“Müharibə siqnalı verirlər” - MÜSAHİBƏ

18:23 03-11-2022 | icon 477 | Siyasət
“Müharibə siqnalı verirlər” - MÜSAHİBƏ

Rauf Məmmədov: "Türk silahlı qüvvələrinin hərbi bazalarının Naxçıvanda yerləşdirilməsi qərarı tezləşdirilməlidir”

 

Cənubi Qafqaz regionu dünya güclərinin maraqlarının təmin olunduğu məkan olaraq bu gün gərgin bir mərhələni keçir. Belə bir vaxtda erməni kartından istifadə edən güclər regionda özünün dominantlığını qorumaq üçün vəziyyəti gərginləşdirib öz paylarını götürmək üçün çabalayırlar. Şərqlə-Qərb arasında körpü olan Azərbaycan dövləti üzləşdiyi təhdid və təzyiqlər fonunda hansı prosesin içindədir və proseslər hansı aspektdə inkişaf edir.

 

Versus.Az xəbər veriri ki, bu istiqamətdə müsahibə verən politoloq Rauf Məmmədov vəziyyəti dərindən təhlil edib.

 

- Rauf müəllim, Cənubi Qafqazda vəziyyət və diplomatik müstəvidə sürətlə inkişaf edən proseslər fonunda Ermənistanın Azərbaycana qarşı davam edən iddiaları, sülhə gəlmək istəməməyi və işğalçıya verilən dəstəklər nəyə hesabanır və son prosesləri nəyi diqtə edir. Bu gün region nəyə şahidlik edir?

 

- Azərbaycanın Cənubi Qafqazda hərbi, siyasi, iqtisadi baxımdan lider dövlətə çevrildiyi, artıq beynəlxalq səviyyədə qəbul edilmiş gerçəklikdir. Azərbaycan və Türkiyə əməkdaşlığı, bölgədə Rusiya və İranın təsirlərinin tədricən azalmasına şərait yaradır. Gürcüstan hərbi, siyasi, iqtisadi baxımdan Azərbaycan və Türkiyə əməkdaşlığında fəal iştirak edir. Ermənistan isə, yeni geosiyasi durumla barışmaq istəmir. O, mövcud geosiyasi durumu dəyişmək üçün bir tərəfdən Qərbi, əsasən ABŞ və Fransanı Cənubi Qafqaza gətirməyə səy göstərir, digər tərəfdən də Rusiya və İranın dəstəyinə arxalanır. Əslində, Ermənistan siyasi elitası və diaspor hərəkatları bölgədə Azərbaycan və Türkiyəyə qarşı, Qərb, Rusiya və İran tandemi yaratmağa çalışırlar. Bu isə, indiki şəraitdə mümkün deyil. Onlar ya Rusiya və İran tandemində olmalı, ya da Azərbaycan və Türkiyə əməkdaşlığına qoşularaq Qərbə inteqrasiya etməlidirlər. Hər iki halda, Soros layihəsi hesab olunan liberal Paşinyan hökuməti dəyişməlidir. Çünki avtoritar Rusiya və teokratik İran hakimiyyətləri məlum səbəblərdən ABŞ və Fransanın bölgəyə daxil olmalarını istəmirlər. Bunu, Azərbaycan və Türkiyə də istəmir. Bu baxımdan, bölgədə Azərbaycan, Türkiyə və Rusiya arasında kövrək diplomatik əlaqələr mövcuddur. Lakin, Azərbaycan və Türkiyə, Qərbin Böyük Britaniya, İtaliya kimi tradisionalist ölkələri ilə yaxın əməkdaşlıq edirlər. Tradisionalist kluba daxil olan ölkələr üçün, libaral Paşinyan arzuolunmazdır. Ancaq, mövcud durumda Ermənistanın Rusiyadan ayrılmasına cəhd edən Paşinyan hökuməti Azərbaycan və Türkiyə maraqlarına cavab verir. Çünki Rusiyadan ayrılan Ermənistan, Azərbaycan və Türkiyə əməkdaşlığının tərkib hissəsinə çevriləcəkdir. Rusiyanın bölgəni tərk etməsi ilə, Cənubi Qafqaz əsasən Azərbaycanın təsir dairəsində olacaqdır. Bu isə, Cənubi Qafqazda “Qafqaz Evi” layihəsinin əsasının qoyulmasına şərait yaradacaqdır. Bu layihənin təməlində “Bir kəmər, bir yol” layihəsi dayanacaqdır.  

 

 

- Regionda maraqlı olan adını çəkdiyiniz dövlətlər, o cümlədən Rusiya, Ermənistan, İran öz maraqları müstəvisində çıxış edir və Xankəndidə keçirilən aksiya, sülhməramlıların uzun müddətə qalması, Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti və sair mübahisəli məqamlara baxanda, “Bir kəmər, bir yol” layihəsində Azərbaycan və Türkiyənin rolu fonunda Azərbaycan “Qafqaz Evi”-nə sahiblik edə biləcəkmi?

 

- “Bir kəmər, bir yol” layihəsinin orta yolu Çin, Orta Asiya, Xəzər Dənizi, Azərbaycan, Türkiyə və Şərqi Avropa istiqamətləri üzrə hərəkət etməlidir. İldə 1.2 trilyon dollar həcmində ticarətin cərəyan edəcəyi bu xəttin əsasən Azərbaycan və Türkiyə üzərindən keçməsi, Azərbaycan və Türkyənin Avrasiya bölgəsində iqtisadi və siyasi qüdrətini daha da artıracaqdır. Bu layihə, Azərbaycanın “Qafqaz Evi”ndə əsas söz sahibi olmasına şərait yaradacaqdır. Bun görə də, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir. Rusiya 10 noyabr sazişində Azərbaycandan keçən xətlərə nəzarəti öz əlinə alması barədə maddə əlavə etsə də, bu saziş nə Azərbaycan, nə də Rusiya parlametində təsdiq olunubdur. Bu baxımdan, onun hüquqi qüvvəsi yoxdur. Xankəndində 5 illik yerləşən Rusiya sülhmramlıları da heç bir beynəlxalq mandata malik deyildir. Ukraynada Rusiyann zəifləməsi və Türkiyənin Şuşa bəyannaməsi ilə Azərbaycanda möhkəmlənməsi, yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacağını göstərir. “Şimal axını 2” layihəsi sanksiyalara məruz qaldıqdan sonra, Rusiya qaz və neftinin Azərbaycan və Türkiyədən Avropaya çıxmaqdan başqa alternativin olmadığı görünür. Belə bir durumda, Rusiya, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən və bir çox güzəştlərə getməkdən başqa alternativi qalmır. Yəni, yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi reallığa çevrilir. Bu isə, Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolunu seçməsi deməkdir. Çünki bölgədə “Bir kəmər, bir yol” layihəsinin Zəngəzurdan keçən yoluna nəzarət etmək istəyən ABŞ və Fransa öz istəklərinə nail ola bilməzlər. Çünki bölgədə quruda öz ordusu ilə təmsuil olunan ölkələr arasında onlar yoxdurlar. ABŞ və Fransa, Türkiyə üzərindən gəlib Zəngəzur dəhlizini nəzarətə ala bilməzlər. Lakin İran burada istisnadır.

 

-  İranın Zəngəzur məsələsində Azərbaycan və Türkiyəyə qarşı çıxması bölgədə hansı siqnalı verir?

 

- İranın bu mövqeyi Azərbaycan və Türkiyənin, Çin və Britaniyanın maraqlarına ziddir. Çünki İran alternativ xəttin gerçəkləşməsini dəstəkləyir. Bu xətt Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara Dəniz və Avropa üzrə davam edir. Onun dəstəklədiyi ikinci xətt isə Çin, Orta Asiya, İran, İraq, Suriya, Livan, Aralıq Dənizi, Kipr, Yunanıstan xəttidir. İran öz strateji maraqlarından çıxış edərək, Zəngəzur dəhlizindən keçən Turan marşrutuna qarşı çıxır. Çünki bu marşrut Avrasiyada Turan birliyinin meydana çıxmasına və güclənməsinə şərait yaradır. Bu, nə İranın, nə Rusiyanın, nə Çinin, nə Fransanın, nə Almaniyanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Çünki Avrasiya müsəlman-türk birliyinin, böyük Turanın meydana çıxması, adı çəkilən ölkələrin onlardan asılı duruma düşəcəyini göstərir. Çünki yeni dünya düzənin əsas iqtisadi damarı olan “Bir kəmər, bir yol” layihəsi müsəlman-türk ölkələrinin ərazisindən keçir. Bu marşrut, onların iqtisadi və siyasi cəhətdən güclənməsini təmin edir. Artıq Türk dövlətləri Təşkilatının meydana çıxması, gələcəkdə bu təşkilat çərçivəsində hərbi ittifaqın yaranmasını mümkün edir. Belə bir durumda, Çin müsəlman-türk ölkələri ilə öz münasibətlərini inkişaf etdirmək üçün, daxilindəki uyğur məsələsinə tamamilə fərqli yanaşma ortaya qoymaq məcburiyyətində qalacaq, İran, ölkə əhalisinin yarıdan çoxunu təşkil edən türklərin mədəni hüquqlarını təmin etməyə məcbur olacaq, Rusiya öz daxilində yaşayan türk xalqlarına mədəni və siyasi hüquqlar verməyə vadar ediləcək, ABŞ və Fransa, Avrasiya məkanını bir geosiyasi imperialist güc kimi tərk etməli olacaqdır. Zəngəzur dəhlizi məsələsi, bu səbəblərdən qordi düyünü halına gəlibdir. Mövcud durumda İran, öz ordusu ilə Azərbaycan və Türkiyənin reallaşdırdığı Turan layihəsinin önünə çıxıbdır. Əslində, İran, Rusiyanın və Fransanın istədikləri bir geosiyasi oyunun ifaçısı kimi çıxış edə bilər. Lakin, İranda baş verən iğtişaşlar onu göstərir ki, İranın oynadığı yeni geosiyasi roldan narazı qalan qlobal güclər də vardır. ABŞ və İsrail, Avrasiyada İranın güclənməsində maraqlı deyillər. İranda baş verən hadisələrdə ABŞ və İsrail kəşfiyatının əlinin olması, İran hakimiyyəti daxilindəki 5-ci kolon vasitəsilə ölkəni qarışdırmaları artıq İran rəsmilərinin bəyanatlarında səsləndirilir. Ancaq, İranın daxildən silkələndirilməsi, ABŞ və İsrailin Turan layihəsinə dəstək verməsi demək deyildir. Bu, tamamilə bölgədə yeni geosiyasi reallığın formalaşmasına hesab oluna bilər.

ABŞ-ın Suriya və Şimali İraqda PKK vasitəsilə, Ermənistanda yeni hökumət ilə, Gürcüstanda öz QHT-ləri və siyasi strukturları ilə möhkəmləndiyi məlumdur. İranda baş verən iğtişaşlarda ilk öldürülən qadının kürd olması və onun inqilabın simvoluna çevrilməsi, ölkədə etnik zəmində üsyanların artması onu göstərir ki, İran teokratik rejimi yeni rejimlə əvəz oluna bilər və ölkə federallaşa bilər. Çünki federallaşma İranın şimalında Kürdüstan əyalətində kürd separatizmini gücləndirəcək, İranın şimalında yaşayan kürdlərlə azərbaycanlıların ərazi məsələsində qarşıdurmasına şərait yaradacaq və nəhayət bu münaqişələr Naxçıvan ərazilərinə qədər yaxınlaşacaqdır. İraqın şimalında qurulan Bərzani kürd dövlətinin KİV-də dəfələrlə kürdlərin tarixi torpaqları sırasında İranın azərbaycanlılar yaşayan əraziləri və Naxçıvan ərazisi qeyd olunmuşdur. ABŞ İraqın şimalında qurduğu Bərzani kürd dövlətinin davamı olaraq İran Kürdüstanını qurmağı və oradan da Naxçıvan və Ermənistan ərazilərinə çıxmaqla Gürcüstana daxil olmağı, oradan da Qara Dəniz vasitəsilə Şərqi Avropaya çıxışı hədəfləyə bilər. Bu layihə, Aralıq Dənizindən Qara Dənizə qədər bir koridurun açılması demək olar. Əslində, ABŞ-ın “Böyük İsrail” layihəsi budur. Bu isə, Azərbaycan və Türkiyənin reallaşdırdığı Turan layihəsinin önünü kəsir, Türkiyənin şərqdən PKK tərəfindən mühasirəyə alınmasına gətirib çıxarır və ABŞ-ın Qafqazda hegemonluğunu təmin edir. Təbii ki, bu layihə Rusiyanın və İranın da maraqlarına cavab verə bilməz. Bu baxımdan, Azərbaycan-Türkiyə tandemi ilə Rusiya arasında müəyyən ortaq maraqlar meydana çıxır. İran isə, ölkənin Turana çevrilməsindən qorxaraq, onun şimalının Kürdüstana çevrilməsini daha məqsədəuyğun saya bilər. İranın keçmiş xarici işlər naziri Cavad Zərifin ABŞ-na “bizə dəstək olmasanız, bütün İran türkçə danışacaq” şəklində müraciət etməsi onu göstərir ki, İran liberalları Azərbaycan-Türkiyə tandeminə qarşı ABŞ və Fransa ilə əməkdaşlıq etməyə hazırdırlar. O zaman, biz yaxın zamanlarda cənubdan şimala doğru, Naxçıvan və Ermənistan ərazilərinə doğru irəliləyən PKK təhlükəsi ilə üzləşə bilərik. 44 günlük Vətən Müharibəsində yüzlərlə PKK döyüşçüsünün Ermənistan tərəfdən savaşdığı faktlarla məlumdur. Onların Ermənistan ərazisinə keçmək üçün, İrandan başqa yolları yox idi. Deməli, artıq İran hakimiyyəti Azərbaycan-Türkiyə tandeminə qarşı ABŞ və Fransa ilə çoxdan əməkdaşlıq edir. İranın son günlərdə sərhədə gətirdiyi ordunun tərkibində kamuflyaj olunmuş PKK-çıların olması ehtimalı çoxdur. Çünki əksəriyyəti türklərdən təşkl olunan İran ordusunun Azərbaycan və Türkiyə ordusuna qarşı savaşması təhlükəlidir. Görünən odur ki, İranda iğtişaşlar nəticəsində hakimiyyətə gətirilməsi nəzərdə tutulan yeni siyasi elita, Azərbaycan və Türkiyə qarşı daha sərt savaş mövqeyindən çıxış edəcəkdir. Buna görə də, Azərbaycan və Türkiyə İranda gedən proseslərin öz xeyrinə dəyişməsi üçün, müvafiq daxili güclərlə əlaqə qurmalı və yaxud, belə bir güc mərkəzlərini formalaşdıraraq hadisələri öz xeyrinə idarəetməyə başlamalıdır. 

İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur. İran hakimiyyəti bununla, ABŞ-ın onun üzərindən sanksiyaları qaldıracağını və zəngin enerji ehtiyatlarını Avropa bazarına çıxaracağını düşünür. Lakin, o, bölgədə kifayət qədər güc sahibi olan Rusiya və Türkiyə amilini unudur.

 

- Mövcud durumu nəzərə alaraq, Azərbaycan hansı addımları atmalıdır?

 

- Azərbaycan cənub istiqamətində, xüsusilə, Naxçıvan-İran sərhədlərində hərbi nəzarət mexanizmlərini gücləndirməlidir. Kars müqaviləsinin və Şuşa bəyannaməsinin şərtlərindən çıxış edərək, türk silahlı qüvvələrinin hərbi bazalarının Naxçıvanda yerləşdirilməsi qərarı tezliklə verilməlidir. Azərbaycan və Naxçıvan sərhədləri boyu PKK terrorçularının fəaliyyətləri peyk kəşfiyyatı vasitəsilə nəzarətə götürülməli və hər hansı bir təxribat baş verərsə, təhlükəsizlik məqsədilə ərazidə təhlükəsizlik zonası yaratmalıdır.

Azərbaycan özünün və təhlükəsizlik zonasının müdafiəsini gücləndirmək üçün, havadan müdafiə sistemlərinin daha da təkmilləşdirməli, F-16 hərbi təyyarələrinin sayını artırmalı, kəşfiyyat imkanlarını artırmaq üçün, Türkiyə və İsrail kəşfiyyatları ilə ortaq əməkdaşlıq platformaları qurmalıdır. İran xalqının cani rejimdən qurtulmasına dəstək verilməli və İranın gələcəyini onun öz xalqının sərbəst iradəsinə buraxmaq lazımdır. İran bir dövlət olaraq ABŞ, Fransa və Rusiya tərəfindən deyil, qonşu müsəlman ölkələri ilə dostluq əlaqələri quran demokratik bir hakimiyyət tərəfindən idarə olunmalıdır. Azərbaycan və Türkiyə, İran xalqının demokratik bir sistemə keçidinə dəstək olmalıdır. Bunun üçün Azərbaycan İran xalqına yaxşı bir nümunə olmalıdır. Bu isə Azərbaycanda demokratik istiqamətdə islahatların aparılmasını zəruri edir. Azərbaycan və Türkiyənin demokratiyası qərb modelinə deyil, daha çox ənənələrə söykənən milli demokratik prinsiplərə söykənməlidir. Bunun üçün türk siyasi mədəniyyəti və ilkin islam sosial ədələt prinsipləri aradırmalı və onun konseptual əsasları yaradılmalıdır.  

Digər tərəfdən, ABŞ və Fransa, Ermənistana silah yardımı etməyə hazırlaşır. Fransa noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi, müharibə cinayətləri ittihamları irəli sürməsi və Ermənistana hərbi dəstək planını Senatda müzakirəyə çıxaracaqdır. Qərar qəbul edilsə, iqtisadi sanksiyalarla yanaşı, Ermənistana silah tədarükü görüləcəkdir. Avropadan silahın Ermənistana gətirilməsi yeganə yolu Gürcüstandır. NATO-nun Rumuniyadakı bazalarından silahların Qara Dəniz Yolula Poti limanına daşınması və oradan da Ermənistana ötürülməsi nəzərdə tutulur. Gürcüstan öz ərazisindən bu silahların daşınmasına icazə verəcəkmi sualına müsbət cavab vermək olar. Çünki Gürcüstanın prezidenti və əksər silasi elitasının Fransa ilə bağlı olduğu və libaral klubda təmsil olunduqları heç kimə sirr deyildir. Prezident İlham Əliyevin Gürcüstana son səfəri bununla bağlı idi. Lakin, Gürcüstanın Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıqdan nə qədər mənfəət əldə etdiyinə baxmayaraq, bu görüşdən müsbət nəticənin əldə olunduğunu ehtimal etmək çətindir. Əgər Gürcüstan bölgədə sülh və rifahın qorunması istiqamətində siyasi iradə ortaya qoya bilməsə, bölgədə, Qara Dənizdə Türkiyə və Rusiya əməkdaşlığı daha da güclənəcəkdir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ