Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

13:00 13-09-2024 | icon 665 | Siyasət
Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Arzu Nağıyev: “Ermənistan Qərbə xoş getsin deyə bölgədə problemi uzatmaq istəyir”

Ermənistandan üzərimizə yağdırılan əsassız iddialar, şərtlər uzun zamandan bəri Cənubi Qafqazda gərginliyi qoruyan maraqlı güclərin hikkələrinin soyumadığına işarə edir. Bu gün Avropanın işğalçı-məğlub Ermənistana müxtəlif yardım adı ilə “müdaxilələri” sülh yolunun qapanmasına xidmət edən absurd amil kimi müşahidə olunur. Bir çox güc dövlətlərinin geosiyasi, region maraqlarını fürsət bilən Ermənistan vəziyyətdən sui-istifadə edərək ziddiyyətli davranışları, çıxışları ilə ortalığı bulandırmaqda davam edir. İşğal faktına görə 27 sentyabr əks hücumunda başının əzildiyini az qala unudan Ermənistan indi də günahlarını Azərbaycanın üzərinə yükləyib, “cəhənnəmə gedən yolda özünə yoldaş” axtarışındadır. Belə bir şəraitdə Ermənistanın sülhə gətirilməsinin nə qədər real, kimdən, nədən asılı olduğu və nə qədər zaman alacağı sualı ortaya çıxır. Xüsusilə də sentyabr ayında aldığı dəmir yumruq zərbəsindən sonra qınına çəkilən Ermənistanın başını qaldırıb “haqq-hüquq, etnik təmizləmə” hay-küyü ilə üzərimizə gəlməsi birmənalı qarşılana bilməz.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə cərəyan edən proseslərlə bağlı müsahibəsində VII çağırış parlament seçkisinin qalib namizədi Arzu Nağıyev mühüm nüanslara diqqət çəkib.

 

- Bu gün regionda vəziyyət hansı mühüm nüansları ilə diqqət çəkir: maraqlı güclərin Ermənistandan bir vasitə kimi istifadə edərək gərginliyi artırması, sülh prosesini uzatmaq üçün erməni baş nazirinin ziddiyətli danışmaları, dəyişdirilməsi tələb olunan Konstitusiyalarında Azərbaycana qarşı torpaq iddiasının olmadığını, əksinə Azərbaycan Konstitusiyasında Ermənisana qarşı torpaq iddiasının olduğunu ifadə etmələri bu dövlətin sülh istəyində nə dərcədə səmimi olduğunu, nə dərəcədə sülhə hazır olduqlarını ortaya qoyur?

 

- Ermənistan baş naziri bir neçə məsələ istisna olunmaqla, qalan müddüəların razılaşdırılması ilə bağlı bəyanat verib. Burda əsas məsələ Azərbaycana qarşı olan ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılmasının labüdlüyüdür. Çünki Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi məsələsi və eyni zamanda müstəqillik aktına istinad etmələrinə baxmayaraq problemlər var. Bu, gələcəkdə, hətta müqavilə bağlandıqdan sonra Ermənistan parlamentində ratifikasya olunmalı, dəyişməlidir. Onun dəyişdirilməsi isə iddia edildiyi kimi referendum yolu ilə ola bilər. Son vaxtlar erməni siyasətçiləri referendumun 2027-ci ildə ola biləcəyini iddia edir. Görünən budur ki, nəyin bahasına olursa-olsun, Ermənistanda bu prosesi uzatmağa, status-kvonu saxlamağa çalışırlar. Çünki gələcəkdə yenə də torpaq iddiası problemlərinin yaradılması üçün bu sənəd hüququ və siyasi akt kimi ortaya qoyula bilər. Eyni zamanda, Ermənistan öz əməlləri ilə bağlı mövcud problemləri Azərbaycanın üzərinə yükləməyə çalışır və Konstitusiyamızda torpaq iddiasının olduğunu iddia edir, bunu tez-tez gündəmə gətirirlər. Təbii ki, bu absurddur. Əvvəla, Ermənistan respublikası Ermənistan SSRi-nin varisidir, müstəqil Azərbaycan respublikası isə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) varisidir. Azərbaycan AXC dövründə bu regionda çox böyük arealda olan torpaqlara sahib idi. Əgər Ermənistan belə dərinə gedirsə, yenə də uduzacaq. Azərbaycanın heç bir vaxt, heç kəsin torpaqlarında gözü olmayıb və belə bir iddiası yoxdur. Lakin paralel olaraq qeyd edirik ki, azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, deportasiyaya məruz qalıblar. O yerlər Qərbi Azərbaycandır. Çoxsaylı azərbaycanlı həmin ərazilərdə yaşayıb və tarixin müəyyən mərhələlərində 4 dəfə deportasiyaya məruz qoyulmaqla öz tarixi yudlarını tərk ediblər. Ermənilər har hansı iddialar ortaya qoysalar da, bu məsələni qaldırmaq bizim hüquqi haqqımızdır.

 

- Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransda dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərini önə çəkərək sülh sazişindən sonra prosesin başqa prinsiplərə uyğun davam etdiriləcəyini deyib. Ermənistan nəyə ümid edir, hansı başqa prinsiplərdən söz gedir?

 

- Paşinyan İrəvan dialoqunda çıxışında dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı bir neçə müddəa irəli sürüb. Məlumdur ki, ortada 1991-ci ilin Almatı bəyannaməsi var, demorkasiya və delimitasiya prosesi gedir. Eyni zamanda bu, yekun razılaşma deyil. 13 kilometr ərazi delimitasiya olunub. Bu proses davam etməlidir. Bunun üçün də delimitasiya, demorkasiya ilə bağlı birgə işçi qrupu yaradılıb öz işini davam etməlidir. Bu məsələ ən ciddi məsələlələrdən biridir. Son vaxtlar erməni baş naziri özü də demorkasiya olunan yerlərdə olub və o, bu gün həmin ərazilərin son 30 ildə ən təhlükəsiz zona olduğunu bəyan edib. Təbii ki, Ermənistan sülhə imza atmağa məcburdur. Amma vaxtı uzatmaqla, müxtəlif manevrlərlə prosesdən qazanclı çıxmağa çalışacaq. Ermənistanın bu manevrləri Azərbaycan Prezidentinin İtaliyada Çernobbio forumunda olarkən etdiyi çıxışlarında da ortaya qoyuldu. Prezidentimiz bəyan etdi ki, sülh müqaviləsinin 80 faizi əsasən razlaşdırılıb. Bir daha qeyd etdi ki, sərhəddə 13 kilometr hissə delimitasiya edilib. Əgər Ermənistan son vaxtlar Qərbin təxribatçı fəaliyyətlərinə boyun əyməsə, proses davam edə bilər. Təəssüf doğuran məqam ondan ibarətdir ki, məhz Qərbin bu prosesə maneçilik törətməsi sülhün bərqərar olmasına zərbə vuran əsas amillərdən biridir. Ermənistan bu prosesdə nəyin bahasına olursa olsun, status kvonu qoruyub saxlamaq istəyir. Ermənistan bölgədə Qərbə xoş getsin deyə problemi uzatmaq istəyir.

 

- Zəngəzur dəhlizi və ona nəzarətin tətbiqi, İranın Rusiyanın bura nəzarət etməsini "qırmızı xətti" adlandırması və Ermənistanın bu yola hansısa özəl hərbi şirkətin nəzarət etməsi təklifi nə dərəcədə real və qanedicidir?

 

- Bu gün Zəngəzur dəhlizi və ona nəzarətlə bağlı məsələ əsas müzakirə predmeti olaraq qalır. Məlumdur ki, dəhlizin nəzarəti üçün ermənilər özlərinə müvafiq bir qurum da yaratdılar. Guya onlar buna özləri nəzarət edəcəklər. 2020-ci il 10 noyabr sazişində isə dəhliz yolunun tək onlar tərəfindən deyil, Rusiya sərhəd qoşunları tərəfindən də qorunma məsələsi gündəmdə idi. Lakin son vaxtlar İran bu proseslərlə bağlı özünün təkliflərini irəli sürüb və demək olar ki, təxribat xarakterli çıxışları davam edir. Guya həmin əraziyə “NATO qoşunları, digər qüvvələr gələ bilər” deyə absurd bəyanatlarla dəhlizin açılmasını istəmirlər. Amma nədənsə bütün sərhədlər boyu Fransadan, Almaniyadan, Amerikadan ora daşınan silahlara, eyni zamanda vizual kəşfiyyatçılara fikir vermirlər. Ancaq indi Zəngəzur dəhlizi ilə bağlı belə, açıqlamalar vermir. Məlum məsələdir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Burda regional aktorlar, Cənubi Qafqaz dövlətləri ilə birlikdə böyük super dövlətlər də maraqlıdır. Bu gün istər yük daşınmalarında, istərsə də digər logistik layihələr üçün Orta Dəhliz işləməlidir. Burda əsas məsələlərdən biri də Avropaya çıxış üçün “bir kəmər” layihələrinin işləməsidir. Ona görə də Çindən Avropaya gedən yolun işləməsi tək Ermənistanın, İranın istəyi ilə bağlı deyil. Böyük güclər buna öz fikirlərini bildirməli və daha təkidlə çıxış etməlidir. Ermənistan Zəngəzur dəhlizinə özəl hərbi şirkətin nəzarət etməsi təklifini çoxdan verib və dəfələrlə bunu təkrarlayıb. Lakin aydın məsələdir ki, bir özəl hərbi şirkət beynəlxalq logistik daşımalara zəmanət verə bilməz. Bu istiqamətdə daha ciddi işlər görülməlidir və bu məsələ özünün həllini tapacaqdır.

 

- Ermənistanın Azərbaycana qarşı əsassız iddiları bu dəfə erməni spikerin dilindən səsləndi. Spiker ermənilərin zorla Qarabağdan deportasiya olunduğunu bəyan edir və Azərbaycanın bunu təkzib etdiyini deyir. Ermənistan bu cür "oyunları" ilə nə etməyə çalışır?

 

- Əsassız iddilarla çıxış edən Ermənistan spikeri qondarma deportasiya məsələsini gündəmə gətirir. Məlumdur ki, sentyabr ayında antiterror əməliyyatı keçirilən zaman mübarizəmiz terrorçularla olduğu üçün dəhliz açıq saxlanmışdı. Hər kəs özünün təhlükəsizliyi baxımdan rahatlıqla bölgəni tərk edə bilərdi. Hətta bu imkandan separatçılar özləri də yararlana bilərdilər. Ona görə də Azərbaycan tərəfindən mülkü əhaliyə qarşı heç bir təxribatdan, zor tətbiqindən söhbət gedə bilməz. Azərbaycan Prezidenti dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən, sülh, dinc şəraitdə yaşamaq istəyən ermənilərin də digər xalqlar kimi bütün hüquqlarının tanınacağı, təhlükəsizliyinin qorunacağı barədə iradəsini bildirmişdi. Ona görə də bu gün Ermənistan spikerinin verdiyi bu bəyanatlar absurddur. Bu gün separatçıların qondarma qurumu Ermənistanda fəaliyyət göstərdikcə, təxribatçı addımlar davam edəcəkdir. Ermənistanda qondarma qurumun fəaliyyəti davam etdikcə sülh prosesi zərbə altında qalacaq. Paşinyanın da bu “nümayəndəliklərin” bağlanmasına çalışdığı qeyd olunur. Ermənistanda toplaşan köhnə “Qarabağ klanı” öz aqibətini bildiyi üçün müxtəlif üsullarla özlərini qorumağa çalışır. Amma separatçı qüvvələrin həbs edilərək Bakıya gətirilməsi ən mühüm addımlardan biri idi və kimlərsə onları qorumağa çalışsa da, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

 

- Bu gün Ermənistanda Azərbaycanın daha 4 kəndinin geri qaytarılması məsələsi narahatlıqla, həyacanla gündəmə gətirilir…

 

- Delimitasiya, demokrasiya komissiyasının fəaliyyəti ilə bağlı bir çox məqamlar var. Ermənistan konstitusiyasında dəyişiklik olandan sonra kəndlər də qaytarılacaq, sərhəd qoşunları da öz yerində oturacaq, ordu məsələsi də həll olunacaq. Yəni delimitasiya demorkasiya prosesində 4 kəndin qaytarılmasından daha qlobal məsələlər var. Kəndlərin qaytarılması bu prosesdə gündəlik məsələdir ki, mütləq yerinə yetiriləcəkdir. Əsas məsələ konstitusiyanın dəyişdirilməsi, Azərbaycan torpaqlarına iddianın aradan qaldırılmasıdır.

 

- Ermənistan sülhdən danışır, amma paralel olaraq Naxçıvan, Kəlbəcər istiqamətlərindən atəşkəsi pozur, sərhəddə gərginlik yaratmağa çalışır. Bu vəziyyəti necə izah etmək olar: ortada sülh prosesini uzadıb, Azərbaycanı yenə də 27 sentyabr tarixini təkrarlamaq məcburiyyəti qarşısında qoymaq planı ola bilərmi?

 

- Bütün beynəlxalq görüşlərdən öncə, yaxud görüşlər gedə-gedə atəşkəsin pozulması ermənilərin ədət etdiyi xəttdir. Harda onların zəif bəndləri varsa, o istiqamətdə atəşkəsi pozaraq özlərini daxili auditoriyaya göstərmək istəyirlər. Eyni zamanda Azərbaycanın buna adekvat cavab verəcəyi gözləntisi ilə danışıqlara zərbə vurmaq istəyindədirlər. Çünki harda atəşkəs pozulursa, diqqət o istiqamətə yönəlir və bu da danışıqların uzanmasına səbəb olur. Bu, məqsədyönlü şəkildə edilir. Çox vaxt ordu rəhbərliyi müxtəlif qüvvələrə qulluq edən kiçik zabitlərə, komandirlərə nəzarət edə bilmir. Bunlar revanşist qüvvələrə, Qarabağda formalaşmış rejimə işləyən qüvələr də ola bilər. Atəşkəsi pozmaq sülhün bərqərar olmasının qarşısını almağa yönələn addımlardır. Azərbaycan bu təxribatlara hazırıdr. Çünki müstəqil siyasəti var. Ermənistan isə diqtə ilə siyasət aparır və bu, hərbidə də özünü qabarıq şəkildə göstərir.

 

- II Qarabağ müharibəsində Azərbaycanın haqlı davasını tanıyan Rusiya kənara çəkiləndən sonra önə çıxan ABŞ, Fransa Ermənistanı silahlandırıb, ona maliyyə yardımları göstərməklə bölgədə yeni müharibəni yaratmağa nail ola bilərmi?

 

- Qərbin əsas məqsədlərindən biri regionda itirdiyi nüfuzunu yenidən bərpa etməkdir. Məlum məsələdir ki, 44 günlük müharibədə əldə olunmuş qələbə Qərbi, əsasən də Fransa və digər dövlətləri əvvəllər istədikləri kimi özbaşına hərəkət etdikləri bu ərazilərdən, iqtisadi, siyasi, hərbi baxımdan əldə etdiyi gəlirlərdən məhrum etdi. Bu müharibədən sonra onlar regionda mövqelərini itirdilər və nə olursa-olsun, onu bərpa etmək niyyətlərini gizlətmirlər. Buna mane ola biləcək əsas şərtlərdən biri isə Azərbaycanın Ermənistan işğalçı qoşunları üzərindəki qələbəsi, Türkiyənin nüfuzunun bölgədə artması, eyni zamanda Rusiyanın  regionda olmasıdır. Məlum qüvvələr bu əsas üç faktoru azaltmağa, Rusiyanı isə tamamilə regiondan çıxarmağa çalışsalar da, buna nail ola bilməyəcəklər. Rusiya heç vaxt regiondan getməyəcək. Çünki NATO və Rusiya sərhədi, Türkiyə-Ermənistan sərhədi deməkdir. Bu gün Ermənisan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını deyir və müxtəlif beynəlxalq səviyyəli qurumlarda Rusiya ilə birgə iştirak etməkdən imtina edir. Üstəlik, Rusiyanın Ermənistanda keçirilən foruma qatılmamasından narahatlıq ifadə edir. Yəni Ermənistan ikibaşlı oynayır. Digər tərəfdən, Qərb Ukraynada fiaskoya uğradıqdan sonra Moldovadan istifadə etdi. İndi də Ermənistandan istifadə edirlər. Çünki nə Gürcüstan, nə Azərbaycan Qərbin diqtəsi, iradəsi ilə idarə oluna biləcək dövlətə çevrilmədi. Azərbaycan bütün bunları təhlil edir, izləyir. Ona görə də 3+3 formatını qabartmaqla regional münaqişələrin hansı böyük fəsadlar verdiyini bir daha göstərmək istəyir. Lakin Prezidentin İtaliyada səfərdə olarkən etdiyi çıxışı, COP 29-la bağlı gedən hazırlıqlar, parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycanın dəyişməyən daxili, xarici siyasəti var. Əsas məsələ dövlətin suverenliyi, ərazi bütövlüyüdür və bu istiqamətdə ciddi addımlar atılır.

Eləcə də bu gün istər Rusiya, istər ABŞ, Fransa olsun, özlərinin daxili xarici siyasətlərində bu və ya digər şəkildə başqa dövlətlərə təsir etməyə çalışa bilər. Amma Azərbaycan kimi müstəqil siyasət aparan dövlətlərə birbaşa təsir edə bilməzlər. Çünki bizim güclü ordumuz var və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Vətən uğrunda canından keçmiş şəhidlərimiz, sağlamlığını itirmiş qazlərimiz var. O cümlədən Azərbaycanın dünyada 1-ci 50-likdə olan döyüşkən müasir texnikadan və texnologiyadan istifadə edə biləcək ordusu var, dünyada ciddi tərəfdaşlarımız, türk dünyası var. Bütün bunlar nəzərə alınmalıdır və alınacaq. Buna görə də yeni müharibədən söhbət gedə bilməz. Əsas məram və məqsəd sülh müqaviləsinin bağlanması olmalıdır və həm regional dövlətlər, həm beynəlxalq müstəvi bunda maraqlı olmalıdır. Ona görə də yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa, bu bütün dünyaya sirayət edəcək. Biz, Ali Baş Komandan başda olmaqla Azərbaycanın daxili-xarici siyasətinin tərəqqi üzərində qurulmasının tərəfdarıyıq və bu istiqamətdə addımlar atılacaqdır.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ