruplar, eləcə də “Milli Şura”-nın 21 aprelə təyin edib, keçirmədiyi mitinq “müxalifət mitinq istədi, icazə verilmədi, söz azadlığı yoxdur”- deyə, Qərbin əlinə hansısa bəhanəni hazırlaya bilərmi?

 

- Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar və hakimiyyət var. Hakimiyyətin atdığı addımlar, idarəçilik sistemində etdiyi dəyişiklik göz qabağında. Son illərin hadisələri xüsusilə tarixi əhəmiyyəti ilə seçilir. Bunu müxalifətin fəaliyyəti ilə müqayisə edəndə ciddi fərqin olduğunu görürük. Hakimiyyət inkişaf tempini dünyada baş verən proseslərə, dəyişikliyə uyğun olaraq qurub və bunun da müsbət nəticləri var. Bu günkü Azərbaycan 20 il qabaq arzuladığımız Azərbaycan formasına yaxınlaşıb. Uzun illərdir inkişaf tempindən geridə qalan, əvvəl hakimiyyətin dalınca qaçıb sonra sürətini azaldan, indi isə iməkləməyə qədər düşən bu siyasilərin sabahkı taleyi bəllidir. Ona görə də ermənilər vasitəsi ilə regiona daxil olmaq istəyən kənar qüvvələr Azərbaycan daxilində olan bu cür təsir müxanizmlərini işə salıb ürək bulandırmağa çalışırlar. Bu məqamlar siz dediyiniz kimi görünməyən müdaxilələr deyil. Neçə illərdir xaricdə oturub Azərbaycan əleyhinə danışan osmanqızıların düşməncəsinə, qərəzli çıxışları Qərbin istəklərinin həyata keçirilməsidir. Bəzən guya toqquşurlar, bəzən təzədən barışmaqla siyasi oyunlar həyata keçirirlər. Məqsəd siyasi hakimiyyətə pislik etməkdir. Hakimiyyət Azərbaycan torpaqlarını işğaldan azad edibsə, sosial, iqtisadi həyatında hansısa inkişafa nail olmağa çalışırsa, kənardan neqativ düşüncələrlə bu prosesə xələl gətirmək istəyi qəbul olumazdır. Bu o deməkdir ki, sizə siyasi mübarizədə gücümüz çatmadı, amma əlimizdən nə gəlirsə, nə göstəriş versələr, hansı havanı çalsalar onu oynayacağıq qisas alaq. Bu heç bir siyasətçiyə yaraşmayan yanaşmadır. Dediyiniz mitinq çağırışları bu fonda meydana çıxıb. Təbii ki mitinq çağırışları Azərbaycanın bugünkü reallığına uyğun gəlmir. Vicdanla, vətənpərvərlik hissi ilə düşünənlər bu aksiya çağırışlarını mənasız, məntiqsiz hesab edir. Radikal qrupların yanlışlıqları, nəticəsizlikləri onları bu vəziyyətə gətirib. Bir sölə, Milli Şurada olanlar dövranını bitirmiş, etibarsız, mənasız insanlardır. Onların mitinq keçirməyə də gücləri yoxdur. Belə bir vəziyyətdə Azərbaycanda hansısa aksiya ilə iğtişaş yaratmağa cəhd eləmək özü qeyri-ciddilik, məsuliyyətsizlik, xəyanətdir. Biz bu gün dünyada gedən proseslərin fonunda Azərbaycanın inkişafı üçün nə lazımdırsa etməliyik. Siyasi təşkilatlar dövlət dayaqlarının möhkəmləndirilməsinə xidmət etməlidir.
Gəlin baxaq görək, həmin aksiyanı keçirmək istəynlər hansı məsələlərə toxunur - pensiya, müavinətlərin artırılması, uşaq pulu və sair... Amma hədəfdə prezidentdir. Bu necə yanaşmadır?! Əslində həmin bu məsələlər aidiyyatı dövlət idarələrində, parlamentdə müzakirə olunur, həlli yolları araşdırılır.
Digər bir tərəfdən, bu günə qədər bu radikallar hakimiyyəti Qarabağ məsələsi ilə vurmağa çalışırdı: “niyə atəşkəsdi, niyə Şəhidlərimiz olur”, “heç bir qarış torpağı geri ala bilməzsiz”, “siz antimillisiz”. Torpaqlar alınanda və hər keçirilən antiterror əməliyyatından sonra başqa-başqa üsullarla hücuma keçdilər. Torpaqlarımızı azad etmk üçün əməliyyatlar keçirdirik, bunlar çıxıb efirə dedilrlər ki, “haqlı durumda ikən, bizi haqsız duruma saldınız”, “sən Ermənistan sərhədlərini niyə aşmısan”. Bu, milli mövqe deyil. Özlərinə də “milli qüvvələr” deyirlər. Kənardan özlərinə baxsınlar və utansınlar. Milli düşüncə sahibləri o işi ərsəyə gətirənlərdir, bizim şəhidlərimizdir, qazilərimizdir, Azərbaycanın siyasi rəhbərliyidir.
Yaxud, bunlar deyirdilər ki, rus qoşunları çıxmayacaq. Və bunun üzərindən də ölkə rəhbərinin üzərinə gedilirdi. Amma dövlətin yanında olan siyasətçlər həmişə Azərbaycanın bu prosesdən tam qələbə ilə çıxacağına inandığını deyirdilər. Biz də təbii ki, o fikirdəydik və inanırdıq. Artıq proseslər irəliləyir. Rusiya-Azərbaycan hökumətləri arasında olan razılaşmaya görə sülhməramlılar ərazini tərk edir. Çünki bu missiyanın bizim regionda işi qalmayıb. Azərbaycanın milli maraqlarına, mənafeyinə uyğun addım atan siyasi kurs, siyasi strategiyası var. Azərbaycanın öz kursu ilə uğurlu davam etməsi üçün biz o kursu dəstəkləməliyik.
Özünə “Milli Şura” adını qoyan bir qrup siyasətçi uzun illərdir fəaliyyət göstərir və özlərini ilk müstəqil dövləti yaradan siyasətçilərlə müqayisə edirlər. Bu yanlışdır. Cəmiyyətdə həmin qrupa qarşı bir fikir var: siz hara, Milli Şura hara? Heç olmasa 5-10 ildən bir bu cür gülməli addımlar atsalar bəlkə insanları çaşdırıb, ciddi qəbul oluna bilərlər. Amma bunlar bu cür “anikdotkarı” hər gün danışırlar. Çünki tamamilə tükəniblər. Milli Şurada olanlar gəldikləri yolda dönüb arxalarına baxsalar itirdiklərini görəcəklər. Sadəcə xaraktercə o qədər cılız, hisslərlə yaşayan insanlardır ki, emmosiyalarına qapılıb qisasçılıq əqidəsi ilə yaşayırlar.

 

- Siyasi dialoqdan yayınan müxalifət aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışır?

 

- Artıq ölkədə iqtidar-müxalifət partiyaları arasında dialoq sistemi yaranıb. Ağıllı müxalif siyasətçilər bu vəziyyətdə dövlət üçün faydalı olmağa çalışdı. Əgər müxalifət dialoq siyasətində öz ölkələrinə xidmət göstərə bilirsə, bu artıq onların uğurdur. Bunu etmək istəməyənlər, kənarda qalanlar isə siyasətçi deyil.
Bu gün müxalifətçilik fəaliyyəti başqa formalarda görünməlidir. Artıq çomaq götürüb küçələrdə dalaşmaq dövrü bitib. Artıq hər bir problem sözlə ifadə olunaraq, təkliflər verilərək, müzakirə olunaraq çözülməlidir. Amma söz deməyin də üslubu düzgün seçilməlidir. Kimisə hədələməklə, təhqir etməklə deyil. Bu siyasi etika, ədəb-ərkan, əxlaq çərçivəsində olmalıdır. Anlamalıdrlar ki, xalq hakimiyyətin siyasi, diplomatik gücünü də görür, onların da... Ən azı söz deyəndə buna fikir verməlisiz. Əgər siz indiki dövrdə hədə, təhqirlə danışırsızsa, bu hakimiyyətin gördüyü işlərlə müqayisədə qulağa vızıltı kimi gəlir. Sadəcə olaraq xaricdən bu səsi duyub, onları vızıldatmaq üçün istifadə etmək istəyəcəklər.

 

- Dialoqdan sonra siyasi müxalifətdə dəyişən nə var?

 

- Ümumiyyətlə, bir neçə müxalifətçilik istiqaməti var. Təbii ki, dialoqu seçən müxalifət öz işini görür. Bəzi müxalifət partiyaları var ki, onlar “sezon müxalifətidir”. Bunlar seçkidən-seçkiyə aktivləşir, özünü reklam edir, deyir ki, gəlirəm hakimiyyətə. Bu da müxalifətçilik deyil. Yaxud, xarici təsirlərin altında olan, xarici qüvvələrin maraqları ilə öz maraqlarını uyğunlaşdıran radikal müxalifət var. Onların sezonları tez-tez dəyişir. Həqiqətən də müxalifətçilik edib, öz təklifləri, dəstəyi ilə dövlətin yanında olub cəmiyyətin inkişaf tempini yüksəltməyə çalışan müxalifət də var.
Siyasi partiyaların reystrindən sonra hakimiyyət müxalifəti ələmədi və müəyyən güzəştlərə getdi. Hakimiyyət cəmiyyətə Partiyaların 5 min imza toplayıb, toplamaması ilə bağlı çox az informasiya buraxdı. Bəzən 5 min imzanı belə toplaya bilməyənlərə qarşı loyal münasibət oldu. Bu, müxalifətçiliyin aradan qaldırılmasının qarşısını aldı. Hakimiyyətin müxalifətə loyal yanaşması bəzi siyasilərin, təşkilatların qalması ilə də müşahidə olundu. Yəni hakimiyyət bəzi siyasi partiyaların fəaliyyətini davam etməsi üçün güzəştlər etdi.

 

- Bu gün Azərbaycana təsir edə bilməyən “fransız düşüncəli” qara güclərin ölkə daxilinə nüfuz etmək üçün hər cür vasitəyə əl atacağı istisna edilmir. Belə bir şəraitdə “5-ci kalonlar” nə dərəcədə hərəkətə gətirilə bilər, mövcuddurmu?

 

- Azərbaycanda müxtəlif kalonlar olub və olacaq. Çünki Azərbaycan elə bir coğrafi məkandır ki, burda dünya güclərinin geosiyasi maraqları var və bir çox hallarda toqquşur. Azərbaycanın bölgədə tutduğu önəmli yer istər-istəməz bu kalonların mövcud olmasını istisna etmir. Həmin kalonlarda xidmət edənlərin özlərini cəmiyyətə mələk kimi sırıması məsələnin ən qorxulu tərəfidir. Ona görə də hakimiyyət o kalonların iç üzünü açmaq üçün əlindən gələni etdi və düşünürəm ki, proses izlənilir. Düzdür, “5-ci kalon”ların ifşası istiqamətində islahatlar olub, amma tamamilə təmizləndiyini düşünmürəm. Onların kökü dibindən kəsilməlidir. Ölkənin hüquq-mühafizə orqanları ölkəmizə qarşı içindən yönələn əks təsirlərin, təzyiqlərin qarşısının alınması, milli təhlükəsizliyin qorunması üçün çox ciddi addımlar atıb, bundan sonra da atılacaq. Bu, bizdə dövlət maraqlarının daim qorunacağına bir əminlik yaradır. Ölkəni, dövləti, vətəndaşımızı xarici və daxili dağıdıcı təsirlərdən qorumaq borcumuzdur. Dövlət bu missiyanı mükəmməl şəraitdə həyata keçirdir və düşünürük ki, hakimiyyət etibarlı əllərdədir. Ona görə də, “5-ci kalon”lardan qorxmaq yox, tədbirli olmaq lazımdır. “5-ci kalon”lar ən çətin vaxtlarda millətin ruhunu əzmək üçün hərəkətə keçdilər. Xankəndi Azərbaycanın tarixi ərazisi, Qarabağın düz mərkəzində yerləşsə də, kimlərsə ictimaiyyətin beyninə təsir etmək üçün yanlış informasiyalarla cəmiyyətin şüuruna təsir etməyə çalışdılar. Ən sadə və görünən bir məqamı xatırladım: “Xankəndi alınmayacaq, ermənilərə qaldı, Xocalı rus sülhməramlılarına qaldı” və sair neqativlərin yayıldığının şahidiyik. Bir çox qruplar insanlara torpaq sənin tarixi ərazindir, mütləq azadlığına qovuşacaq, başqa yolu yoxdur demək əvəzinə vəziyyətdən istifadə edib, çox vaxt rişğəndlə siyasətçiyə yaraşmayan çıxışlar edib, insanları daha çox məğlubiyyətə, inamsızlığa fokslamaqla məşğul idilər. Ən arzuolunmayan tərəfi isə Azərbaycan hakimiyyətini “Avropa ədaləti” ilə hədələmələridir. Axı uzun illər siyasətdə olan Əli Kərimli, Gültəkin Hacıbəyli kimi siyasətçilərin, yaxud onların informasiya dəstəkçisi olan blogger Sevinc Oasmanqızıların dərk etmədən, anlamadan danışdığını düşünə bilmərik. Bu həddən artıq məntiqsiz yanaşma olar. O zaman torpaqların azadlığı, suverenliyi, müstəqilliyi uğrunda gedən hərbi, siyasi, diplomatik mübarizədə proseslərdə onların “əsgərə, sənin gücün çatmaz döyüşməyə, zəifsən, niyə irəli getdin” demələri dəlilik əlaməti deyilsə, hansı məqsədə xidmət edir? Demək, onların xisləti Azərbaycanın uğurlarına sevinmələrinə imkan vermir. Hər halda bizim xalqımız müdrikdir və kimə etimad göstərdiyini son prezident seçkilərində göstərdi. Çünki Azərbaycanın gələcək inkişafının, varlığının, qüdrətlənməsinin yolunu öz lideri ilə birgə irəliləyə biləcəyinə inanır. Mən müxalifətçilik də eləmişəm, amma heç bir vaxt dövlətimizi sarsıdan addımların atılmasının tərəfdarı olmamışam. Çünki mən dövlətimi sevirəm, qorumağa çalışıram. Düzdür, hər bir cəmiyyətlərdə, dövlətlərdə olduğu kimi bizdə də müəyyən çatışmazlıqlar, problemlər var. Hətta hakimiyyətdə də, müxalifətdə də bizim narazı olduğumuz şəxslər var. Amma bu o demək deyil ki, sən dövlətinə qarşı çıxmalısan. Prezident 44 günlük Vətən Müharibəsindən sonra hədəflərə istiqamətlənən çıxışlar etdi. Zəngəzura hərblə deyil, mülki avtomobillə gedəcəyini dedi. Bu fikrin arxasında böyük tarixi ideya və hədəflər var. Prezident səviyyəsində belə bir fikrin səslənməsi bizim tarixi, əzəli torpaqlarımızın tarixin müəyən mərhələlərində ədalətsizcəsinə istismar olunduğuna və azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının mənəvi haqqı kimi önə çəkilməsidir. Amma “bizim radikal müxalifətçi siyasətçilər bunu Ermənistana ərazi iddiası müharibəni qızışdırmaq” kimi təqdim edib, etiraz etdilər. Prezidentin öz ata-baba, tarixi torpaqlarına - Zəngəzura getmək istəyinə etiraz dolu fikirlərin Milli Şurada təmsil olunan tarixçi professorun oturduğu “masa arxasında” söylənilməsi həm ağlasığmaz, həm də qəbulolunmaz faktdır. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır və hər bir Azərbaycanlının o torpaqlara qayıdıb yaşaması onun haqqıdır. Amma bəzi qruplar var ki, uzun illər Azərbaycan insanının qanına işləmiş olan mütilik, qorxaqlıq, “böyük qardaş səni döyər” hədəsi ilə insanları psixoloji qorxu altında saxlamağa çalışırdılar. Lakin Prezidentin o böyük, tarixi sözləri əsirlərlə iliklərə işləyən o sindromu məhv etdi. Bəyan etdi ki, Azərbaycan dövləti, xalqı haqqı olanı almalıdır və alacaq. Prezident həmin vaxtdan bu günə qədər dediyi bütün sözlərin arxasında durdu, reallaşdırdı. 30 il işğal altında olan torpaqlarımz 44 gün ərzində azad oldu. Azərbaycana, regiona qarşı qlobal güclərin birgə dayanaraq mübarizə apardığı bir vaxtda bu proses uğurla bitdi və o zaman Prezident Zəngəzurdan danışdı, öz sözünü dedi. Mən əminliklə bunun olacağına inanıram. O torpaqlar bizim tarixi ərazilərimizdir və geri alınmalıdır. Bu gün Zəngəzurun Azərbaycan torpaqları olduğu faktdır və onun adının hallanması kimin maraqlarına toxunur. Məqsəd prezident İlham Əliyevin uğurlarının qarşısını almaqdır. Niyə Azərbaycanın öz haqqını almasını istəmirsiz, etiraz edirsiz. Niyə bu cür çıxışlarla xalqı güclü olmaqdan yayındırmağa çalışırsız. Biz Zəngəzura gedəcəyik. Amma xisləti qara olan daxili, xarici qruplar öz içini didə-didə qalacaqlar.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM