Erməni separatçılarının Qarabağdakı pozucu, təxribatçı, talançı siyasəti regiondakı vəziyyəti gərgin fazada saxlayır. Qeyri-qanuni erməni silahlılarının Azərbaycan ərazilərində atəşkəsi pozması, ermənilərin Laçın yolu ilə Ermənistandan Qarabağa daşıdığı qeyri-müəyyən yüklər, İrandan, Rusiyadan, Qərbdən gələn arzuolunmayan şəxslər, ermənilərin yeraltı mədənlərimizi, sərvətlərimizi talamaqda davam etməsi fonunda Azərbaycan ekoloqlarının monitorinq aparmaq üçün ərazilərə buraxılmaması ölkə ictimaiyyətinin səbrini tükədib. Artıq bir neçə gündür Laçın-Şuşa yolunda Azərbaycan QHT və bir sıra ekofəalların iştirakı ilə keçirilən aksiyalar baş verən prosesin məntiqi nəticəsi olsa da, prosesin nə vaxta qədər davam edəcəyi birmənalı qarşılanmır.
Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Aqil Abbas mövcud vəziyyətlə bağlı müəyyən məmaqamları açıqlayıb.
– Bu gün Laçın-Şuşa yolunda baş verən hadisələri təhlil etsək, yaranmış vəziyyəti nə ilə izah etmək olar?
– Sülhməramlılar öz üzərinə düşən missiyanı düzgün yerinə yetirib qeyri-qanuni erməni silahlı birləşmələrini ərazidən çıxarsaydı və Azərbaycan ekoloqlarının bu gün ərazilərimizdə monitorinqinə şərait yaratsaydılar, Laçın yolunda bu cür vəziyyət yaranmazdı. İndi Qarabağda erməni silahlı qüvvələrinin təxminən, 10 minə qədər əsgəri var, ermənilər ərazidən ağır texnikanı çıxarmayıblar. Nəinki erməni silahlıları ərazidən çıxarılır, əksinə, bu gün də İrəvandan maşın-maşın erməni silahlıları daşıyırlar.
Bizə məlumdur ki, II Qarabağ savaşında ermənilər bu əraziləri tərk etmişdilər, əgər orada 15-20 min erməni var idisə, sonrakı vaxtlar saylarını süni şəkildə çoxaltdılar. İndi biz də sadəlövhcəsinə deyirik ki, guya Volkov öz üzərinə düşən işi yerinə yetirmək istəmir. Elə bir məsələ yoxdur. Volkova Moskvadan nə göstəriş veriblərsə, onu da icra edir. Moskvadan deyilirsə ki, “ermənilərə göz yum”, yumur, “Laçın yolundan qeyri-qanuni keçənləri burax”, buraxır. Əslində, onlar üçtərəfli bəyanatda göstərilən maddələri icra etməlidirlər.
İkinci bir tərəfdən, elə həmin üçtərəfli bəyanata görə keçmiş qaçqınların öz yurd-yuvalarına qaytarılması təmin edilməlidir. Artıq iki il keçib, hələ Qarabağdan olan qaçıqınlar öz yurd-yuvasına qaytarılmayıb. Və hələ də Ağdamın, Kəlbəcərin bir çox kəndləri işğal altındadır. Bəli, əgər o kəndlərdə erməni separatçıları varsa, demək, işğal altındadır. Eləcə də Ağdamın Umudlu, Narışlar, Sırxavənd, Kolanlı ətrafındakı kəndlərə heç kəs gedə bilmir. Sülhməramlılar, ermənilər heç kəsi ora buraxmırlar. II Qarabağ savaşı ilə bağlı hadisələr başlayanda, bəyannamə qəbul olunanda ermənilər həmin kəndləri boşaldıb çıxıb gedirdilər. Sonra sülhməramlılar dedi: “Hara gedirsiniz, oturun...”. Ermənilər özləri yaxşı bilirdilər ki, bu kəndlərdə heç vaxt yaşamayıblar. Bilirdilər ki, o kəndləri işğal ediblər. Ona görə də həmin vaxtlar erməni maşın karvanlarının ərazilərimizdən çıxıb-getdiyini müşahidə edirdik. Sonra yolları bağladılar və gedənləri də geri qaytardılar. Yəni sülhməramlılar öz vəzifələrini düzgün yerinə yetirmirlər. Belə olan halda, bizim QHT nümayəndləri, ekofəallar jurnalistlərin iştirakı ilə gedib orada dinc aksiya keçirir və tələb edirlər ki, monitorinqin keçirilməsinə icazə verilsin və yolda yaradılmış bu vəziyyətə görə də Volkovun gəlib hesabat verməsini tələb edirlər. Təbii ki, Volkov da gəlmir, heç gəlməyəcək də... Ola bilər ki, Moskva ona “Get nəsə de, camaatı sakitləşdir” göstərişini versə, məcbur olub aksiyaçıların qarşısına çıxar. Yaxud, ola bilər ki, Volkovu çıxarıb yerinə başqa bir “Volkov” göndərərlər.
Rəhmətlik Mirzə Cəlilin bir əsəri var, "Ey yari-bivəfa Qalaşapov". Həmin o Qalaşapov Şuşada qubernator olur. O, bizim müsəlmanları çox incidirmiş və Cəlil Məmmədquluzadə belə bir məqalə yazıb. Ondan sonra Qalaşapovu çıxarıblar. Sonra Mirzə Cəlil Qalaşapovun dilindən məqalə yazıb bildirib ki, “hələ mən sizin əmrlərin hamısını yerinə yetirə bilməmişəm. Sizin dediyiniz qədər hələ müsəlmanları incidə bilməmişəm...”.
Cəlil Məmmədquluzadə demək istəyirdi ki, Qalaşapov getdisə, yerinə Volski gələcək, Volski getdisə, yerinə Volkov gələcək. Mirzə Cəlil bunu əsrin əvvəllərində yazıb. İndi də həmin hadisələr cərəyan edir.
Ermənilər özləri buna qərar verməlidir. Bu gün Qarabağda yaşayan ermənilər, möhtərəm Prezident də deyib, qalıb bizim konstitusiyanı, vətəndaşlığımızı qəbul edərlərsə, burada yaşaya bilərlər. Azərbaycanda çoxlu sayda etnik xalqlar yaşayır, ermənilər də olsun onlardan biri. Yox, əgər bunu etməyəcəklərsə, hələ ki, yol açıqdır, buyursunlar, çıxıb getsinlər. Amma ermənilərə burada ayrıca bir status, əlavə səlahiyyət verilməyəcək, vermək fikrimiz də yoxdur.
İndi Qarabağda qalan erməni separatçıları sülhməramlıların gözü qarşısında istehkamlar tikir, öz daxilimizdə kəndlərimizi atəşə tuturlar. Mən hələ Ermənistanın sərhəddə atəşkəsi pozmasını demirəm. Sülhməramlılar da durub bunu seyr edir. Bir sözlə, erməni separatçıları tərk-silah edilməli, ərazidən çıxarılmalıdır.
İkinci bir tərəfdən, deyilir ki, yollar açılmalıdır. Məsələn, Ağdamdan Şuşaya 37 kilometrdir, təxminən, 25 dəqiqəlik yoldur. O yol hələ açılmayıb və biz Füzulidən 85 kilometrlik yeni yol çəkmişik – Zəfər yolu və hələ də çəkilir. Bu tərəfdən də Ağdərə-Kəlbəcər yolu açılmayıb. Əvvəl ora Azərbaycanın bir-iki ağır yük maşını buraxılırdı, indi sülhməramlılar, ermənilərin “polisi” onun da qabağını kəsir. Biz məcbur oluruq Toğanadan çəkilən yoldan gedək. Amma o yollar çətin yollardır, dağlıq ərazidir, aşırımları var, yolları qar basıb. İndi məcburuq tunelllər vasitəsilə yollar açaq. Amma Ağdərədən keçən çox gözəl yolumuz var və mənim uşaqlığım, gəncliyim o yolda keçib. Heç şübhəsiz, ərazilərimizdə qeyri-qanuni erməni silahlıları qaldıqca, vəziyyət qeyri-stabil olur və regionda sülhün bərpa prosesi çətinə düşür. Ona görə də bir nəfər qaçqın öz yurduna rahat gedə bilmir. Hələ heç bir şuşalı da Şuşaya gedə bilmir. Biz hələ də Ağdama, Füzuliyə, yaxud işğaldan azad olunmuş başqa rayonlara gedəndə portaldan keçməliyik. Bu, onunla əlaqələndirilir ki, mina təhlükəsi var. Amma müəyyən ərazilər də var ki, camaat gedib orada öz qəbiristanlığını, evini ziyarət edib, görə bilər. Elə kəndlərimiz də var ki, orada qalan evlərdə ermənilər yaşadıqları üçün dağıdılmayıb. Düzdür, minadan təmizlənmiş bir çox ərazilərdə əkinlər gedir. Amma insanlara da öz yerlərinə getməyə imkan yaratmaq lazımdır.
- Laçın yolu məlum hadisə ilə bağlı sülhməramlılar tərəfindən bağlanıb. Ermənilər isə həmin yoldan rahat şəkildə gedib-gəlsələr də, Azərbaycanı "soyqırımı hazırlığında" günahkar bilərək səs-küy salırlar...
- Ermənilər vaxt udmaq istəyirlər. Yenə də öz köhnə fikirlərində qalıblar. Düşünürlər ki, Qarabağda özlərinə “erməni respublikası” quracaqlar, Fransa da o qurumu parlamentlərində tanıyıb. “Arsax” respublikasından danışırlar və bu sərsəmliklərini başqa ölkələrə də yeritmək istəyirlər. Təbii ki, bu mümkün deyil. Məsələ II Qarabağ savaşından sonra birdəfəlik həllini tapıb və prezident də hər çıxışında Qarabağ məsələsinin bitdiyini bəyan edib.
Gəlin müqayisə edək: erməni hərbçiləri Ağdamın, Füzulinin, Ağcabədinin kəndlərinə, təkcə Tərtərə 20 minə qədər mərmi atıblar. Gəncəyə 4 raket atıblar, Bərdəni raketlə vurub dinc əhalini öldürüblər. Biz də onların olduğu kəndləri – Əsgəranı, Ağdərəni, Xankəndini vurub darmadağın edə bilərdik. Amma etmədik, çünki bizim mülki əhali ilə işimiz yoxdur, biz dinc əhali ilə vuruşmuruq. Bəlkə də bu bizim səhvimizdir. Düzdür, biz erməni kimi ola bilmərik, amma belə çox tolerant olmaq da olmaz. Dinc erməni yoxdur. Dinc erməni olsaydı, Ermənistanın revanşizminə, erməni separatçılarının müharibə ritorikasına etiraz edərdi. Yerevanda bir-iki politoloq, jurnalist öz hökumətinin hərəkətlərinə qarşı etiraz edir, amma Qarabağda qalxıb, separatçılara etiraz edən erməni yoxdur.
Erməni vətəndaşlarımız əvvəllər Ağdamda, Xocavənddə, Füzulinin, Zəngilanın, Cəbrayılın, Ağdamın torpaqlarında hətta pambıq, üzüm belə əkirdilər. Mən Ağdama gedəndə hələ budaqda üzüm var idi, taxil sahəsinin üstündə idi. İndi o təsərrüfat da əllərindən çıxıb. Bu gün ermənilər Amerikanın onlara göndərdiyi pullar hesabına dolanırlar. Bir yandan Amerika 2 milyon yardım adı ilə pul göndərir, guya Ermənistan da Qarabağdakı ermənilərə 35 milyon dollar pul ayırıb. Ermənistan özü acından ölür, amma Qarabağa yardım edir. Əslində bu, separatçıları silahlandırıb, revanşizmi yaşatmaq üçün atılan addımlardır.
– Erməni lobbisinn bu məsələdəki rolunu necə görürsüz?
- Qarabağ məsələsi həll olunub qurtarandan sonra ermənilərin dünyadakı lobbisi, diasporası ləğv olunacaq. O lobbilərin hamısı Qarabağ üzərindən dilənib pul qazanırlar. Özləri Amerikada, Fransada oturub çox yaxşı yaşayırlar, arada erməni xalqı məhv olur. Ermənilər başa düşməlidirlər ki, bu münaqişəni uzatmaqla özlərinə daha çox zərər vermiş olurlar. Elə 44 günlük müharibədə Ermənistanın 10 min əsgərinin məhv olduğu deyilir. Yerevandakı hansı bir ana istəyər ki, onun oğlu gedib başqasının torpağında – Qarabağda həlak olsun. Möhtərəm Prezident də dedi ki, sənin oğlunun Qarabağda nə işi var ki, həlak olsun. Bilirsiz artıq erməni əsilli vətandaşlar da bu vəziyyətdən yorulublar. Amma görünən odur ki, balasyanların, vardanyanların, volkovların qorxusu altında qalıblar. Əgər erməni əhalisi “bəsdir” desə, elə yerindəcə güllələyib öldürərlər.
İndi erməni diasporasını, lobbisini yalandan tərifləyirlər. Əslində ,elə bir güclü lobbiləri də yoxdur. Bunu ermənilər üçün Amerika, Fransa yaradıb. Guya Fransada 500 min erməni yaşayır, onun 200 mini səs verəcək. Guya Fransa prezidentini 200 min erməni seçir, əlbətə ki yox. Bu da bəhanədir. Biz yaxşı bilirik ki, bu, türkə qarşı yönələn bir hərəkatdır və bu ərazidə də ermənilərdən istifadə olunur. Ermənistan Türkiyə ilə dünya türklərinin arasına bir qılınc kimi sancılıb. Və əgər biz o “xəncəri” çıxara bilsək, türk dünyası birləşir, konfederasiya yaradar, Turan qurular. Eləcə də Türk Dövlətləri Birliyi vahid pula, vahid orduya malik olmaqla, sərhədlərini aça bilər və Türk Dövlətləri Birliyi Avropa Birliyində olduğu kimi, vahid orduya sahib olar. Ona görə də bəzi dövlətlər - Avropa, Qərb, Amerika, Rusiya bu xəncəri çıxarmaq istəmirlər.
Bu gün Ermənistanda əhali ehtiyac içində yaşayır.
Ermənilər anlamalıdır ki, regionda sülhü təmin etsələr, bütün yollar Ermənistandan keçəcək. Sərhədlər açılarsa, Ermənistanda həyat dəyişə bilər.
– Türk dünyasının ortasına sançılan “erməni xəncəri” Zəngəzur yolunun açılmasında nə vaxtadək bir maneə olaraq qalacaq?
– O yol açılacaq – avtomobil, dəmir yolu... heç kəs onun qarşısını ala bilməz. Bu yolun açılmasını Rusiya da istəyir. Amma ermənilər ora-bura getməklə, indi də Laçın yolunda azərbaycanlıların öz ərazimizə keçməsinə imkan vermir. Gərginlik yaradıb vaxtı uzadırlar. Yolda elə bir tıxac yaradıblar ki, Araik də hələ Fransadan qayıda bilməyib. Amma yol açıqdır və dinc ermənilər oradan keçib-gedə bilərlər.
– Məlum aksiyalar zamanı Laçın yolunda sülhməramlılarla aparılan danışıqlarda bizim nümayədələr sülhməramlıların arasında erməninin olduğunu aşkar etdi. Bu, nəyə işarədir?
- Bu, mümkündür. Burada bir neçə variant üzərində dayana bilərik. O erməni Rusiya vətəndaşı da ola bilər və o da həmin missiyanın içərisinə daxil edilə bilər. Amma bu, olmamalıdır. Nümayəndələrimiz birini görüb, bəlkə də daha çox erməni var. Necə ki, 366-cı alayın yarısı erməni idi, indi də sülhməramlıların içərisində ola bilərlər.
İndi sülhməramlılar Qarabağda rus icması yaradır, heykəllər qoyur, kilsə tikir, rus mərkəzi yaradırlar. Bir sözlə, yerini möhkəmlətməyə çalışır, Qarabağdan çıxmaq istəmir. Amma istədiyinə nail ola bilməyəcək. Bu gün Rusiya özü bərbad vəziyyətdədir. Ukrayna ilə mübarizədə uduzur. Ukrayna öz torpaqlarını azad edir. Belə getsə Rusiyanın özünün dağılma təhlükəsi var. SSRİ məhz keçmiş Dağlıq Qarabağda başlayan hadisələrdə dağıldı. İndi yenə də Qarabağ hərəkatında Rusiya özünün missiyasını qanuni yerinə yetirməsə, bu dəfə Rusiyanın özü dağılacaq.
Mövcud şəraitdə biz birinci növbədə, erməni silahlılarının ərazilərimizdən çıxarılmasını və müqavilənin digər şərtlərinin yerinə yetirilməsini tələb etməliyik. Əgər belə davam edərsə, 5 illik müddət başa çatandan sonra sülhməramlılar ərazidən çıxmalıdır. Amma 5 illik müddət başa çatana qədər Rusiya yumşalmaya gedəcək. /"həftə-içi"/
Tahirə Qafarlı
Versus.az