Məryəm Ələkbərlinin sərgisi açılıb

10:03 25-07-2023 | icon 384 | Mədəniyyət
Məryəm Ələkbərlinin sərgisi açılıb

Bakının Muzey Mərkəzində Məryəm Ələkbərlinin sərgisi açılıb.

 

Bu sərgidə rəssamın 75 əsəri təqdim olunub. Açılış mərasiminə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, xalq rəssamları Ömər Eldarov, Səlhab Məmmədov, Arif Hüseynov iştirak ediblər. Mərasimə Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Cənnət Səlimova, Siyavuş Kərimi, Şükufə Yusupova, rəssamlar İrina Eldarova, Nigar Nərimanbəyova, sənətşünas Ülvi Mehdi və sənət aləminin digər təmsilçiləri qatılıblar.

 

Açılış mərasimində, həmçinin, Fransadan olan qonaqlar çıxış ediblər. Bir çox nüfuzlu festivalların rəhbəri olan Stefan de Boysson artıq bir neçə ildir ki, Məryəmlə əməkdaşlıq edir və onun əsərlərini müxtəlif sərgilərdə və auksionlarda təqdim edir. Fransalı digər qonaq Jerom Deni isə açılış mərasimində bəyan edib ki, Məryəmlə bağlı xüsusi bir layihə artıq reallaşmağa başlayır. İmmersiv texnologiyalara əsaslanan bu layihə Məryəm Ələkbərlinin əsərlərini həm müxtəlif incəsənət sərgilərində təqdim etməyə, həm də onları auksionlarda və incəsənət əsərlərinin satışı ilə məşğul olan məkanlarda təmsil etməyə kömək edəcək.

 

Sərgidə Məryəm Ələkbərlinin əsərlərini özündə ehtiva edən xüsusi kataloq da təqdim olunub. Kataloqda Məryəmin indiyədək iştirak etdiyi 42 sərginin adına rast gəlmək və bu sərgilərdən hazırlanmış xüsusi fotoreportajlarla tanış olmaq mümkündür.

 

Onun iştirak etdiyi sərgilərin əksəriyyəti müxtəlif genişmiqyaslı və tanınmış sənət festivallardır. Lakin bununla yanaşı, rəssamın bir neçə ölkədə fərdi sərgiləri də keçirilib. Bunların içində İstanbulun Dolmabahçe sarayında keçirilən, UNESCO-nun iqamətgahında təşkil olunan, İtaliyada, Latviyada və Fransada təşkil olunmuş sərgiləri qeyd etmək lazımdır.

 

Məryəm haqqında onun əsərlərini özündə əks etdirən bir neçə kitab çap olunub. O kitabların birinə ön sözü məşhur fransız aktrisa Jülyet Binoş yazıb.

 

Sərgi ilə tanış olduqda aydın olur ki, muzey mərkəzinin üç zalında təqdim olunan 47 əsər pandemiya dövründə yaradılıb. Bu dövrün hamı üçün nə qədər ağır olmasına baxmayaraq, Məryəm üçün görünür, bu, xüsusi yaradıcılıq aktivliyi olan bir vaxt olub. Onun həmin günlərdə yaratdığı əsərlər müsbət, pozitiv, işıq saçan enerji ilə dopdoludur. Onların saçdığı nur, rənglərin müxtəlifliyi və parlaqlığı istər-istəməz fransız professor Tyerri Dufreynin rəssam haqqında yazdığı sözləri xatırlamağa vadar edir. Məryəmin ilk sərgilərindən sonra o yazırdı ki:

 

“İncəsənətdə ən qüdrətli amil nurdur, işıqdır. Məhz işıq saçılan yerdə biz minlərlə rəngi və onların çalarlarını görə bilirik. Məryəmin ilk işlərini görəndə mən başa düşdüm ki, o, öz əsərlərində məhz bu işığı nümayiş etdirməyə can atır. Onun üçün fərq etmir ki, konkret, o, öz tablosunda nəyi əks etdirir. Onun üçün ən vacib məhz bu işığı, nuru əks etdirməkdir. Məhz buna görə o, öz rəngləri ilə bizə sübut edir ki, dünya olduqca gözəldir”.

 

İlk növbədə sərgidə bu işığın parlaq sürətdə necə əks olunduğunu biz Məryəmin natürmortlarında görürük. Adama elə gəlir ki, bu janrda kifayət qədər dahi rəssam işləyib və sənətsevərləri heç nə ilə təəccübləndirmək olmaz. Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndələri vaxtilə elə natürmortlar yaradıblar ki, onlar bizim mədəniyyətimizin “qızıl fondu”na əbədi olaraq daxil olub.

 

Lakin sərgiyə gələn hər bir insanı bu rəssamın natürmortları həm təəccübləndirir, həm də sevindirir. Burada biz mis qablara, müxtəlif meyvə və tərəvəzlərə, yaşıl və sarı qovunlara, müxtəlif ölçüdə və rəngdə olan qarpızlara rast gəlirik. Elə bil, Bakı yayına məxsus olan bütün gözəl rənglər bu natürmortlarda öz əksini tapıb. Bunların ən heyrətamiz bir xüsusiyyəti ondan ibarətdir ki, bunlar kifayət qədər böyük tablolardır. Misal üçün, samovarlarla çəkilən natürmortun ölçüsü 120 x 160 santimetrdir.

 

Adətən, biz natürmortun kifayət qədər kiçik formalarda, kiçik kətan tablolarda əks olunduğunu görürük. Belə balaca tablolarda işlənən natürmortlara da bu sərgidə rast gəlmək olar. Bizi əhatə edən bir çox əşyalar - misal üçün, meyvə ilə dolu nimçələr, mis dolçalar, kuzələr, çıraqlar, elə bil, bu rəssamın əsərlərində ikinci həyat alıb, öz heyrətamiz gözəlliyi ilə heyran edir.

 

Sərgidə Məryəmin bir neçə peyzajı da təqdim olunub. Bu peyzajlarda da rənglərin parlaqlığı, mövzunun qeyri-adi şəkildə yozulması hamını valeh edir.

 

Sərgidə olan bütün qadınlar Məryəmin güllərdən ibarət natürmortlarına, demək olar ki, səmimi-qəlbdən vurulmuşdular. Bunların adları isə öz qeyri-adilikləri ilə diqqəti cəlb edirdi. Məsələn, “Güllər fontanı”, “Yay haqqında təəssürat”, “Güllərdən ibarət atəşfəşanlıq” və s. Sərgini ziyarət edən insanlarla ünsiyyət isə göstərirdi ki, bütün bu əsərlər ürəklərə yol tapıb.

 

Sərginin 4-cü zalı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərinə həsr olunub. Bu nağılın bütün qəhrəmanları bu sərgidə öz maraqlı yozumu ilə diqqəti cəlb edir. Hər bir qəhrəmanın özünəməxsus rənglər seçimi daha dolğun surətlərin yaranmasına xidmət edir. Bu zalın mərkəzində yerləşən böyük triptix isə balaca şahzadənin planetə birinci dəfə qədəm qoyduğu anı özündə əks etdirir.

 

Sərginin sonuncu, 5-ci zalı Qobustan petroqliflərinə həsr olunmuş əsərlərdən ibarətdir. İstər-istəməz bu əsərlər qədim arxetiplərdən, ovsunlardan, çətin və qədim dövrlərdə olan təhlükə dolu həyatdan danışır. Bizim ulu əcdadlarımızın yaratdığı və daşda əks etdirdiyi sənət əsərləri bu tablolarda özünün elə bil ikinci həyatını əldə edirdi.

 

Açılış mərasimində gözəl musiqiçi və şair Aydın Saninin mahnıları səslənirdi. Birlikdə - söz, musiqi və rəngkarlıq bir vəhdət təşkil edərək bu qeyri-adi açılış mərasiminin, həqiqətən, incəsənət bayramına çevrilməsində öz rolunu oynadı.

 

Bu, Məryəmin Bakıda keçirilən üçüncü sərgisidir. Baxmayaraq ki, onun digər 40 sərgisi dünyanın müxtəlif ölkələrdə keçirilib və böyük uğur qazanıb,  Bakıda onun son sərgisi 10 il bundan qabaq keçirilib. Sözsüz ki, sənətsevərlər yeni əsərlərin yaranmasını və yeni sərgilərin keçirilməsini gözləyirlər. Ümidvarıq ki, bu gec, ya tez - hökmən olacaq.

 

Bu sərginin çox qeyri-adi bir adı var. Və bu ad, rəqəmdən ibarətdir - “47”. Burada heç bir sirr yoxdur. Adətən, insanların bədənində 46 xromosomu olur. Məryəmin isə Daun sindromuna malik olduğuna görə 47 xromosomu var. Məhz buna görə onun xarici və daxili görkəmi bambaşqadır. Elə bil, bizim yaşadığımız məkana başqa bir fəzadan nəzər salaraq, Məryəm öz qeyri-adi baxışı ilə bizim gerçəkliyimizi öz əsərlərində əks etdirir. Məhz buna görə də bu, qeyri-adi rəssamın qeyri-adi sərgisidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...