Şuşa Bəyannaməsi

ekspertlərin TƏHLİLİNDƏ

18:27 14-06-2022 | icon 933 | Gündəm
Şuşa Bəyannaməsi
ekspertlərin TƏHLİLİNDƏ

"Növbəti 10 illiklərdə təhlükəsizliyimizi bu Bəyannamənin çətiri altında asanlıqla təmin edəcəyik"

 

Azərbaycanla Türkiyənin dövlət başçılarının Qarabağın mirvarisi Şuşa şəhərində imzaladığı Şuşa Bəyannaməsindən 1 ötür. Şuşa Bəyannaməsinin siyasi, hərbi, mədəni əhəmiyyəti ekspertlər tərəfindən təhlil olunmaqla perspektivləri araşdırılır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi-hərbi analitiklər mühüm məqamların üzərində dayanıblar.

 

Ölkə ictimaiyyəti müzakirələri bir neçə suallar ətrafında aparır:  15 iyun Şuşa Bəyannaməsinin  imzalanması Türkiyə-Azərbaycan  strateji əməkdaşlığında hansı əhəmiyyətə malikdir? Bu, dünyaya hansı mesajdır? Bəyannamənin  ratifikasiyası, əhəmiyyəti, icra mexanizmləri barədə nələri söyləmək olar? Şuşa Bəyannaməsi Türkiyə üçün nədir və bölgənin təhlükəsizliyində rolu nədir. Türk Birliyinin qurulmasında hansı yol xəritəsiini müəyyən edir?

 

 

 

“Şuşa Bəyannaməsinin maddələrinə əsasən Qarabağda antiterror əməliyyatı apara bilərik”

 

Politoloq Teymur Qasımlı bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında strateji müttəfiqliyi daha da dərinləşdirir.

 

Onun sözlərinə görə, 10 noyabr sazişindən sonra Azərbaycan-Türkiyə əməkdaşlığı hərtərəfli sahədə dərinləşdirilməli və yeni ittifaqlar qurulmalıdır:

 

“Şuşa Bəyannaməsi yerində imzalanan sənəddir. Bu həmçinin dünyaya, qonşu dövlətlərə belə bir mesaj verir ki, 10 noyabrdan sanra Türkiyənin Cənubi Qafqazda varlığı Şuşa Bəyannaməsi ilə təsdiqlənir. Azərbaycanın dövlət bütövlüyü, suverenliyi Türkiyə ilə əməkdaşlıqdan keçir. Dünyaya əsas mesaj budur ki, Türkiyə Azərbaycan müttəfiqliyi bölgədə daimidir”.

 

Politoloq bildirib ki, Şuşa Bəyannaməsi ratifikasiya olunduqdan sonra hərbi və təhsil sahəsində proses gedir:

 

“Artıq Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlığa başlanıb. Şuşa Bəyannaməsi Azərbaycanın bölgədəki əməkdaşlığına, təhlükəsizliyinə çox böyük əhəmiyyət verir. Biz Şuşa Bəyannaməsinin maddələrinə əsasən Qarabağda antiterror əməliyyatı apara bilər, həm də Türkiyə silahlı qüvvələrini hər an ora dəvət edə bilərik.  Şuşa Bəyannaməsi Türk Birliyinin qurulmasına yox, türk dövlətləri ilə əməkdaşlığa gətirib çıxaran bir sənəddir”.

 

 

 

“Şuşa Bəyannaməsi Türkiyənin mini hərbi modelinə keçidə işıq salacaq”

 

Hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, Şuşa Bəyannaməsinə doğru gəldiyimiz yolu qiymətləndirsək görərik ki, Türkiyənin hərbi və siyasi müstəvidə Azərbaycanla əməkdaşlığının kökü 1992-ci ildən başlayır. Onun sözlərinə görə, məhz 1992-ci ildən bu yana Türkiyə siyasi hakimiyyəti və silahlı qüvvələrinin mənsubları Qarabağ məsələsində, beynəlxalq siyasi, iqtisadi platformalarda Azərbaycanın yanında olub.

 

Hərbi ekspert Şuşa Bəyannaməsinə qədər gəldiyimiz yolda Türkiyənin silahlı qüvvələrimizin formalaşmasında xüsusilə çox böyük rola malik olduğunu qeyd edib:

 

“Hələ 1992-ci ildən başlayaraq Azərbaycan silahlı qüvvələrinin mənsubları Türkiyə Cumhuriyyətinin  hərbi strukturlarına ezamiyyətə göndərilir, sonrakı mərhələlərdə Azərbaycan silahlı qüvvələrinə təlimatçı və vasitəçilər qismində gəliblər.  Türkiyə zabitləri zaman-zaman silahlı qüvvələrimizdə komandirlərin, idarə rəislərinin yanında müşavirlər olaraq çalışıblar. Əslində 44 günlük müharibə ərəfəsində hər zaman yanımızda oldular və özlərinin bilik və bazarıqlarını təcrübələrini Azərbaycan silahlı qüvvələrinin formalaşmasında istifdə etdilər. belə ki, Heydər Əliyev adına hərbi liseyin qurulmasında, yenidən təşkilatlanmasında, Azərbaycan Hərbi Akademiyasının yaradılmasında,  hərbi təhsil doktrinamızın NATO doktrinasına uyğunlaşdırılması yönündə, hərbi ədəbiyyatımızın Türkiyədə istifadə olunan  NATO modelinə keçidində, eləcə də Gizirlər Məktəbinin yaradılması, müddətdən artıq xidmət etmiş təlim-tədris mərkəzinin yaradılmasında yaxında iştirak ediblər”. 

 

E.Şıxəliyev bu mənada Türkiyə ilə Azərbaycanın əməkdaşlığının artıq bu gün Şuşa Bəyannaməsinin imzalanması tarixinə çoxdan hazırlandığı qənaətini qeyd edib. Prezidenin çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycanın Türkiyə silahlı qüvvələrinin mini modelinə keçidin  yol xəritəsi üzərində işlədiyini xatırladan hərbi ekspert, bizim silahlı qüvvələrimizin  60-70 faiz Türkiyə silahlı qüvvələrinin modelinə uyğunlaşması prosesini önə çəkib:

 

“Təbii ki, Şuşa Bəyannaməsi ilə bizim silahlı qüvvələr çərçivəsindəki strateji əməkdaşlığımız  strateji müttəfiqlik səviyyəsinə qaldırılmalı idi. Yəni Azərbayacanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyinə, Türkiyənin də təhlükəsizliyi Azərbaycanın təhlükəsziliyinə bərabər tutulur. Bu çox mühüm məqamdır.  Şuşa Bəyannaməsində Təhlükəsizlik məsələlərində qarşılıqlı təminatın verilməsi əsas ana xətt kimi özünü biruzə verir və verəcəkdir”.

 

E.Şıxəliyev 44 günlük müharibədə Türkiyə hakimiyyətinin ölkəmizə verdiyi mənəvi dəstəyi xüsusilə vurğulayıb. Onun sözlərinə görə, əslində 44 günlük müharibənin nəticələrində Türkiyə silahlı qüvvələrinin məsləhətlərinin çox böyük rolu oldu:

 

“Biz növbəti 10 illiklərdə təhlükəsizliyimizi Şuşa Bəyannaməsinin  çətiri altında asanlıqla təmin edəcəyik. Azərbaycanın sərhədlərinə qarşı qeyri-adekvat addım atanların mütləq qarşsında Türkiyəni görəcəyini bilirik. Türkiyə NATO-nun üzvüdür və bu ittifaqın 2-ci ən böyük ordusuna sahibdir və silahlı qüvvələri dünyanın ən güclü silahlı qüvvələrindən biridir. Şuşa Bəyannaməsi təbii ki, gücümüzə güc qatacaq. Şuşa Bəyannaməsi silahlı qüvvələrimizin Türkiyənin mini modelinə keçidinə işıq salacaq. Eyni zamanda Türkiyə silahlı qüvvələri mənsubları Şuşa Bəyannaməsindən sonra yüksək qərargah səviyyəsində Azərbaycanda təmsil olunurlar. Əslində onların əsas funksiyası koordinasiya məsələlərini həyata keçirməklə Azərbaycanın Türkiyə modelinə keçidini dəstələməkdən ibarətdir. Şuşa Bəyannaməsi özü özlüyündə Azərbaycan silahlı qüvvələrinin və Azərbaycanın təhlükəsizliyini yeni mərhələyə çıxartdı.  Bu, xüsusən quru qoşunların qərərgahının yaranması, quru qoşunlarının birliklərinin tərkibində komanda briqadalrının yaradılması Azərbaycanın hərbi doktrinasının yeni səviyyəyə çıxarılmasıdır. Silahlı qüvvələrinin xüsusi təyinatlılarının, hərbi hava qüvvələrinin də bütün səviyyələrdə Türkiyə ilə bərabər şəkildə beynəlxalq təlimlərdə iştirakı qüvvələrin bərabərləşməsinə, koordinasiya olunmasından xəbər verir.  Hələ bizim ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsi istisna deyil. Ona görə də bütün əlaqəli qruplarımız, komanda qruplarımız, xüsusi təyinatlılarımız, sualtı hücum və sualtı müdafiə qruplarının bu tapşırıqları yerinə yetirəcək səviyyədə beynəlxalq təlimlərdə və yerli təlimlərdə iştirakı təmin olunub”.

 

Hərbi ekspert hesab edir ki, Şuşa bəyannaməsi Azərbaycan silahlı qüvvələrinin döyüş hazırlığının yeni bir mərhələyə çıxartmış oldu. Onun sözlərinə görə, 44 günlük müharibədə qazandığımız zəfərdən  və Şuşa bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan hərbi qüvvələri artıq 4-5 nəsil texnologiya ilə dəstəklənən silahlı qüvvələrə çevrilib:

 

“Bu Şuşa bəyannaməsi və Türkiyədən aldığımız gücə əsasən davam edəcək.  Azərbaycan da qarşılıqlı olaraq Türkiyədə mövcud olan fors-major hallarında hər zaman Türkiyənin yanında olub və olacaqdır. Şuşa Bəyannaməsi və strateji müttəfiqlik nümunə olaraq aparıcı ola bilər. Xüsusilə Turan yolu üzərində Türkiyənin müttəfiqləri, türkdilli ölkələrlə hərbi və hərbi sənayenin bərabər şəkildə inkişaf etdirilməsi yönündə bu kimi münasibətlər qurula bilər. Türkiyənin artıq aktor olaraq yeni dünya düzənin də böyük rolunun olduğunu görməkdəyik”.

 

E.Şıxəliyev hesab edir ki, Şuşa Bəyannaməsi bizə dost olan, yaxud olmayan ölkələrə mesajdır. Onun fikrincə, bu sənəd xüsusən Ermənistanın radikal milləiyətçi qruplarının revanşist xəyallarının xülya olduğunu göstərir:

 

“Şuşada görüşlərin keçirilməsi, bəyanatlar verilməsi o deməkdir ki, düşmənin heç bir şansı yoxdur. Azərbaycan və Türkiyənin yolu gələcəkdə bərabər yürüməkdən keçir. Son “Teknofes”in verdiyi mesajlar da odur ki, Türkiyə yeni nəsil texnologiyalar yaradan dövlətdir. Beyin mərkəzləri birləşsə gedəcəyimiz yol aydın və dolğun görünür”.

 

 

Bu prosesin əsasında Şuşa Bəyyanaməsinin dayanacağına şübhə yoxdur”

 

Siyasi şərhçi Aydın Quliyev bildirib ki, Şuşa Bəyannaməsi Türkiyə -Azərbaycan münasibətlərinə rəsmi müttəfiqlik xarakteri verən iki dövlət arasında imzalanmış mühüm sənəddir.

 

Onun szölərinə görə, biz Şuşa Bəyannaməsinə qədər də Azərbaycanın və Türkiyənin müttəfiqliyi barədə danışırdıq. Amma  bu müttəfiqlik rəsmi qaydada heç bir sənəddə əks olunmamışdı. Sadəcə olaraq 1994-cü ildə imzalanmış müqavilədə, həmin sənədə əsasən imzalanmış protokolda və 2010-cu ildə imzalanmış dövlətlərarası müqavilələrdə müttəfiqlikdən yox, strateji tərəfdaşlıqdan, əməkdaşlıqdan, qardaşlıqdan və qarşılıqlı yardımdan danışılırdı. Amma Türkiyə -Azərbaycan münasibətlərinin rəsmən müttəfiqlik kimi xarakterizə edilməsi və müttəfiqlik sənədi adlandırılması ilk dəfə olaraq Şuşa Bəyannaməsində öz əksini tapa bildi. Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyəti bundan ibarətdir.

 

A.Quliyev Şuşa Bəyannaməsinin əhəmiyyəti və imzalandığı gündən bəri 1 il ərzində əsas ideyaları altında edilmiş bəzi faktları xatırladıb:

 

“Şuşa Bəyannaməsinin təsiri altında ilk dəfə olaraq Azərbaycan-Türkiyə arasında hərbi komondos qoşunları gerçəkləşdi. Şuşa Bəyannaməsində aydın göstərilir ki, iki mütəfiq ölkə özlərinin hərbi birləşmələrinin təkmilləşdirilməsi, modernləşdirilməsi və birgə hərbi tədbirlərin keçirilməsini müəyyənləşdirirlər. Bəyannamədə də əks olunduğu kimi iki ölkənin hərbi-sənaye texnologiyalarının birləşdirilməsi istiqamətində Şuşa Bəyannaməsi böyük perspektivlər açır. Hazırda Azərbaycanın qarşısında daha çox inkişaf etmiş, geniş potensiala malik Türkiyənin hərbi sənaye imkanlarından istifadə etmək imkanları yaranıb. Düzdür, Azərbaycanın özünün də hərbi-sənaye industriyası artıq mövcuddur.  1200-dən artıq hərbi-sənaye malları Azərbaycanın özü tərəfindən istehsal olunur.  Amma texnoloji baxımdan Türkiyənin imkanlarının daha geniş olduğunu nəzərə alsaq, Azərbaycanla-Türkiyə arasında hərbi texnoloji sahədə yeni mərhələ başlayıb.  Pilotsuz uçuş aparatlarının birgə istehsalının təşkili və onun daha da genişləndirilməsi məhz Şuşa Bəyannaməsindən sonra iki ölkənin arasında açılmış çox böyük perspektivdir. Bundan başqa Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin güc strukturlarının koordinasiyası sahəsində çox böyük imkanlar açıb”. 

 

A.Quliyev bildirib ki, ekspertlər gələcəkdə Türkiyə ilə Azərbaycanın qarşılıqlı hərbi yardım, hərbi müttəfiqlik sazişinin mümkün olacağından danışır. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə hərbi bazalarının  yaradılmasının mümkünlüyünü də qeyd edib:

 

“Çünki hər iki ölkənin bu gün raslaşdığı təhlükəsizlik təhdidləri eynidir. Azərbaycanın da müstəqilliyini və ərazi bütövlüyünü təhdid eliyən təhlükələr var. Belə şəraitdə müvafiq güc və diplomatik orqanların koordinasiya olunmasına çox ciddi ehtiyac var. Şuşa bəyannaməsi iki ölkə təcavüzə qalacaqları halda birgə müdafiə tədbilərinin çərçivəsinin müəyyənləşdirilməsi, BMT nizamnaməsinə uyğun olaraq birgə addımların atılmasını mümkün edir”.

 

Siyasi təhlilçi hesab edir ki, Şuşa bəyannaməsi Azərbaycan və Türkiyəni yeni inkişaf mərhələsinə çıxardıb. O, Qars müqaviləsinin bu bəyannamədə xatırladılmasını və Qars müqaviləsinin davamı kimi meydana çıxmasını çox mühüm məqamlardan biri kimi qeyd edib:

 

“Şuşa bəyannaməsi Qars müqaviləsi kimi iki ölkənin ali siyasi rəhbərliyi tərəfindən təsdiqlənib. Şuşa Bəyannaməsi də 2022-ci ilin yanvar ayında bir gün fərqi ilə  Azərbaycan və Türkiyənin ali siyasi rəhbərlikləri və parlamentləri tərəfindən qanun statusuna düşüb”.

 

A.Quliyev hesab edir ki, Şuşa Bəyannaməsində Naxçıvanın xüsusi coğrafiya kimi əks olunmasının ayrıca bir mənası var:

 

"Bu o deməkdir ki, Şuşa Bəyannaməsinin imzalanması həm Azərbaycanın ərazi bütövlüyünə,  birgə hərbi təhlükəsizlik təminatının yaradılması yolunda yeni bir mərhələ açdı, həm də müxtəlif ərazilərimizin, regionların  eləcə də Naxçıvanın imkanlarının iki ölkə arasında tranzit ölkəyə çevrilməsini gerçəkləşdirdi”.

 

A.Quliyev bildirib ki, Şuşa Bəyannaməsində Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolunun çəkilməsinin bir daha təsbit olunması o deməkdir ki, Azərbaycan Türkiyə  Şuşa Bəyannaməsi ilə ümumtürk inteqarsiyasının təsbit olunmasını yeni bir mərhələyə çıxartdılar. Onun fikrincə, Şuşa Bəyannaməsinin açdığı imkanlar əsasında gələcəkdə türk dövlətlərinin ümuminteqrasiyası inkişaf edərək yeni ümumtürk beynəlxalq təşkilatların, hətta ümumtürk hərbi təşkilatların da yaranmasına gətirib çıxarda bilər. Bu prosesin əsasında Şuşa Bəyyanaməsinin dayanacağına şübhə yoxdur.

 

 

“Türkiyə və Azərbaycan münasibətləri rəsmi olaraq müttəfiqlik zirvəsinə ucalmış oldu”

 

AMİP sədri Arzuxan Əlizadə bildirib ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla yanaşı ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməyi hədəfləyir:

 

“Bu Bəyannamənin imzalanması ilə əslində Türkiyə və Azərbaycan münasibətləri rəsmi olaraq müttəfiqlik zirvəsinə ucalmış oldu. Şuşa Bəyannaməsinə əsasən iki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələri bir çox sahələri, ortaq siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil və ordu quruculuğu da daxil olmaqla digər strateji sahələri əhatə edir”.

 

Partiya sədri hesab edir ki, hərbi, həmçinin müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan müddəalar Bəyannamənin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır:

 

“Həmin müddəaya müvafiq olaraq hər iki ölkə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Eyni zamanda müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini bir qədər də artıracaqdır. Məsələn, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının böyük rol oynadığı hər kəsə məlumdur. Anlaşmaya əsasən Azərbaycan artıq bu prosesdə də istehsal mərkəzi kimi inkişaf edəcəkdir”.

 

A.Əlizadə xüsusi olaraq vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi gələcəkdə bütün türk dünyasının inkifaşına, regionda sülhün və sabitliyin qorunub saxlanmasına, Türk Dövlətləri Təşkilatının nüfuzunun və hərtərəfli gücünun artırılmasına ciddi tövhə verəcəkdir.

 

 

“Azərbaycan bütövlüyə, Türk Dünyasının birliyi üçün mənəvi körpü olmağa iddialıdır”

 

HƏP-in Ali Məclis sədri Zəlimxan Məmmədli bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya və Azərbaycanın dövlət olaraq tarixi missiyası heç bir qonşu dövlətlə müqayisə oluna bilməz:

 

“İran və Rusiya kimi aqressiv, şovinist qonşularımız, onların himayədarı olan təcavüzkar Ermənistan Azərbaycanın tarixi missiyasını əngəlləyən düşmən cinahlarıdır. Azərbaycan bütövlüyə, Türk Dünyasının birliyi üçün mənəvi körpü olmağa iddialıdır. Çox şanslıyıq ki, bu regionda güclü və tarixi missiyamıza qarant olan Türkiyə var. Türkiyə həm də güclü Türkiyədir. Bu baxımdan Azərbaycanı düşmən cinahlardan qoruyan bir güc mərkəzi ilə ciddi əməkdaşlığa ehtiyac var idi. Unudulmamalıdır ki, Azərbaycanın dövlət olaraq var olmasında hələ keçən əsrin əvvəllərində Türkiyə tarixi rol oynamışdır. Bakını rus-erməni işğalından Nuru Paşanın rəhbərliyində Türkiyənin Qafqaz İslam Ordusu azad etmişdir. Odur ki, Şuşa bəyənnaməsi Azərbaycan Dövlətçiliyini mənfur qonşulardan qoruyan, Beynəlxalq hüquqdan qaynaqlanan hüquqi sənəddir. Şuşa Bəyənnaməsi həm də Azərbaycanın tarixi bütövlük, demokratiya, Türk Dünyasının birliyi kimi ideallarına işıq salan sənəddir. Eyni zamanda Gürcüstan kimi region dövlətlərinə buxovlardan qurtulmaq üçün şans verən, hətta Ermənistanı Rus əsarətindən azad etməyə, regionun iqtisadi, humanitar, kommunikasiya sahələrində gəlişməsinə dəstək verən tarixi sənəddir”.

 

Z.Məmmədli bildirib ki, Şuşa bəyənnaməsinin icra mexanizmi haqqında yaranmış tarixi geopolitik şərtlərə uyğun addımlar atılmaqdadır.  Onun sözlərinə görə, 15 iyunda Şuşada Türkiyə və Azərbaycannın böyük heyyətlərlə Bəyənnamənin ildonümünü keçirmək üçün məkanın seçilməsi də təsadüfü deyil:

 

“Şuşada Türkiyə Konsulluğunun açılması və hərbi əməkdaşlığın daha dərinləşdirilməsi istiqamətində addımlar atılması ehtimalı daha çoxdur. Tarixin, geopolitik durumun Türk Birliyinin xeyrinə işlədiyi düşüncəsindəyəm. Bu güc Rusiyanın Qafqaqzdan tamamilə sıxışdırılmasına gətirib çıxara bilər. Şuşa Bəyənnaməsi qarşlıqlı olaraq hər iki dövlətin güvənliyi, Türk Dövlətlər təşkilatının daha dinamik bir mexanizmə çevrilməsi, o cümlədən Türkiyə-Azərbaycan mərkəzli yeni siyasi çəkili güc mərkəzinin yaranmasına hüquqi əsas verən sənəddir”. /hafta.az/

 

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT