Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

15:01 05-09-2024 | icon 686 | Siyasət
Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Siyasilər bu istiqamətdə məsələyə fərqli prizmadan yanaşsa da…

 

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri siyasi partiya sisteminin yeni reallıqlar fonunda formalaşması, fəaliyyətinin dünya standartlarına uyğun nizamlanması baxımından yeni imkanlar yaradıb. Partiyalar müxtəlif sayda namizədlərlə seçkilərdə iştirak edib və bir neçə partiya uzun illərdən sonra ilk dəfə Milli Məclisə mandat ala bilib. Seçki prosesində aktiv iştirak edən fəallıq göstərən siyasi partiyalar da əliboş qalmayıb. Yeni siyasi konfiqurasiyanın formalaşma prosesində siyasi partiyaların fəaliyyət aktivliyini, şəffaflığını təmin etmək məqsədi ilə seçkidən dərhal sonra siyasi partiyalara maliyə yardımmının ayrılması lə bağlı məlumatlar gündəmin diqqətini çəkib. Belə ki, verilən məlumatlara əsasən seçkilərdə iştirak edən 13 siyasi partiyaya dövlətdən maliyyə yardımı alacaq.

 

Seçkilərdə bu bir ilk oldu…

 

Milli Məclisin 1 sentyabr VII çağırış növbədənkənar parlament seçkiləri özünün mövcud tarixi mərhələsini başa vurdu. Bu seçki ölkə üçün mühüm ilkləri ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad ediləndən sonra ilk dəfə bütün ərazilərimizdə seçki məntəqələri quruldu və namizədlərimiz təbliğat, təşviqat kampaniyalarını həmin ərazilərdə seçki məntəqələrindən bəyan etdilər.

 

VII çağırış parlament seçkiləri ilk dəfə bütün ərazilərimizi əhatə etməklə təbliğat, təşfiqat kampaniyası ərəfəsində ictimai-siyasi fəallığı ilə seçilən namizədlərin fəaliyyətinə də yansıdı. Namizədlərin bu seçki prosesində sərgilədiyi fərqli performansları, siyasi fəallığı növbəti seçkilərlə bağlı münbit bir başlanğıca start verilməsi ilə bütün diqqəti üzərinə çəkdi. Parlamentin tərkibi ilk dəfə seçilmək imkanı qazanan bir çox partiyaların nümayəndələri ilə dəyişdi. Hakim Yeni Azərbaycan Partiyasından olan qocaman deputatlar estafeti gənclərə və yaxud da dövlət işlərində sözünü demiş təcrübəli siyasətçilərə, diplomatlara ötürdülər. Bu seçkilərin fovariti olan iqtidar partiyası 70-dən çox nümayəndə ilə Parlamentdə öz üstünlüyünü qorudu.

 

Seçkilərdən dərhal sonra siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsinin gündəmə gətirilməsi xüsusi müzakirələrə səbəb olmaqla yanaşı birmənalı qarşılanmadı. Artıq 2022-ci ildə qəbul edilən və geniş müzakirələrə səbəb olan “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə əsasən siyasi partiya institunun inkişafı, yeni konfiqurasiyanın formalaşmasına əsasən müxalifət partiyalarının ətalətdən çıxarılmasına yönəlik atılan bir sıra addımlarla yanaşı dövlətin partiyaları maliyyələşdirməsi mühüm amil olaraq dəyərləndirilməkdədir. Partiyaların dövlətdən maliyyələşməsi ilə bağlı qanunda bəzi maddələrdə dəyişikliklərin edilməsi seçkilərdə aktiv iştirak edib yüksək səs toplayan təmsilçilərin əməyinin hədər getmədiyini ortaya qoymaqla maddi maraqlarını qorumağa hesablanan gedişlər müşahidə olunur. Belə ki, seçkidə topladığı səsə görə proporsional formada bütün partiyalara maliyyə yardımının ayrılması siyasi partiyaların fəallığının təminatı baxımından müzakirələrə açıqdır. 

 

Milli Məclisdə hansı partiyalar neçə nümayəndəsi ilə yer alır?

 

Qeyd edək ki, ilkin nəticələrə görə Milli Məclisin VII çağırış seçkilərində parlamentdə YAP daxil olmaqla 10 siyasi partiya təmsil edir. Beləliklə, YAP ən çox üzvü ilə ön sırada, 3 nümayəndə ilə VHP, iki nümayəndə ilə Ədalət, Hüquq Demokratiya Partiyası dayanır. Daha sonra 1 nümayəndə ilə Ana Vətən, Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar, Azərbaycan Demokratik Maarifçilik, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları, eləcə də parlamentə yeni daxil olan AMİP, Böyük Azərbaycan Partiyası təmsil olunurlar.

 

Parlamentdən kənarda qalan partiyaların fəaliyyətinə dəstək vermək üçün dövlətdən maliyyə yardımının ayrılması ilə bağlı hansı yeni qaydaların tətbiq olunacağı kənarda qalan partiyaları necə “təsəlli” etdiyi, yaxud yeni formalaşan parlamentin tərkibinin partiyaları nə dərəcədə qane etdiyi birmənalı qəbul edilmir. Parlamentdən kənarda qalan lakin seçkidə aktiv olan partiyalar məsələyə hansı rakusdan baxır. Partiyaların maliyyələşməsi onları nə dərəcəd qane edir və hansı təklifləri var?

 

Qeyd edək ki, 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsaitin ayrıldığı bildirilir. Siyasi partiyaların dövlətdən maliyyələşməsi ilə bağlı yeni qanunun qəbul edilə bilərmi?

 

Bu partiyalar dövlətdən maliyyə yardımı alacaq:

 

Seçkilərdə iştirak edən 13 siyasi partiyaya dövlətdən maliyyə yardımı alacaq. Məlumatlara əsasən ötən il qüvvəyə minən və uzun müzakirələrə səbəb olan “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib. Beləliklə, parlamentdə təmsil olunmayan 13 partiya dövlətdən maliyyə yardımı alacaq. Bu siyahıda Müsavat Partiyası, Ağ Partiya (AğP), Azərbaycan Ümid Partiyası (ÜMİD), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), Ədalət Partiyası, Müasir Musavat Partiyası (MMP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Yeni Zaman Partiyası (YZP), Gələcək Azərbaycan Partiyası (GAP), Haqq Ədalət Partiyası (HƏP), Azad Vətən Partiyası var. Qeyd edək ki, Azərbaycanda qeydiyata alınan 26 partiyadan yalnız biri – Azərbaycan Xalq Cəbhəsi Partiyası bütün seçkilərdə olduğu kimi növbədənkənar parlament seçkilərini boykot taktikasını seçdi. Beləliklə 10 partiya parlamentdə, 13 partiya ondan kənarda qalıb.

 

Qanunda hansı qayda ləğv edilib?

 

Qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və maliyyənin ayrılması səs qazana bilən bütün partiyalara aid olacaq.

Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.  Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır. Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada, aldıqları səsə uyğun olaraq bölünür.

 

Dövlətdən siyasi partiyalara ayrılan maliyə tutumu, bölünməsi qaydası parlamentdən kənarda qalan partiyaları nə dərəcədə qane edir. Bununla bağlı Qanunda dəyişikliyə ehtiyac varmı?

 

Siyasilər bu istiqamətdə məsələyə fərqli prizmadan yanaşsa da…

 

“Bu heç hesabatı hazırlayanların maaşı eləmir”

 

 

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, parlamentdə təmsil olunmayan partiyalara 300-400 manat verilməsi ehtimal olunur.

 

Onun sözlərinə görə, bu da heç hesabatı hazırlayanların maaşı eləmir:

 

“Əgər siyasi partiya kimi fəaliyyətimizi davam etdirsək, məsələni nəzərdən keçirib qərar qəbul edəcəyik. Doğrusu 300-400 manatlıq maliyyə yardımının qəbul olunması hesabat dövründə əlavə problemlər yaradır. Məndən asılı olsa, büdcənin xeyrinə bundan imtina edərəm”.

 

Narazılığını çox usta diplomatiya ilə ifadə edən partiya sədri partiyalara maliyyə yardımının artırılması ilə bağlı xüsusi təklifinin olmadığını deyib:

 

“Hesab edirəm ki, azad və ədalətli seçkilər keçirilərsə, dünya praktikasında olduğu kimi parlamentdə təmsil olunan partiyaların büdcədən maliyyələşməsi daha məqbul olar. Amma bizdə azad və ədalətli seçki keçirilmədiyinə görə büdcədən partiyalara maliyyə vəsaitinin verilməsi də ədalətli deyil. Bu, digər partiyaları qeyri-bərabər səviyyədə qoyur. Təsir imkanlarına görə parlamentdə təmsil olunan partiyalardan daha nüfuzlu və güclü partiyalar büdcə maliyyələşməsindən kənarda qalır”.

 

“Bizə lazım deyil, aparıb versinlər şəhid ailələrinə, qazilərə”

 

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçkilərdə iştirakla bağlı təqdim etdikləri 13 namizəddən yalnız 3 nəfərinin iştirak edə bildiyini və ümumən seçkilərin nəticələrindən narazı qaldığını deyib. O, partiyaya ayrılacaq maliyyə yardımının bundan sonra heç nəyə yaramayacağını qeyd edib.

 

Bu seçkidən sonra ruhdan düşdüyünü vurğulayan H.Hacıyev ayrılacaq maliyyədən də imtina edəcəyini deyir:

 

“Həmin maliyə partiyada heç nəyi həll etmir. O pul bizə lazım deyil, aparsınlar versinlər şəhid ailələrinə, qazilərə. Ümumiyyətlə, bu barədə düşünməmişik. Bütün hallarda maliyyələşməyə münasibət partiyanın İdarə heyətinin qərarından asılı olacaq”.

 

H.Hacıyev parlamentdə heç bir yer almadığına görə illərdir ona inanan partiya mənsublarına artıq deyəcək sözünün olmadığını bildirib:

 

“Dövlətimizin qorunmasında canını qoymuş adamam. İllərdir partiya sədriyəm. İndi partiyadakı alimlər, ziyalılar məni qınayr ki, “yaxşı olacaq, parlamentdə yerimiz olacaq” deyib nə vaxta qədər boş ümidlər verəcəksən. Siyasi Şuranın üzvlərini indi nə deyim aldadım. Axı partiyadan namizədliyini verən üzvlərimizin gözləntiləri dövlətdən ayrılacaq pulun 2,5 faizi deyil, parlamentdə təmsilçilik idi”.

 

H.Hacıyev bu seçkilərin necə keçdiyinin Neftçalada, Salyanda olan vəziyyətlə daha yaxşı göründüyünü vurğulayıb:

 

“İndi 5-3 manatla kimin başını qatmaq istəyirlər. Hesab edirəm ki, bir neçə dairədən başqa digər nəticələr ləğv olunmalıdır. Fikrət Məmədovun qızını Məclisə çıxarması, yaxud Elçin Əfəndiyevin qızının, eləcə də Fəzail Ağamalının qızının, Sabir Rüstəmxanlının xanımının Məclisə çıxarılması o qədərmi vacib idi?! İllərlə vicdanı ilə dövlətə xidmət edən gənc kadırlarımız, bir çox layiqli jurnalistlərimiz niyə seçilmədi? Çünki arxaları yox idi. Ona görə də bizə belə pul lazımdırmı…”

 

“Seçkidə iştirak etmiş bütün partiyalara ayrıca vəsait ayrılmalıdır”

 

 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, siyasi partiyalara maliyyə yardımının ayrılması partiyaların sağlamlaşması, dirçəlməsi və maddi, müstəqil olması baxımından dəstək verə bilər.

 

Onun fikrincə, dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır:

 

“Bu, bu ölkənin siyasi sisteminin güclənməsi üçün çox vacibdir. Əgər Parlament partiyalarına 6 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara bu məbləğin yarısı ayrılmalıdır ki, partiya inistitutu inkişaf edə bilsin, eyni zamanda partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun. Dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5000 üzvü var. Bu üzvlər dövlət büdcəsinə vergi ödəyirsə, bu nəzərə alınmalıdır. Dövlətdən ayrılan maliyyə yardımını 6 min manat üzərində götürsək, bunun 5%-i 300 min manat edir. 300 min manatı parlamentə düşməyən partiyalar arasında böldükdə bu məbləğ illik 18 min manat edəcək. Yəni aya təxminən 1500 AZN düşür. Bu isə istənilən məqsədə çatmaq üçün çox cüzidir”.

 

“Siyasi partiyalar bu cür maliyyələşməməlidir”

 

 

AĞ Partiya başqanın 1-ci müavini Əhəd Məmmədli “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklərlə bağlı qərara əsasən parlamentə keçə bilməyən partiyaların topladığı səsə uyğun maliyyəşəcəyinin yeni xəbər olmadığını deyib.

 

O, bu məbləğin partiyalar üçün çox cüzi olduğunu deyib:

 

“Ayrılan bu vəsait parlamentə keçən partiyalar üçün belə azdır. Bu, 300-400 manat edir ki, bu da partiyalara heç nə vəd etmir. Siyasi partiyalar bu cür maliyyələşməməlidir. Müxalifət partiyalarını bu qədər maliyyə ilə məhdudlaşdırmaqla heç bir şeyə nail olmaq olmaz. Siyasi partiyalar sistemini düzgün qurmaq istəyiriksə, maliyyələşmə də buna uyğun olmalıdır. Əks halda bu, insanlarda acı təbəssüm yaradacaq. Elə 5 milyonun 3 milyonu YAP-a gedəcək. Çünki biz nə qədər aktiv iştirak etsək də, siyahıda səs çoxluğuna görə yerimiz beşinci, altıncıdır. Bir çox məntəqələrdə seçki boyu adı hallanmayan məktəb müəlliminin adı isə 2-ci yerdə yazılıb. Beləliklə bu xüsusda da müxalifət nümayəndəsi olaraq əsas maliyyədən kənarda qalacağıq”.

 

Ə.Məmmədli hesab edir ki, buna görə də səslər düzgün sayılmalı, düzgün siyahılar tərtib edilməlidir ki, buna uyğun maliyyə verilsin. Onun müşahidələrinə əsasən buna nə dərəcədə düzgün riayət ediləcəyi də mübahisəlidir:

 

“Amma sonra da deyəcəklər ki, ildə partiyalara 5 milyon maliyə ayrılır. Əslində isə bu çox cüzidir”.

 

“Qanunun bu maddəsinin yumşalmasına ehtiyac var”

 

 

ADP sədr müavini Taliyət Əliyev xatırladıb ki, dövlət tərəfindən partiyaların maliyyələşməsi ilə bağlı aparılan müzakirələr yeni deyil.

 

T.Əliyev qeyd edib ki, bu, 2022-ci ildə qəbul olunmuş “siyasi partiyalar haqqnda” qanunvericiliyin tələbləri əsasında baş verəcək:

 

“Əvvəlki qanunlarda yalnız parlamentdə təmsil olunan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu. Yeni qanuna görə isə parlamentdə təmsil olunmayan, amma seçkilərdə iştirak etmiş etibarlı səs qazanmış partiyalar da maliyyə yardımı alacaq. Bu cüzi rəqəm Partiyaların fəaliyyəti üçün yetərli rəqəm deyil. ADP olaraq seçkilərdə cəmi dörd nəfərimiz sona qədər iştirak etdi. İndi onların topladığı səslərin nə olacağı barədə bizdə dəqiq məlumat yoxdur.  Buna uyğun olaraq partiyaya maliyyə yardımı ayrılacaq”.

 

T.Əliyev hesab edir ki, qanunun bu maddəsinin yumşalmasına ehtiyac var. Çünki bu vəsait siyasi partiyaların inkiaf etdirilməsi üçün partiyanın saxlanılması, maliyyə probleminin həlli üçün yetərli deyil.

 

“Bu sahədə ilk təsəbbüslərdir, onu yalnız alqışlamaq lazımdır”

 

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna görə parlament seçkilərində iştirak etmiş, lakin Milli Məclisdə təmsil olunmayan partiyalara da növbəti ilin büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır.

 

Onun fikrincə bu, siyasi institutlaşmanı inkişaf etdirmək üçün çox yaxşı addımdır:

 

“Ədalət Partiyası seçkilərdə iştirak etsə də, Milli Məclisdə təmsil oluna bilmədi. Bununla belə dövlət büdcəsindən gələn il vəsait ala biləcək. Vəsaitin məbləği barədə dəqiq məlumatım yoxdur. Ona görə də vəsaitin bölgüsü barədə indidən nəsə demək çətindir. Nəzərə almaq lazımdır ki, bu sahədə ilk təsəbbüslərdir, onu yalnız alqışlamaq lazımdır. Hansısa ciddi catışmazlıqlar olarsa, gələcəkdə müzakirə etmək və aradan qaldırmaq olar”.

 

“Bu vəsait partiyanın fəaliyyəti üçün qanedici məbləğ deyil, amma…”

 

 

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sədrinin müavini Həbib Ələkbərsoy qeyd edib ki, təkcə partiyaların maliyyələşməsi deyil, ümumiyyətlə hakim partiyanın digər partiyalarla konstruktiv münasibətdə maraqlı olması, xüsusən dövlət orqanları ilə partiyalar arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, eləcə də partiyaların dövlət tərəfindən qərərgahla təmin olunması və maliyyə dəstəyinin verilməsi ümumilikdə çoxpartiyalı sistemə verilən dəstək kimi qiymətləndirilə bilər və bu da olduqca təqdirəlayiq addımdır.

 

Partiyaların maliyyələşməsinə gəlincə H.Ələkbərsoy hesab edir ki, ayrılan vəsait bir partiyanın fəaliyyəti üçün əlbəttə qanedici məbləğ deyil:

 

“Ancaq dövlətin bugünkü mövcud imkanları daxilində atılan addım mahiyyət etibariylə təqdirəlayiqdir. Bu, gələcək perspektivlərin bazasıdır. Xüsusən müxalif partiyaların fəaliyyət üçün maddi imkanları olduqca məhduddur. Məsələyə “Güclü müxalifət güclü iqtidardır, güclü iqtidar da güclü dövlətdir” deyimi ilə yanaşdıqda, qanundakı son dəyişikliklə Parlamentdə təmsil olunmayan partiyalara ayrılan maliyyə dəstəyinin məbləği olduqca kiçik bir rəqəmdir. Lakin hesab edirik ki, çoxpartiyalı sisteminin qorunması istiqamətində atılan təqdirəlayiq addımdır”. /"həftə içi"/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ