“Bu, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində mühüm addım oldu”

17:25 17-11-2023 | icon 1313 | Tarix
“Bu, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində mühüm addım oldu”

Sübhan Talıblı: "Azərbaycan ordusu Azərbaycanın şərəfli tarixini yenidən yazır"

 

Bu gün Azərbaycan öz milli tarixinin Dirçəliş Gününü qeyd edir. Bu günə gələn yol Azərbaycan xalqı, dövləti üçün asan olmasa da, apardığı azadlıq, müstəqillik, suverenlik mücadiləsinin zəncirini Zəfər Gününə bağlaya bildi.

 

Milli Dirçəliş gününə çatmaq üçün Azərbaycan hansı yollardan keçməli oldu?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Dirçəliş Gününün yol xəritəsinə diqqət çəkib.

 

- Sübhan müəllim, Milli Dirçəliş Gününün yol xəritəsinə nəzər salsaq, millətimiz, dövlətimiz ona çatmaq üçün hansı tarixi mərhələlərdən keçdi?

 

- Azərbaycan xalqının mülli azadlıq tarixi zəngin hadisələri və şərəfli anları dünya tarixində özünəməxsus yer tutur. Xalqımız həmişə müstəqiliyə və azadlığa meyilli olmuşdur. Dövlət müstəqilliyi və dövlətçilik xalqımızın həmişə ruhundə, fikrində, təfəkküründə, ordusunda, tarixi irsində və qədimdən bugünə kimi qurduğumuz bütün dövlətlərdə öz əksini tapıb. Bununla bağlı Ümummili lider Heydər Əliyev deyirdi: “Nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünyada, həm də gələcəyində dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır... Azərbaycan xalqının bizim eranın iki min ili ərzində keçib gəldiyi yol yenilməz, zəngin, mərdanə bir qəhrəmanlıq tarixidir. Belə bir ibrətamiz qəhrəmanlıq tarixinin açıqlanmasında Azərbaycan istiqlal mübarizəsi, xüsusi ilə milli hərəkat tarixinin təsdiq edilməsi və hərtərəfli öyrənilməsi müstəsna əhəmiyyətə malikdir”.

SSRİ rəhbərliyinin anti-Azərbaycan, ayrı-seçkilik siyasəti, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinin qorunmaması, xalqımızın istiqlal və müstəqillik ruhunun ılindın alınması, xalqımıza qarşı repseiya siyasəti, xüsusilə də SSRİ rəhbrəliyi tərəfindən himayə olunan ermənilərin Ermənistanda azərbaycanlılara qarşı deportasiya siyasətinə başlaması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq meyllərinin güclənməsi, azərbaycanlılara qarşı terror və soyqırımı siyasəti, bu zaman SSRİ rəhbərliyinin tam ermənipərəst mövqedən çıxış etməsi və respublika rəhbərliyinin azərbaycanlıların pozulmuş hüquqlarını müdafiə etmək iqtidarında olmaması xalq hərəkatının genişlənməsinə gətirib çıxardı.

Moskva tərəfindən 1988-ci il mayın 21-də Kamran Bağırovun vəzifədən uzaqlaşdırılması və Əbdürrəhman Vəzirovun Azərbaycan KP MKnin birinci katibi vəzifəsinə gətirilməsi, 1988-ci ilin payızında Dağlıq Qarabağda tamamilə respublikamızın nəzarətindən çıxması, Moskvanın Dağlıq Qarabağdakı canişini A.Volskinin qatı ermənipərəst siyasəti, nadir Topxana meşəsində ekoloji cəhətdən zərərli sənaye obyektinin tikilməsinə başlanılması bütün Azərbaycan xalqını ayağa qaldırdı. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan mitinq 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına çevrildii, meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli ay-ulduzlu bayrağı dalğalanmağa başlamışdı. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi kimi çox mühüm tələblər irəli sürülmüş, hətta ilk dəfə "suverenlik", "azadlıq" kimi şüarlar səsləndirilmişdi. Hökumət 1988- ci il dekabrın 4-də, gecə hərbi qüvvə yeridərək meydanın mitinqçilərdən zorla boşaldılmasına nail ola bilmişdi.

 

- Bu gün Dirçəliş Günü kimi qeyd olunan 17 noyabr tarixində o zaman böyük mitinqlər keçirilirdi. Tələblər nə idi?

 

- Birinci, Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. İkinci, Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Üçüncü, Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir. Dördüncü, noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik...Beşinci, Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

Bu tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də   Bakı, Naxçıvan və Gəncə  şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra – noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhiriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Xüsusilə qeyd etmək lazımdır ki, 1988-ci ilin dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Respublikamızda 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Qeyd edək ki, “Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Jurlalın üz hissəsində Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılmasına baxmayaraq, jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmamışdır.

Bundan sonra da hadisələrə nəzər yetirdikdə görürük ki, xalqımızın milli istiqlal və müstəqillik yolunda addımları davam etmişdir. Bakıda 1988-ci ilin fevralın 19-da ilk etiraz mitinqi başladı. Dekabrın 4-də hakimiyyət orqanları mitinqi SSRİ ordusunun köməyi ilə dağıtmağa nail oldular. 1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə sovet respublikaları arasında birincilərdən idi. 1989-cu il dekabrın 8-də Cəlilabadda fasiləsiz mitinqlər, tətillər oldu. Bakıdan gətirilmiş milis dəstələri həbslər etdilər. Dekabrın 29-da “xalq hökuməti” adlanan qurum fəaliyyətə başladı. Toqquşmalarda 15-dən çox adam yaralandı. 1989-cu ilin noyabr-dekabr aylarında Sabirabad və Ağcabədi rayonlarında xalq hərəkatı yerli rəhbərlərin istefası ilə nəticələndi.

1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşan azərbaycanlılar Arazı keçərək bir-birinə qovuşdular. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də isə Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.

 

- Milli Dirçəliş Günündə ümummilli lider Heydər Əliyevin rolu və baş verən proseslərin tarixi əhəmiyyəti nə idi, hansı tarixin təməlləri atılırdı?

 

- 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirilmiş ilk sessiyasında Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində mühüm addım oldu. Bundan başqa Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı.  Bununla da milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının əsası qoyuldu.

Bu gün Azərbaycan xalqının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və apardığı siyasət nəticəsində Azərbaycan ordusu Azərbaycanın şərəfli tarixini yenidən yazır, hər bir azərbaycanlı Azərbaycan ordusunun, qanı, canı və döyüş meydanında əldə eydiyi qələbə ilə fəxr edir.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”