"Çox güclü dostlarımız, müttəfiqlərimiz var" - MÜSAHİBƏ

12:06 04-11-2022 | icon 370 | Siyasət
"Çox güclü dostlarımız, müttəfiqlərimiz var" - MÜSAHİBƏ

Elman Məmmədov: "Sülhməramlılar ərazilərimizdə çox qaldıqca, bir o qədər bizə ziyan vururlar"

 

Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün nəticəsini təhlil edən ekspertlər vəziyyəti Qarabağda qurulmağa cəhd edilə oyunlar fonunda izah edir. Görüş öncəsi Xankəndində qurama mitinqin təşkili, Putinin “status” bəyanatı, Ermənistanın və İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi görüşə marağı artırırdı.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Elman Məmmədov müsahibəsində bir sıra maraqlı nüanslara diqqət çəkib.

 

- Qarabağda - Azərbaycanın nəzarətində olmayan Xankəndi ərazisində erməni separatçılarının Soçi görüşü ərəfəsində keçirdiyi qeyri-qanuni mitinqlər, sülhməramlı qüvvələrin təşəbbüsü ilə ermənilərdən ibarət “rus icması”nın yaradılması və sair əməllər Soçi görüşünün nəticəsinə hansı təsiri göstərmiş oldu?

 

- Ermənilər Qarabağda - Xankəndidə keçirdiyi qeyri-qanuni, planlanmış mitinqlər, təxribatlar ilə yenə də bölgədə gərginliyi davam etdirir. Birincisi, Xankəndidə o qədər erməni yaşamır. Yəqin ki, mitinqdə iştirak edən adamları Ermənistandan gətirib ora töküblər və o aksiyanın fətvası Rusiya Federasıyasının hərbi -siyasi rəhbərliyi tərəfindən öncədən verilmişdi. Bu gizli fakt deyil. Mən yaşadıqlarımı, həyatda gördüklərimə əsaslanaraq deyirəm.

Hələ 30 il bundan öncə torpaqlarımızın 20 faizi rus əsgərinin, rus silahının köməyi ilə alınıb ermənilərə verilmişdi. Xocalıda törədilmiş soyqırımda Rusiyanın 366-cı diviziyası, bütün canlı qüvvəsi və texnikası ilə iştirak edirdi. Bu, Çar Rusiyasından qalma işğalçılıq, müstəmləkəçilik siyasətidir və proses sovet dövründə də ermənilərin xeyrinə işlədi. Bu gün də Rusiya Federasiyası o imperiyanın işğalçılıq siyasətini davam etdirir. Elə Krım-Ukrayna məsələsində bunun bariz nümunəsini görürük.  Bu gün rus pasportlarının Qarabağa köçürülən ermənilərə, ruslara paylanmasına gəlincə, inanmıram ki, Rusiya hərbi-siyasi rəhbərliyi Ukraynada qarşılaşdıqları rüsvayedici vəziyyətdə Qarabağda da belə bir addım atsın.  Sadəcə, Azərbaycanda bir qorxu, təşviş yaratmaq üçün  bu cür addımları atırlar. Göstərmək istəyirlər ki, Donetskdə, Luqanskda rus pasportları payladıq, eləcə də Qarabağda paylaya bilərik. Düzdür, Donetskdə, Luqanskda payladınız, indi nəticəsi göz qabağındadır, 80 mindən artıq əsgəriniz məhv olub. Bütün dünya sizə qarşı çıxıb. İnanmıram ki, Qərb dünyasının Rusiyaya qarşı çıxdığı belə bir vaxtda Rusiya özünün cənubda Azərbaycan kimi bir qonşusunu itirə, yaxud Türkiyə kimi böyük bir sülhsevər dövlətlə düşmənçilik etsin. Axı indi Rusiya iqtisadiyyatının əsas yönü, nəqliyyat yolları və başqa sahələri cənub-şərq istiqamətinə çevrilib. Rusiya ermənilərə görə bunları itirmək istəməz. Tarixi fakt budur ki, regionda Ermənistan dövlətini yaradan Rusiyadır. Putin də Valday diskussiya klubunda dedi ki,  Ermənistan bizim tarixi müttəfiqimiz və dostumuzdur.

Hesab edirəm, Soçidə baş tutan üçtərəfli görüş çox gərgin şəraitdə keçdi. Bu gərginliyin yaranmasına səbəb bir neçə gün öncə Rusiya Federasiyasının Prezidenti  Putinin və Praqa görüşündən sonra Ermənistanın baş naziri Paşinyanın Qarabağla bağlı, Ermənistan-Azərbaycan arasındakı münasibətlər, Xankəndidə keçirilən mitinq teatrı ilə bağlı verdiyi bəyanatarla bağlıdır. Bu gedişat onu göstərir ki, Putin Cənubi Qafqazda, xüsusən də Ermənistanda özünün mövqeyini itirməmək, nüfuzunu saxlamaq üçün xoşagəlməz hərəkətlər edə bilər. Necə ki, Valday da bəyan etdi ki, “İstəyirsiniz, Vaşinqton variantını qəbul edin, bir söz demirəm, amma o variantda nəzərdə tutulur ki, Qarabağ Azərbaycanın nəzarətində olsun”. Maraqlıdır, cənab Putin Qarabağ kimin nəzarətində olmalıdır?! Qarabağ sənin ərazində deyil, sənin ərazindəki muxtariyyətlərdən biri deyil, Qarabağ Azərbaycanın ərazisidir. Sən bunu deməklə həm 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsini pozursan, həm 11 yanvar 2021-ci il bəyannaməsini pozursan, həm də 22 fevral 2021-ci ildə Azərbaycanla imzaladığınız müttəfiqlik haqqında sazişi pozursan.  Sən Azərbaycanın ərazi bütövlüyünə xəyanət edirsən. Bunlar dözülməz faktlardır və hesab edirəm, cənab Prezidentimiz bu görüşdə həmişə olduğu kimi yenə böyük cəsarətlə çox sərt formatda Azərbaycanın məlum mövqeyini oraya qoydu. O, Rusiya Prezidentinə bir daha dedi ki, Qarabağ məsələsi tarixə çevrilib, bunu müzakirə etməyə ehtiyac yoxdur. Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində qalmış Ermənistan dövlətinə məxsus işğalçı silahlı qüvvələr çıxarılmalıdır, həmin bölgədə 30 ildən artıqdır mövcud olan separatçı-terrorçu qurum Azərbaycan ərazisindən təmizlənməlidir. Zəngəzur dəhlizi qeyd-şərtsiz açılmalıdır, əks təqdirdə, Laçın yolu bağlanmalıdır. Sərhədlərin delimitasiya, demarkasiya prosesinə başlanılmalıdır. Bu istiqamətdəkomissiyaların iclası ilə deyil, əməli işlər görülməlidir və sülh sazişi imzalanmalıdır. Bu mövqe bütün beynəlxalq qurumlar, Avropa dövlətləri, elə Rusiya tərəfindən də qəbul olunur. Bu gün biz Rusiyadan başqa münasibətlər görürük. Fikir verin, Rusiya Ukrayna ilə müharibəyə görə ABŞ və Avropa dövlətləri ilə düşmən vəziyyətindədir. Çox təəssüf ki, Qarabağ məsələsində ermənilərin mənafeyi ilə bağlı adını çəkdiyim tərəflərin üçü də həmrəydir. Ona görə də gözlənildiyi kimi, Soçi görüşü nəticəsiz oldu.

 

– Ermənilər Xankəndidəki mitinqdə sülhməramlıların Qarabağda müvəqqəti yerləşdikləri yerlərdə qalmasını tələb edir, bir növ, Rusiya tərəfindən müdafiə olunmalarını istəyirlər. Paşinyan da sülhməramlıların Qarabağda əlavə 20 il qalmasını istəyib. Bu məqamın özü nəyi ifadə edir?

 

- Bir neçə dəfə bildirmişəm ki, onlar sülhməramlı deyillər. Qarabağda müvəqqəti yerləşən rus hərbi kontingentinə “sülhməramlı” mandatını kim verib? Sülhməramlı mandatı, adətən, BMT tərəfindən verilir.  Müəyyən bir dövlətlərin, qurumun yığıncağında qərar çıxarılır ki, sülhməramlı kontingent yaradılsın və lazım olan yerə göndərilsin. Bunlar sadəcə olaraq Rusiyanın məhdud miqdarda hərbi kontingentidir ki, adını “sülhməramlı” qoyublar. Bunlar bizim ərazilərimizə addım basdıqları gündən kiminlə əməkdaşlıq etdilər, həmin Qarabağdakı separatçılarla, terrorçularla, Ermənistanın hərbi birləşmələri ilə. Bu, reallıqdır. Onlar kimi müdafiə etdilər və bu gün də edirlər, kimə təlim keçirlər, kimi dəstəkləyirlər, kimi ərzaqla, yanacaqla, silah-sursatla təmin edirlər, həmin o separatçı erməniləri.  Belə olan surətdə bu rus kontingentinin bizim ərazilərimizdə qalmasının hər saniyəsi əleyhimizə işləyir. Təbii ki, erməniləri dünyanın dörd bir tərəfindən yığıb gətirib, bizim tarixi torpaqlarımızda kim yerləşdirib? Çar Rusiyası. Bu gün də həmin siyasəti qorumaqla məşğuldurlar. Paşinyan da  yenə təlxəklik edərək deyir ki, təklif edəcəyəm ki, 15-20 il  müddətdə Rusiya hərbi kontingenti Qarabağda qalsın. Təbii ki, bu onlara sərf edir. Həmin rusların bayrağı altında ermənilər gəlib Xocalıda pravoslav kilsəsi tikdilər, Xocalıda özlərinin tanınmış şəxsiyyətlərindən bir neçəsinə abidə qoydular və olmayan  ruslara icma yaratdılar. Bu, İranın apardığı siyasətə bənzəyir. Qafanda barmaqla sayılan qədər iranlı yaşamır, amma İran orada konsulluq açır. Eləcə də Qarabağda “rus icması”nı kimin üçün yaradırlar? Təbii ki, bunların hamısı gələcəyə hesablanmış hərəkətlərdir. Hesab edirəm, sülhməramlılar ərazilərimizdə nə qədər çox qalsalar, bir o qədər bizə ziyan vururlar.

 

– Rusiyannın siyasi dairələri “Qarabağın Rusiyanın olması” iddiası ilə sərsəm fikirlər səsləndirib. Bu “rus icmalarını” dediyiniz o “gələcəyə hesablanmış hərəkətlər” sırasına daxil edilən prosesin bir qolu hesab etmək olarmı?

 

- Rusiya TV kanallarında Rusiya iqtidar partiyası üzvlərinin, Rusiya Dumasının üzvü olan bir sıra deputatların, politoloqların Qarabağ haqqında dediyi çox axmaq fikirləri eşittmişik. Deyirlər ki, “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb”. Yaxud, “Qarabağ 250 il bundan əvvəl Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri əsasında Çar Rusiyanın tərkibində olub”, – deyə axmaq fikirlər Rusiya siyasi-hərbi rəhbərliyinin xeyir-duası ilə səsləndirilir. Bu erməni yalı ilə yallanan həmin o rus siyasətçilərin dili ilə səsləndirilir. Bizim gözəl atalar misalı var, deyir: it hürər, karvan keçər. Yel qayadan nə aparar?”...

Biz ərazilərimizi işğaldan azad etmişik və az bir hissəni də separatçılardan, terrorçulardan təmizləyəcəyik. Kənardan kimlər nə fikirləşirlər, ərazilərimizdə nəsə etmək istəyirlərsə, bircə şeyi bilsinlər: Azərbaycan gücsüz olan dövrdə 20 faiz torpağımızı işğal edilər. ATƏT-in Minsk Qrupu adında bir turist təşkilatına yığışıb 30 il ərzində onun iradəsini tarıma çəkdilər. Onlar Azərbaycanı “Dağlıq Qarabağ statusu”na razılaşdırmaq istəsələr də, edə bilmədilər. Bu gün qalib dövlətik, güclü dövlətçiliyimiz, güclü ordumuz var. Torpaqlarımız işğal altında olanda həm danışıqlar masasında, həm də hərb meydanında tək idik. Bu gün tək deyilik. Çox güclü dostlarımız, müttəfiqlərimiz var. Anlasınlar ki, Azərbaycanı belə təhdidlərlə sındıra bilməzlər. Azərbaycan öz suverenliyini, müstəqilliyini əbədi saxlayacaqdır.

 

- Bildirdiniz ki, Qarabağda o qədər erməni yoxdur və həmin mitinqdə iştirak edən erməniləri avtobuslarla ora gətiriblər. Heç şübhəsiz, yenə Laçın dəhlizindən istifadə olunub. Bu faktın özü bizi hansı fakt qarşısında qoyur? Azərbaycan nə etməlidir?

 

 – Hər zaman demişəm ki, “Laçın dəhlizi”ndə mütləq Azərbaycan sərhədçisi dayanmalı, sərhəd-buraxılış məntəqələri olmalıdır.  Bugünkü “Laçın dəhlizi”adlanan yol hansı statusla açıq qalıbsa, Zəngəzur dəhlizi də elə həmin statusla açılmalıdır. Əgər Zəngəzur dəhlizi açılmırsa, Laçın dəhlizi də bağlanmalıdır. Sərhədimizə və yolumuza özümüz nəzarət etməliyik. Biz də Laçın dəhlizini bağlayırıq, onlar Zəngəzur dəhlizini açıb ona hansı status versələr, Laçın dəhlizini o statusla açmalıyıq.

 

– Paşinyan bəyan edib ki, Zəngəzurdan kommunikasiya xətti keçəcəksə, o yola öz qanunları ilə idarə və nəzarət edəcəklər...

 

- Paşinyan göydən zənbillə düşməyib. Hansı yol haradan, hansı statusla keçəcəksə, həmin hüququ tətbiq edəcəyik.

Bircə danılmaz həqiqət var. Ermənilər və Ermənistan adlanan dövlət normal beynəlxalq hüququn qayda-qanunları, qonşuluq, əməkdaşlıq prinsipləri ilə oturub danışmaq prinsipi ilə yola gələn deyil. Mütləq dəmir yumruq onların başına dəyməlidir. 2020-ci il noyabrın 9-10-da hansı vəziyyətdə razılığa gəldilərsə, elə həmin vəziyyətdə də sülh masasında otuzdurulmalıdırlar. Əks halda, necə 30 il danışıqlar prosesini uzatdılar, yenə də həmin prosesi uzatmaq istəyəcəklər. Bunun üçün dəmir yumruq işə düşməlidir. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ