Ermənistanın yeni hərbi təxribatları göstərir ki, artıq bölgədə konkret və həlledici məcburetmə tədbirlərinin zamanı çatıb. Görünən odur ki, qalib Azərbaycanın ardıcıl sülh ritorikası, əməkdaşlıq çağırışları İrəvanda lazımınca qiymətləndirilmir, yaxud fərqli anlaşılır. Deməli, Ermənistanla anladığı dillə, dəmir yumruqla danışmağa ehtiyac var.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ermənistan  hökumət başçısının sülh danışıqları ilə bağlı dəyişən fikirləri və yenə də status, ərazi iddialı bəyanatı, hərbi təxribatları ətrafında verdiyi açıqlamada bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, İrəvanı yenidən əzmək qisas arzumuzdan doğmur. Amma əzilməyi Ermənistan özü arzulayır və ardıcıl təxribatları ilə Bakını da hərbi əməliyyatlara təşviq edir:

 

“Möhtərəm Prezidentin ifadə etdiyi kimi, biz qisasımızı 44 günlük savaşda almışıq. Təbii ki, əgər bu təxribatlar əsgərimizin yaralanması ilə müşahidə olunursa, təhlükəsizliyimiz təhdid edilirsə, cəza tədbirləri labüdləşir. Bildiyiniz kimi, ötən gün iki əsgərimizin yaralanması ilə nəticələnən hücumların təşkil edildiyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların səyyar yerüstü idarəetmə stansiyası artıq məhv edilib, eləcə də cavab tədbirləri ilə xeyli sayda ölən və yaralanan erməni hərbçilər var.  Amma bu hələ son deyil. Bu il iyunun 23-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə baş çəkərkən Ermənistanla şərti sərhəd boyunca bütün əlverişli mövqelərdə möhkəmləndiyimizi,  yüksəkliklərdə olmağımızın bizə strateji üstünlük təmin etdiyini, Ordumuzu isə böyük dərəcədə gücləndirdiyimizi bəyan etmişdi. Möhtərəm Prezidentin dediyi kimi, "Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır".

 

Deputat  qeyd edib ki, əgər Ermənistan törətdiyi təxribatlara "humanitar fəlakət" şousunun tərkib hissəsi kimi, özünə diqqət cəlb etmək vasitəsi kimi baxırsa, yanılır. Azərbaycanın rəsmi İrəvanın bu cür ləyaqətsiz davranışları fonunda subyektiv niyyəti araşdırmağa nə vaxtı, nə də həvəsi var:

 

“Azərbaycana doğru açılan hər gülləyə görə İrəvan məsuliyyət daşıyır və cəzasını alacaq. İrəvanın ümid etdiyi havadarlarının dəstəyinə gəlincə, cənab İlham Əliyevin avqustun 26-da Laçında, Həkəri çayının sahilindən bəyan etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə bilməz". /hafta.az/

 

Tahirə Qafarlı