Pandemiyadan sonra ağciyərdə qalan FƏSADLAR
Nərminə Abbasova: “Koronavirusdan sağalanlar mütləq terapevt müayinələrindən də keçməlidir”
Bir az əvvəl əhali tam əmin oldu ki, artıq koronavirus kabusu bitdi, rahat nəfəs almaq olar. Hətta maskaları birdəfəlik atanlar da oldu. Ancaq müşahidələr yeni yoluxmaların olduğunu və sayının hər gün bir az daha artdığını göstərir. Bu isə qapanmaların qayıtması fikrini yaradır.
Bu gün bütün dünyada COVİD-19-dan xilas yolu kimi vaksinasiya önə çəkilib. Kimlərsə də vaksinlərdən ehtiyat edərək yayınmağa çalışır. Bunlar məsələnin bir tərəfi. Bəs bəs koronavirusa yoluxan insan ağciyərində yaranmış fəsadlar haqqında düşünübmü? Bu fəsadların aradan götürülməsi üçün həkimə müraciət edibmi?
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA Versus.az-la söhbətində bildirdi ki, təcrübələr bu amansız virusa yoluxmağın fəsadlarının sonradan üzə çıxdığını göstərir.
Həkim-terapevt öncə ondan danışdı ki, ağır antibiotiklərlə 10 gün müalicə almış, normal qidalanmayan, bakterial pnevmoniya keçirmiş insanın bağırsaq florasının bərpası üçün ən azı 3-6 ay lazımdır. Onun sözlərinə görə, əgər insan normal qidalansa, probiotik, prebiotik qəbul etsə, mikrofloranı bərpa edə bilər:
“Bu hallar cavanlarda da çox rast gəlinir. Həkimlər sizə probiotik yazmayıbsa, özünüz mütləq qəbul edin. Virus periferik, mərkəzi və vegetativ sinir sistemini zədələdiyindən sinir və əzələ ağrıları olur. Xəstələr çox zaman stress və müalicənin təsirindən arıqlayır. 90 faiz koronavirus xəstələri azı 5-9 kilo çəki itirir. Yataq rejimi əzələ sümük sistemini tənbəlləşdirir. Sonradan bədəndə müxtəlif ağrılar, narahatlıqlar olur. Koronavirus baş beyin, qan damar sistemini zəiflətdiyi üçün və vitamin-mineral balansı tükəndiyindən bəzən saçlar tökülür, bərpası uzun müddət çəkir”.
Nərminə xanım pasientlərindən bu virusa yoluxanların danışdıqlarına əsaslanaraq diqqəti ona çəkdi ki, xəstəxanada yatanlarda depressiya, təşviş, ölüm və boğulma xofu olur:
“Panik atak isə yüngül keçirənlərdə də baş verir. Ola bilər ki, siz təhlükəni keçmisiniz, amma şüur, beyin, bədən həftələrlə çəkən həyəcanı, qorxunu unutmayıb və bunu zamanla xatırladır. Gecələr və səhər tezdən panik atak tutmaları, ürəkdöyünmə, bədənə soyuq tər gəlməsi, qorxu, boğulma bu insanları təcili yardım çağırmağa məcbur edir”.
Həkim-terapevt qeyd etdi ki, bütün koronavirus xəstələrinin sonradan nevroloq, psixoloq müalicəsi ilə yanaşı, ağciyərdən də müalicə alması lazımdır:
“Bir çox xəstələr gəzəndə, iş görəndə, bir az hərəkət edən kimi bədənlərinin, kürəyinin tərlədiyini, soyuq tər gəldiyini, xüsusən saçların dibinin islandığını deyir. Bu, virusun və ya onun qalıqlarının, toksinlərin hələ qanda, dərialtında, toxumalarda qaldığını göstərir. Eləcə də bir çox dərman qalıqlarını, toksinləri orqanizm bədəndən tərləmə yolu ilə çıxarmağa çalışır. Ona görə bu simptom da bir müddət narahat edə bilər. Yuxunun pozulması, görmənin zəifləməsi, ayaqlarda damar və kapilyar torlarının çıxması, iştahsızlıq, halsızlıq, mensturasiya pozulması, qaşınma, allergik reaksiyalar, səpkilər kimi simptomlara da rast gəlinir. Koronavirusdan sağaldıqdan sonra, yəni kəskin dövrü geridə qoyduqdan sonra hər bir kəs terapevt, kardioloq, nevroloq və mütləq bir damar həkimindən – fleboloq müayinələrindən keçməlidir”.
Həkim deyir ki, koronavirusdan sağalanlar yenidən qan, sidik, qaraciyər analizləri verməlidir. Xüsusən koronavirus damarları zədələdiyi üçün qanı qatılaşdırıb tromb yarada bilər:
“Məlumdur ki, xəstələri öldürən də ağciyərlərdəki pnevmoniya yox, tromblaşmadır. Xəstələr deyirlər ki, koronadan sonra orqanizmdə sanki yaxşılaşma - pisləşmə dalğaları baş verir. Xəstə nə baş verdiyini anlamır. Bu, ya immun sistemin hələ də mübarizəsi, ya xəstənin zəifləməsi, ya da yeni virusun bilinməyən oyunlarıdır”.
Nərminə xanım vurğuladı ki, xəstəxana-ev-poliklinika-COVID-19 məntəqəsi istiqamətindən uzaq olmaq üçün bir yol, üç əməl var:
“Bu yol tibbi maskadan istifadə, insanlarla ara məsafənin saxlanması və gigiyenaya əməl etməkdən keçir. Vətəndaşlarımız üçün hansı asandırsa, onu seçsinlər. Amma nədənsə bu asan yolu qoyub, qaydalara, tələblərə əməl etməyənlər var. Elə yoluxma sayının artması da bundan xəbər verir. Əgər bu cür davam edərsə, məhdudiyyətlərin sərtləşdirilməsi qaçılmazdır. Bu isə məhz tələblərə laqeyd yanaşmanın nəticəsi olacaq. İnsanlar nəqliyyat vasitələrində maskanı qorunmaq yox, görüntü xatirinə taxırlar. Eyni vəziyyətə marketlərdə, indi fəaliyyətinə icazə verilmiş ticarət şəbəkələrində də rast gəlmək olur”.
Nərminə xanım bildirdi ki, yeni növ koronavirus infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları kəskin artıb. Onun sözlərinə görə, həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir:
“Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir. Ona görə də risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər”.
Həkim-terapevt koronavirusa yoluxanların ağciyərlərində qalan fəsadların aradan götürlməsi üçün nəfəs idmanlarının vacibliyindən də bəhs etdi. Bildirdi ki, ağciyər xəstəlikləri zamanı fiziki aktivliyi artırmaq, nəfəsalma idmanlarını etməklə çətin nəfəsalmanı azaltmaq olar:
“Ağciyər xəstəliyi olan insanlar sağlam insanlara nisbətən daha cox çalışmalıdırlar. Çünki nəfəs almaq üçün normalda çalışan əzələlərdən də başqa boyun və çiyin əzələləri də iştirak edir. Ağciyərdə sərtləşmə varsa, diafraqmanın daha cox çalışması lazımdır. Çox çətin olan bu durumda nəfəssizlik yaranır. Nəfəssizlik hissi ağciyər xəstəliyinin başlıca göstəricisidir. Ağciyərimiz havadakı oksigenin bədənimizə keçməsi funksiyasını yerinə yetiririr. Bunun üçün ağciyər və qarın boşluğu arasında diafraqma və qabırğalararası əzələlərdən istifadə olunaraq nəfəs alırıq. Ağciyərdə borular və kicik hava kisəcikləri var. Hər bir hava kisəciyinin ətrafı qan damarları ilə əhatə olunub. Ağciyərlərlə vücuda daxil olan oksigen bu damarlar vasitəsiylə qana keçir. Ağciyər xəstəlikləri səbəbiylə çətin nəfəsalmanız günlük hərəkətlərinizi məhdudlaşdırır. Bu səbəblə də həftənin çox günü idman etməyiniz şərtdir”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova ağciyərdə yaranan fəsadlardan əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
Heç kim bu səsi eşitmək istəməz
Yerin maqnit sahəsinin çevrilməsi zamanı olan xırçıltı bərpa edildi