70 illik işıqlı ÖMÜR YOLU

10:20 20-05-2024 | icon 305 | Cəmiyyət
70 illik işıqlı ÖMÜR YOLU

May ayının 17-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, ədəbiyyatşünas alimlər, yazıçılar, dövlət xadimləri, eləcə də Ağcabədi sakinləri iştirak ediblər.

 

Tədbir ilk olaraq görkəmli alimin 70 illiyinə həsr olunan video-çarxla başlayıb. Tədbirin aparıcısı, “Aran” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Məhsəti Musa tədbiri açıq elan edib.

 

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov həm iş yoldaşı və həmkarı, həm də yaxın dostu olaraq tanıdığı yubilyar haqqında müfəssəl məlumat verərək onun bir dost kimi və bir şəxsiyyət kimi hansı müsbət və nəcib keyfiyyətlərə sahib olduğundan bəhs edib. O, 70 illik yubileyi münasibətilə professoru təbrik edib ona həyatda yeni-yeni uğurlar, uzun ömür və can sağlığı arzulayıb.

 

Tədbirdə iştirak edənlər arasında olan millət vəkili Aqil Abbas uzun zamandan bəri tanıdığı yubilyarla bağlı gözəl fikirlərini, arzularını və təbriklərini çatdırdı.

 

Azərbaycan Yazıçılar Birliyinin adından tədbirdə iştirak edən Əsəd Cahangir birliyin öz üzvünə göndərdiyi təbrik mesajını səsləndirdi və Asif Rüstəmliyə öz kitabını hədiyyə etdi.

 

Ağcabədi rayon Ağsaqqallar Şurasının üzvü olan Ədalət Hüseynov yubilyarın tədbirində çıxış edənlər və ona öz səmimi təbrikini bildirənlər arasında idi.

 

Yubilyarın bir zamanlar təhsil aldığı, indi isə Milli Qəhrəmanımız Alı Mustafayevin adını daşıyan Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin direktoru Zülfiyyə Hacıyeva çıxışında yubilyarın öz təhsil aldığı məktəbə verdiyi təqdirəlayiq dəyərdən söhbət açaraq onun bu diqqətinin məktəbin müəllim-şagird kollektivinə böyük bir stimul verdiyini bildirdi.

 

Tədbirdə zaman-zaman musiqiyə də yer verildi və Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi, bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu. Onların tədbirin sonlarında səsləndirdiyi “Qarabağ şikəstəsi” başdan sonadək durmadan alqışlarla qarşılandı.

 

Sonda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil Hüseynovun çıxışına yer verildi. Rafil müəllim yubilyarın doğulduğu yer olan Ağcabədiyə və bununla paralel olaraq öz vətəninə, millətinə göstərdiyi xidmətlərdən danışaraq bütün bunlardan fəxr və qürur duyduğunu bildirdi. O, yubilyara uzun ömür, can sağlığı və uğurlar arzulayaraq onu Ağcabədi Rayon İcra Hakimiyyəti adından fəxri fərmanla mükafatlandırdı. Hörmətli professorumuz Asif Rüstəmli Rafil müəllimə öz təşəkkürünü bildirdi.

 

Tədbir gedişatında tədbirdə iştirak edə bilməyən elm, ədəbiyyat və dövlət xadimlərinin yubilyara olan təbrik məktubları oxundu. Bu təbrik məktubları da alqışlarla qarşılandı.

 

Tədbirin sonlarına yaxın Ağcabədi rayonunun ədəbi və sosial həyatında fəal iştirak edən insanlar yubilyara arzularını və təbriklərini çatdırdılar.


Sonda yubilyarın özünə – görkəmli ədəbiyyatşünas-alim Asif Rüstəmliyə çıxış üçün söz verildi. Asif müəllim bu gözəl tədbirin uzun müddət xoş təsirindən ayrıla bilməyəcəyindən danışaraq onun işıqlı ömür yolunda həyatına müsbət təsir göstərən insanların adını sadaladı, tədbir iştirakçılarına öz ürək sözlərini son dərəcə səmimiyyətlə çatdıraraq onlara dərin təşəkkürünü bildirdi. Sonra isə tədbir bağlı elan olundu və xatirə fotoşəkilləri çəkildi.

 

Tədbirdə iştirak və çıxış edənlərin içərisində mən, Sevindik Nəsiboğlu da var idim. Buna görə bir daha qürur və fəxr hissi keçirirəm. Lakin çox istərdim ki, çıxışım barədə qısa danışmaqla bu mövzunu yekunlaşdırmayım. Tədbirdə çatdırdığım ürək sözlərimi, çıxışımı məqaləmə əlavə edərək məqaləmi bitirirəm:

 

“Hörmətli tədbir iştirakçılarını ürəkdən salamlayıram. Vətənimizin, xalqımızın, millətimizin, doğma diyarımızın dəyərli və görkəmli şəxsiyyəti, böyük ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 illik yubileyinə və uzun illər ərzində çəkdiyi zəhməti ilə qələminin, yuxusuz gecələrinin nəticəsində zərrələrdən toplanaraq elm mənbəyi olan kitablarının sərgisinə həsr olunmuş bu gözəl tədbirdə iştirak və çıxış etməkdən böyük məmnunluq duyur və qürur hissi keçirirəm. Əvvəlcə, onu deyə bilərəm ki, mən böyüyüb, boya-başa çatıb həyatı dərk edən ilk andan bəri Asif müəllimin ziyasının işığından gücüm çatan, bacardığım qədər bəhrələnməyə, öyrənməyə, hər zərrəsindən özüm üçün yeni ziyalı xeyir-duası almağa çalışmışam. Kiçik yaşlarımda, hələ həyatı dərk etməyə başladığım vaxtlarda ilk olaraq hörmətli professorumuzun görkəmli ədibimiz Cəfər Cabbarlı ilə bağlı araşdırmaları əsasında qələmə aldığı qiymətli tədqiqat əsərləri və kitabları diqqətimi cəlb etmiş, bu kitablar əvvəlcə qəlbimi, sonra isə kitabxanamı öz nuru ilə bəzəmişdir. Hörmətli professorumuzun təkcə Cabbarlışünaslıqla yox, Cümhuriyyət ədəbiyyatı və həyatını, ömrünü vətən yolunda şam kimi əridən, qəlbi vətən sevgisi ilə dolu olan sadə, saf, pak olan şəxsiyyətlərimizə yazdığı “Tufanlardan keçən ömür”, “Ədəbi istiqlalımız”, “Müdriklik mücəssəməsi” və başqa kitabları illər keçdikcə məni və mənim kimi ədəbiyyatımızdan qidalanan, Azərbaycan ədəbiyyatına və xüsusilə də Cəfər Cabbarlı mövzusuna sarsılmaz bağlarla bağlanmışlar üçün tutduqları istiqamətə daim nurlu, əbədi, şölələndikcə şöləsi dünya azərbaycanlılarının üzərinə ziyalı nuru ələyən şəlalə kimi yaşayacaq, öz nurunu ətrafa səpəcəkdir. Əgər bu gün Azərbaycanımız və onun gündən-günə inkişaf edən, qələbə ruhu ilə daha da ilhamlanan ədəbiyyatı yolunda zərrə qədər də olsa nə isə etmişəmsə, bunda mənə başlıca ilham verən hörmətli professorumuz və onun qiymətli əsərləri, dəyərli məsləhətləri olmuşdur. Onun kitablarında yer almış, Cəfər Cabbarlının Uilyam Şekspirdən tərcümə etdiyi şeirləri hələ lap kiçik yaşlarımda ürəkdən əzbərlədiyim günləri heç bir zaman yadımdan çıxara bilmərəm. Bununla onu demək istəyirəm ki, Asif müəllim danılmaz xidmətləri, əməyi və illər keçdikcə daha da qiymətlənən yaradıcılığı ilə təkcə mənə yox, hansı yaşda olmasından asılı olmayaraq böyük bir oxucu kütləsinə müsbət təsir göstərmişdir və bu müsbət təsir gələcək illərdə özünü daha da göstərəcəkdir. Bundan belə illər keçsə də, Asif müəllimin Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında qoyduğu dərin izlər heç zaman silinməyərək daha da dərinləşəcək, yəni onun irsi gələcək ədəbiyyatşünaslar tərəfindən daha dərindən öyrəniləcək və mənimsəniləcək, bu irsi izləyənlərin, tədqiq edənlərin alimlik qapısını açmasının qızıl açarı olacaqdır.

Hörmətli tədbir iştirakçıları! Şəxsən mən hörmətli professorumuzla fəxr edir və onunla qürur duyuram. Əvvəl də dediyim kimi, Asif müəllim uşaq yaşlarımdan bəri mənim yaradıcılıq və həyat yolumda əvəzsiz idealım olmuşdur. Mən hər zaman yaradıcılığımda onun davamçısı olmaq və onun yolunu layiqincə davam etdirmək üçün əlimdən gələni etməyə çalışmışam. Əgər mən yaşadığım bu illər ərzində hörmətli professorumuzun yolunu davam etdirmək üçün oxucu və izləyicilər tərəfindən bəyənilib-bəyənilməməsindən asılı olmayaraq nə isə ortaya çıxarmağa çalışmışamsa özümü xoşbəxtlərin xoşbəxti hesab edirəm. Belə hesab edirəm ki, görkəmli alimimizin təntənəli 70 illik yubileyinə doğma Ağcabədimizdə hədiyyəm bu vaxta qədərki nailiyyətlərim və zehnimin, düşüncəmin və Allahımın bəxş etdiyi ilhamımın məhsulu kimi çap etdirdiyim 7 kitabımdır. Görkəmli alimimizi, onun sevdiklərini və onu sevənləri 70 illik yubileyi – bu böyük ədəbiyyat və ədəbiyyatşünaslıq bayramı münasibətilə təbrik edir, Yubilyarımıza Uca Allahımızdan uzun ömür, can sağlığı və bundan sonrakı yaradıcılıq yolunda tükənməz yaradıcılıq uğurları arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm. İcazənizlə 2018-ci ildə 10 yaşımda çap edilmiş “Dünyamsan Azərbaycan” adlı ilk kitabımda yer almış “Ağcabədim” adlı şeirimi diqqətinizə çatdırmaqla çıxışımı tamamlamaq istəyirəm”.

 


AĞCABƏDİM



Ağ Gölündə quşlar uçar,
Qalatəpən sirrin açar,
Qədim, ulu tarixin var,
Ağcabədim, Ağcabədim.

Baharda Qar-qarın coşar,
Vəsfinə nəğmələr qoşar,
Sənindir Arasbar, Avşar,
Ağcabədim, Ağcabədim.

Kəhrizli, Hacılar, Boyat,
Qiyaməddinli narahat,
Hindarxınla yaşa, yarat,
Ağcabədim, Ağcabədim.

Sarıcalı, Qaradolaq,
Taynaq, Köyüklə bir olaq,
Təzəkəndlə yaşa dolaq,
Ağcabədim, Ağcabədim.

Minaxorlu, Şahsevənin,
Kürdlər, Sarvanların sənin...
Qaravəlliyə güvənin,
Ağcabədim, Ağcabədim.

Hüsülü, Hacıbədəlli,
Gələbədin, Rəncbər bəlli...
Xocavəndə ver təsəlli,
Ağcabədim, Ağcabədim.

Üzeyir Bəy şöhrətindir,
Yaqub, Tofiq qüdrətindir,
Mütəllim – qənimətindir,
Ağcabədim, Ağcabədim.

Qəhrəman oğulların var,
Namiq, Sadiq və Etibar...
Hər biri bir tarix yazar
Ağcabədim, Ağcabədim.

Aqil Abbas, İsi Məlik,
Şamil, Asif yayar bilik,
Vaqif – elmə bir təzəlik,
Ağcabədim, Ağcabədim.

Ana yurdun sərvətisən,
Cavanşirlər qeyrətisən,
Sevindiyin şöhrətisən,
Ağcabədim, Ağcabədim.

 

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Prezident onu MÜKAFATLANDIRDI

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Laçına dolu yağıb

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

İsrailə 19 mindən çox raket atılıb

Bayramqabağı bazarda son VƏZİYYƏT

1209 müəllimin cavab verə bilmədiyi SADƏ SUAL

Şagirdi döyən mühafizəçi QOVULDU

Nəşi tapılan hərbçimiz dəfn edildi