DYP rəsmisindən nazirliklərə İRAD

21:29 18-04-2023 | icon 195 | Cəmiyyət
DYP rəsmisindən nazirliklərə İRAD

“İki dövlət qurumu məlumat ötürməlidir ki, biz hərəkətə keçək”

 

Son günlər yol-nəqliyyat hadisələrində müşahidə edilən bəzi detallar cəmiyyəti ciddi şəkildə narahat edir. Belə ki, bəzi sürücülərin digər hərəkət iştirakçılarının həyatı üçün potensial təhlükə mənbəyi olduqları aşkara çıxıb. Çox uzağa getməyək. Xatırlayırsınızsa, aprelin 7-də Bakının Sabunçu rayonunda DYP əməkdaşları tərəfindən keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Təəssüf ki, narkotik vasitənin təsiri altında avtomobili idarə edən həmin dörd nəfər taksi fəaliyyəti ilə məşğul olub.

 

Digər bir nümunə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin tələbəsi, 20 yaşlı Rauf Cabbarbəylinin polisin dayanma tələbinə məhəl qoymayaraq, Heydər Əliyev Mərkəzinin qabağında, yolun əks istiqamətinə gedərək, hərəkət iştirakçılarına təhlükə yaratmasıdır. 20 yaşlı tələbənin nə üçün bu cür davranışa yol verməsi ilə bağlı isə müxtəlif fikirlər səsləndirildi. Elə bu da mövzuya toxunmağımızın önəmli tərəflərindən biridir.

 

Suallar yaranır: Problem sürücülük vəsiqəsinin verilməsində hansısa boşluqlardadır? Yoxsa cəmiyyətdə, xüsusilə xidmət sektorunda çalışan insanların sağlamlıq durumlarının ildə bir dəfə də olsa yoxlanılmamasında? Ölkə qanunvericiliyində insanların mütləq qaydada sağlamlıq durumlarının qaydasında olub-olmadığına dair müəyyən müddətdən bir yoxlamalardan keçmələri ilə bağlı tələb niyə yoxdur?

 

Hazırda istənilən sektorda işə götürülən zaman işçidən mütləq sağlamlıq arayışı tələb edilir. Amma beş il müddətində işçilərinin sağlamlıq durumunu, xüsusilə də psixi və psixoloji vəziyyətinin qaydasında olub-olmadığını yoxlayan yoxdur. Hətta ölkədə fəaliyyət göstərən sektorların 90 faizində rəhbərlik tərəfindən belə bir məcburi müayinə tələbi qoyulmur. Spesifik sahələrdə çalışanlar (dənizçilər, iaşə işçiləri, hüquq-mühafizə sisteminin əməkdaşları və s.) istisna hal kimi ümumi sağlamlıq durumu da olmasa, bəzi yoxlamalardan (narkoloji, dəri xəstəliyi və s.) məcburi qaydada keçirilirlər.

 

Azərbaycanda bütün sahələrdə insanların qanun çərçivəsində çalışması, yaşaması, cəmiyyətin daha sağlam formada inkişaf etməsi üçün zəruri təbliğat işləri aparılır. Lakin gördüyümüz hadisələrdən belə qənaət hasil olur ki, görülən işlərin əksəriyyəti nəticəsiz qalır. Niyə?

 

Qurumlar bir-biri ilə informasiya mübadiləsi aparmırlar? Ekspertlər deyirlər ki, cəmiyyətdə yaranan problemlərin əksəriyyəti bir-birilə zəncirvari bağlıdır. Yəni bir problem digərinin əsasını qoyur. Görülən işlərin bəzən nəticəsiz qalmasının səbəbi kommunikasiya problemi ola bilər. Ölkədə fəaliyyət göstərən qurumlar zərurət olduğu halda bir-biri ilə əlaqəli işləsələr, cəmiyyətdə bir çox problemlər, eləcə də yol-nəqliyyat hadisələrində yaşanan faciələrin sayı nisbətən azalar.

 

Təbii ki, heç kim öz qatığına turş deməz. Amma yenə də qərara gəldik ki, bu məsələyə qurumların da fikrini öyrənək. Sürücülük vəsiqəsi olan, daha sonra xəstəlik keçirən şəxslərlə bağlı aidiyyəti qurumlar arasında nə üçün informasiya mübadiləsi aparılmır, məlumatlar niyə yenilənmir? Yox, əgər aidiyyəti məlumatlar göndərilirsə, sürücülük hüququ ləğv olunmalı halda sükan arxasına keçənlərin törətdikləri hadisələrdə günahkar kimdir?

 

Bəzən nəqliyyat sektorunda çalışanlar müəyyən xəstəliklərlə bağlı əlillik üçün müraciət edəndə onlara əlillik statusu aldıqları zaman sürücülük vəsiqələrinin ləğv ediləcəyi bildirilir. Bir qrup şəxs məhz bu səbəbdən əlillik dərəcəsi almaqdan imtina edərək, nəqliyyat vasitəsini idarə etməyə davam edir.

 

Aydın məsələdir ki, xəstəliyindən asılı olaraq əlillik dərəcəsi almaq üçün müraciət edən bir qrup şəxsin sürücülük hüququ ləğv edilir. Bəs əlillik üçün müraciət etməyən, lakin səhhətində yaranmış problemdən dolayı artıq sürücülük vəsiqəsi ləğv edilməli olan insanlar necə, onlar kimlər tərəfindən və necə müəyyən olunmalıdır? Nəzərə alaq ki, sürücülük vəsiqəsi 10 ildən bir müraciət əsasında yenilənir və 60 yaşa qədər sağlamlıq kağızı belə istənilmir.

 

Qeyd edək ki, asan.gov.az portalında sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı səhifədə “Zəruri olan sənədlərin siyahısı”nda “60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış” tələbi qeyd edilib. Bu, o deməkdir ki, 60 yaşdan aşağı şəxslər sürücülük vəsiqələrini dəyişdirən zaman onlardan sağlamlıq haqqında arayış tələb edilmir.

 

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücülərə ilkin olaraq sürücülük hüququ əldə etmək üçün tibbi arayışı verən qurumların özləri səhiyyə müəssisələridir:

 

 

“Hazırda vətəndaşlar üçün tibbi arayışın verilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin edir. Qaldı ki şəxslərin daha sonrakı dövrdə xəstəlik tapması məsələsinə, bunların da qeydiyyatını aparan qurumlar var. Məsələn, vətəndaşlar tibb müəssisəsinə müraciət edərkən, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq həmin şəxsin səhhətinin, xəstəliyinin vəziyyətini bilir. Lap kəskin formada desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əlillik almaq üçün onlara müraciət edənlərin xəstəliklərini öncədən bilir. Şəxsin şikayətlərinin əlillik dərəcəsində olub-olmadığının müəyyən olunması isə aidiyyəti üzrə əlilliyin qiymətləndirilməsi zamanı məlum olur. Vətəndaşa əlillik dərəcəsi düşməsə belə, qurum əməkdaşları şəxslərin səhhətlərində mövcud olan problemləri görür və bilirlər.

 

Bunların hamısı da nazirliyin mövcud sistemlərində görünür. Sadəcə olaraq, məsələ budur ki, o qurumlar Daxili İşlər Nazirliyinin (DİN) sürücülük hüququ olan şəxslərin siyahısını görür, DİN isə bu qurumlara aid sistemə daxil ola bilmir. Onlara təlimat vermək lazımdır ki, əlillik almaq üçün müraciət edənlərin sükan arxasına keçməyə təhlükə yaradacaq xəstəlikləri aşkarlananda, xüsusilə də psixonevroloji xəstəliklər varsa, aktiv sürücülərdirsə, buna daha həssas yanaşsınlar. Qurum olaraq onların bu məlumatları DİN-ə ötürmək öhdəliyi olmalıdır. Onlar məlumatları ötürməlidirlər ki, ay hüquq-mühafizə orqanı, bax, belə bir adam var, şizofrendir və ya epilepsiya xəstəsidir, amma aktiv sürücülük hüququ var, biz o vətəndaşa əlillik dərəcəsi təyin edirik, həmin şəxsin sürücülük hüququnu məhdudlaşdırın.

 

Hətta bu məlumatı nazirlik də bildirməsə, şəxsə ilk diaqnozu qoyan TƏBİB də DİN-ə bildirə bilər. Burada məsələ odur ki, bu tip informasiyaların bazasına giriş səlahiyyəti iki qurumda var. Bizə bu iki qurum məlumat ötürməlidir ki, biz də bilək ki, bəli, bu adamın mövcud sağlamlıq vəziyyəti onun sürücülük hüququnun qüvvədə qalmasına icazə vermir. Ölkədə sağlamlıqla bağlı rəsmi rəy verən iki qurum var. Başqa bir qurum onların yerinə danışa bilər? Biz səhiyyəyönümlü qurum deyilik”.

 

“Yəni bizə rəsmi məlumatlar daxil olmalıdır ki, bunların əsasında sürücülük hüquqları müvafiq qaydada məhdudlaşdırılsın. Əks halda xəstə adam sükan arxasında olacaq və idarə etdiyi nəqliyyat vasitəsi ilə özünün, eləcə də ətrafdakı insanların həyatını təhlükəyə atmağa davam edəcək. Məncə, bu məsələyə hətta qanun çərçivəsində baxılmalıdır. Qurumlar arasında bu cür məlumatların mübadiləsi qanuni öhdəlik kimi onların üzərinə qoyulmalıdır. Bu cür məlumatları təqdim etməyən şəxslər məsuliyyət daşısalar, yaxşı olar”, - Araz Əsgərli vurğulayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik dərəcəsi üçün müraciət edən, sürücülük hüququ olan şəxslərin əlillik statusu ilə bağlı sorğu ünvanladıq. Bilmək istədik ki, ümumi vəziyyəti sükan arxasına keçməyə mane olan, psixi durumunda dəyişiklik qeydə alınan, lakin əlillik statusuna düşməyən şəxslərlə bağlı BDYPİ-nin Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə (ya da onların ümumi sisteminə) məlumat göndərilir, yoxsa yox?

 

Ya da belə deyək, agentliyin əlillik statusu alan və ya əlillik üçün müraciət edən vətəndaşlarla bağlı tərtib edilən siyahılarının olduğu portala daxil edilən, yenilənən məlumatları DİN-in aidiyyəti qurumlarının görmək imkanı varmı?

 

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov isə bildirib ki, sürücülük vəsiqələrinin ləğv edilməsi bu agentliyin səlahiyyətinə aid deyil:

 

 

“Sürücülük vəsiqəsi almaq üçün əvvəlcə sağlamlıq haqqında arayış tələb olunur. Əlilliyə səbəb olan müəyyən xəstəliklər var ki (məsələn, ruhi və davranış pozuntuları, əqli gerilik və s.), həmin xəstəliklərdə nəqliyyat vasitəsinin idarə olunması əks-göstərişdir. Belə olan halda sürücülük vəsiqəsi verilmir. Əgər vətəndaşla bağlı e-sistemə daxil edilmiş göndərişə baxılarkən göndərişdəki diaqnozda qeyd edilən xəstəliyin avtomobil idarə etməyə imkan vermədiyi, həmin şəxsin isə sürücülük vəsiqəsi olduğu müəyyən edilirsə, onda həmin şəxs ətraflı qiymətləndirmə üçün əyani müayinəyə dəvət edilir. Əgər əyani müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyəti əlillik səviyyəsindədirsə, məlumat əlillik altsisteminə daxil edilir. Bu məlumatlar isə aidiyyəti qurumlar tərəfindən e-sistemdə görünür və həmin məlumatlar analiz edilərək müvafiq qərar verilir”.

 

Mövzu ilə əlaqədar iki qurum arasında məlumat mübadiləsinə aydınlıq gətirməyə çalışdıq. DYP sözügedən sistemi görmədiyini bildirsə də, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sözügedən məlumatların e-sistemdə aidiyyəti qurumlar üçün əlçatan olduğunu bildirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq