Ticarət şəbəkələri təchizatçı şirkətlərin dərisini soyur

10:41 11-03-2022 | icon 368 | İqtisadiyyat
Ticarət şəbəkələri təchizatçı şirkətlərin dərisini soyur

Assosiasiya rəhbəri ilginc rəqəmlər açıqladı

 

Dünyada pərakəndə ticarət şəbəkələrinin formalaşması, genişlənməsi müsbət iqtisadi proses kimi dəyərləndirilir. Bu, istehlak bazarına effektiv nəzarət imkanı yaradır, istehlakçı hüquqlarının daha yaxşı qorunmasını təmin edir. Eyni zamanda şəbəkələşmiş ticarət obyektləri məşğulluğun təminatında mühüm rol oynayır.

 

Azərbaycanda da son 10 ildə pərakəndə ticarətdə sürətli şəbəkələşmə gedib. Hazırda ölkə üzrə 10-a yaxın iri ticarət şəbəkəsi fəaliyyət göstərir. Onların bəzilərinin onlarla, hətta yüzlərlə ticarət nöqtələri var.

 

Müşahidələrimiz göstərir ki, Azərbaycanda ticarət şəbəkələri dünya təcrübəsindəki müsbət məqamlardan xeyli uzaqdır. Bir sıra şəbəkələrin saxlama anbarları bərbad vəziyyətdədir – məhsulların, xüsusilə spesifik saxlanma şərtləri tələb edən məhsullarla bağlı belə rejimə əməl olunmur. İstehlakçılara vaxtı keçmiş məhsullar təqdim olunur. Eyni zamanda çoxsaylı satış obyektlərinə malik şirkətlər istehsalçı və idxalçı şirkətlərə qarşı diskriminasiyaya yol verirlər. Əldə etdiyimiz məlumata görə, ticarət şəbəkələri istehsalçı və idxalçı şirkətlərdən satışa mal qəbul edərkən ticarət əlavəsindən başqa ayrı faiz də tələb edirlər. Malın rəsmiləşmə qiymətinin 3-5 faizi qədər əlavə haqq alınır. Bundan başqa, bu və ya başqa məhsulu satış obyektlərində görünən yerlərə qoymaq üçün də əlavə haqq alınır. Şəbəkələrin bu tələblərinə əməl etməyənlərin məhsulu satışa qəbul edilmir.

 

Bu məlumatların doğru olub-olmadığını yerli istehsalçılarla dəqiqləşdirməyə çalışdıq. Azərbaycan Quş Əti,Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli bildirdi ki, ticarət şəbəkələri toyuq əti istehsalçılarına qarşı ciddi qanunsuzluqlara yol verirlər:

 

“Toyuq məhsulunun şəbəkədə satışının təşkil edilməsi üçün ümumi dövriyyədən faiz ( 15-20 faizədək) şəkilində əlavə ödəniş tələb edirlər. Şəbəkəyə daxil olan hər yeni mağazanın açılışında məhsulun satılıb-satılmamasından asılı olmayaraq məcburi açılış faizi və hədiyyə tələb olunur. Bundan əlavə, istehsalçılar yeni çeşid tanıtımı, məhsulların piştaxtada daha yaxşı yerdə yerləşdirilməsi üçün əlavə faiz ödəməli olurlar”.

 

Assosiasiya rəhbərinin sözlərinə görə, ticarət şəbəkələri bir çox hallarda piştaxtada məhsulla bağlı AQTA -nin müəyyən etdiyi tələblərə əməl etmirlər:

 

“Saxlanma şərtləri pozulur, nəticədə geriqaytarma faizi normadan yüksək olur. Norma hazırda 8 faizdir. Bundan əlavə, toyuq məhsulları istehsalçılarının üzləşdiyi daha bir problem ticarət şəbəkələrinə verdikləri malın pulunu aylarla ala bilməmələridir. Uzun müddət böyük həcmdə pulu özlərində saxlayır, daha sonra onu vermək üçün əlavə 5-10 faiz endirim olunmasını tələb edirlər. Mövcud ticarət şəbəkələrindən yalnız “Bravo” aldığı malın pulunu vaxtında verir. Daha bir problem hər il artan dövriyyəyə görə əlavə faizin tələb olunmasıdır. İnandırım sizi, ticarət şəbəkələrinin bu soyğunçuluğu olmasa, toyuq məhsullarının qiymətində xeyli fərq olar. İstehsalçı məcburdur ki, şəbəkələrin ondan qanunsuz yerə aldığı vəsaitləri malın qiymətinə əlavə eləsin. Bu qanunsuz tələblər aradan qaldırılarsa, Azərbaycanda toyuq məhsullarının qiymətində sabitlik yaranar”.

 

Qeyd edək ki, əksər ölkələrdə ticarət tənzimlənməsi müvafiq hüquqi-normativ baza əsasında həyata keçirilir. Məsələn, Rusiya Federasiyasında məhsul sahibi ilə ticarət obyekti arasındakı münasibətləri tənzimləyən “Rusiya Federasiyasında ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” qanun var. Həmin qanun ticarət subyekti ilə istehsalçı və idxalçı məhsul sahibləri arasında münasibətlərin bütün detallarını əhatə edir. Məsələn, qanunun 9-cu maddəsinə əsasən ticarət nöqtələri istehsalçılardan malın dəyərindən artıq heç bir bonus, faiz və sairə ala bilməzlər. Yalnız malın daşınması üçün loqistik xərclər, qablaşdırma xərcləri bu kimi xərclər üçün xidmət olaraq əlavə haqq alına bilər, o da malların dəyərinin 5 faizdən artıq ola bilməz. Yəni malı şəbəkə özü daşıyır, əlavə özü hər hansı xüsusi formada qablaşdırırsa, yalnız o halda onu da maksimum əlavə 5 faiz istəyə bilər.

 

Təəssüf ki, Azərbaycanda ticarət prosesinin bu məqamlarını tənzimləyən qanunverici baza formalaşdırılmayıb. Ticarət şəbəkələri bu boşluqdan istifadə edərək təchizatçı şirkətlərə qarşı görünməmiş soyğunçuluq edirlər. Bu prosesdən onların nə qədər əlavə gəlir əldə etdiyini təsəvvür etmək üçün rəqəmlərə baxmaq kifayətdir. Belə ki, 2021-ci il ərzində pərakəndə ticarət şəbəkələrində əhaliyə 21 milyard 743,6 milyon manatlıq ərzaq məhsulları satılıb. Bu məbləğin 5-cə faizini pərakəndə ticarət şəbəkələri çırpışdırsalar, 1 milyard manatdan yuxarı vəsait əldə etmiş olurlar. Özü də bu vəsaitlərin çoxu rəsmi gəlir kimi uçota alınmır, ondan hər hansı vergi ödənmir.

 

Onu da qeyd edək ki, bir müddət öncə Azərbaycanda xüsusilə ərzaq bazarında inflyasiyanın qarşısının alınması üçün Nazirlər Kabinetində İqtisadi Şuranın geniş iclası keçirilib. Rəsmi məlumata görə, iclasda xüsusilə vurğulanıb ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.

 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamında İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

 

Ümid edək ki, İqtisadiyyat Nazirliyi pərakəndə ticarət şəbəkələrində mövcud olan soyğunçuluğun qarşısını almaq üçün hüquqi mexanizmlər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT