Azərbaycana qarşı böyük güclərin erməni dili ilə danışması, təhdidləri, təhlükələr səngiməyib.Yenə də ABŞ, Fransa kimi dövlətlərin bəzi nümayəndələri Qarabağa “status”dan danışır, yenə də Ermənistan öz cinayətkar əməllərini davam edir, sərhədlərimizi atəşə tutur... Regionda sülhün bərpası üçün əsas vasitəçi olan Rusiya və onun ardıcılları hələ də kapitulyasiyaya imza atan Ermənistanın əldə olunan razılaşmalara əsasən öz öhtəliklərini yerinə yetirmyə məcbur etmirlər. Heç şübhəsiz, mövcud vəziyyət məhz ölkəmizin diplomatik, hərbi, eləcə də ictimai-siyasi müstəvidə daha ciddi proqramlar üzərində işləməsini tələb edir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Fazil Mustafa vacib məqamlara diqqət çəkib.

 

-Qarabağda, Şərqi Zəngəzurda hazırkı vəziyyət nədir? Sərhəddə baş verən proseslər göstərir ki, ermənilər atəşkəsi pozur, hələ də işğaldan azad olunan ərazilərə minalar basdırılır, Qarabağa ermənilər toparlanır, üçtərəfli saziş yerinə yetirilmir. Mövcud durumu nə ilə izah etmək olar?  

 

-Qarabağda gedən proseslərin əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan reallığa uyğun hansısa bir addımı atmaq istəyəndə onu yenidən xəyali dünyaya çəkib aparan ayrı-ayrı dövlətlər oyunlar qurur. Fransa, Amerika Birləşmiş Ştatları bunun başında durur. Bu dövlətlər problemi həll etmək istəyən dövlətə deyirlər ki, tələsmə, sənə faydalı ola biləcək bir yol göstərəcəyik. O yolu da göstərə bilmirlər, erməni cəmiyyəti də qalıb çaş-baş. “Kurqan eşşəyi” deyilən bir anlayış var, yəni eyni məsafədə olan arpanı yemək üçün tərəddüd edir və acından ölür. Erməni cəmiyyətini əslində “kurqan eşşəyi”nə çeviriblər.Yəni haradan nə götürəcəyi bəlli deyil. Bu da erməni cəmiyyətinin özünün tənəzzülünə gətirib çıxarır. Bunlara bir çıxış yolu verilib – müharibə qurtarıb, yol açmalısan, münasibətləri düzəltməlisən və Ermənistan cəmiyyəti yaşamalıdır. Fransızlar, amerikanlar, eləcə də ruslar bunlara deyirlər ki, siz bizim hələ istifadə etdiyimiz alətsiniz, biz sizi müəyyən proseslərdə hələ istifadə etməliyik. Cəmiyyətin siyasətçiləri buna müqavimət göstərmək, real yolu  istəmək əvəzinə bu xəyalın dalınca düşürlər. Bu da Ermənistan dövlətinə böyük zərbə vuracaq. Proseslər buna gedir. Cəmiyyətin özü də ağıllı şəkildə məsələləri yekunlaşdırmaq niyyətində deyil. Hələ bir az da İran Ermənistanın başını xarab etdi, necə ki, öz başı xarab idi. İran Ermənistanı da öz gününə salacaq. İran normal, mədəni sivil ölkə olsaydı, bu dəqiqə sanksiyalarla üzləşməz, normal çiçəklənən dövlətə çevrilərdi. Ermənistan da İranın ağlı ilə gedəcəksə, daha böyük faciələr yaşayacaq. Ümumən götürəndə Şərqi Zəngəzurda gərginlik olduğu kimi qalır. Birinci növbədə kənar müdaxiləni aradan götürmək lazımdır.

 

-Azərbaycan, Ermənistan rəsmilərinin Avropada baş tutan 4-cü ikitərəfli, üçtərəfli, görüşlərində  “Qarabağın statusu”ndan  danışılmadı və bununla da proseslərin müsbətə yön aldığı qeyd olunaraq, artıq noyabr ayında Ermənistanın sülh müqaviləsinə gələcəyi deyildi. Ermənistan vaxtı uzatmaqla nəyə nail olmağa çalışır?

 

-Vaxtın uzanması daha çox bizim xeyrimizədir. Sülhün gecikməsi erməni üçün bir siqnaldır. Biz qeyri-müəyyənliyi müəyyənliyə çevirmişik. Torpaqlarımızda infrastrukturumuzu qururuq, daha da möhkəmlənirik, ərazi bizim nəzarətimiz altındadır. Vaxtı itirən Ermənistandır və itirdikcə də daha çox uzaqlaşır sülh prosesindən. Danışıqlar səmərəsiz olanda, Ermənistan imtina edəndə Azərbaycan da başqa alternativi seçməli olacaq. Bu seçimində də kimsə Azərbaycana bir söz deyə bilməz. Biz kiməsə Azərbaycanın daxili işlərinə qarışmağa, burnunu soxmağa imkan vermərik. Budur, məsələnin mahiyyəti, ona görə də hələ ki, proseslərin irəliləməsi birbaşa Ermənistanın təsir altında olması ilə bağlıdır. Ona görə də Ermənistan təsir altından çıxmalıdır ki, həm öz qara gününə ağlasın, həm də ki, yolun açılması ilə gələcəyini təminat altına alsın. 

 

-Bu gün Qərb, Avropa münaqişənin həllində vasitəçi kimi ortadadır. Praqa razılaşmasından sonra  Avropa Birliyi Ermənistana mülki missiya göndərib, ATƏT özünün “ehtiyacların qiymətləndirilməsi missiyası”nı 21-27 oktyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə düşən hissələrində yerləşdirməlidir. Rusiya sözçüsü Zaxarova buna öz münasibətini bildirib və bu missiyaların 2020-ci ildən sonra Rusiyanın vasitəçiliyi ilə yaradılan sabitliyi pozmağa, vəziyyətin qarışdırılmasına xidmət etdiyini bəyan edib. Putin Soçidə yenə tərəfləri görüşdürməyi planlaşdırır. Digər tərəfdən, Rusiya mətbuatı Azərbaycana qarşı hücumda. Belə olan halda Soçidə nəzərdə tutulan bu görüşlərdən hansı gözləntilər var və Rusiyanın mövqeyi nədir?

 

-Rusiya mətbuatının Azərbaycanla bağlı nə yazması ikincidərəcəli məsələdir. Rəsmi Rusiyanın mövqeyi nədir. Yaxud da  Rusiya ATƏT-in, Avropanın regiona gəlişini pisləyirsə, bu yenə də Rusiyanın Avropaya aid olan məsələsidir. Ermənistana ATƏT-in, Avropanın hansısa nümayəndəsi turistik səfərə gələ bilər. Bu bizi maraqlandırmır. Biz suveren dövlətik, kiminsə ərazimizdə at oynatmasına imkan verməyəcəyik. Belə bir şəkildə bu cür missiyaların prosesə qoşulması təbii ki, digər dövlətləri də narazı salmalıdır, o cümlədən Rusiyanı.

Burada düşündürücü məqam odur ki, İranla ABŞ-ın, ATƏT-in mövqeləri üst-üstə düşür, bir yerdə hərəkət edirlər. İranın Qafanda konsulluq açması da onların birbaşa tapşırığı ilə baş verir. İran bu dövlətlərin əlaltısına çevrilib və bir dövlət kimi müstəqil bir siyasət yeritmir. Ona görə də bu məsələdə bizə qarşı təbii ki, müəyyən planlar, proqramlar var, amma biz də ədalətli mövqeyimizi davam etdiririk və hər hansı bir şəkildə bu ədalətin pozulmasına yol verməyəcəyimizi hər dəfə bəyan edirik. Bu baxımdan da hər hansı bir şəkildə bu bölgədə istər Avropa, İstər Amerika institutlarının hansısa şəkildə Ermənistanı dəstəkləmək niyyəti və atdığı addımlar  səmərəsizdir və Ermənistanı vaxtında qərar qəbul eləməsi imkanını ortadan qaldırır. Sonradan onların bölgə üzərində hansısa hərəkət etməsinə Azərbaycan yol verməyəcək. Bu baxımdan da bütün imzalanan müqavilələrin də şərtlərinə əməl olunacaq.

Rusiyanın Soçidə keçirəcəyi görüşdə bu istiqamət əsas götürəcək. Çünki Rusiyanın da başqa bir yolu yoxdur. Rusiya öz imzasına hörmətlə yanaşmalıdır, əks halda bu özü də Rusiyanın hakimiyyəti üçün ciddi problemə çevrilə bilər.

 

-Rusiya niyə üçtərəfli sazişdə imza atdığı öz öhdəliklərini yerinə yetirmir?

 

-Rusiya bölgəyə öz ağırlığını qoymaq imkanlarına da sahib deyil. Faktiki olaraq Ukrayna ilə savaşı Rusiyanı çox böyük tıxaca soxub. Bölgədə də atılan addımlar hər halda Ukrayna savaşında olan itkilərin fonunda gerçəkləşdirilir. Bu baxımdan da Rusiyanın burda uzun müddət aparıcı rol oynaması da bir qədər düşündürücüdür. Həm də Rusiyanın bir sıra məsələlərdə laqeyd qalması, məsələlərə obyektiv yanaşmaması faktı da var. O cümlədən Qarabağda baş verənlərə laqeyd yanaşmalar Rusiyanın da məsələnin həllində maraqlı olmadığını göstərir. Ona görə də burda əsas Azərbaycanın nə istədiyidir. Biz addım-addım öz istəklərimizi hamıya qəbul etdirməliyik. Biz eyni zamanda Rusiya ilə hər hansı bir açıq konfliktə getmədən bu problemi həll etməyə çalışmalıyıq.

 

-Sülh müqaviləsinə gedən yol, həm də Zəngəzur dəhlizinin açılmasından keçir. İndi də İran Ermənistana açıq dəstək verərək, bu ölkə ilə birgə hərbi təlimlərdən danışır. İran niyə Azərbaycana qarşı belə bir mövqe sərgilədi və məqsədi nədir?

 

- İranın bu məsələdə atdığı addımlar birbaşa ABŞ-ın xoşuna gəlmək üçündür. İran daha çox ABŞ-a yarınmaq üçün bu addımları atır. İran bunu özünə qarşı sanksiyaları yümşaltmaq niyyəti ilə edir. Bu faydasızdır. İranı təhlükə kimi görən İsrail, Amerika onun bölgədə fəallaşmasında maraqlı deyillər. İran bu siyasətini həm də fikri daxili siyasətdən yayındırmaq üçün düşünür. Ancaq bu da sonda daxili sitasətdə ciddi problemlərin yaşanmasına gətirib çıxardacaq.

Təbii ki, biz öz işimizi davam edirik, bizimlə dost olana dostuq,  düşmən olmaq istəyənləri də yerində oturtmağa hazırıq. Ona görə də bu məsələlərdə İranın hər hansı addımları Azərbaycan üçün keçərli, xoş niyyətli addımlar deyil. Bu İranın özünə də zərər verəcək. Erməni ilə bir yerdə olmaq, erməninin təhlükəsizliyini öz təhlükəsiliyi kimi görmək İranın seçimidir. Erməni ilə bir yerdə olmaq istəyənlər onunla birlikdə məğlub durumda olacaqlar.

 

-Bəllidir ki, İran Zəngəzur dəhlizinə alternativ olacaq “İran - Ermənistan – Hindistan” yolunun çəkilməsinə dair müzakirələrə start verib. “Qafqaz” dəhlizi adlanan bu layihə ilə Tehran və İrəvan Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?

 

- İran bu layihə ilə Zəngəzur dəhlizinin açılmasına heç bir maneə yarada bilməz. İran özünə hardan istəyir yol açsın.  İstəyir, mollalar əbalarını götürüb Ermənistanın o başından, bu başına piyada getsinlər. Bunun bizə heç bir aidiyyatı yoxdur. Bizə aidiyyatı olan məsələ Zəngəzur dəhlizidir, o da Ermənistan ərazisindən keçməlidir. O dəhlizin açılmasına imkan verməyəcəklərsə, Laçın dəhlizini işləməyə qoymayacağıq. Vəssalam, məsələ bu qədər bəsitdir. Biz Laçından yol vermişik, müqavilədə göstərilən şərtlərə, öhdəliklərə əməl etmişik, buyurun siz də edin. Əgər şərtə əməl etməsəniz, xoş niyyətlə atdığımız addımı geri çəkəcəyik.

 

-Ekspertlər belə qeydlər edir ki, regionda zəifləyən, Ukrayna ilə müharibə aparan Rusiya regionda “boş qalan” yerlərin Türkyə, İsrail tərəfindən tutulmasını istəmir və gərginlik yaratmaq “estafetini” İrana ötürüb. Razılaşma da var ki, İran Rusiyaya Ukrayna müharibəsində dəstək olacaq, Rusiya İranın nüvə silahının zənginləşməsinə yardım edəcək. Buna münasibətiniz nədir?

 

-Əslində, Rusiya İranı regionda maneə kimi görməkdə maraqlıdır. Rusiya regionda özünün aparıcı qalması və eyni zamanda Azərbaycanın da başqa alternativinin qalmaması üçün bunu bir fürsət görür. Prinsipcə, burda  İranın Qafanda konsulluq açmasına ABŞ, Fransa etiraz eləməli idi. Onlar etiraz eləmirlərsə, demək bu həm də İrana yarınmaq üçün atılan addımlardır. Bu yarınma nə dərəcədə İranın səhnədə savaş oynamasına imkan yaradacaq, hansı tapşırıqları verəcəklər, artıq yaxın zamanlarda aydınlaşacaq. Bütövlükdə İranın etdiyi hoqqabazlıqlar Azərbaycan üçün hər hansı bir təhlükə yarada bilməz. Bu ən azı İranın qeyri-ciddi xarici siyasət yürütdüyünü ortaya çıxaracaq. ("Həftə içi")

 

T.Qafarlı