"Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarları Azərbaycanın Laçın dəhlizi və Ermənistan tərəfindən basdırılmış minaların yaratdığı nəticələrlə bağlı haqlı mövqeyimizi sübut etmək üçün beynəlxalq hüquq baxımından mühüm istinad nöqtəsi olacaq".
Versus.az xəbər verir ki, bunu Millli Məclisin plenar iclasında deputat Kamal Cəfərov Beynəlxalq Ədalət Məhkəməsində qəbul olunan qərardan danışarkən bildirib.
Deputat qeyd edib ki, bu günə qədər bəzi beynəlxalq təsisatlar, o cümlədən Avropa Parlamenti, AŞPA faktları Azərbaycanın haqlı mövqeyini subyektiv fikir kimi qiymətləndirərək, erməni yalanlarına inanmağı üstün tuturdular. Ancaq Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarları bizim, Milli Məclis olaraq, beynəlxalq təşkilatlarda gələcək fəaliyyətimizdə istifadə etmək üçün beynəlxalq hüququn mənbəsi kimi çox mühüm əhəmiyyətə malikdir:
"Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarında Ermənistan tərəfi 2021-ci ildə istehsal etdiyi minaları Laçında basdırdığını təkzib edə bilməyib və bu, məhkəmənin qərarı ilə təsdiq edilib. Eyni zamanda məhkəmə qərarının 21-ci bəndində göründüyü kimi, Ermənistan tərəfi Laçında bubi tələlərinin öz hərbi birləşmələri tərəfindən basdırılmadığını sübut etməyə çalışsa da, həmin tələlərin faktiki olaraq Laçında qanunsuz məskunlaşmış mülki ermənilər tərəfindən 2021-2022-ci illərdə basdırıldığını etiraf edib”.
Deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin özünü məsuliyyətdən kənar saxlamaq üçün vətəndaşlarını bada verməsi təəccüblü deyil:
“Ermənistan hökuməti bu yanaşması ilə Münxendə əyri ingilis dili ilə danışan Paşinyanın xalqına, demokratiyaya və hüququn aliliyinə verdiyi dəyərsizliyi beynəlxalq səviyyədə bir daha təsdiq edib”.
K.Cəfərov digər mühüm nəticə kimi məhkəmənin Ermənistan tərəfinin Laçın dəhlizində “etiraz aksiyalarının Azərbaycan tərəfindən təşkili və dəstəklənməsinin dayandırılması”, “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” vəsatətlərini tamamilə rədd etməsini önə çəkib:
“Məhkəmə qərarında Azərbaycanın səlahiyyətləri çərçivəsində Laçın dəhlizində təhlükəsiz hərəkəti təmin etmək üçün həyata keçirdiyi tədbirləri nəzərə alıb. Bu da çox müsbət haldır. Məhkəmənin Ermənistanın tərəflər arasındakı mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığına bir daha istinad etməsi yüksək qiymətləndirilməlidir. Ancaq məhkəmənin qərar verdiyi gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın qarşılıqlı nəzarət-buraxılış məntəqələrinin qurulması təklifini güc tətbiqi kimi qiymətləndirməsi bir daha göstərir ki, Ermənistan Laçın dəhlizində şəffaflığın təmin edilməsinə maraqlı deyil, Ermənistan bölgədə sülhə maraqlı deyil. Çünki Mirzoyan məhkəmə qərarlarını oxuduqdan sonra başa düşüb ki, bu, Azərbaycanın Laçın dəhlizində sərnişin və yüklərə nəzarət etməsinə maneə olmur, əksinə, beynəlxalq sənədlərdə gömrük və pasport nəzarəti beynəlxalq mexanizmlər çərçivəsində “maneə” deyil, BMT-nin bütün üzvləri tərəfindən geniş şəkildə qəbul edilmiş mexanizmlərdir”.
LƏMAN
Versus.az