Düşmənin süqutu zaman və geosiyasi situasiyaya bağlıdır

22:04 03-06-2020 | icon 596 | Geopolitika
Düşmənin süqutu zaman və geosiyasi situasiyaya bağlıdır

Elman Nəsirov: “Bu, Paşinyan hakimiyyətinin kəskin dərəcədə tənqidinin ifadəsidir”

 

Bu günlərdə “Armnews” telekanalının qonağı olan Qrant Baqratyanın “Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim” - açıqlaması birmənalı qarşılanmayıb. Verilən məlumatlara görə, bu açıqlama Ermənistan cəmiyyətində ciddi rezonans doğurub və bu etirafına görə, Baqratyanın cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.

 

Azərbaycan ekspertləri hesab edir ki, burada Baqratyanın “Azərbaycan sevgisi”ndən söz gedə bilmədiyi üçün yenə də Azərbaycana qarşı növbəti erməni təxribatının, məkirinin gizləndiyi önə çıxır. Erməni separatçılarının daim Azərbaycana qarşı apartığı təxribatçı təbliğata qarşı Azərbaycan ictimaiyyətinin sosial şəbəkələr, mətbuat, televiziyalar üzərindən verdiyi əks reaksiya nə dərəcədə yetərlidir?

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı açıqlama verən millət vəkili Elman Nəsirov maraqlı məqamlara toxunub.

 

Millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın çıxışları adətən Paşinyan hakimiyyətini tənqid etmək üzərində qurulur. Erməni sabiq naziri bir müxalifət təmsilçisi olaraq daim iqtidarın yeritdiyi daxili və xarici siyasətə qarşı sərt fikirləri ilə tanınıb və xüsusilə də Ermənistan hakimiyyətinin bərbad iqtisadi siyasətini hər zaman tənqid hədəfinə tuş gətirib.

 

E.Nəsirov qeyd edib ki, onun budəfəki çıxışı da bir neçə istiqamət üzrə diqqəti cəlb edir:

“Birinci istiqamət onunla bağlıdır ki, Baqratyan əslində Ermənistanın pandemiya dövründəki durumunun nə qədər ağır olması haqqında informasiyanı sızdırmış olur. Məlumdur ki, pandemiya bütün ölkələrin iqtisadiyyatına son dərəcədə mənfi təsir eliyib. İqtisadiyyatı kifayət qədər güclü olan Azərbaycanda belə son  4 ay ərzində, cənab Prezidentin də söylədiyi kimi, ümumi daxili məhsulda cəmi 0,2 faiz artım qeydə alınıb. Əgər pandemiya iqtisadiyyatı güclü olan Azərbaycana bu qədər təsir edibsə, təsəvvür edin ki, iqtisadiyyatı onsuz da bərbad olan Ermənistanın vəziyəti necədir. Xüsusilə də post-pandemiya dövründə Ermənistanda çox ciddi iqtisadi-siyasi kataklizmlərin baş verdiyi haqqında yerli və xarici ekspertlər mülahizələr irəli sürürlər.  Hesab edirəm ki, Baqratyanın da bu mülahizəsi eyni məntiqdən qaynaqlanır.

İkincisi, Baqratyanın açıqlamasında kifayət qədər təxribat elementləri var. Onun, “Azərbaycanın yerində olsaydım,  indiki vəziyyətdə həm Qarabağa, həm Ermənistana hücum edərdim”- deməsi Paşinyan hakimiyyətinin kəskin dərəcədə tənqidinin ifadəsidir. Bununla bildirir ki, sən ölkəni elə bir vəziyyətə gətirib çıxarmısan ki, hətta Azərbaycan bu vəziyyətdə hücum etmirsə, deməli sənin bəxtin gətirir”.

 

E.Nəsirov hesab edir ki, təbii olaraq bu açıqlamada təxribatçı amillər var. Bu da onunla bağldır ki, burada Azərbaycanın müharibəyə başlamasına təhrik ifadə olunur:

“Bilirsiz ki, pandemiya dövründə BMT-nin baş katibi səviyyəsində dünya ölkələrinə müharibələrin dayandırılması ilə bağlı çağırışlar oldu. Məhz belə bir dövrdə Azərbaycanın müharibələrə təhrik edilməsi ilə bağlı ifadələr söylənir. Azərbaycan indiki dövrdə belə bir addım atsa, bu, təbii ki, Azərbaycana qarşı beynəlxalq aləmdə müəyyən təzyiqlərin baş verməsinə səbəb ola bilər. Bu nöqteyi-nəzərdən Baqratyan bu açıqlamasını məqsədyönümlü şəkildə verilib. Bir el misalı var: “bir güllə ilə iki dovşan vurmaq”. O da bir güllə ilə həm Ermənistanın mövcud hakimiyyətinin bərbad olduğunu gündəmə gətirir, həm də Azərbaycanı indiki zamanda təxribata sövq etmək istəyir”.

 

Millət vəkili erməninin bu açıqlamasında Azərbaycanın torpaqlarını geri ala bilməməyinə, zəif olmasına yönəlik kinayənin olması ehtimalına da birmənalı yanaşıb. O, bildirib ki, erməni məkirinin arxasında qorxunc niyətlər gizlənsə də, Azərbaycan Prezidentinin 20 may tarixində etdiyi çıxış bu məqamlarla bağlı suallara verilən  cavabıdır.

“Cənab Prezident qeyd elədi ki, beynəlxalq hüquq, hərbi gücümüz, iqtisadi potensialımız münaqişəni həll etmək üçün bizim imkanlarımızı kifayət qədər genişləndirib. Eyni zamanda belə bir ifadə işlətdi ki, biz öz addımlarımızda zamanı və geosiyasi situasiyanı nəzərə almalıyıq. Məsələ ilə bağlı zaman bizim xeyrimizə işləyəndə, eyni zamanda geosiyasi  vəziyyət bizə əlverişli şərait yaradanda lazımi addımları atmalıyıq”.

 

Millət vəkili hesab edir ki, müharibəni hər an başlamaq olar. Çünki torpaqlarımız işğal altındadır:

“BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi var. BMT nizamnanəsinin 51-ci maddəsinə görə ərazisi işğala məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Və digər beynəlxalq hüquqi sənədlər var ki, bizim ərazi bütövlüyümüzü tanıyıb. Bütün bunları əsas götürüb istənilən halda münaqişənin hərbi yolla həll etmək hüququnu özümüzdə saxlayırıq. Amma müharibəyə başlamaq asan olsa da, onu dayandırmaq çətindir. Bizim müharibəmiz ildırımsürətli olmalıdır. Yəni bu müharibə aylarla, illərlə uzanmamalıdır. Başladıqsa, artıq 10 günə, maksimum 2 həftəyə Azərbaycan bayrağı, Xankəndində, Şuşada dalğalanmalıdır. Yoxsa, müharibəni uzatmaqla vəziyyətin gözlənilməz ssenarilər üzrə inkişaf etməsi yol verilməzdir. Azərbaycanın atdığı addım, cənab Prezidentin söylədiyi kimi Zamana uyğun, geosiyasi vəziyyətə adekvat olmalıdır. O yolla ərazi bütövlüyümüzü təmin etməliyik”.

 

Millət vəkili hesab edir ki, erməninin nə deməsindən asılı olmayaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi müzakirə mövzusu ola bilməz. Ölkə başçısının, Ali Baş Komandanın bu məsələdə çox qətiyyətli prinsipial mövqeyi var. Bütün addımlar da buna yönəlib:

“Ordu quruculuğu məsələləri bizim üçün əhəmiyyətlidir. Bu ölkə Prezidentinin apardığı siyasətinin mərkəzində dayanır. Hər il büdcəmizdən ordua ayrılan xərclər çoxalır. Eyni zamanda Prezident həmin çıxışında söylədi ki, bu gün bir çox dövlətlər məhz güc amilinə istinad edərək öz maraqalarını yerinə yetirirlər. Yəni güc amili dünya siyasətində əsas faktordur”.

 

“Sosial şəbəkələr Ermənistan dövlətinin siyasəti əleyhinə ideoloji mərkəzlərdən birinə çevrilməlidir”

 

E.Nəsirov hər bir situasiyadan öz xeyirlərinə istifadə edərək, Azərbaycana qarşı təxribatlar törədən erməni riyakarlığına qarşı ictimaiyyətin sosial şəbəkələr üzərindən fəaliyyətini gücləndirməsini mühüm hesab edib. Bildirib ki, Azərbayacan dövləti təxribatlara qarşı mümkün olan bütün addımlarını atır:

“Bir çox addımları geniş açıqlamağa ehtiyac yoxdur. Amma bildirmək istərdim ki,  ölkənin müdafiə qabiliyyətini və potensialının gücləndirilməsi ərazilərimiz üzərində suveren hüquqlarımızın təminatı naminə bütün mümkün imkan və vasitələrdən istifadə edilir. Amma sosial şəbəkələrlə bağlı vəziyyət ürəkaçan deyil.  Sosial şəbəkələr bu gün qanunun hüququn işləmədiyi bir məkandır. Yeganə bir məkandır ki, orda hüquq ayaq altına atılıb tapdalanır. Real dünyamızda hüququn gücü yox, gücün hüququ işləyir. Virtual dünyada isə söyüşün, təhqirin, qaralama və ləkələmənin “hüququ” işləyir. Səfərbər olunmuş cəmiyyətin parçalanmasına yönəlik “hüquq” işləyir. Vətəndaş həmrəyliyinin pozulmasına çağırış “hüququ” işləyir. Konstitusiyalı hüququn devrilməsinə çağırış “hüququ” işləyir. Terrorizmə çağırış “hüququ” işləyir. Yəni heç bir hüquqi tənzimlənmə yoxdur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu hal dünyanın bir çox ölkələrində baş verir. Bu, Azərbaycanda özünü qabarıq şəkildə göstərir. Lakin bu gün sosial şəbəkələr bu gün Ermənistan dövlətinin siyasəti əleyhinə  ideoloji mərkəzlərdən birinə çevrilməlidir”.

 

E.Nəsirov bəyan edib ki, sosial şəbəkələr bu gün Ermənistana qarşı informasiya müharibəsinin ön cəbhəsində olmalıdır. O, üzünü xüsusilə də özünü xaricdə siyasi mühacir kimi təqdim edən və sosial şəbəkələrdə kifayət qədər antiazərbaycan fəaliyyəti ilə məşğul olan insanlara tuturaq çağırış edib:

“Siz Azərbaycan iqtidarına qarşı müxalifətdə ola bilərsiz, bu sizin öz işinizdir. Amma Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı müxalifətdə olmamalısız. Çünki bu vətən, həm də sizindir. Ona görə də söhbət düşməndən gedirsə, siz harda olmağınızdan, hansı məmləkətdə sığınacaq tapmağınızdan asılı olmayaraq bu dövlət, dövlətçiliyimiz naminə düşmənlə mübarizə aparın, inkanlarınızdan istifadə edin. Ermənistan baş naziri sizin mühacir olduğunuz  hər hansı bir ölkəyə gəlirsə onun yerləşdiyi hotelin qarşısında işğalçıya etirazlarınızı bildirin. Çıxış etdiyi hər hansı bir yerdə etiraz mitinqlərinizi keçirin, dövlət rəsmilərinə, xarici dövlət idarələrinə, təşkilatlarına müraciətlər edin. Elə edin ki, Ermənistan baş naziri gəldiyi ölkədə özünü son dərəcə narahat hiss eləsin. Azərbaycan faktorunun hər yerdə olduğunu hiss eləsin. Mən buna çağırış edirəm”.

 

Azərbaycan televiziyalarında təbliğinə gəlincə, millət vəkili təbliğat işinin daim təkmilləşməsinə ehtiyac olduğunu deyib. Bildirib ki, elə televiziyalar var ki, bu işi daha səmərəli qura bilir, elə televiziyalar da var ki, daha aşağı səviyyədə iş aparır:

“Bəzən bunu maddi-texniki imkanlarının aşağı olması ilə izah edirlər. Bu kimi yanaşmalar var. Amma ən əsası odur ki, hər hansı televiziyanın rəhbərisənsə, ürəyində bir təpər olmalıdır, istək olmalıdır. Bu istiqamətdə çalışmalı, fəaliyyət göstərməlisən”. /“Üç nöqtə”/

 

T.QAFARLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM