- Azərbaycanın siyasi partiyalar sistemində yeni konfiqurasiya, dialoq mühiti 2019-cu ildən başlanan islahatlar müstəvisində necə formalaşa bilib?

 

- Ölkə Prezidenti 2018-ci ildən sonra ciddi, geniş, dərin xarakter daşıyan və  sistemli mahiyyət kəsb edən islahatlara start verib. Təbii ki, Azərbaycanın siyasi mühitində olduqca vacib komponentlərdən biri olan siyasi partiyaların fəaliyyəti Prezidentin müəyyən etmiş olduğu siyasi islahatların çağırışlarına cavab verməli idi. 1992-ci ildə qəbul edilmiş həmin qanun müasir dövrün çağırışlarına cavab vermirdi. Ayrı-ayrı dövrlərdə qanuna əlavə və dəyişikliklər olmasına baxmayaraq, bu kifayət deyildi. Ona görə də belə bir qanunun hazırlanması və qəbul edilməsinə ciddi zərurət yarandı və Milli Məclisdə təmsil olunan partiyaların təşəbbüsü ilə işçi qrup yaradıldı. 

Qanun hazırlanandan sonra kifayət qədər ciddi müzakirələrdən keçdi və qüvvəyə mindi. Qanun qəbul olunana qədər 2020-ci ilin parlament seçkilərindən dərhal sonra ölkədə yeni siyasi konfiqurasiyanın yaradılması üçün ilkin addımlar atıldı. Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbə yaradıldı. Şöbəyə rəhbərlik edən Ədalət Vəliyev Prezidentin tapşırığına uyğun olaraq  siyasi partiyalarla ardıcıl görüşlər keçirdi. Ayrı-ayrı partiyaların qeydiyyatı, ofislə təmin olunmasına diqqətlə yanaşıldı. Milli Məclisin rəhbərliyində müxalifət nümayəndələri təmsil olundu. Eyni zamanda komitə, komissiya sədrlərinin müavinləri də bu siyasi konfiqurasiyada özünün yerini tapdılar. Görülən bu işlər yetərli nəticənin əldə olunması üçün kifayət deyil.

 

- “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra niyə bir çox partiya fəaliyyətini dayandırdı, perspektivdə nələr ola bilər?

 

- Qanun qəbul edildikdən sonra siyasi partiyaların cəmiyyətimizdə yerini və rolunu gücləndirmək, onların dövlətçiliyimizin güclənməsinə, xalqımızın maraqlarının təmin edilməsində fəaliyyətinin artırılmasına yönəlmiş bir mühit  formalaşıb. Qəbul olunmuş qanuna uyğun olaraq şərtlər də fərqldir. Bu şərtlərə uyğun olaraq siyasi partiyalar götür-qoy edirlər. Vaxtilə qeydiyyata alınan, lakin indi müvafiq qanunun tələblərinə cavab  verə bilməyən, beş min üzvün toplanması və onun reyestrini verməyə imkanları çatmadığına görə, artıq 11 partiya bir-birinin ardınca bəyanat verərək fəaliyyətini dayandırıb.  Bu, onların öz seçimidir və hər birinə hörmətlə yanaşmaq lazımdır. Hələlik proses gedir və davam edəcək. Təəssüf ki, siyasi partiyaların konsolidasiyası, yəni partiyaların birləşməsi meyilləri görünmür.

Parlament seçkilərinə kifayət qədər vaxt var və ola bilsin, payıza qədər bu məsələdə də mənzərə aydınlaşacaq. Nəticə etibarilə güman edirəm,  Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər rol oynayan 10 partiya qala bilər.

 

– Bir çox siyasi partiya məlum qanun müzakirəyə çıxarılan zaman bu müstəvidə aparılan ictimai müzakirələrə qatılmadı. Müəyyən kəsim bunu dialoq adlandırsa da, müxalifətdə olan bəziləri vəziyyəti “iqtidarın əlinə işləyən proses” kimi dəyərləndirdi. Müzakirələrə qatılmaqdan imtina etdi, qanun layihəsini uğursuz adlandırdı...

 

Siyasi partiyaların konfiqurasiyası və onların cəmiyyətdə yerinin, rolunun artırılması üçün Prezident Administrasiyasının müvafiq şöbəsi kifayət qədər məhsuldar işləyir. Onun nəticəsi idi ki, 44 günlük müharibə dövründə bütün siyasi partiyalar dövlət, Ali Baş Komandan, Silahlı Qüvvələrimizlə bərabər oldular.  Azərbaycanın siyasi partiyaları özlərinin məsuliyyətini kifayət qədər anlayaraq, bütövlükdə milli həmrəyliyin yaranması prosesində doğru yolu seçdilər. Siyasi partiyaların içərisində bir neçə radikal mövqe tutan partiyalar var ki, onlar bu proseslərdə iştirak etmədilər və kənarda qalıb daha çox ittiham mövqeyindən çıxış etdilər. Bu cür  2-3 partiya var ki, bunlar da cəmiyyətimizin içərisində yetərincə nüfuza malik deyillər. Onlar artıq faktiki olaraq “Bakı-ofis partiyası”na çevriliblər. Bu cür partiyalar marginallaşmış qüvvələrdir, xaricdən idarə olunur və Azərbaycana, dövlətçiliyə probem yaratmağa çalışan xətt tutublar.  Bunların gələcəyi ola bilməz, çünki onların dayaqları yoxdur. Xalq bu gün proseslərə kifayət qədər ayıq yanaşır.

 

– Qeyd etdiniz ki, təxminən, 10 partiya qalıb fəaliyyətini davam edə bilər. Həmin radikal partiyaların öz fəaliyyətinə xitam verməsi mümkündürmü?

 

– Həmin partiyalar 5 min üzv toplaya bilməyəcəklərini anladıqları üçün qanunun müzakirəsi zamanı bunun üzərinə gedirdilər. İndi isə başqa bir formada özlərinin fəaliyyətsizliklərinə, imkansızlıqlarına haqq qazandırmaqdan ötrü ən müxtəlif konnektura, böhtan xarakteri daşıyan çıxışlar edirlər. Həmin partiyaların Azərbaycanda yeri yoxdur. Onlar tükənir və yaxın gələcəkdə tək adları ilə özlərini ifadə edəcəklər. Lakin qanun var və ona uyğun da konkret 5 min imzanı təqdim et, istənilən ekspertizadan keçir və fəaliyyət göstər... Əgər 5 min imzanı toplayıb qeydiyyatdan keçmək imkanın yoxdursa, ləyaqətin olsun, siyasətlə vidalaş get, başqa işlə məşğul ol...

 

– Bir çox partiyalar məhz qanunda nəzərdə tutulan bu 5 min “imza və reyestr” məsələsini önə çəkərək bildirdilər ki, qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdırdı. Qanun partiyaların fəaliyyətini mədudlaşdırır?

 

Qanun kifayət qədər beynəlxalq təcrübəyə söykənən mütərəqqi sənəddir. Siyasi partiyaların yerinin və rolunun artırılmasına xidmət edir. Bu qanun siyasi partiyaların fəaliyyətini yüksək səviyyədə tənzimləyən, onun fəaliyyətini hər hansı müdaxilə etmədən qorumağa təminat verir. Kimin partiya yaratmaq istəyi varsa, ona da geniş imkan yaradılıb, hər hansı məhdudiyyət yoxdur. Təbii ki, siyasi partiyalar qeyri-hökumət təşkilatı deyil. Bu, cəmiyyətin siyasi həyatında rol oynayan siyasi mühitimizin vacib atriburtlarından biridir.  Kifayət qədər ciddi bir qurumdur. Ona görə də ölkənin taleyini həll edə biləcək, siyasi proseslərdə iştirak etmək üçün tək bir liderin gözəl danışmağı, natiqlik qabiliyyəti, aldığı təhsil, savad kifayət deyil. O ideya daşıyıcısı olmalıdır və ətrafında çoxsaylı insanları toplamağı bacarmalıdır. Əgər bunlar yoxdursa, onların hər hansı bir iftirası, böhtanı əhəmiyyətsizdir və sabun köpüyünə bənzər görüntüdür.  Belə böhtanlara xalq lazımi reaksiyasını verəcək. Bu partiyalar  Azərbaycan mühitindən silinib gedəcəklər.

 

- Bəzi partiyalar konsolidasiyadan söz düşərkən daha çox Yeni Azərbaycan Partiyasına qoşulmağı arzu edir və bunu dilə gətirirlər. Ana Vətən Partiyasına birləşmək təklifi ilə müraciət edənlər varmı? Partiya özü tələb olunan 5 min üzvü  toplaya bilibmi?

 

– Bizim partiyaya birləşməklə bağlı müraciət edən olmayıb. Ana Vətən Partiyası 1992-ci ildə ilk qeydiyyata alınan partiyalardan biridir. Bu gün Azərbaycanın cənublu-qərbli bütövləşməsi kifayət qədər aktualdır. Biz bu məsələni 1990-cı ildə partiyanın proqramına salmışıq. Yenə də təməl prinsiplərindən biri kimi o ideyaya sadiqik. Bizim 5 mindən yuxarı imzamız hazırdır. Ədliyyə Nazirliyi bu işə start verəndə sənədləri təqdim edəcəyik. Digər tərəfdən, hansı partiyalar YAP-la birgə fəaliyyətini davam etdirmək istəyirlərsə, onlara ancaq uğurlar arzulayıram.

 

İqtidar-müxaifət partiyaları arasına dialoq mühiti varmı?

 

Xatırlayırsınızsa, müharibə ərəfəsində, müharibə dövrü, müharibədən sonra, pandemiya dövründə də Prezident Administrasiyasında Ədalət Vəliyevin təşəbbüsü ilə onlayn qaydada konfranslar, debatlar aparıldı. Ən müxtəlif mövzular ətrafında müzakirələr ortaya qoyuldu. Siyasi partiyaların hamısı ilə görüş keçirdi, onlarla dialoq qurdu, problemlərini eşitdi və aradan qaldırılması üçün addımlar atdı. Hər hansı bir partiya istənilən məsələni qaldırıb, cəmiyyətimizin aktual məsələlərlə bağlı fikir mübadiləsi aparmaq fikrindədirsə, Prezident Admnistrasiyasında məlum şöbənin qapıları açıqdır. Ona görə də hesab edirəm, ölkədə tam dialoq mühiti var. İndi bir-iki partiya var ki, onlar  özlərini tamamilə təcrid edib, özlərini bu dialoqdan kənarda saxlayıb. Bu onların seçimidir. Əgər siyasi proseslərdə iştirak etmirlərsə, demək, onların siyasi partiya kimi fəaliyyəti də absurddur.

 

– 44 günlük müharibədən sonra ölkəmizə  xaricdən gələn təhdidləri, təsirləri, hansısa insanların “kimlərinsə toruna” düşməsini müşahidə edirik. Belə bir  fonda sizcə, siyasi partiyaların təsir altına alınması halları varmı? Bu təhlükə daha çox hansı istiqamətlərdən gəlir? Daha çox hansı partiyalar təsir altına düşüb və onlara qarşı hansı tədbirlər görülə bilər?

 

- Regionda marağı olan dövlətlər çalışırlar ki, Azərbaycan cəmiyyətinin bütün spektrlərində özlərinin bir şəbəkəsini yaratsınlar. Burada erməni diasporunun xüsusi yer aldığı Qərbin, Amerikanın fəaliyyəti xüsusilə aktivdir. Bunlar həm də SOROS-un xətti ilə öz fəaliyyətlərini qururlar. Bu şəbəkədə özünü ən çox ifadə edən Əli Kərimlinin Xalq Cəbhəsi Partiyasıdır. Müxtəlif yollarla, müxtəlif formalarla Müsavat Partiyasıdır. Bu partiyalar Avropa, İranla bağlı olan qüvvələrdir. AXCP həm Rusiya, həm İran, həm də Qərblə çoxşaxəli şəkildə fəaliyyət göstərir.

 

-  Necə olur ki, əllər bu qədər uzağa gedə bilir?

 

- Bu, güc deyil. Sadəcə olaraq onlar marginallaşmış insanlardır.  Onlar siyasi fəaliyyəti biznesə çeviriblər. Hədəfləri də ölkə iqtidarına böhtan atıb iftiralar yağdırmaq və bu yolla bəzi hallarda küçələrə çıxıb qarma-qarışıqlıq yaratmağa cəhdlər edirlər. Onlar özlərini qəsdən polisə döydürür, qəsdən hansısa  ağır vəziyyətə salır və bundan istifadə edərək pul kisələrini doldurmaq üçün onu sifarişçilərinə verirlər. Bunlar AXC, onun çətiri altında olan Milli Şura və Müsavat partiyalarıdır. Elə partiyalar da var ki, gizli şəkildə İranın şəbəkəsində fəaliyyətdədir. Məsələn, bu yaxınlarda bir siyasi partiya funksioneri televiziya kanallarının birində İranı İrandan da yüksək səviyyədə müdafiə etməyə başladı. Ona tənqid ünvanlayanlara da özünün sosial şəbəkəsində xoşagəlməz, etikadan kənar fikirlər səsləndirdi. Həmin şəxs vaxtilə Rusiyanı da müdafiə edib. Adını çəkməklə yeni bir mübahisə açmaq istəmirəm. Xalq gördü ki, o partiyanın funksioneri Ukrayna Rusiya müharibəsində Rusiyaya haqq qazandırırdı, bu gün də İrana haqq qazandırır, hətta səfirliyimizdə baş verən terror aktına, İranın Azərbaycana qarşı indiki düşmənçiliyinə də  qəribə münasibət sərgiləyir. Bu da təəccüb yaradır...

İnsanın düşüncəsi istənilən situasiyada nə vaxtsa deşifrə olunur. O da deşifrə olundu və bəlli oldu ki, nə deməsindən asılı olmayaraq o, vaxtilə Rusiyanın yanındaydı, indi də İranın yanındadır. İndi hansı fikirlərlə özünə haqq qazandırmağa çalışsa da, özünü gizlətməsi mümkün deyil. Bu cür partiyalar da var. Qeyri-hökumət təşkilatlarında, mətbuatda, sosial şəbəkələrdə kifayət qədər belə adamlar var. Baxın, bu gün Dövlət Təhlükəsizliyi Xidməti İranın casus şəbəkəsini ifşa edir. Baş verən həbslər hələ son deyil.  İrana xidmət edənlərin dövlət qurumlarında da şəbəkəsi var. İran uzun illərdir özünün məkrli, hiyləgər planları ilə Azərbaycanın içinə yeriyə bilib. Dövlətimiz çox güclüdür. İranın 30 ildə qurmuş olduğu “toru” artıq hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti böyük peşəkarlıqla ifşa edir, təmizləyir. Təbii olaraq bu şəbəkələrdə aşkar olunanlar Azərbaycan qanunlarına uyğun surətdə cinayət məsuliyyətinə cəlb olunurlar. Şəbəkə dağıdılır, məhv edilir. Ola bilsin, onların içərisində aldananlar, düşünmədən, başa düşmədən o şəbəkəyə daxil olanlar da var. Çox ehtimal ki, mətbuata verilməsə də, haqlı olaraq öz səhvlərini boyunlarına alıb kənarlaşırlar. Bu proses gedir.  Siyasi partiyalar arasında olan xarici şəbəkə üzvlərinə gəlincə, yəqin, bunların da hamısının qovluqları Dövlət Təhlükəsizliyi Xidmətinin rəflərində var və lazım gəldikcə addımlar atılacaq... (Həftə içi)

 

Tahirə Qafarlı