Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

10:24 10-05-2024 | icon 224 | İqtisadiyyat
Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar. Son dövrlər uğurlu azərbaycanlı startaplarımızın sayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət, innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla yeni ideyaların yaranmasına və startap layihələrini inkişaf etdirməklə ölkə hüdudlarından kənara çıxarmağa dəstək olur. 

 

Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb. Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” siyahısında yer alıb. Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb.

 

Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib. Bu sənəd layihələri üç il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr. Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb.

 

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş dörd qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə ümumilikdə bir milyon manatdan çox qrant vəsaiti ayrılıb.

 

Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük nailiyyətləri isə qarşıdadır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq