Cənubi Qafqaz regionunda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi olan dövlətlər, beynəlxalq qurumlar işğalçı Ermənistanı üçtərəfli atəşkəs sazişində götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək əvəzinə, Azərbaycana qarşı bəyanatlar, qətnamələr, hesabatlar və digər təsir elementlərindən istifadə etməkdədir. Erməni işğalı nəticəsində və sonrakı dövrlərdə öz ərazilərində yeraltı, yerüstü sərvətlərin talanmasına qarşı tədbirlər görmək istəyən Azərbaycan ekokomissiyasının monitorinqinə rus sülhməramlıları və erməni separatçıları tərəfindən imkan verilmir, üstəlik, ermənilərin özbaşınalığına görə dinc aksiyalarla tələblər irəli sürən Azərbaycan ictimai fəallarını cəfəng “blokada yaratmaq” iddiası ilə günahlandırmağa cəhdlər edilir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə suallarımızı millət vəkili Mahir Abbaszadə cavablandırıb.

 

- Bu günlərdə ABŞ-ın Cornell Universitetində fəaliyyət göstərən elmi qrup Azərbaycana qarşı yalan, qərəzdolu hesabat hazırlayıb. Hesabatda Azərbaycan xalqının Qarabağ ərazisində mədəni irsinin erməni mədəni irsindən az olması, erməni nəzarətində qaldığı dövrdə cəmi bir neçə müsəlman abidəsinin kimlərsə tərəfindən dağıdıldığı, məqsədli şəkildə mədəni irsin silinməsinin həyata keçirilməsinin baş vermədiyi bildirilib. Bu hesabat hansı məqsədə xidmət edir? 

 

Biz bu qüvvələrin erməni lobbisinin təsiri altında uzun müddət ermənilərin Azərbaycanla bağlı haqsız tələblərini, torpaq, maddi-mədəniyyət, milli kulinariya ilə bağlı yalançı iddialarının müxtəlif üsullarla müdafiə etmələrinin şahidi olmuşuq. Təəssüflər olsun ki, böyük dövlətlərin parlamentariləri, universitetləri də bu məsələyə inanır və Azərbaycana qarşı belə qarayaxma kampaniyaları həyata keçirirlər.

Azərbaycan regionda  müstəqil siyasət yeridir. Azərbaycan dövləti Prezidentin rəhbərliyi ilə iqtisadiyyatı inkişaf etdirməkdə, Ordumuzu gücləndirməkdədir. Buna baxmayaraq, biz bütün beynəlxalq sferalarda mübarizələrimizi davam etdirməliyik. Tarix sübut etdi ki, Azərbaycan qardaş Türkiyədən başqa ciddi bir kömək olmadan münaqişəni həll etdi. Tarix sübut etdi ki, BMT-nin digər dünya dövlətləri ilə bağlı qəbul etdiyi qətnamələr dərhal həyata keçirildiyi halda,  ATƏT-in, Avropa Şurasının işğal edilmiş Azərbaycan torpaqlarının tarixi sahiblərinə qaytarılması ilə bağlı heç bir qəbul olunmuş sənədi yerinə yetirilmədi. Belə olan halda Azərbaycan xalqı, Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib Dəmir Yumruq olaraq torpaqları azad etdi.

Zaman sübut edir ki, dünyada güclü və gücsüz tərəflər var. Belə bir şəraitdə Azərbaycanın nicat yolu onun güclənməsindən keçir. Biz nə qədər güclü olacağıqsa, regionda və ətrafımızda diqtə edən tərəf biz olacağıq və baxışlarımız istənilən qərarın qəbul olunmasını təmin edəcək. Hansısa  parlamentlərin, qərarların, hesabatların birlik, mübarizə ruhumuza təsir etməsinə imkan verməməliyik. Şübhəsiz, bütün bu hesabat və qərarlar erməni lobbisinin təsiri ilə qəbul olunur. Amerika unversitetində hesabat hazırlayan professorları danışdırsaq, ümumiyyətlə, Qarabağın harada yerləşdiyini, hansı məscidlərin dağıdıldığını bilməyəcəklər. Bizim torpaqlar işğal olunub və yaxşı bilirik ki, Qarabağda 67 məsciddən 64-ü dağıdılıb, 1-nin farslaşmasına cəhd olunub. Bu da Şuşa işğal altına düşdüyü zaman İran hökumətinin maddi gücü sayəsində həyata keçirilib.

 

- Bizimlə bağlı məsələlərdə nədənsə siyasət iqtisadiyyatı üstələyir...

 

- Harada siyasət varsa, orada səmimiyyət yoxdur. Elə siyasətin özü də müəyyən iqtisadi rıçaqları əldə etmək üçün qurulub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir.  Azərbaycan yeganə dövlətdir ki, Avropa İttifaqının üzvləri ilə ayrı-ayrılıqda konkret müqavilələri var. Azərbaycan vaxtilə müəllifi olduğu TAP və TANAP layihələri üzrə Avropanın  enerji təhlükəsziliyində yaxından iştirak etməkdədir. Xüsusilə Rusiya-Ukrayna  müharibəsi zamanı Avropanın üzləşdiyi enerji ehtiyaclarının ödənilməsində ölkəmiz önəmli rol oynadı. Azərbaycan yeganə dövlətdir ki, enerji məsələlərini siyasətlə həll etmir. Biz öz iqtisadi imkanlarımızı siyasi proseslərə qatmırıq.  Avropada insanların qaza, istiliyə ehtiyacı varsa, Azərbaycan humanistlik edərək qazın verilməsində ciddi problem yaratmır.

Burada başqa məqamlar da var. Belə görünür ki, Avropada bu qərarları qəbul edən siyasilər riyakardırlar. Vəziyyətləri gərginləşən kimi Azərbaycan Prezidentinin qapısını döyürlər, öz məsələləri müsbət həllini tapan kimi yenə əvvəlki cildlərinə qayıdır, yenə qərəzli qərarlar, öz iradələrini balaca gördükləri dövlətlərə qəbul etdirməklə qarayaxma kampaniyası aparırlar. Azərbaycan bütün bunlara qarşı ciddi dirəniş gətirə bilib. Biz ortaya bu torpaqların sahibi olduğumuzu qoymuşuq. Ölkə rəhbərinin qeyd etdiyi kimi, bizi bu torpaqlardan heç kim çıxara bilməz. Beynəlxalq təşkilatlarda qəbul olunan belə qərarlar da kağız parçasıdır.

 

- Son günlər ermənilərin müharibə çağırışları, hərbi təxribatları, alternativ yollar salıb, oradan Qarabağa silah daşımaları və sair, gərginliyi ifadə edən hadisələr istər-istəməz,  “Belə şəraitdə Laçında quruculuq, sosial-iqtisadi inkişaf tempi necə gedir, əhalinin qayıdışı məsələsi son vaxtlar sərhəddə və Qarabağda yaranan gərginliyin fonunda nə dərəcədə gerəkləşəcək?” – sualını yaradır...

 

- Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, Laçın rayonunun kəndləri və mərkəzi tamamilə erməni işğalından təmizləndikdən sonra qarşıda duran əsas məsələ bu əraziləri bərpa edib, qurub-yaratmaqdır. Ermənistanla sərhəddə ən çox müşahidə və müdafiə postları Laçın rayonu ərazisində yerləşir. Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqələrinin qoyulması, Laçının şəhər mərkəzi və kəndlərinin bərpa edilməsi, rayonda bütün infrastruktur layihələrin qurulması ilə bağlı artıq avqust ayından kifayət qədər işlər görülməkdədir. Laçın şəhər mərkəzində, təxminən, 600 evin bərpa prosesi yay aylarında yekunlaşacaq. Təxminən, 600 ailə şəhərə köçürüləcək. Bununla bağlı son tamamlanma işləri gedir. Digər tərəfdən, Prezidentin sərəncamına əsasən Laçın rayonunun Zabux və Sus kəndləri ilə bağlı Qarabağ Dirçəliş Fondundan vəsaitlər ayrılmışdır. Zabuxda 223 ailəlik qəsəbə ilin sonuna qədər yekunlaşacaq. Sus qəsəbənin tikintisi yekunlaşmaq üzrədir. Belə olan təqdirdə düşünürük ki, ilin sonuna qədər Laçının şəhər və kəndlərinə, təxminən, 1 000 ailənin köçürülməsini təmin edəcəyik. Şəhərsalma Arxitektura Komitəsi Laçın rayonunub Güləbird, Şəlvə və Qorçu kəndləri ilə bağlı baş müfəssəl planları, yəqin ki, yay aylarının sonuna qədər hazır olacaq. Eyni zamanda, Laçın rayonu, ətraf Şuşa və Kəlbəcər üçün çox mühüm əhəmiyyəti olan Laçın Hava Limanının inşası sürətlə davam edir. Limanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda köçürüləcək əhali ilə bağlı iqtisadi imkanların – iş yerlərinin yaradılması, sosial müdafiənin gücləndirilməsi istqamətində ciddi işlər görülür.

 Məlumdur ki, Prezidentin sərəncamına uyğun olaraq böyük qayıdışı təmin etmək məqsədilə 2022-2026-cı il dövlət proqramı qəbul olunub. Həmin proqrama uyğun olaraq Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsində geri qayıdacaq insanlarla bağlı siyahıyaalınmalar həyata keçirilir. Köçürüləcək insanların peşələri, ixtisasları, vərdişləri orada görmək istədikləri işlər, şəhərin ümumi görüntüsü ilə bağlı fikirləri öyrənilir. Eyni zamanda, Bakı MMC vasitəsilə Laçının mərkəzndə iqtisadiyyatın müxtəlif sektorlarını özündə cəmləşdirən iqtisadi strukturların yaradılması nəzərdə tutulur. Burada sənaye bölgələri, aqroparklar, kənd təsərrüfatının, arıçılığın, turizmin inkişafı ilə bağlı təkliflər var. Məndə olan məlumata görə, həmin  işlərin bəziləri artıq başlanılıb. İlin sonuna qədər Laçın şəhər mərkəzi, Zabux və Sus kəndlərinin sakinlərini öz ata-baba yurdlarına qaytara biləcəyik.

Qarşıdan Ulu Öndərin 100 illik yubileyi gəlir.  Eyni zamanda Laçının 1923-cü ildə rayon statusu almasının da 100 illiyidir. Düşünürəm, bu il əlamətdar olacaq. Həm Ulu Öndərin 100 illiyinin qeyd edilməsi, Laçının rayonunun 100 illiyi, Laçına böyük qayıdışın baş verməsi böyük tarixi hadisələrdir. Qarabağın təhlükəsizliyinin daimi və əbədi olması üçün  erməni silahlı qüvvələrinin çıxarılması və bu bölgənin tamamilə silahsızlaşdırılması ilə bağlı  Azərbaycan dövlətinin apardığı işlər uğurla nəticələnəcək və 2023-cü il Azərbaycan tarixinə qızıl hərflərlə yeni bir imza atacaq.

 

– Laçın-Xankəndi yolunda ekoaktivistlərin təbii ehtiyatlarımızın qeyri-qanuni istismarı və monitorinqin keçirilməsi tələbi ilə 123 gündür davam edən etiraz aksiyasının sülhməramlılar tərəfindən qulaqardına vurulması hansı zəruri addımların atılmasını ortaya çıxarır?

 

– Əvvəla, xatırladaq ki, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi zəfərdən sonra 10 Noyabr sazişinə uyğun olaraq Qarabağda yaşayan ermənilərin Ermənistana gedişini asanlaşdırmaq məqsədilə Laçından onlara dəhliz vermişdi. Sonra bu dəhliz yolla əvəzləndi.  Bu yol 10 Noyabr üçtərəfli sazişinə uyğun olaraq humanitar məqsədlər üçün nəzərdə tutulurdu. Amma gördük ki, Qarabağda yaşayan və Ermənistanda olan ermənilər bu yoldan başqa məqsədlər üçün istifadə edirlər. Azərbaycanın Qarabağda yeraltı sərvətlərinin istismar edilib bu yoldan Ermənistana aparılmasını, eyni zamanda, Ermənistandan minaların, hərbi silah-sursatın, canlı qüvələrin qeyri -qanuni yollarla Qarabağa daşınmasını müşahidə etdik. Qarabağda olan təbii sərvətlərin monitorinqini keçirmək üçün komissiya fəaliyyətə başladı. Ekofəllar,  komissiya qrupu əraziyə buraxılmadı. Qarabağda fəaliyyət göstərən rus sülhməramlı qüvvələri Azərbaycanın mövqeyini müdafiə etmədilər və bundan da istifadə edən ermənilər  buna imkan vermədilər.  Belə olan təqdirdə, həmin aksiyaya qərar verildi və artıq yüz gündən artıqdır ki, bu, davam edir. Hesab edirəm, bu aksiyada qarşımıza qoyduğumuz müəyyən məqsədlərə nail ola bilmişik. Əgər bu aksiyanın keçirilmə səbəblərindən biri Laçın-Xankəndi yolundan iqtisadi cinayətləri həyata keçirmək üçün istifadə edilməsinə qarşı çıxış etmək idisə, buna nail ola bilmişik. Silah-sursatın daşınması ilə bağlı narahatlığımızı ifadə edirdiksə və aksiya ilə etirazımızi bildirirdiksə, son Qaybalı, Xəlfəli yolundan ermənilərin bir neçə gün silah daşımasını kənara qoysaq, demək olar ki, buna da nail ola bilmişik.

Qarabağda, təxminən, 20 min silahlı birləşmə var ki, bunlar aksiyadan əvvəl bura daşınmış silahlı qüvvələrdir. Aksiya qarşısına qoyduğu məqsədlərin bəzilərinə nail olmaqdadır. Məqsədlərimizin hamısına nail ola bilməmişik, ona görə aksiya bundan sonra da davam edəcək. Əsas tələblərimiz ondan ibarətdir ki,  Qarabağdan Ermənistana  gedən yolun bitəcəyində buraxılış-nəzarət məntəqəsi  qurulsun, Azərbaycanın Silahlı Qüvvələri, sərhəd xidmət orqanları burada fəaliyyətə başlasın və gömrük postlarının qurulması həyata keçirilsin. Nəhayət, bütün məsələlər həllini tapıb ekologiya ilə bağlı komissiya öz işinə başlayandan sonra, mitinqlər bəhrəsini vermiş hesab oluna bilər.

 

– Rus sülhməramlılarının öhdəlikərini yerinə yetirməsi üçün onlara məhdud bir zamanın verilməsi vəziyyəti dəyişə bilərmi?

 

– Rus sülhməramlılarının həyata keçirməli olduğu işi bu gün Qarabağda ekofəllarımız etiraz formasında onlara çatdırmaqdadır. Noyabr sazişinin IV bəndində yazılır ki, Qarabağa  daxil olan rus sülhməramlı qüvvələri ilə paralel erməni silahlı birləşmələri ərazini tərk edir. Bu günə qədər  ermənilər ərazini tərk etməyib. Ərazidə sülhə təhlükəsizliyə təhdid yaranır. İkinci tərəfdən, rus  sülhməramlı qüvvələri öz missiyalarını yerinə yetirmirlər. Üçtərəfli sazişə uyğun olaraq rus sülhməramlıları yaxın 5 il ərzində bölgədə fəaliyyət göstərəcəklər. Bizim 2 il yarım vaxtımız qalıb. Rus sülhməramlıları bugünkü  missiyalarını davam etdirib Qarabağın silahsızlaşdırılmasına laqeyd münasibət bəsləyəcəklərsə, Qarabağda təbii sərvətlərin istismar edilməsinin qarşısını almayacaqlarsa  və orada yaşayan əliyalın sadə insanları  deyil, separatçı xuntanı müdafiə edəcəklərsə,  biz sülhməramlıların mandatına yenidən baxmalıyıq.

 

– Ermənilər yenə müharibədən danışır. Buna imkan yaradan səbəblər nədir?

 

– Qarabağda erməni silahlı birləşmələrinin olması, ağır texnikaların mövcudluğu, Rusiya  sülhməramlılarının bunların fərqində olmaması  bölgədə müharibə riskini artırmaqdadır. Qarabağda erməni silahlılarının olması davamlı sülhə təhdiddir və bunun davamı müharibədir. Azərbaycan ərazidə davamlı sülhün, təhlükəsizliyin olmasında maraqlıdır. Biz görürük ki, reallıq tamamilə başqa məqamları əks etdirir.

Bu da aydındır ki, həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilər Azərbaycanın 44 günlük müharibəsindəki gücünü, qüdrətini  unutmayıblar.

Ermənilər Azərbaycanda hakimiyyətsizlik, müstəqilliyin yeni illərində olan anarxiyadan istifadə edərək torpaqları işğal edə bildilər. Amma anlamalıdırlar ki, işğaldan 30 il keçib və bu müddət ərazində Azərbaycan iqtisadiyyatı dünyanın ilk 25 dövləti siyahısına, ordusu dünyanın ilk 50 ordusu sırasına qədər güclənib. Azərbaycanla güc yolu ilə danışmaq mümkün deyil.  Bu vaxta qədər Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin lokal əməliyyatlar keçirməsi, bəzi yüksəkliklərin alınması, əlverişli yolların nəzarətə götürülməsi də sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan ayıq-sayıqdır və istənilən yerdə əməliyyatlar keçirərək prosesin Azərbaycanın  xeyrinə nəticələnməsini təmin edə bilərlər. (Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az