"Afərin" sənə, demşiza...

17:43 27-03-2019 | icon 662 | Köşə
"Afərin" sənə, demşiza...

 

İllər əvvəl, Bolqarıstanda, paytaxt Sofiyada on minlərlə insan küçələrə çıxaraq hakimiyyətə etiraz edirdilər. Di gəl, həmin dönəmdə ölkənin ən məşhur ziyalılarından biri, "millətin vicdanı" adlandırılan yazıçı narazı kütləni "demokradsi" adlandırmışdı.

 

 

 

ELÇİN ALIOĞLU

 

Həqarətdir, aşağılamadır, yolverilməz ifadədir. Söz yox.

Fəqət etiraz xətrinə etiraz edən, sosial problemlərdən, korrupsiyadan, işsizlikdən, bahaçılıqdan şikayətlənən insanın "Bu hakimiyyət getməlidir!", "İstefa" və ilaxır qışqırtılarından sonra "Baxın, mən çıxış yolu kimi bunu təklif edirəm!" kəlmələri eşidilmirsə, həmin insanı vədlərlə aldadıb küçələrə çıxaran demokrat yox, dermokrat, mitinqdə tribunaya dırmaşıb "Ey mənim xalqım" deyənlərsə siyasi möhtəkirlər, yalançılar və siyasi əxlaqla sosial ləyaqətdən kənar olanlardır.

 

Demokratiyadan faydalanaraq "dermokrat"lıq edənlər söz yığınından qeyri heç nə olmayan vədləri, o vədlərin məcmusu olan xəyanət, yalan, ikrah doğuracaq çirkin işlərlə xalqı aldadır, məmləkət insanını qarət edirlər.

Çünki onlar ümidi oğurlayır, inamı öldürür, inananları yalanla dolandırırlar.

Çağdaş demokratiyanın vətəni sayılan Britaniyada da bu kəlmənin analoqu var: "hitocracy".

Avropada isə "kakistocracy" və "kleptocracy" kəlmələri geniş yayılıb.

Həmin sözlərin ümumi məcmusu, vahid təzahür forması isə "democrazy"dir ki, bu da "söz oyunu" sayıla bilər. Yəni "demokratik sərsəmlik".

Müsavat, AXCP və "Milli Şura"nın sıravi üzvləri ilə işim yox. Aralarında xeyli savadlı, ləyaqətli, ağıllı insanlar var. Şübhə etmirəm ki, onlar ölkənin inkişafını, Vətənin daha da qüdrətli olmasını, məmləkətdəki ən kiçik sosial problemin belə, ən qısa zamanda həllini istəyirlər.

 

Lakin sıravilərin məziyyətləri bu qurumların rəhbərlərinin xislətlərini səciyyələndirmir.

İllah da ki, "Azərbaycan Xalq Hərəkatı" adlı tragikomik bir dərnəyə toplaşan "siyasi ölülər"in çılğın çıxışları, absurd və marazm həddinə çatan bəyanatları ola.

İsgəndər Həmidov, Nemət Pənahlı, Rəhim Qazıyev, Mətləb Mütəllimli, İsa Sadıqov, Qurban Məmmədov kimi özlərini dəfələrlə siyasət səhnəsində tam açıqlamış, zahirlərindən fərqli olaraq batinləri puç olan bu insanlar nə etmişdilər, nəyə nail olmuşdular ki, indi nə nəyi bacarsınlar?!

Olmaya müxalifət liderləri İsgəndər Həmidovun ikinci dəfə onlara "Tüpürüm sizə də, özünüzə də, işinizə də!" deməsini, Rəhim Qazıyev kimi siyasət karikaturasının yeni fırıldaqlarını intizarla gözləyirlər?!

Ola bilər və əgər belədirsə, onda Azərbaycanın çoxdan koma vəziyyətinə düşmüş müxalifətinin yeni qıcolma çırpıntılarını izləmək məcburiyyətində qalacağıq, Tolkinin "Xobbit: oraya və geriyə" əsərindəki Sarumana qulluq edən orkların yeni hücumunu görəcəyik.

Xatirinizdədirsə, orklar məğlub olmuşdu: Gendalf onları nurun sehri ilə darmadağın etmişdi.

Məntiqlə bahəm, xalqın rifahı, vətəndaşın daha yaxşı, təhlükəsiz yaşamı üçün görülən işlər də zülmətə qarşı olan nurdur.

Görülən işlərin, ölkədə aparılan islahatların, hakimiyyətin başladığı və qətiyyətlə davam etdirdiyi, gerçək inqilab kimi dəyərləndiriləcək - işıqdan qorxanların "Qərb məcbur etdi", "Sanksiyalar xofu vadar etdi", "19 yanvar mitinqinin nəticələridir" təki ironiya doğuracaq məzlum bəyanatlarına rəğmən - proseslər vüsətlə davam edir.

 

Amma və lakin yerli "demşiza"mız bunu görsə də, görməməzlikdən gəlir. Anlasa da, anlamadığını göstərir və tam tərsini anlatmağa çalışır.

Təəccüblü deyil. Çünki demşiza adekvat olmayan insanlardır. Onların radikallığı o qədərdir ki, hətta səfsəfəlik həddinə çatıb.

İlk dəfə 1992-ci ildə rusiyalı siyasətçi və milyarder Konstantin Borovoy yaratdığı İqtisadi Azadlıq Partiyasından bəhs edərkən "Nezavisimaya Qazeta"nın reportyoruna demişdi: "Biz hansısa demşiza deyilik ki, mitinqlərdə kiminsə təyinatını və ya kiminsə istefasını tələb edək".

Öldürücü dərəcədə dəqiq təyindir.

Nə yazıq ki, Azərbaycandakı radikal müxalifət vulqarlıq həddində fanatizm göstərir, Vladimir Leninin tərəfdarları təki bağırır. O kəslərin lüğəti də bəsitin dibidir: "İstefa! Azadlıq! Talana son!"

Yəni "Adə, vurrey!" verbal çırtıqları.

 

Bir qədər elmi desək, yalançı liberal ritorika həddində ifrat, düşüncəsiz və zövqsüz bağırtılar ki, zərərdidənin tam emosional qeyri-adekvatlığına səbəb olan intellektual yoxsulluq.

Bir qədər də dərinə getsək, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və qeyrilərində - İ.Həmidov, N.Pənahlı və ya Q.Məmmədov kimi reliktləri qoyuram bir kənara - düşüncə rigidliyi, manixeylik, məntiq pozuntusu, yaddaş defektləri, siyasi mazoxizm, şüurun parçalanması var.

Həmin şəxslərin nəzərinə çatdırmaq istərdim ki, siyasi fəaliyyət mitinq, yürüş, piket, YouTube və Facebook-da gəvəzəlik etmək, çürük tələblər irəli sürmək, keçmişini gəlişigözəl sözlərlə malalamaq, mənhus əməllərin cidasını yalan çuvalında gizlətmək, habelə ən müxtəlif adlı oyuncaq siyasi dərnəklərdə "lider"lik uğrunda didişmək deyil.

Demşiza bunu çətin anlasın. Çünki qarşısına qoyduğu məqsəd xalqın rifahı, dövlətin qüdrəti yox, dövləti zəif salmaqdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR