HƏYƏCAN TƏBİLİ

15:31 21-11-2023 | icon 385 | Cəmiyyət
HƏYƏCAN TƏBİLİ

Atası ilə dalaşan, yoldaşı ilə küsən qaçır sığınacağa - Cəmiyyətdə nə baş verir?

 

Son vaxtlar sığınacağa müraciət edən insanların sayı artmaqdadır. Hətta vəziyyət o yerə çatıb ki, gender əsaslı zorakılıq qurbanları üçün olan sığınacaqlarda onların özlərinə belə yer tapmaq çətinləşib. Niyə cəmiyyətimizdə qadınlar isti yuvalarını qoyub, övladları ilə birlikdə sığınacaqlara üz tutmağa məcbur qalırlar? Müzakirə olunmalı məsələ çoxdur.

 

Məsələn, 40-50 il öncə ailələrdə söz-söhbət olmurdu? Ər-arvad arasında mübahisə, valideyn övlad arasında küsülülük yaşanmırdı? Yoxsa o vaxtlar dolanışıq səviyyəsi hamıda yüksək səviyyədə olub?

 

Deməli, hər dövrdə bu gün müşahidə edilən problemlər olub, amma problemə, onun həllinə insanların yanaşması dəyişib. Təəssüf ki, bu gün atası ilə dalaşan, yoldaşı ilə küsən sığınacağa üz tutur. İnsanlar problemi həll etmək, çıxış yolu axtarmaqdansa, sığınacağa qaçmağı seçirlər. Bəs bu tendensiya necə və niyə formalaşıb?

 

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil, keyfiyyəti yüksək səviyyədə deyil, o, ayrı məsələdir. Amma bu onu deməyə əsas verirmi ki, bütün bölgələrdə çoxlu sığınacaq yaradılsın? Hər kiçik problemdə də hamı üz tutsun sığınacaqlara, bəs sonra?

 

Ondansa insanların problemlərini sığınacağa qədər həll edə bilməsi üçün alternativ həll yolları, profilaktik söhbətlər daha effektiv olmazmı? Bunun bir mexanizmi olmalıdır, ya yox?

 

Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında qeyd edib ki, bunun səbəbi son 10 il ərzində Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı həyata keçirilən layihələrdir:

 

 

“Azərbaycanda 20 ilə yaxındır ki, bir sıra beynəlxalq təşkilatlar qadınlara qarşı zorakılıqların qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirirlər. “Qadınlar öz hüquqlarını bilmir”, “Qadınları müdafiə etmək lazımdır”, “Qadınlara zorakılığa son” şüarları altında keçirilən layihələr ilk baxışda insana xoş görünür. Çünki doğurdan da təəssüflə deməliyik ki, qadınlara qarşı zorakılıq var və bunun qarşısını almaq lazımdır. Amma bunun qarşısını necə almaq lazımdır? Baxın, əsas sual budur.

Mən düşünürəm ki, tamam başqa tədbirlər görülməli idi. Bu problemi həll edərkən önəmli olan ailəni necə müdafiə etmək lazımdır məsələsi olmalı idi. Qadının ailəsi ilə münasibətinin daha yaxşı olması üçün tədbirlər görülməli idi.

Amma “ey qadınlar, qoymayın sizə zorakılıq olunsun” kimi şüarlar səsləndirmək, “siz azadsınız” demək bir tərəfdən bəzi qadınları qızışdırmağa gətirib çıxarır. Kişilərin mövqeyi isə unudulur. Fikirləşin, qadınları kimdən qoruyuruq? Doğma atasından, qardaşından, ya da ərindən... Ona görə də kişiləri vəhşi, zorakı kimi təsvir etməklə bu problemi həll edə bilmərik”.

 

“Qız tərəfi qızını, oğlan tərəfi oğlunu düşünsə, ortada ailə qalmaz”

 

Ə.Qəşəmoğlu ailə modelinin bəzən valideynlər tərəfindən istəmədən də olsa, məhv edildiyinə diqqət çəkib:

 

“Gənc ailələrdə bir mübahisə olanda qız tərəfi gəlir qızın tərəfini saxlayır, oğlan tərəfi də oğlanın. Belə olan halda o ailədə sağlam münasibət ola bilməz. Doğru olan ağsaqqalın, ağbirçəyin hər iki tərəf üçün qızıl ortanı seçməsi və ailəni müdafiə etməsidir. Tərəflər arasında ayrı-seçkilik etmək yox. Ona görə də bu mövzularda kişini, qadını yox, ailəni və ailədəki ahəngdar münasibəti bərpa etmək naminə layihələr həyata keçirilməli idi.

Bununla bağlı mənim çox ciddi layihəm də var. Əvvəllər bizim bu istiqamətdə tədbirlər həyata keçirən mərkəzimiz var idi. Təəssüf ki, mərkəzin fəaliyyəti dayandı və bu kimi layihələr yarımçıq qaldı. 10 il əvvəlki açıqlamalarıma da diqqət etsəniz, görərsiniz ki, mən uzun müddətdir SOS siqnalı verir, cəmiyyətə çağırış edirəm. Ailədə arvadı və ya kişini birtərəfli müdafiə etməklə çıxış yolu tapa bilmərik. Düz 10 ildir mən deyirəm ki, təcili olaraq cəmiyyətdə bu proseslərin daha da dərinləşməməsi üçün ciddi işlər görülsün. Elmi əsaslarla təsdiqlənən proqram hazırlanmalıdır. Orada aidiyyəti qurumların görməli olduğu işlər, hüquq-mühafizə orqanlarının öhdəlikləri və hətta mətbuatın belə məsələni hansı formada ictimailəşdirməli olduğu öz əksini tapmalıdır. Sosial iş xidmətləri yaradılmalı, sosial işçi anlayışları formalaşmalıdır”.

 

Hər il boşanmaların sayı artır

 

Sosioloq deyir ki, bu, çox dəhşətli hadisədir:

 

“Azərbaycanda rəsmi statistikaya görə, 100 nikahdan 40-ı boşanmaya gedir. Üstəlik kənd yerlərində rəsmi nikahda olmayıb, molla kəbini ilə evlənib ayrılanları nəzərə alsaq, bu göstərici daha acınacaqlı olur. Çünki kənd yerlərində molla kəbini ilə evlənib sonra ayrılanlar daha çoxdur. Bu proseslər İtaliyada, Norveçdə, Kanadada baş vermir, təəssüf ki, Azərbaycanda baş verir. Böyüyən gənclik dəhşətli mühitə, cəmiyyətə doğru gedir. Bu ölkədə heç kim ixtisaslaşmış kadrların təcrübəsindən istifadə etmək istəmir. Hamı özünü “ağıllı” hesab edir və düzgün istiqamət verəndə səni dinləmək istəmir. Təcili tədbirlər görülməzsə, bu proseslər yeni nəslin keyfiyyətinə mənfi təsir göstərəcək. Yeni nəsil bizim xalqın dəyərlərini gələcəyə aparacaq. Həmin dəyərlərin sağlam qalması üçün gecikmədən tədbirlər görülməlidir”. /Oxu.Az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanın ideya və məqsədləri ilə bağlı mesajlar verən BƏYANNAMƏ

"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

Siyasətdə yeni ZÜMZÜMƏLƏR

“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

Ürək bulantısı
XƏSTƏLİKLƏRDİRMİ?

"Azərbaycan dünyada energi təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlətdir"

Böyük ÇAĞIRIŞ

Telejurnalist MTM-nin mətbuat katibi oldu

Bu həftədən seçki sənədlərinin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Azərbaycanda elektron pullar dövriyyəyə BURAXILACAQ

“WhatsApp” casus PROQRAMIDIR

“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

Metroplitendən hər kəsi şok edəcək AÇIQLAMA