Azərbaycan Dövləti Qarabağı, Şərqi Zəngəzuru düşməndən azad etdikdən sonra, tarixin müxtəlif dövrlərində böyük güclərin diqtəsi, erməni məkri ilə öz yurdundan qovulan, deportasiyalara məruz qalan minlərlə azərbaycanlının öz torpaqlarına qayıdışını, öz tarixini qorumağı əsas məqsədlərdən biri kimi gündəmə gətirib.

Bu gün Azərbaycan Dövləti və xalqı tarixi Zəngəzura gedən yolun astanasındadır və atılan növbəti addım vaxtilə Azərbaycandan qoparılaraq üzərində Ermənistan yaradılan tarixi Qərbi Azərbaycana qayıdışı hədəfləyir.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan ictimai birliyinin inzibati binasının açılışında Qərbi Azərbaycana qayıdışla bağlı çıxışı və göstərdiyi hədəflər xüsusi vurğu və tarixi məqam kimi qeyd olunur, müzakirə edilir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən  Milli Məclisin deputatı Musa Quliyev bir çox nüanslara toxunub.

 

– Musa müəllim, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsinin ölkə başçısı tərəfindən çıxışında böyük vurğu ilə elan edilməsi  və Prezidentin qərbi azərbaycanlıların inzibati binasının açılışında bir qrup qərbi azərbaycanlı ilə görüşü zamanı səsləndirdiyi məsələlərin əhəmiyyətini necə dəyərləndirmək olar və bizə hansı vəzifələri tapşırır?

 

– Əlbəttə, deməliyəm ki, cənab Prezidentin bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşü, çıxışı çox mühüm tarixi və strateji əhəmiyyətə malik siyasi addımdır. Bu, Qərbi Azərbaycana qayıdış proqramı, yol xəritəsidir. Cənab Prezident Qərbi Azərbaycanın tarixi, siyasi, hüquqi, mənəvi aspektlərinə toxundu və “Nə etməliyik?” sualına cavab verdi. Hesab edirəm, bu məsələ həm bütövlükdə icma və nümayəndələri, həm də müvafiq dövlət qurumları tərəfindən təhlil edilməli, sistemləşdirilməlidir. Prezidentin də söylədiyi kimi, Qərbi Azərbaycan tarixinin araşdırılması əlavə təkliflərlə zənginləşdirilib konsepsiya hazırlanmalıdır.

Azərbaycanlıların öz tarixi torpaqlarından məcburən çıxarılması, qaçqın vəziyyətinə gətirilməsi prosesindən 35 ilə qədər vaxt keçib. Proseslər 1985-ci ildə başladı və artıq 1989-cu ildə Nüvədi kəndi istisna olmaqla, Qərb Azərbaycanda bir dənə də olsun azərbaycanlı qalmamışdı. Biz bu 35 ilə yaxın müddətdə yalnız öz təşəbbüsümüz, vətəndaş mövqeyimizlə Qərbi Azərbaycanın hər diyarı barədə müəyyən araşdırmalar, təhlillər aparmışıq.  İndi isə hesab edirəm, artıq bu işlərlə hüquqi səviyyədə məşğul olmalıyıq.

Əlbəttə ki, Azərbaycanın tarixi irsini, ədəbiyyatını, mədəniyyətini müəyyən əsərlər vasitəsilə yazıb, gələcəyin yaddaşında qorumaq özü də mühüm məsələ idi. Birinci növbədə o torpaqlarımızın qədim adlarını, tarixini, adətlərini, sonrakı taleyini, öz evindən, yurdundan didərgin, qaçqın salınan insanların hansı haqsızlıqlarla üzləşdiyini özümüzə tanıtmalıyıq. Bu istiqamətdə bir çox araşdırma da aparılıb. O cümlədən, mən də Zəngəzurun tədqiqi, toponimləri ilə bağlı araşdırmalar aparmışam.  Amma bütün bunlar dövlət siyasəti və sistemli şəkildə aparılmayıb. Bu gün Qərbi Azərbaycan adında bir icma yaranıbsa, deməli, aparılan tədqiqatlar da sistemləşdirilməli, bir proqram halını almalı və fəaliyyətimiz  hərtərəfli olmalıdır. Bizim hədəfimiz müəyyənləşməlidir. Bilməliyik ki, nə istəyirik və bunu necə, hansı zamana qədər həyata keçirməliyik. Azərbaycan olaraq bu suallara doğru, düzgün cavab verməliyik. Cənab Prezident qərbi azərbaycanlılarla görüşündə söylədi ki, bu vaxta qədər Qarabağ işğaldan azad olunmamışdı deyə, əsas diqqətimizi ona yönəltmişdik. Artıq Qarabağ, Şərqi Zəngəzur işğaldan azad olunub.  İndi bizim yeni hədəflərimiz Prezidentin müəyyən etdiyi kimi, qədim ata-baba torpaqlarımız olan və bu gün Ermənistan deyilən bir dövlətin ərazisində qalan tarixi Azərbaycan torpaqlarına qayıdışımızla bağlıdır. Biz ora necə qayıdacağıq, bunu Prezident söylədi. Amma Ermənistanda və dünyada olan ermənipərəst qüvvələr canfəşanlıq göstərib deyirlər ki, tarixi torpaqlarına qayıdışı hədəfləyən Azərbaycan Ermənistana müharibə elan edir. Təbii ki, bizim belə bir niyyətimiz yoxdur. Biz öz tarixi torpaqlarımıza dinc, beynəlxalq hüququn yol verdiyi şəkildə qayıtmaq istəyirik. Buna görə də “Öz tarixi torpaqlarımıza necə qayıtmalıyıq?” sualına Qayıdış Konsepsiyasının hazırlanması ilə cavab veriləcək. Orada “Qayıdışın yolları nədir və kim qayıtmaq istəyir?” suallarına da ayrı-ayrı bəndlərlə cavab verilməlidir.  

Burada digər məsələ odur ki, “Qərbi azərbaycanlı kimdir?” sualını da aydınlaşdırmalıyıq. O, Qərbi Azərbaycanda doğulub, 1988-ci ildə qaçqın düşəndirmi, ondan əvvəlki müddətlərdə  öz elindən deportasiya edilib, məcburən öz evlərini, yurdunu tərk edənlərdimi, yaxud da ürəyində Qərbi Azərbaycan sevgisi, arzusu olub, lakin o yerlərlə heç bir fiziki bağlılığı olmayan insanlardımı... Məsələyə birmənalı olaraq vahid mövqedən yanaşılmalıdır. Nə qədər ki, Qarabağ işğalda idi, deyirdik ki, “Hamımız qarabağlıyıq” və təbii ki, bunda da haqlı idik. Əgər Qarabağ hamımızın torpağıdırsa, Qərbi Azərbaycan da hamımızındır. Biz bu gün məsələyə “Hamımız qərbi azərbaycanlıyıq” prinsipi ilə yanaşmalıyıq.

Hesab edirəm, ən konseptual məsələ bunun qanunvericiliklə təkmilləşdirilməsidir. Qeyd edim ki, “Qaçqınlar və məcburi köçkünlərin statusu” haqqında qanun 1999-cu ildə qəbul olunub və keçən 25 il ərzində dünyanın düzəni, eləcə də məcburi qaçqın-köçkün məsələsinə münasibət dəyişib. Biz artıq yeni qanunlar işləyib-hazırlamalıyıq. Orada qərbi azərbaycanlıların qaçqın statusu, həm də onların geri qayıtmasının təminatları əks olunmalıdır.

 

– Qərbi Azərbaycana doğru hədəflərimiz yüsək tribunadan bəyan edildi. Siz də qeyd etdiniz, tarixin haqsızlığı ilə üzləşib öz ata yurdlarını müəyyən dövrlərdə tərk edən hər bir irəvalı, qərbi azərbaycanlı, zəngəzurlu, babalarının hansı torpaqda doğulduğu, hansı mədəniyyətə, tarixi mədəni irsə sahib olduğunu bilir. Bu məlumatları daxildən çıxarıb dünyaya necə ötürməliyik?

 

–  Son 30 il müddətində dövlətimizin əsas hədəfi Qarabağın işğaldan azad olunmasına yönəlmişdi. Bu gün isə bu məsələ tək bir icma səviyyəsində deyil, icma-dövlət, icma-hökumət işbirliyi fəaliyyəti ilə həyata keirilməlidir. Cənab Prezident də söylədi ki, portallar yaradılmalı və tarixi torpaqlarımızla bağlı bütün informasiyalar toplanmalı, saf-çürük edilməli, xarici dillərə tərcümə edilib sistemə oturdulmalı, bütün dünyaya açılmalıdır. Bu, az vaxt, az maliyyə tələb edən işlər deyil. Ardıcıl, sistemli şəkildə proqramlarımızı qəbul etməli və fəaliyyətimizi birgə aparmalıyıq.

Prezident çox doğru söylədi ki, beynəlxalq ekspertləri, hüquqşünasları, alimləri dəvət edərək, bu mövzuda sistemli konfranslar, simpoziumlar, sərgilər keçirməliyik. Ölkə daxilində bilirik ki, Qərbi Azərbaycan haradır, hansı abidələrimiz var və necə dağıdılıb. İndi biz bunu dünyaya tanıtmalı və məqsədimizi bəyan etməliyik.

İcmanın ikinci, üçüncü əsas fəaliyyətində beynəlxalq diasporalar, səfirliklər, o cümlədən tək Türkiyə yox, Türk Dünyası və İslam Dünyası, coğrafiya, mili ideya  baxımdan bizə yaxın olan dövlətlərlə birgə fəaliyyətə söykənməlidir. O ölkələrdə Qərbi Azərbaycanla bağlı konfranslar keçirməli, tarixi elmi işlər ortaya qoyulmalıdır. Cənab Prezident Yol Xəritəsini müəyyənləşdirdi.  Hesab edirəm ki, bu məsələyə daha çox gəncləri cəlb etməliyik. Çünki bu proses 25-30 il çəkə bilər. Ona görə də həm icmanın rəhbər orqanlarında, təşkilatçılığında gənclərin öndərliyini qabağa çıxarmalı və bu işi gənclərə həvalə etməliyik.

 

– Tarixçilərimizin Qərbi Azərbaycanla bağlı apardığı araşdırmaları necə qiymətləndirmək olar?

– Tarixçilərimizin bu sahədəki işini qənaətbəxş hesab etmirəm. Ortada Qərbi Azərbaycanla bağlı fundamental əsərlərimiz çox azdır. Tarix İnstitutunun yazıb hazırladığı “İrəvan xanlığı” kitabı var. Qalanları isə fərdi ictimai əsaslarla hazırlanıb. Biz elə elmi əsərlər yazmalıyıq ki, gələcək nəsillər o torpaqların bizim xalqa mənsub olduğunu bilsinlər. Ümummilli Liderin belə bu  təşəbbüsdən çıxış edərək, rəhmətlik professor Həsən Mirzə Dərələyəz mahalını, mən isə Zəngəzur mahalını araşdırdım, toponimlərini yazdım. Azərbaycan, Gürcüstan, Sankt Peterburq, Türkiyə  arxivlərində araşdırmalar aparıb, bütün faktları toplayıb ortaya qoyduq. Biz bu işləri görəndə nə dövlətdən, nə hökumətdən dəstək ummadıq, dəstək gözləmədik. Bu gün bu işlər AMEA-npn Tarix İnstitutunda sistemli şəkildə aparılıb dünyaya çıxarılmalıdır.

 

 – Bu gün də bizim torpaqlara iddia edən separatçı ermənillərin məfkurəsinə baxsaq, Qərbi Azərbaycana qayıdışımızı necə görürsünüz?

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müəyyənləşdirib, qayıdışımız  sülh yolu ilə həyata keçirəcəyik. Ona görə də erməniləri sülhə çağıracağıq. Yox əgər, qarşı tərəfdən başqa münasibət olacaqsa, təbii ki, bizim də addımlarımız başqa bir yöndə müəyyənləşəcək. Hesab edirəm ki, dünyanın gərginliyi ilə müşahidə olunan belə bir durumda biz Ermənistana müharibə edən deyilik. Cənab Prezident də deyir ki, biz bu qayıdışı sülh yolu ilə həll edəcəyik və mənə belə gəlir ki, bu, əsas çağırış olacaq. Hələlik isə Qarabağ, Şərqi Zəngəzur tikiləcək, Zəngəzur yolu açılacaq. O yol açılandan sonra bütövlükdə Qərbi Azərbaycana, indi Ermənistan deyilən torpaqlarımıza qayıdışımız başlayacaqdır.

 

– İmkanlı iş adamlarımızın Azərbaycanın tarixi torpaqları haqqında əsərlər, filmlər, internet kitabxanaları hazırlanması prosesində maliyyə dəstəyi varmı?

– Dediyiniz istiqamətlərdən heç bir maliyyə dəstəyi yoxdur. Amma mütləq olmalıdır. Əslində, buna görə onları qınamırıq. Bu günə qədər bu işlərlə sistemli şəkildə məşğul olmamışıq. Həmin qurumlar, şəxslər də təşəbbüs göstərilməlidir. İnsanlar tariximizi öyrənmək, tanıtmaq üçün öz qatqılarını verməlidirlər. Dünyada yaşayan bir çox erməni oliqarxlarının Ermənistanda bir çox sahələrə, hətta separatizmə milyonlarla vəsait yatırdıqları ilə bağlı faktlar var. Mən demirəm ki, bizimkilər də hansısa yolların tikintisi  üçün milyonlarla  pul ayırsınlar. Amma təbliğat, tarixi, etnoqrafiq araşdırma işlərində Azərbayanın daxilində və xaricdə yaşayan iş adamları, biznesmenlər nəsə edə bilərlər. Ən azı Qarabağın, Şərqi Zəngəzurun bərpasına bir qatqıları ola bilər. Biri bağça tikdirər, biri məktəb, biri xəstəxana və sair... Bu təşəbbüslər olmalıdır. Yəni biz Qarabağı birlikdə azad eləmişiksə, birlikdə də abad eləməliyik. Sonrakı hədəflərimiz də bəllidir.  Qərbi Azərbaycana da gedən yolu da bir yerdə, amma düzgün müəyyən etməliyik.

 

– Prezidentin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının sanballı şəkildə hazırlanması ilə bağlı fikilərlə dünyada Azərbaycanı sevməyən Ermənistan, bizim tarixi həqiqətlərə ikili yanaşanlara hansı mesajı verdi?

 

 – Bu, çox ciddi bir məqamdır. Cənab Prezidentin bütün görüşlərini, çıxışlarını, müsahiblərini təkcə Azərbaycan auditoriyası dinləmir. Bizi istəyən dostlar da, bizi sevməyən qüvvələr, düşmənlər də izləyir və bundan öz dərsini alır. Şübhəsiz ki, cənab Prezident öz çıxışında hüquqdan, qanundan kənar heç nə deməyib. Hər kəsin əsas haqqı və hüquqlarından biri də odur ki, özünün, atasının, babasının doğulduğu, yaşadığı torpaqlara qayıtsın. Ona görə də hesab edirəm ki, cənab Prezidentin bu çıxışı dünya ictimaiyyəti tərəfindən normal, anlaşılan qarşılanmalıdır. Amma ermənilər üçün bir qədər soyuq duş effekti verəcək. Eyni zamanda onlar da xatırlamalıdırlar ki, bu torpaqların sahibləri var və onlar öz torpaqlarına qayıtmaq iddialarını ortaya qoymalıdırlar.  Ermənilər bir balaca özlərinə sıxlaşmalıdırlar ki, o torpağın  əsl sahibləri gələndə öz yerlərini bilsinlər.  Ermənilər bunu dərk etməli və görməlidirlər. Və cənab Prezidentin “biz artıq ana Göyçənin sahilindəyik, artıq durbin olmadan da Göyçə gölünü görürük” sözləri də çox əhəmiyyətlidir.  Göyçə gölünü görürüksə, inşaallah biz ora çox rahatlıqla gedə biləcəyik. Inşallah biz ora gedəcəyik. Ona görə də səfərbər olmalıyıq. Qərbi Azərbaycanda doğulub böyüyən, yaşayan bir insan kimi bir təklifim var:  “Kimdir qərbi azərbaycanlı?” sualına cavab verərəkən, harada doğulmasından asılı olmayaraq, o yerləri özünə yurd, vətən hesab edən, oraya dönmək istəyən hər kəs Qərbi Azərbaycanlıdır. Biz bu məsələdə çərçivə qoymalı deyilik. Necə ki, Qarabağın işğaldan azad olunması prosesində hər birimiz səfərbər olub Qarabağlı olduq, indi də hər bir Qarabağlı, şərqi zəngəzurlu Qərbi azərbaycanlı olmalıdır. Vətənin dərdi olan yerdə  bölücülük ola bilməz. Millət vahidir və vətənə dönüş konsepsiyamız da vahid vətən üçün hazırlanan konsepsiya olmalıdır. Heç kəs düşünməsin ki, bu konsepsiya elə Qərbi Azərbaycanda doğulub ordan didərgin düşənlər üçündür. Vətənin hər qarşı hər birimizindir.

– Bu gün Qarabağımız, Şərqi Zəngzurumuz 44 günlük müharibə ilə düşməndən azad edilib. Bu gün üçtərəfli bəyanata əsasən aparılan sülh danışıqlarında ermənilərin Qarabağa qayıtması ilə paralel, illərdir yurdundan qaçqın düşmüş Azərbaycan türklərinin indiki Ermənistan sərhədləri daxilində qalan Azərbaycan torpaqlarına-Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında qaldırıla bilərmi?

 – Hesab edirəm ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsləsini bu kontekstdə qaldırmaq hələ tezdir. Ermnistanla sülh müqaviləsi bağlayarkən əsas şərtlərimiz 10 noyabr üçtərəfli bəyanatında əks olunan müddüəların tam icra olunması, ondan sonra Qarabağda qalıb məskunlaşacaq, Azərbaycan xalqına qarşı cinayət törətməmiş ermənilərin qanunlarımızı qəbul edərək, bayrağımız altında yaşaması üçün şəraitin yaradılması, hüquq azadlıqların təmin olunmasıdır. Növbəti mərhələlərdə biz vaxtilə Azərbaycanda yaşamış ermənilərin və Ermənistanda yaşamış azərbaycanlıların dönüşü, vətəndaş və yaxud vətəndaşlığı olmadan yaşaması ilə bağlı müzakirə apara bilərik. Birinci mərhələdə Qarabağ, Şərqi Zəngəzur, bütövlükdə Zəngəzur yolu daxil olmaqla məsələləri həll etməliyik, ondan sonra qalan məsələlərə qayıda bilərik. Amma indidən biz bu məsələni sülh müqaviləsi şərtinə salsaq, Azərbaycandan gedən ermənilərin də müəyyən təşəbbüsləri olacaq,

 

– Beynəlxalq təşkilatlar ikilisatandartlardan əl çəkmirlər. Beynəlxalq hüquq işləmir. Hətta Prezidentimiz dəfələrlə YUNESKO-nu ermənilərin dağıtdığı Azərbaycan ərazilərində abidələrimizi araşdırmağa dəvət etsə də, bu təşkilat Azərbaycan həqiqətləri görmək istəmədi. Belə olduğu halda beynəlxalq təşkilatların Qərbi Azərbaycan məsələsinə münasibətini necə dəyərləndirmək olar?

– Biz cəmiyyət olaraq hər hansı bir beynəlxalq təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi bu cür ikili yanaşmalara görə nə ümidsizləşməli, nə də həvəsdən düşməli deyilik. Bəzən Fransadan haqlı olaraq inciyirik. Amma bir reallığı bilməliyik: Fransa bizim üçün qardaş deyil, doğma deyil. O bir dövlətdir və öz maraqları naminə istənilən qərəzli addımlarını atacaq. 30 il ərzində  Fransanın da, ATƏT-in də, Rusiyanın da, Amerikanın da etibarını gördük. Biz güclü olmalıyıq və hədəflərimizə doğru getməliyik. Digər tərəfdən biz öz işimizi bizə yaxın olan tərəflərələ qurmalıyıq. Bizə yaxın olanlar Türk Dünyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatıdır. Bizim hədəfimiz bu təşkilatlar içərisindən öz tərəfdaşlarımızı artırmaq, təbliğatımızı da o istiqamətdə inkişaf etdirməkdir. Yoxsa gedib ermənipərəst mövqedən çxış edən dövlətlərdə Zəngəzur, Qərbi Azərbayacana qayıdış məsələsini qoysaq, uğur qazana bilməyəcəyik. Ona görə də biz hədəfə doğru mərhələ-mərhələ gedib öz tərəfdarlarımızı artırmaqla beynəlxalq arenaya çıxmalıyıq. (həftə içi)

 

Tahirə Qafarlı

Versus.az