Ermənistan regionda gərginliyi saxlamaq, müharibə qığılcımını alovlandırmaq üçün əlindən gələni edir. 44 günlük müharibədə kapitulyasiyaya imza atan bu terror ölkəsinin mahiyyəti bəlli olsa da, Azərbaycanın və vasitəçilərin ona verdiyi sülh şansından qaçır. Səbəb nədir,  niyə Ermənistan Moskva görüşündən yayınır?

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov açıqlamasında bildirib ki, xarici işlər nazirlərinin üçtərəfli görüşündən imtinası faktiki olaraq Ermənistanın Rusiyaya qarşı demarşı kimi qiymətləndirilməlidir.

 

R.Bayramov qeyd edib ki, Ermənistan 23 noyabrda ev sahibliyi etdiyi KTMT-nin  iclasında yekun sənədə imza atmaqdan imtina etməklə də Rusiyaya qarşı öz demarşını göstərmişdi. İndi də xarici işlər nazirləri ilə görüşdən imtina ilə sanki Rusiyaya küskünlüyünü ifadə edir. Bundan bir neçə gün əvvəl isə Ermənistanın ayrı-ayrı şəxsləri öz çıxışlarında faktiki olaraq Laçın yolunun bağlanması ilə bağlı Rusiyanı fəaliyyətsizlikdə ittiham edən mövqe sərgilədilər.

 

Politoloq hesab edir ki, bu ilkin görüntülərdir və əslində məsələnin dərinliyində başqa məqamlar var:

 

“Paşinyan 2 gün əvvəl çıxış elədi ki, Ermənistan sülh təkliflərini Azərbaycana təqdim edəcək. Bu da o deməkdir ki, Ermənistan özünün variantı olan bir sülh sazişi hazırlayıb".

 

Politoloq bildirib ki, indiyədək Brüssel formatı və digər görüşlərdə sülh prosesi ilə bağlı aparılan danışıqlar əsasən Azərbaycanın təklif etdiyi 5 baza prinsipi ilə təşkil olunurdusa, indi birdən-birə Ermənistanın yeni təkliflərlə çıxış eləməsi danışıqlar prosesindən imtinaya bərabərdir:

 

“Əminəm ki, Ermənistanın hazırladığı sülh təklifində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, öz müqəddəratını təyin etməsi və “status” məsələsi də öz əksini tapıb və bu da Azərbayacanın maraqlarına cavab verməyəcək. Bu, Ermənisstanın sülh müqaviləsindən imtina etməsi üçün irəli sürülən müxtəlif variantlardan biridir. Çünki görüş baş verirsə, orda nə müzakirə olunacağını yaxşı bilir. Anlayır ki, növbəti görüşdə indiyə qədər aparılan danışıqların xarici işlər nazirləri səviyyəsində davamı olacaq. Bu da ondan ibarətdir ki, ortada olan üçtərəfli saziş və Brsüseldə razılaşdırılmış məqamların icrası, yəni sülh sazişi mətninin hazırlanması və ondan irəli gələn fəaliyyətin həyata keçirilməsi, o cümlədən Moskva görüşündə, xarici işlər nazirlərinin əldə etdiyi razılaşmalar  və digər bəyanatların icraasından irəli gələn vəzifələrin yerinə yetirilməsidir. Bu günə qədər bunların heç biri həyata keçirilmədiyi üçün Ermənistan danışqlar masasında nə deyəcəyini bilmir”.

 

R.Bayramov bildirib ki, görüşlər keçirib quru-quru öhdəlikləri  götürməklə də prosesi irəli aparmaq mümkün deyil. Çünki Azərbaycan tərəfi  prosesin uzadılmasına “yox”- deyir, prosesin sonsuza qədər bu cür davam etməsinə özünün kəskin mövqeyini bildirib:

 

“Bu baxımdan hesab edirəm ki, Ermənistanın görüşdən imtinasının bir səbəbi Rusiyaya qarşı bir demarşıdırsa, digər tərəfdən sülh prosesinin pozulmasına yönələn bir addımdır”.

 

T.Qafarlı
Versus.az