"Qızları təhsilə cəlb etmək partiyamızın əsas hədəflərindəndir"
Milli Cəbhə Partiyası-nın sədri, deputat Razi Nurullayev partiyanın bir qrup qadın üzvləri ilə görüş keçirib.
Versus.Az xəbər verir ki, görüşdə partiya sədrinin birinci müavini Rafiq Daşdəmirli, Qadınlar Şurasının sədr əvəzi Almaz Mamedova da iştrirak ediblər.
Tədbiri açan Rafiq Daşdəmirli qadınlar şurasının partiyanın inkişafında mühüm rol oynadığını deyib. O, bu baxımdan Qadınlar Şurasını gücləndirməyi partiyanın prioritet məsələlərindən biri hesab edib.
MCP sədri Razi Nurullayev çıxışında qadınların cəmiyyətdəki rolunun əhəmiyyətindən danışıb. Deputat bu baxımdan qızların təhsil almasının çox önəmli olduğunu vurğulayıb:
“Azərbaycanda uşaqların yetişdirilməsində, tərbiyəsində əsas mühüm rolu qadınlar oynayır. Qız uşaqlarının təhsilli olması Azərbaycanın, cəmiyyətin inkişafı, Azərbaycanda sağlam ailələrin, vətəndaşların olması deməkdir”.
MCP sədri bildirib ki, qızlar üçün ali təhsil ya pulsuz olmalı, ya da vəsaiti dövlət ödəməlidir:
“Xüsusən kənd və rayon yerlərində yüz minlərlə gənc qızın həyatı dözülməzdir və gələcəyə ümidləri başqasına bağlıdır. Ümidləri və arzuları normal və imkanlı bir şəxslə ailə həyatı qurmaqdır. Biz onların hamısına ali təhsil verməklə həyatlarını müsbətə doğru dəyişə, həm də ölkəmizdə inkişafa nail ola bilərik. Mən bu təklifi Milli Məclisdə bir daha səsləndirəcəm, bunun üzərində ciddi işləyirəm".
Deputat qeyd edib ki, qızların ali təhsil haqqını dövlət ödəsə, onlar təhsildən kənarda qalmazlar:
“Elə yerlər var ki, hələ də qızları məktəbə buraxmırlar. Biz həvəsləndirici tədbirlər görsək, qızlar da təhsil alar, ölkənin bütün yerlərində kişilərlə bərabər rəqabətli iş yerləri tuta və ictimai-siyasi həyatda rollarını artıra bilərlər. Əgər buna nail ola bilsək, Azərbaycan inkişaf etmiş ölkələr sırasına qoşular”.
Deputat sonda vurğulayıb ki, qadınların cəmiyyətin formalaşmasındakı rolunu artırmaq, ölkənin hər yerində bütün qızları təhsilə cəlb etmək Milli Cəbhə Partiyasının əsas hədəflərindəndir.
Tədbir qarşılıqlı müzakirə formasında davam edib.
Qadınlar şurasının heyyətindən Almaz Məmmdova, Sədaqət Əliyeva, Esmira Günəş, Firuzə İsmayılova, Əzizə Məmmədova, Sevinc Salehli, Şəlalə Babayeva və digərləri çıxış edərək fikirlərini bölüşüblər, partiya sədrinə suallar ünvanlayıblar.
Sonda partiyanın Qadınlar Şurasının genişləndirilməsi, gücləndirilməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran tapşırıqlardan, vəzifələrdən danışılıb, təkliflər verilib, tövsiyyələr edilib.
PƏRİ
Versus.Az