Deputatdan sosial yardımla bağlı TƏKLİF

14:56 21-11-2023 | icon 519 | İqtisadiyyat
Deputatdan sosial yardımla bağlı TƏKLİF

Musa Quliyev: “Əmək qabiliyyəti olanlara verilməməlidir”

 

2006-cı ildən etibarən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinə başlanılıb. Belə ailələrin orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağıdır. 

 

Dövlət tərəfindən verilən pul yardımının təyininin müəyyən şərtləri var.

 

Onlayn qaydada müraciət əsasında və ailənin sosial durumu yoxlandıqdan sonra verilən yardımı bütün müraciət edənlər ala bilmir. Ailələrə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edilməsi ilə bağlı gələn məktublar vətəndaşları qane etmir. Belə şikayətlər əsasən rayonlarda yaşayan və işsiz vətəndaşlardan gəlir. 

 

Hazırda ölkədə 65 min insanın ünvanlı sosial yardım aldığını deyən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, həmçinin işsizlərə yardımın verilməsinin onların işləməməsinə gətirib çıxaracağını bildirib:

 

“İşsiz insanlara bu yardımı versək, onda həmin şəxslər ancaq evdə oturacaq. Ona görə də alternativ məşğulluq xidmətlərinə baxmaq lazımdır. Hazırda məşğulluq sahəsinin 10-dan çox istiqaməti nəzərdən keçirilir”.

 

Nazir müavininin bu açıqlaması ictimaiyyətdə müzakirələrə səbəb olub. 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də nazir müavininin fikirləri ilə razılaşıb.

 

O, əmək qabiliyyətli insanlara yardımın verilməsinin əleyhinə olduğunu deyib:

 

“Ünvanlı sosial yardım o ailələrə verilməlidir ki, həmin ailədə əmək qabiliyyəti olmayan ailə üzvləri, əlil və ya təqaüdü az olan təqaüdçülər, əmək qabiliyyəti yaşına çatmayan uşaqlar olsun. Digər hallarda isə onların aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmasına üstünlük vermək lazımdır. Aktiv sosial müdafiə tədbirlərinə öz peşəsi, ixtisası üzrə işlə təmin olunmaq və ya peşəsi, ixtisası yoxdursa, həmin bölgədə var olan vakansiyalara uyğun peşələri öyrədib işlə təminat daxildir. Bu insanları özünüməşğulluq proqramlarına, haqqı ödənilən sosial işlərə cəlb etmək lazımdır ki, gedib, çalışıb, işləsinlər. Əgər onun gətirdiyi əməkhaqqı ailə üzvlərinin sayına böləndə yaşayış minimumundan az olacaqsa, onda o ailələrə ünvanlı dövlət sosial yardımı verilsin. Biz 2006-cı ildə bu qanunu hazırlayanda düşünürdük ki, bunun insanların tənbəlləşməsinə, ələbaxımlılığına gətirib çıxarmasına heç bir vəchlə çalışmaq lazım deyil. Bu mənada özünüməşğulluq proqramı daha da aktivləşməlidir və ünvanlı dövlət sosial yardım proqramı isə azalmalıdır”.

 

Deputat digər vətəndaşın ödədiyi sosial ödənişlər hesabına başqa vətəndaşın yardım almasını düzgün hesab etmədiyini bildirib:

 

“İnsan deyir ki, mən kənd yerində yaşayıram, mənim torpağım gəlir gətirmir, ona görə mənə yardım verin. Bu anlayışla yanaşsaq, təbii ki, insanlar işdən soyuyacaqlar, özlərinin və ailə üzvlərinin həyatını təmin etmək üçün tədbirlərdən yayınacaqlar. Deməli, biz işləyəcəyik, amma bizim ödədiklərimizdən əmək qabiliyyəti gücündə və yaşında olan başqa soydaşımız oturub faydalanacaq. Bu da sosial ədalət prinsipinin pozulmasıdır. Əlbəttə, yardım da verilməlidir, özünüməşğulluq proqramı, ictimai işlər, başqa-başqa insanların sosial müdafiəsini təmin edən tədbirlər olmalıdır və olacaq. Amma burada elə bir qızıl ortanı seçmək lazımdır ki, həm sosial ədalət prinsipi pozulmasın, həm də ehtiyacı olan insanların rifahı təmin olunsun. Bundan əlavə rayonlarda məşğulluq agentliklərinin nəzdində kurslar var, vətəndaşlar o kurslara gedirlər, kursda oxuduqları müddətdə təqaüd alırlar, rayonda mövcud olan iş yerlərinə, peşələrinə uyğun işlə təmin olunurlar”. /bizim.media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq