Sirli hepatit xəstəliyi yayılır
İndoneziyada səbəbi bəlli olmayan və hepatit olduğu təxmin edilən 15 yoluxma halı ortaya çıxıb.
Bu barədə “Channel News Asia” məlumat yayıb.
Məlumata görə, İndoneziya səhiyyə naziri Budi Qunadi Sadikin onlayn mətbuat konfransında İndoneziyada indiyə qədər mənşəyi məlum olmayan və hepatit olduğundan şübhə duyulan 15 yoluxma halının qeydə alındığını açıqlayıb.
Nazir Sadikin bildirib ki, aprelin 27-də ilk şübhəli hallar aşkar olunduqda o, bütün xəstəxana və səhiyyə müəssisələrinə belə halların izlənilməsi və monitorinqinin aparılmasını tələb edən bir sirkulyar yayımlamaq göstərişini verib.
Sadikin səbəbi bəlli olmayan hepatit hallarının çoxunun 100-dən çox yoluxmanın qeydə alındığı İngiltərədə üstünlük təşkil etdiyini qeyd edib. O, İndoneziya hökumətinin xəstəliyin nədən qaynaqlandığını müəyyən etmək məqsədilə İngiltərə və ABŞ xəstəliklərə nəzarət və profilaktika mərkəzləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini qeyd edib.
Bu mərkəzlərdən virusla bağlı məlumatlar alınmasına baxmayaraq, əslində hepatitə nəyin səbəb olduğunun tam olaraq dəqiqləşmədiyini bildirən nazir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bu mövzu ilə bağlı araşdırmalarını davam etdirdiyini qeyd edib.
Dünya Səhiyyə Təşkilatı 16 apreldə dərc etdiyi yazılı açıqlamada İngiltərədə 74 uşaqda səbəbi bəlli olmayan hepatit virusunun aşkarlandığını açıqlamışdı.
Bu virus aprelin sonlarına yaxın İspaniya, Almaniya, Polşa, Danimarka, Yaponya, ABŞ, Kanada və İsraildə də qeydə alınmağa başladı.
Virusun aşkarlandığı uşaqlarda son bir aydır əsasən sarılıq, ishal, qusma və qarın ağrısı kimi şikayətlərin olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabı səbəbilə qaraciyər nəqlinə baş vurularaq müalicənin aparıldığı bildirilmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"