Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

18:15 03-07-2020 | icon 2266 | Mədəniyyət
Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Prezidentin iştirak etdiyi tədbirlərin prodüseri kimi fəaliyyət göstərirəm"

 
Elmira Dehqani Qazaxıstanda doğulub, orada yaşayır, lakin azərbaycanlı olduğunu heç vaxt unutmadığını deyir. Qazaxıstanda şair, bəstəkar kimi kifayət qədər tanınsa da, Azərbaycan oxucusu onun barəsində çox az məlumata sahibdir. 
 
Versus.az Azərbaycan musiqisinə heyranlığını gizləməyən, gözəl mahnıların müəllifi Elmira Dehqaninin müsahibəsini təqdim edir. 
 
- Əsliniz Azərbaycandandır. Özünüz Qazaxıstanda doğumlusunuz. Şair, eyni zamanda bəstəkarsınız. Təəssüf ki, oxucularımız sizin haqqınızda çox şey bilmir... 
 
- Valideynlərimin hər ikisi Gürcüstanda anadan olub. Anamın ailəsi 1956-cı ildə Marneulidən Qazaxıstana sürgün olunub. Atam isə Laqodexi şəhərindəndir. 1950-ci illərdə Zaqatalada zootexnik ixtisası üzrə təhsil alıb. O, 1960-сı ildə Qazaxıstana ezam olunub, burda qalıb və anamla da burda evlənib. Ailədə dörd bacıyıq, ən böyükləri mənəm. Mən musiqiçi, şair və bəstəkaram. Məktəbdə rus bölməsində oxuduğum üçün mahnılarımı əsasən rus dilində yazıram. Ana dilimizi bilirəm. Ailə üzvlərimizlə həmişə Azərbaycan dilində danışırıq. Mən Almaatıda Qurmanqızı adına Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişəm. Həyat yoldaşım mülki aviasiya sahəsində qulluq etdiyi üçün 1990-cı ildə Bakıya köçdük. O vaxt böyük oğlumun 2 yaşı var idi. 1992-ci ilə qədər Bakıda yaşadıq. Qarabağ döyüşlərinin ən qızğın vaxtlarında həyat yoldaşım qaynar nöqtələrə uçub, zərər çəkmiş əhalini xilas edirdi. Almaatıya qayıtdıqdan sonra orta məktəb və uşaq bağçalarında dərs deməyə başladım. 1996-cı ildə öz bəstəm olan mahnı ilə vokalistlərin "Jas Kanat” müsabiqəsində iştirak etdim. 90-cı illərin sonlarından etibarən toyların, konsertlərin, kütləvi tədbirlərin təşkili ilə məşğul olmağa başlamışam. 2006-cı ildə şəxsi şirkətimi- "Solist”i yaratdım. Mən, bir çox hallarda Prezidentin iştirak etdiyi, iri dövlət layihələrində musiqi prodüseri kimi fəaliyyət göstərirəm. Qazaxıstan Xalq Assambleyasının konsertlərinin təşkilatçılığı ilə məşğul olmuşam. Atam İsaxan Məmmədov Azərbaycan diasporunun fəal üzvüdür. O, 2019-cu ildə Qazaxıstan Respublikası Prezidentinin fərmanı ilə "Jumart Jan” mükafatına layiq görülüb. Mən mədəniyyət mərkəzinin bir çox tədbirlərində iştirak etməklə yanaşı, həm də müxtəlif bayram tədbirlərinin təşkili ilə də məşğul olmuşam. Sözlərinin və musiqisinin müəllifi olduğum mahnılarım tele-ekranlarda və konsert meydanlarında səslənir. Qazaxıstanın müəlliflər cəmiyyəti-"Abıra”da bəstəkar və nəğməkar -şair kimi qeydə alınmışam. Almatıdakı Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnəyə qoyulan "Uşaqlar” tamaşasına musiqi bəstələmişəm. 
 
- Belə bir deyim var: sözün bitdiyi yerdə musiqi danışır. Siz necə fikirləşirsiniz, musiqiyə söz yazmaq çətindir, yoxsa sözlərə musiqi bəstələmək? 
- İlham çox önəmlidir. Bunu kimdənsə eşidib demirəm. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, sözlər və musiqi eyni anda doğulur. Bunun necə baş verdiyini bilmərəm. Amma əminliklə deyə bilərəm ki, belə mahnılar hitə çevrilir. Musiqinin köməyi ilə hər şeyi demək olar. Bir az öncə qeyd etdim ki, bir çox layihələrdə işləyirəm. Bu layihələr müxtəlif mövzularda olur - Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin 25 illiyi, Uşaqların Müdafiə Günü, 8 Mart qadınlar günü və s. Buna görə də musiqi ilə yanaşı konkret sözlər də olmalıdır. Bu, çox zəhmət tələb edən yaradıcı işdir. Musiqi ilə yanaşı, aranjeman və səsyazma prosesi də önəmlidir. Bu həm də çox maraqlıdır. Mən özüm vokal ifaçısı olduğum üçün səsyazma studiyasında mahnı yazarkən bek-vakalda da ifa edirəm. Ümumiyyətlə, yaradıcılığım genişdir. Həmişə demişəm, yenə də deyirəm, məni bu istiqamətə yönəltdiyi üçün atama minnətdaram. 
 
- Hər mahnının bir hekayəsi olur. Mahnılar adətən müəllifin hisslərini dinləyiciyə ötürür. Sizin müəllifi olduğunuz mahnılardan birində təxminən belə misra var. "Evə gedən yolda ulduzlar daha parlaq olur”. Necə fikirləşirsiniz, nə vaxtsa bu ulduzların izinə düşüb yenidən doğma Azərbaycana qayıda bilərsiniz? 
- Mən Azərbaycanı çox sevirəm, azərbaycanlı olmağımla, Azərbaycanın mədəniyyəti və incəsənəti ilə fəxr edirəm və çalışdığım layihələrdə hansısa Azərbaycan mahnısının səslənməsini həmişə təklif edirəm. Azərbaycan estradasının ifaçılarını çox sevirəm. Ailəvi məclislərimizdə mütləq Azərbaycan musiqisi dinləyirik. Mən şəxsən Tofiq Quliyevin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Niyazinin yaradıcılığını çox sevirəm. Rəşid Behbudov mənim valideynlərim kimi Gürcüstanda doğulsa da, onun yaradıcılığı həmişə doğma Azərbaycanla bağlı olub. O, əsl Azərbaycan oğlu idi. Qazaxıstanda doğulsam da, mən də Azərbaycan qızıyam.  
 
- Bəs Azərbaycanda qohumlarınız var? Onlarla necə əlaqə saxlayasınız? Azərbaycan diasporu və Qazaxıstanda yaşayan azərbaycanlılarla əlaqələriniz necədir?
- Əlbəttə var. Biz onlarla daim əlaqə saxlayırıq, onlara qonaq gedirik və ya onları bura dəvət edirik. Həmkarlarım arasında da azərbaycanlı dostlarım çoxdur. Aparıcı Zemfira Adigözəlova ilə daim fikir mübadiləsi aparırıq, yaradıcılıq ideyalarımızı bölüşürük.  Burdakı azərbaycanlılarla da görüşürük, toyda, bayramda bir yerə toplaşırıq.  Azərbaycan musiqisinin, rəqslərinin,mahnılarının yeri həmişə görünür. Görüşəndə mütləq rəqs edir, mahnı oxuyuruq, söhbət edirik. 
 
- Siz azərbaycanlısınız, həyat yoldaşınız İrandandır. Amma hər ikiniz Qazaxıstanda doğulmusunuz. Hər üç ölkənin mədəniyyəti, ənənələri və milli dəyərləri bir-birinə yaxın olduğu qədər, həm də fərqlidir. Hər üç ölkənin mədəni və mənəvi dəyərlərini uşaqlarınıza aşılaya bilmisinizmi? 
- Almaatı şəhəri mənim üçün çox doğmadır. Bura Qazaxıstanın əsas mədəniyyət mərkəzidir. Dövlətin mədəni elitası burda yaşayır, bu şəhərdən bir çox tarixi şəxsiyyətlər çıxıb. Almaatı Bakıya çox bənzəyir. İki ölkənin mədəniyyəti insanları kimi bir-birinə çox yaxındır. Məsələn, qonaqpərvərlik, qohumcanlılıq, böyüklərə hörmət, Qazaxıstan ərazisində yaşayan xalqlara qarşı tolerantlıq və s. Uşaqlarımla bağlı onu deyə bilərəm ki, onlar qazax dilini bilirlər, qazaxlarla dostluq edirlər, onlarla işləyirlər. Bu mədəni dəyərlər onların tərbiyəsində rol oynayıb. Anam da qazax dilini bilir, çünki qazax məktəbini bitirib. Öz bildiklərini indi nəvələrinə aşılayır./report/
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər