Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

11:36 01-06-2020 | icon 663 | Kürsü
Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bu təkliflərin reallaşdırılması müşkülə dönüb

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

"Statista.com"un verdiyi bilgiyə görə, 2020-ci ilin birinci yarısında sosial şəbəkələrin günlük izləyicilərinin sayında artım olub, təqribən 3 milyard 80 milyon nəfərə çatıb. 2019-cu ilin sonunda bu rəqəm 2 milyard 950 milyon nəfər idi.

 

İstifadəçilərin böyük qismi Facebook-un payına düşür: günlük istifadəçi təqribən 1 milyard 730 milyon nəfər. Ümumilikdə isə 2 milyard 498 milyon insan bu şəbəkədən istifadə edir. İzlənmə sayına görə ikinci yerdə Youtube-dur. 2020-ci ilin ilk yarısında təqribən 2 milyard insan ondan mütəmadi qaydada istifadə edib. Nəzərə alsaq ki, irili-xırdalı sosial şəbəkələrin sayı 100-dən artıqdır, nəticə çıxır ki, dünya əhalisi sosial şəbəkələr üzərindən yayılan informasiyanın təsiri altındadır. Sürətli artım sosial şəbəkələrin təkcə auditoriyasını əhatə etmir; maliyyə gəlirləri də yüksələn xətt üzərindədir.

 

Facebook -un 2018-ci ilə qədər 20 milyard dollar civarında olan gəlirləri həndəsi silsilə ilə artaraq, 2019-cu ildə70 milyard dolları keçib. Digər şəbəkələrdə də durum bənzərdir və bu, artıq maliyyə baxımından yenilməz güc mənbəyi deməkdir, ambisiyalar üçün yol açır. Problem də bu nöqtədən başlayır:

"Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın (KJUQP) təmsilçisi Jeremy Dear yazır ki, texnoloji nəhənglərin qurduqları "sosial şəbəkələr" təmərküzləşir, öz aralarında şəbəkələşir, müstəqil güc mərkəzinə çevrilir və iqtisadi, siyasi mühitə, maliyyə məkanına müdaxilə edirlər. Jeremy Dear nümunə olaraq GAFAM-ı (Google, Apple, Facebook, Amazon, Microsoft) göstərir. Platforma təmsilçisinin açıqlamasına görə, bir əldən idarə olunan GAFAM-ın ümumi gəlirləri təqribən 900 milyard dollar dəyərindədir. Hüdudsuz maliyyə imkanlarına malik olan bu birliklər öz ambisiyalarına əks gələnləri əzib keçirlər. Onlar dünyanın siyasi-iqtisadi düzənini dəyişməkdə iddialı görünürlər. Qurmaq istədikləri yeni düzən isə ədalətsizdir; əldə etikləri gəlirlər başqalarının halal haqqıdır. KJUQP-nın hesablamalarına görə, GAFAM qrupuna daxil şirkətlər, xüsusilə Google və Facebook jurnalistləri, peşəkar KİV-ləri istismar edir, onların məhsullarından böyük qazanc götürürlər. Müstəqil media, yerli KİV-lər xəbəri istehsal edirlər, amma həmin xəbərləri sosial şəbəkələr yayırlar, nəticədə sosial şəbəkələr milyardlıq sayı olan auditoriyaya, həmçinin maliyyə gəlirinə sahib çıxırlar. Xəbərin əsas istehsalçısı olan peşəkar KİV-lərə gəlməli olan reklamlar sosial şəbəkələr üçün axır. Facebook və Google bütün rəqəmsal reklam dövriyyəsinin təqribən 61% -nə sahibdirlər. Qarşılığında isə heç normal vergi də ödəmirlər.

 

"Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" (KJUQP) bəyan edir ki, GAFAM-a ayrı-ayrı ölkələr üzrə 6 % səviyyəsində vergi tətbiq edib əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltmək, bununla da jurnalistikaya 54 milyard dollar qazandırmaq mümkündür: "GAFAM son on ildə qlobal səviyyədə 100 milyard dollarlıq vergidən yayınıb. Hansı ki, o vergi başqalarının payıdır, gəliridir". Vergi ödəmək əvəzinə Google və Facebook "seçilmiş KİV təşkilatlarına" az həcmdə qrant verərək özlərini "müqəddəs xilaskar" kimi göstərməyə çalışırlar: "Biz onların masalarından qalan qırıntıları istəmirik, ədalətli vergi ödəmələrini istəyirik".

 

Başqa təkliflər də var. Amma bu təkliflərin reallaşdırılması müşkülə dönüb. Çünki GAFAM da daxil olmaqla, texnoloji nəhənglər, "sosial şəbəkə" idarəçiləri həmin təkliflərin gerçəkləşdirilməsinə mane olurlar. KJUQP təmsilçisi yazır ki, "illərdir onlar hökumətləri təhdid edirlər. Hökumətlər texnologiya nəhənglərindən, sosial şəbəkə idarəçilərindən ehtiyat edir, onlara ədalətli vergi yükü tətbiq etməkdən çəkinirlər.

 

Sosial şəbəkələrin qaydasız davranışları təkcə vergi məsələsinə aid deyil. Qlobal rəy sorğusu iştirakçılarının cəmi 23 faizi sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğuna inanırlar. Digərləri isə sosial şəbəkələri "fake xəbər" yayıcısı adlandırırlar. Sosial şəbəkələr barəsində universal normativ standartların olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına şərait yaradır. Sosial şəbəkələr üzərindən ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilir, siyasi kataklizmlər formalaşdırılır. Azərbaycan da xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

 

Amma sosial şəbəkə idarəçilərinə təsir göstərmək, onları qanunlar çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək ayrı-ayrı ölkələrin gücü daxilində deyil. Dövlətlərarası təşkilatlar gücü koordinasiya etməli, "bu nəhənglərə öz yerlərini göstərməlidirlər". KJUQP təklif edir ki, Avropa Birliyi qismində dövlətlərarası təşkilatlar, ya da ABŞ kimi super dövlətlər bu məsələdə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

 

Son günlərin hadisələri, ABŞ prezidenti Donald Trampla bağlı yaşanan gərginlik göstərir ki, KJUQP-un arqumentləri gerçəkdir: texnologiya nəhənglərinə, "sosial şəbəkə" idarəçilərinə qarşı çıxmaq, ədaləti bərpa etmək, onları qanunlar çərçivəsində fəaliyyətə məcbur etmək nəinki ayrı-ayrı kiçik dövlətlərin, hətta böyük ölkələrin də imkanları xaricindədir. Məsələn, bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan Twitter, indi "xidmətinin qarşılığını almaq" iddiasına düşüb. İstədiyini almayında güc göstərir, Trampı təzyiq altında saxlamağa çalışır. Twitter administrasiyası Trampın tvitlərini gizlətməyə, bloklamağa başlayıb, onlara "saxta, yalan ola bilər" işarəsi əlavə edir. Ciddi hadisədir. "Sosial şəbəkə" idarəçiləri əvvəllər kiçik olkələri hədəf seçir, böyük dövlətlərin yanında yer tuturdularsa, indi vəziyyət dəyişib. Artıq "sosial şəbəkə" idarəçiləri özləri böyük gücdürlər, dünyanın super dövlətini, onun rəhbərini də hədəf alırlar. Tramp "sosial şəbəkələri" xəfifə alıb, üzərlərinə gedib; Twitteri ABŞ-da bağlaya biləcəyini elan edib. Ardınca da mayın 28-də "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb; sosial şəbəkələrin tənzimlənməsi üçün yol açıb. Tramp hesab edir ki, Twitter də daxil olmaqla, sosial şəbəkələrin fəaliyyəti ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Onlar qanunları ayaqlayır, öz şərtlərini diktə edirlər. Bu qarşıdurmada sosial şəbəkə idarəçiləri haqsızdırlar; əgər elan etdikləri kimi, informasiya yayımı da, sadəcə, texniki təminatçıdırlarsa və məzmuna qarışmırlarsa (onlar digər ölkələrdə qarışıqlıq salanda belə deyiblər), onda Trampın tvitlərinin məzmununa müdaxilə edə, onları bloklaya bilməzlər. Hansısa siyasi tvitə yalan, böhtan, saxta işarəsi qoymaq sosial şəbəkə platformasının funksiyasına daxil deyil. Amma görünən budur ki, siyasi məzmuna müdaxilə edirlər, dövlətlərə, dövlət başçılarına təzyiq göstərirlər. Trampın imzaladığı "Onlayn senzuradan müdafiə barədə" sərəncamın mətnindən belə nəticə çıxır ki, "nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da "təhlükəli güc" tətbiq edirlər; "Twitter", "Facebook", "Instagram" və "YouTube" informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır, fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər; "Twitter" ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin "siyasi aləti" kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur.

 

Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil. Onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər" və sair.

 

Onlayn platformaların genişlənməsi və təsirlərinin hədsiz dərəcədə artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Tənzimləyici addımlar atmaq təşəbüsü, ilk olaraq, ABŞ-dan gəlməyib. Bundan öncə Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul ediblər. İndi sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi ABŞ-da da dərk olunmağa başlayıb.

 

Tramp açıq savaşa girib, ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırmağa çalışır. Hüdudsuz hakimiyyətə, iqtisadi-maliyyə gücünə malik olan sosial şəbəkələr də buna qarşılıq veriblər, ABŞ prezidenti ilə baş-başa gəliblər. Kim qalib gələcək?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri